Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1029/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Mərkəzi X1rşı işə bərpa və dəyən maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 27 dekabr 2020-ci il tarixli, 2(012)-3732/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 27 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdeh Abşeron rayon Mərkəzi X1rşı işə bərpa və dəyən maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Abşeron Rayon Mərkəzi X2rşı işə bərpa və dəyən maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, işdən azad olunmağının qanunsuz hesab edilərək əvvəlki iş yerində tibb bacısı vəzifəsinə bərpa edilməsi və 2020- ci il iyul tarixindən işə bərpa olunduğu günədək olan əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 ildən çoxdur ki, Abşeron rayon mərkəzi uşaq Poliklinikasında məktəb üzrə tibb bacısı vəzifəsində işləyib. Təxminən 1 il öncə həmin poliklinikanın baş həkimi X3 iddiaçıdan işdən çıxması barədə ərizə yazmağı tələb etmiş, iddiaçının etirazına məhəl qoymayaraq onu Xırdalan şəhərindəki Mühəndislər institutuna işləməyə göndərmişdir. Son 2 aya qədər orada işləmiş, daha sonra yenə Adilə xanım onu yanında çağıraraq ərizə yazması barədə göstəriş vermişdir. İddiaçı etiraz etdikdən sonra Abşeron rayon Səhiyyə Şöbəsinin müdiri Cavabdeh qızı ərizə yazmadığı təqdirdə onu işdən qovulacağı ilə bağlı xəbərdarlıq etmişdir. 2 aydır ki, onu nə işə buraxır, nə də ki əmək haqqı verirlər. Karantin dövrü institut işləməmiş və ona tabel verməmişlər. Avqustun 28-i əmək kitabçasını özünə verərək iddiaçını işdən çıxarmışlar. İddiaçı işdən çıxarılmasını qanunsuz hesab edir. Belə ki, işlədiyi müddət ərzində ona intizam tənbehi verilməmiş, bu barədə ondan izahat almamışlar. Karantin dövrü Nazirlər Kabinetinin rəsmi göstərişinə əsasən işçinin işdən azad edilməsinə yol verilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin 27 dekabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi prosessual hüquq normalarının pozulması, maddi hüquq normalarının səhv təfsir edilərək tətbiq olunması nəticəsində qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni iddia tələbinin əsassız olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən göründüyü kimi İddiaçı 17.10.2000-ci il tarixdə Abşeron rayon Uşaq Poliklinikasında tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, 03.04.2019-cu il tarixdən öz arzusu ilə əmək fəaliyyətini Bakı Mühəndislik Universitetində davam etdirmək üçün Mehriban xanıma ərizə ilə müraciət etmiş, 01.07.2020-ci il tarixdən universitet tətilə bağlandıqdan sonra iddiaçı öz fəaliyyətini Abşeron rayon uşaq poliklinikasında davam etdirməli olduğu halda işə gəlməmiş, 26.08.2020-ci il tarixli, 1066-k saylı əmr ilə onunla bağlanmış əmək müqaviləsinə 26.08.2020-ci il tarixdən xitam verildiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəmə kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin İ hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. (AR Əmək Məcəlləsi 43., 46. maddələr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşdə olan “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən verilən 26.08.2020-ci il tarixli, 1066-k saylı əmrdən görünür ki, Publik hüquqi şəxsin Abşeron rayon uşaq poliklinikasının 2-ci pediatriya şöbəsinin tibb bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26.08.2020-ci il tarixdən xitam verilmişdir. Əsas əmək müqaviləsi üzrə əmək funksiyasını və öhdəliklərini yerinə yetirməməsi. Bu hal iddiaçının 0534001№li əmək kitabçasının surətindən, Abşeron rayon X6 İttifaqı Şurasının 04 saylı 21.08.2020-ci il tarixli iclas protokolundan çıxarışdan, uşaq poliklinikasının baş həkimi A.Ukalayeva tərəfindən Abşeron rayon Mərkəzi Xəstəxanasının direktorunun adına yazılmış 10.07.2020-ci il, 29.07.2020-ci il tarixli məlumatları, o cümlədən həmin poliklinikanın baş həkimi A.Ukalayeva, proflaktika üzrə üzrə tibb bacısı X.Hüseynova və tabelçi K.Zahidovanın tərtib etdiyi rayon mərkəzi xəstəxanasının direktoru Cavabdeh təsdiq etdiyi 28.07.2020-ci il tarixli aktı ilə də öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı işə bərpa və işə bərpa olunduğu günədək olan əmək haqqının ödənilməsini xahiş etmiş olsa da, lakin onun işdən çıxarılmasına əsas olan 26.08.2020-ci il tarixli 1066-K saylı əmri mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış əmək münasibətlərinə iddiaçının işə üzrsüz səbəbdən gəlməməsinə əsasən xitam verildiyindən, iddiaçının işə bərpa barədə tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin 27 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1029/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1029/2021
26.05.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver