Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1035/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X17 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" QSC, X14 və Sumqayıt Şəhər Bələdiyyəsi) qarşı torpaq sahəsinin boşaldılması və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-275/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları X4, X1, X2, X12 oğlu, X6, X7 ilə birlikdə dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində, onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və övladları X4, X1, X2, X12 oğlu, X6, X3 onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəyişiklik edərək Azərbaycan Dəmir Yolları QSC tərəfindən onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ADDY tərəfindən xx.xx.1979-cu ildən ona torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində özünə məxsus fərdi yaşayış evi tikdirmişdir. Həmin evdə bir müddət ailəsi ilə birgə yaşasa da, daha sonra evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kirayə vermişdir. Lakin cavabdehlər uzun müddətdir ki, evin kirayə haqqını ona ödəmirlər. Dəfələrlə kirayə haqqını ödəmədikləri üçün evdən çıxarılmalarını tələb etsə də, onlar bu tələbini yerinə yetirməyiblər. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə təqdim etdiyi Sumqayıt Şəhər Bələdiyyəsi üzrə 1 saylı Məhəllə Komitəsinin aktında Azərbaycan Dəmiryolları QSC tərəfindən İddiaçı 8 sot torpaq sahəsi ayrıldığı, hazırda həmin torpaq sahəsi Pirşağı- Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 mdən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşir. Həmin torpaq sahəsinə baxış keçirilmiş, məlum olmuşdur ki, 2014-cü ilin mart ayından Azərbaycan Dəmiryolları QSC tərəfindən ona əkinçilik və bağçılıq üçün nəzərdə tutulmuş 8 sot torpaq sahəsində qanunsuz tikilmiş 571 nömrəli fərdi yaşayış evində aşağıda qeyd olunmuş şəxslər qeydiyyatsız yaşayır. Cavabdeh1 (ailə başçısı) AZE ********, Cavabdeh2 (həyat yoldaşı) AA 3007844, X4 (qızı) AZE 11766168, X1 (qızı) AZE 11766171, X2 (qızı) AZE 11766219, X12 oğlu (oğlu) AZE 11766167, X8 (qızı) AZE 11766172, X7 (qızı) AZE ********. "xxxx" QSC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə aldığı imtina məktubunda Azərbaycan Dövlət Dəmir Yolunun Yol Xidməti tərəfindən onlara ayrılmış torpaq sahəsinə aidiyyatı qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda torpaq sahəsinin yerləşdiyi yer dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları”-nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqqayırma normaları”-nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarına əsasən dəmir yolunun sözügedən ərazisində təhkim zolağının eni 26 metr müəyyən olunmuşdur. Qeyd edilmişdir ki, təhkim zolağına aid torpaqlar nəqliyyat təyinatlı olmaqla dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. Dəmir yolu tərəfindən vaxtı ilə sizə ayrılmış 8 sot torpaq sahəsindən təyinatı üzrə əkinçilik və bağçılıq üçün istifadə edilə bilər. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özəlləşdirilməsinə icazə verilmir. ADDY-nin xx.xx.2001-ci il tarixli, P8711 nömrəli sənədində mövcud dövlət qurumları əsasında və yol rəisinin xx.xx.1979-cu il əmrin çərçivəsində 29 saylı dəmir yolun altında dəmir yoluna məxsus torpaq sahəsi olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq ADDY Pirşağı-Sumqayıt mənzilinin 45 km pk 3+60 m-dən pk 3+85m kimi artımı istiqamətində yolun sağ tərəfində 8 sot dəmir yoluna məxsus torpaq sahəsini bağ-bostan əkini üçün İddiaçı istifadəsinə verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə görə iddiaçının belə bir tələb ilə məhkəməyə müraciət etmək üçün hər hansı bir hüququ olmadığı halda məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə müvafiq qərardad qəbul etməli idi. İşin hallarından da görsənir ki, iddiaçının bu torpaq sahəsinə dair hər hansı bir hüququnun olması barədə həm Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, həm də bu torpaq sahəsinin Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinə müvafiq sorğular verilsə də hər iki dövlət qurumu tərəfindən bu torpaq sahəsinə dair İddiaçı adına hər hansı bir sənədin verilmədiyi barədə arayışlar məhkəməyə təqdim edilmişdir. Yəni məhkəmə araşdırması zamanı iddiaçının bu torpaq sahəsinə dair hər hansı bir hüququnun olması ilə əlaqədar hüquqmüəyyənedici sənədinin olmaması öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq məhkəmə qəbul etdiyi qətnamənin nəticə hissəsində iddiaçı üçün ayrılmış 8 sot torpaq sahəsində və həmin sahədə tikilmiş tikililərdən çıxarılmağını göstərmişdir. Məhkəmənin qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində məhkəmə yalnız Sumqayıt Şəhər Bələdiyyəsi üzrə bir saylı məhəllə komitəsi tərəfindən tərtib edilmiş akta istinad etmişdir ki, bu aktla da iddiaçının adına hər hansı bir torpaq sahəsinin olmasını təsdiq edən hüquqisənəd kimi qəbul edilməsi yolverilməzdir. Çox qəribədir ki, "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda da İddiaçı heç vaxt bu təşkilatda işləmədiyi və ona hər hansı bir torpaq sahəsinin ayrılmadığı açıqaydın göstərilmişdir. Amma iddiaçı özü iddia ərizəsində xx.xx.1979-cu il tarixindən ona ADDY tərəfindən 8 sot torpaq sahəsinin ayrıldığını bildirmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi X5 torpaq sahəsinin alınması barədə tərtib edilmiş aktın məhkəməyə təqdim edilməsi onun iddia ərizəsində göstərdiyi hal ilə, yəni güya ki, həmin torpaq sahəsinin ona ADDY tərəfindən 1979-cu il tarixində ayrılması ilə əlaqədar fikri ilə tamamilə ziddiyyət təşkil edir. Əgər bu torpaq sahəsi həqiqətən ona 1979-cu il tarixində ADDY tərəfindən ayrılmışdısa onda həmin torpaq sahəsinə görə 2005-ci ildə X9 pul ödəyərək həmin torpaq sahəsinin alınmasına nə zərurət var idi. Təkcə bu faktın özü iddiaçının işin halları ilə əlaqədar yalan ifadə verdiyini və öz mənafeyi naminə məhkəməni də aldatdığını sübut edir. Ona görə də onun digər ifadələrinin də bu səpkidə, yəni öz mənafeyi naminə həm yalan ifadələr verərək, həm məhkəməni, həmdə proses iştirakçılarını aldatdığını sübut edir. Çox qəribədir ki, mülki işin materiallarında iddiaçının iddia ərizəsinə göstərilən halları təkzib edən yetəri qədər sübut olmasına baxmayaraq məhkəmə əsassız olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Həmçinin iddiaçı iddia ərizəsində yenə də məhkəməni aldadaraq guya ki, bu mənzili onlara kirayə verdiyini bildirmiş, lakin əslində həmin mənzili onlara nisyə şəklində satmışdır. Bununla əlaqədar iddiaçı ilə aralarında olan telefon danışıqlarının yazıldığı diski məhkəməyə təqdim etsələr də məhkəmə tərəfindən bu işin daha ədalətli və obyektiv baxılması üçün bu diskin açılaraq məhkəmədə dinlənilməsi üçün şərait yaradılmamış və müvəqqəti texniki nasazlığı aradan qaldıraraq həmin səs yazılarına qulaq asmaq imkanı olduğu halda məhkəmə buna şərait yaratmamışdır. Eyni zamanda işin hallarından xəbərdar olan şahidlər də məhkəmə zalında dindirilməmişlər. Bundan başqa məhkəmə tərəfindən iddia müddəti də tətbiq edilməmişdir. Belə ki, iddiaçının özünün iddia ərizəsində göstərdiyinə görə onun iddiasının mahiyyəti kirayə müqaviləsindən irali gələn öhdəliklərlə əlaqəda olduğu üçün və onlar arasında yaranan münasibətlər 2014-cü ildən, yəni bu iddianın məhkəməyə verilməsindən 8 il sonra, yəni iddia müddəti ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Mülki Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Qeyd etmək istəyir ki, özü hüquqşünas olmadığı üçün iddia müddətinin nə olduğundan və onun tətbiqinin hansı hüquqi nəticələr gətirib çıxaracağından məlumatım olmadığı üçün birinci instansiya məhkəməsində proses gedən zaman həmin ərizə ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin onun hüquqlarını müdafiə edən vəkil də bununla əlaqədar ona heç bir məlumat vermədiyi üçün yalnız bu günlərdə başqa bir vəkilə müraciət etdikdə iddia müddətinin mahiyyəti ilə tanış olmuşdur. Ona görə də indi həmin ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə həmçinin iddiaçının əmlakdan istifadə hüququna da istinad edərək bu qətnaməni qəbul etmişdir. Lakin işin hallarından da görünür ki, iddiaçının həm torpaq sahəsinə, həm də bu torpaq sahəsində inşa edilmiş tikililərə mülkiyyət hüququ olmadığı kimi istifadə və sahiblik hüququ da yoxdur. Özünün də etiraf etdiyi kimi 2014-cü ildən bu günə kimi həm bu torpaq sahəsi, həm də bu torpaq sahəsində inşa edilmiş tikililər onların istifadəsində və sahibliyindədir. Həmçinin mülki işin sənədlərindən də görünür ki, məhkəmə tərəfində bir neçə dəfə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin iddiaçının bu torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığı üçün bütün məhkəmə qərardadları icra olunmamış geri qaytarılmışdır. İşin yuxarıda sadalanan hallarından açıq-aydın görünür ki, məhkəmənin bu qətnaməsi əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalı və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Mülki işin sənədlərindən də görünür ki, Cavabdeh1 faktiki olaraq bu fərdi yaşayış evini almış və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Yəni, faktiki olaraq həmin evdən istifadə edir. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən bu nəzərə alınmamış və bununla da məhkəmə tərəfindən Mülki Məcəllənin 158-ci maddəsinin tələbləri pozulmuşdur. İşin hallarından da görünür ki, mübahisə predmeti olan torpaq sahəsi "xxxx" QSC-nin ərazisinə aid olduğu üçün bu iddia ilə də yalnız həmin təşkilat məhkəməyə müraciət edə bilər. Yəni hal-hazırki iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Lakin məhkəmə tərəfindən buna düzgün qiymət verilməmiş və bununla da Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İşin hallarından da görünür ki, onlar arasındakı münasibətlər 2014-cü ildə yaranmış, lakin iddiaçı 2023-cü ildə, yəni 8 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Təbii ki, kirayə haqqına görə borcun 8 ildən sonra tələb edilməsi də nə məntiqə, nə də işgüzar adətlərə uyğun deyildir. Buna görə də məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli idi. Lakin məhkəmə tərəfindən bu edilməmiş və bununla da Mülki Məcəllənin 373.3-cü maddəsinin tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" QSC, X14 və Sumqayıt Şəhər Bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tikinti aparılmış torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olmaması və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilməsi ilə əsaslandırmış, gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.3, 157.8, 158.1.2, 180.1, 180.2, 180.3, 180.4, 111-ci maddələrinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İşin mübahisə olunmayan halına görə mübahisə predmeti olan torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Dəmiryolları QSC tərəfindən əkinçilik və bağçılıq üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsi və üzərində inşa edilmiş özbaşına tikililərdən cavabdehlərin çıxarılmaları barədədir. İşdən görünür ki, iddiaçı torpaq sahəsi və üzərindəki özbaşına inşa edilmiş fərdi yaşayış evini cavabdehə kirayə verdiyini, lakin sonuncunun kirayə haqqını ödəmədiyindən həmin əmlakın boşaldılaraq ona qaytarılmasını iddia etsə də, Cavabdeh1 əvvəlcə 2014-cü ildə aylıq 120 manata həmin evdə təxminən bir ilə yaxın kirayə yaşasa da, sonradan iddiaçının əmlakı satmaq niyyəti olduğundan 2015-ci ildə 25.000 manata razılığa gəldiklərini və bu məqsədlə ilkin olaraq iddiaçıya nağd şəkildə 10.000 manat, daha sonra isə hissə-hissə 10.000 manat verməklə aldığını, lakin yerdə qalan 5000 manatı ödəyə bilmədiyindən iddiaçının bugünkü iddianı qaldırdığını bildirərək, hazırki iddiaya etiraz edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən xüsusatlar üzrə araşdırma aparılmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələbinə uyğun şəkildə əsaslandırılmamışdır. Mübahisəyə bu qaydada hüquqi qiymət vermədən, sadəcə qanunvericilik normalarının sadalandığı, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Belə ki, İddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı torpağın və üzərindəki evin satışı ilə bağlı cavabdehlə razılığa gələrək əvvəlcə 10.000 manat aldığını, digər aldığı 10.000 manatın isə kirayə haqqı olduğunu bildirmişdir. Lakin buna etiraz edən Cavabdeh1 həmin evdə 2014-cü ildən hər ay 120 manat ödəməklə kirayə qaldığını, 2015-ci ildə razılaşmalarına əsasən ilkin 10.000 manat ödəniş etdiyini, sonra 10.000 manat pulu hissə-hissə iddiaçıya ödədiyini, yerdə qalan 5.000 manatı isə ödəmədiyini bildirmişdir. Məhkəmə tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırma hüququnu təmin etmək məqsədilə işə əlavə olunmuş tərəflər arasındakı telefon danışığı ilə bağlı qeydə alınmış diskdəki səs yazıları dinlənilmiş və bu zaman Cavabdeh1 tərəfindən İddiaçı əvvəlcə nəğd şəkildə 10.000 manatın, daha sonra hissə-hissə 10.000 manatın verilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxsə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Qeyd olunmalıdır ki, işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Göründüyü kimi tərəflər arasındakı telefon danışığındakı səs yazısında mübahisəli daşınmaz əmlakın faktiki satışı ilə bağlı iddiaçının Cavabdeh1 ümumilikdə 20.000 manat məbləğində pul alması öz təsdiqini tapır. Məlum olduğu kimi, Mülki Məcəllənin 144.1, 146.2-ci maddələrinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 394-cü maddəsi). Nəzərə alınmalıdır ki, daşınmaz əmlaklar ilə bağlı müqavilə notariat qaydada təsdiq edildikdən sonra həmin əmlak üzərində hüquqlar yaranır. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunmalıdır ki, mübahisəli torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikili (fərdi yaşayış evi) iddiaçının mülkiyyətində olmadığından, həmin əmlak barəsində iddiaçının cavabdehlə alqı-satqı müqaviləsi bağlamaq hüququda olmamışdır. Mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər (İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllənin 337.1, 337.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı formalaşmış hüquqi mövqeyinə görə isə əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu baxımdan məhkəmə kollegiyası tərəflər arasında mübahisəli torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikiliyə (fərdi yaşayış evinə) dair bağlanmış əqdin etibarlılığına qiymət verərək hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı və Mülki Məcəllənin 1179.2, 337.1. 337.3-cü maddələrinin tələbləri baxımdan bu əqd əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi tərəflər arasında mübahisəli torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikiliyə (fərdi yaşayış evinə) dair bağlanmış əqd qanunla müəyyən edilmiş forma tələblərinə uyğun olmadığına görə əhəmiyyətsiz əqd olmuş və iddiaçının mövcud tələbi də əslində əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi barədə iddiadır. Mülki Məcəllənin 337.5. maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında şifahi qaydada evin satılması məqsədilə bağlanmış razılaşma əhəmiyyətsiz əqd olduğundan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları X4, X1, X2, X12 oğlu, X6, X7 ilə birlikdə dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində, iddiaçının istifadəsində olmuş 8 sot torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında şifahi qaydada olan razılaşma əhəmiyyətsiz hesab edildiyindən, həmin razılaşma üzrə cavabdeh tərəfindən ödənilmiş 20.000 manat pul məbləği İddiaçı alınaraq Cavabdeh1 qaytarılmalı və qətnamə onların çıxarılmaları ilə pulun verilməsi hissəsində eyni vaxta icra edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçının iddia tələbini müddəti ötürməklə verməsi barədə dəlilinə gəldikdə isə qeyd edir ki, cavabdehin həmin dəlili əsassız olduğundan, həmin hissədə apellyasiya şikayəti təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları X4, X1, X2, X12 oğlu, X6, X7 ilə birlikdə dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 mdək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində, iddiaçının istifadəsində olmuş 8 sot torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılsınlar. İddiaçı 20.000 manat pul məbləği alınaraq Cavabdeh1 verilsin. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları X4, X1, X2, X12 oğlu, X6, X3 çıxarılması və İddiaçı 20.000 manat pul məbləğinin Cavabdeh1 verilməsi hissəsində eyni vaxta icra edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1035/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1035/2024
23.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver