Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1028/2023 05.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X16 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-260/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 231A, kod 30800076 nömrəli şəhadətnaməyə əsasən Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə Abşeron rayonu, Qobu qəsəbə sakini X2, İddiaçı, Cavabdeh, X7, X5, X9, X6 mülkiyyətinə 0,10 ha torpaq sahəsi verilmişdir.
2. Tərəflər arasında mübahisə anaları X1 miras qalmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı yaranmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğluyla birgə onların Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci evə köçürülməyi və həmin evdə yaşamaq üçün hasar çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci ev xüsusi mülkiyyət hüququ ilə mərhum anasına məxsus olmuşdur. 26 iyul 2011-ci ildə anası X8 vəfat etdikdən sonra həmin mülkiyyət qardaşı Cavabdeh istifadəsində qalmışdır. Bundan sonra daim qardaşıyla evdə yaşamaq üstündə mübahisələri olmuşdur. 17 oktyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən həmin Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci evin 1/2 hissəsi ona pay kimi düşür. Qeyd edir ki, o, halhazırda oğlu Zaur ilə birgə ünvan 1 ünvanında yaşayırlar. 2011-2017-ci illərdə 6 il ərzində 4 il yarım müddət olmaqla ünvan 1-də yaşamışdır. Faktiki hərəkətləri ilə həmin evə sahiblik etmişdir. Belə ki, anası rəhmətə getdikdən sonra vərəsəlik payından imtina etməyə yönələn hər hansı hərəkət etməmişdir. Bildirir ki, onun oğlu nəfəs çatışmazlığından əziyyət çəkir. Hal-hazırda o və övladı baxımsız, təmirsiz bir otaqda yaşamağa məcbur qalmışlar. İndi yaşadıqları ev çox rütubətli olduğu üçün hər ikisinin sağlamlığına günü-gündən mənfi təsir edir. Oğlunun səhhəti pisləşməyə doğru gedir. Belə ki, bu evdə yaşadığı müddətdə oğlunu itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Bir ana kimi onun nə hisslər keçirdiyimi anlamaq çətin olmamalıdır. Bütün bunlara görə çox qısa zamanda yekun qərarla həmin evə köçməyi ümid edir. Hesab edir ki, oğluyla birgə onların Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci evə yaşayış-istifadə hüququ tanınmalı və onların həmin otaqlara köçürülməyi təmin edilməlidir.
5. Cavabdeh məhkəmə iclasında izahatında və etirazında bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının əssassız iddiası təmin edilməməli, rədd edilməlidir. Belə ki, iddiaçı iddiasında qeyd edir ki, guya iddiaçı 2011-2017-ci illərdə onlarla mübahisəli mənzildə yaşamış, guya həmin əmlaka iddiaçının varisliyi tanınmış və hazırda onlar iddiaçının hüquqlarını pozurlar. Lakin nəzərə alınmalıdır ki, iddiaçı hələ anaları vəfat etməmişdən qabaq ailə qurmaq məqsədilə getmiş və qeyd etdiyi illərdə onlarla yaşamamışdır. Bildirir ki, iddiaçının övladı, ailəsi var və bu günə kimi də heç vaxt onlarla davamlı olaraq birlikdə yaşamamışdır. Bunu sübut edəcək kifayət qədər şahidlər var. Onu da qeyd edir ki, iddiaçı bacısı olsa da onun digər qardaş və bacıları ilə münasibəti, əlaqəsi heç vaxt yaxşı olmamış, hər zaman yersiz dava-dalaş salmış, mübahisələr etmişdir. Nəzərə alınmalıdır ki, anaları vəfat etdikdən sonra sağ qalmış digər ailə üzvləri mirasdan onun xeyrinə imtina etmişdir. İddiaçı isə imtina etmək qarşılığında analarından onlara miras qalmış 8 sot torpaq sahəsini və bununla yanaşı, anasından qalmış qızıl-zinət əşyalarını, sep, hil üzük, saat, anasının medalını götürmüş və bildirmişdir ki, həmin torpaq sahəsi və qızıl zinət əşyalarının qarşılığında ünvan 2 ünvanında yerləşən 22-ci evdən imtina edəcəkdir. Yəni, iddiaçının istəyi ilə aralarında elə bölgü olmuşdur. Onu da qeyd edir ki, mübahisəli evdə hər zaman o və ailəsi anasıya birlikdə yaşamış, iddiaçı isə qeyd etdiyi kimi hətta anasının vəfatından öncə evi tərk etmiş, anasının hansı vəziyyətdə öldüyündən xəbəri belə olmamışdır. Sadəcə iddiaçının marağı əmlakları ələ keçirmək, pullar əldə etməkdir, yəni iddiaçı hər zaman ancaq özünü düşünmüşdür. Əmlakdan isə özünün də bildiyi, lakin gizlətdiyi kimi rəsmi qaydada notariusda imtina etmişdir. xx.xx.2018-ci il tarixli **********169 nömrəli ərizədən də göründüyü kimi iddiaçı rəsmi qaydada bildirmişdir ki, “o, yazıb bildirir ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X3 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının ona çatası hissəsini qəbul etməmiş, etmir və bu barədə gələcəkdə hər hansı bir iddia qaldırmayacaqdır. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz və mirasdan imtina etməklə o, nə də ifadə etməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olur.” Ərizənin məzmunundan da göründüyü kimi, iddiaçı öz azad iradəsi ilə mirasdan imtina etmişdir. Belə olan halda mübahisə predmeti olan, anasından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin olduğunu deməsi qanunvericiliyin tələblərinə ziddir. Çünki, sözügedən ərizə ilə o, əmlakdan rəsmi qaydada imtina etmişdir, ərizənin olduğu halda ona vərəsəliklə bağlı hər hansı şəhadətnamənin verilməsi mübahisə, şübhə doğurduğundan notarius işinin də tələb edilərək məhkəmədə tədqiq edilməsi zəruridir. İddiaçı onu aldadaraq anasından qalmış digər torpaq sahəsini və qızıl-zinət əşyalarını aldıqdan, mirasdan imtina barədə ərizə verdikdən 5 il keçəndən sonra hazırda əsl həqiqətdə heç bir hüquqi çatmadığı əmlakdan pay istəməsi, yalan məlumatlar verməsi düzgün deyil. Göründüyü kimi iddiaçının əsl məqsədi onu aldadaraq əmlakı ələ keçirmək, daha sonra isə imtina verdiyi ərizəyə baxmayaraq mirasa hüququ olduğunu deyərək ona məxsus, onun sahibliyində olan əmlakı da böldürməkdir. İddiaçının da bildiyi kimi iddiaçının Yasamal rayonundakı evinin qiyməti təxminən 200000 manatdan çoxdur, yəni bu da sübut edir ki, onun qiymətə başqa yerdə əmlak almaq, yaşamaq imkanı da var. Sadəcə olaraq iddiada bu cür özünə sərf edən şəkildə qeyd edrərək guya çətin vəziyyətdə olduğunu göstərir. Lakin qeyd etdiyi kimi iddiaçı ondan qanunsuz olaraq pul almaq niyyətində olduğundan iddiasında həqiqətləri təhrif etmişdir. Hazırda da ondan pul istəyir. Bir qəpik də olsun heç bir vəsait qoymadığı, hətta qeyd etdiyi kimi 11 ildən də çox müddət olar ki, orada yaşamadığı halda iddiaçının bu cür iddia qaldırması onun hüquqlarını kobud şəkildə pozur. Odur ki, qeyd olunanlardan görünür ki, iddiaçının qeyd eldikləri həqiqəti əks etdirmir və qanunvericiliyin tələblərinə tamamilə ziddir
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-260/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı uzun illərdir ki, sözügedən ünvan 3 ünvanında yaşamır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında DƏDKR publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi ünvan 3 ünvanında qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmiş, ləğv edilmiş DTXK tərəfindən idarələrinə təqdim edilmiş DBF elektron baza məlumatlarında Cavabdeh və ailə üzvlərinin (6 nəfər subyekt) ümumbirgə mülkiyyətində Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən JN-231A nömrəli şəhadətnamədə qeyd olunan 0,10 ha həyətyanı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. AR MPM-nin 77-ci maddəsinə əsasən, iddiaçının sözügedən evdə yaşamasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşmüş, lakin iddiaçı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının hal-hazırda mübahisəli evə köçürülməsinə əsas verən hallarla bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaya dəqiqləşmə verdiyi halda məhkəmə, ilk iddia tələbinin rədd edildiyi barədə qətnamə qəbul edib ki, bu da birinci instansiya məhkəməsinin işin hallarını araşdırmadığını göstərir. İkincisi, birinci instansiya məhkəməsi cavabdeh tərəfin məhkəməyə hər hansı sübutunu təqdim etmədiyi halda qətnamə üzrə əsaslardan biri kimi göstərib ki, guya mirasdan imtina etmişdir. Mübahisənin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinin tələbinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə, mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Həmin Məcəllənin 1256-cı maddəsinin tələbi isə belədir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Miras qoyan anası, X8 25 iyul 2022-ci ildə vəfat edib və onun vərəsələrindən biri olaraq mirası faktiki qəbul edən vərəsə olmuşdur. Məhkəmənin istinad etdiyi (guya mirasdan imtina etməyi barədə) sənədin tarixi isə 17 oktyabr 2018-ci il olaraq bildirilir. MM-nin 1269-cu maddəsinin tələbinə görə hətta belə bir imtina ərizəsi olsaydı belə yeddi ildən sonra edilən imtina qanuni sayıla bilməz. Bundan başqa Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci və 158.4-cü maddələrinin tələblərində bildirilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Onun həmin evdə ən azı yaşamaq hüququ olduğu üçün, həmin evə köçürülməyinə maneə olmamalıdır. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiyi kimi, işin hallarını düzgün qiymətləndirə bilməmiş və işin tərəflərinin qarşılıqlı münasibətlərinə, işin hallarına tamamilə uyğun olmayan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəf cavabdeh etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən axlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Maddə 43. Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (...)
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (...)
Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (...)
Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-260/2023 nömrəli qətnaməsi qismən - iddia tələbinin İddiaçı oğlu – xx.xx.2019-cu il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən 22 nömrəli evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməli, İddiaçı oğlu – xx.xx.2019-cu il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən 22 nömrəli evə köçürülməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında Cavabdeh və ailə üzvlərinin (6 nəfər subyekt) ümumbirgə mülkiyyətində Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən JN-231A nömrəli şəhadətnamədə qeyd olunan 0,10 ha həyətyanı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir.
21. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 231A, kod 30800076 nömrəli şəhadətnamədən görünür ki, Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə Abşeron rayonu, Qobu qəsəbə sakini X2, İddiaçı, Cavabdeh, X7, X5, X9, X6 mülkiyyətinə 0,10 ha torpaq sahəsi verilmişdir.
22. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamənin xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011ci il tarixdə ölmüş X3 vərəsəsi İddiaçı miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X4 verilmiş seriya nömrəsi JN 231, KOD 30800076 olan şəhadətnaməyə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0142857 ha olan torpaq sahəsindən ibarətdir.
23. İşin mübahisəsiz halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli ev onların anasına məxsus olmuş və ölən günədək həmin evdə yaşamışdır.
24. İş materiallarından aydın olur ki, mübahisəli evə dair mülkiyyət hüququ dövlət reyestrində heç kimin adına qeydə alınmamışdır. Evin yerləşdiyi torpaq sahəsi isə tərəflərin, o cümlədən mərhum Zərnişan Mirzəyevanın və digər 3 nəfərin ümumi mülkiyyətindədir. Tərəflərin anası Zərnişan Mirzəyeva vəfat etdikdən sonra iddiaçı mirası qəbul etmiş və ondan miras qalmış hissəyə ½ hissədə pay almışdır. Bu barədə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
25. Cavabdeh iddiaçının imtina etmək qarşılığında analarından onlara miras qalmış 8 sot torpaq sahəsini və bununla yanaşı, anasından qalmış qızıl-zinət əşyalarını, sep, hil üzük, saat, anasının medalını götürdüyünü və həmin torpaq sahəsi və qızıl zinət əşyalarının qarşılığında ünvan 2 ünvanında yerləşən 22-ci evdən xx.xx.2018-ci il tarixli ərizə ilə rəsmi qaydada notariusda imtina etdiyini bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
26. Belə ki, cavabdeh tərəf surət formasında təqdim etdiyi iş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizənin (iş v.45) əslini məhkəmə tərəfindən şərait yaradılsa da, təqdim etməmiş, həmçinin ərizənin üzərində olan QR kod vasitəsilə onun həqiqiliyinin yoxlanması mümkün olmamışdır.
27. Halbuki, MPM-in 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
28. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
29. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Hazırki işdən görünür ki, cavabdeh tərəf iddiaçının miras əmlakdan imtina etdiyini sübuta yetirə bilməmişdir. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
31. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi mübahisəli evin yerləşdiyi torpaq sahəsinə cavabdehlə birlikdə iddiaçının da mülkiyyət hüququ vardır. Mübahisəli ev isə həmin torpaq sahəsinin üzərində yerləşir və evdən iddiaçı da müəyyən müddətlərdə yaşayış sahəsi kimi istifadə etmişdir, hazırda da həmin evdə qeydiyyatdadır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli ev üzərində iddiaçıdan üstün hüquqa malik deyildir və onun iddiaçının həmin evə köçməsinə mane olması əsassızdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaçının oğlu ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən 22 nömrəli mübahisəli evə köçürülməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
33. Məhkəmə kollegiyası iddia tələbinin digər-həmin evdə yaşamaq üçün hasar çəkilməsi barədə tələbin rədd edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbinin təmin edilməsi üçün əsaslar olmadığından, iddianın həmin hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, evdə yaşamaq üçün hasarın çəkilməsinin zəruriliyini iddiaçı əsaslandıra bilməmişdir.
34. Apellyasiya şikayətinin iddiaya verdiyi dəqiqləşməyə qiymət verilməməsi barədə dəlilinə qiymət verərərək qeyd edir ki, bu hissədə də apellyasiya şikayəti əsassızdır.
35. Belə ki, iş materiallarından görünür ki, iddiaçının verdiyi həmin ərizə (iş v.55) birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.
36. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.
37. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
38. İş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-260/2023 nömrəli qətnaməsi qismən - iddia tələbinin İddiaçı oğlu – xx.xx.2019-cu il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən 22 nömrəli evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. İddiaçı oğlu – xx.xx.2019-cu il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən 22 nömrəli evə köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.