Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1039/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , İddiaçı, onun nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-1944/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı ilda anadan olub. Laçın rayonundan məcburi köçkündür. X2 İ Qarabağ Müharibəsi veteranı olub, anası X4 isə İİ qrup əlildir. Atası 26 iyun 2023-cü ildə vəfat edib, iddiaçının himayəsində əlil anası və 2 azyaşlı övladı var. İddiaçı Azərbaycan Dillər Universitetini bitib, ali təhsilli ingilis dili müəlliməsidir. O, əmək fəaliyyətinə 01 sentyabr 2012-ci ildə Laçın rayonunun Sumqayıt şəhərində yerləşən 23 saylı orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb. 2015-ci il 15 yanvarda isə bu işdən çıxıb. 16 yanvar 2015-ci ildə iddiaçı Cavabdeh inklüziv təhsil üzrə müəllim köməkçisi vəzifəsinə qəbul edilib. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki dəfə hamiləliyə və doğuşa görə, həmçinin qismən ödənişli məzuniyyətdə olub. Cavabdeh məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən A.X.Qurbanovun 18 avqust 2022-ci il tarixli, 192 saylı əmri ilə iddiaçıya xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə qədər öz hesabına məzuniyyət verilib. Cavabdeh məktəbin 03 avqust 2022-ci il tarixli bildirişi ilə iddiaçıya məlumat verilib ki, "Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xxxx-6776/16 saylı və xx.xx.2016-cı il tarixli məktubuna əsasən Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə inkişaf proqramı çərçivəsində 2005- 2009-cu il həyata keçirilən pilot layihələrin icra müddəti ilə əlaqədar olaraq həmin müəllim köməkçisi ştatı vahidlərinin ləğv edilməsi bildirilmişdir. Qeyd olunanlara əsasən Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin müəllim köməkçisi ştatları ixtisara düşmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq ştatın ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilirsiniz. Nəzərə çatdırır ki, bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xx.xx.2022-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci həsssində nəzərdə tutulmuş hallar xəbərdarlıq müddəti ərzində müəyyən olunduqda işəgötürən tərəfindən bu barədə tədbirlər görüləcəkdir". Ancaq buna baxmayaraq, iddiaçı bildirişdə qeyd edilən tarixdə işdən azad edilməyib. xx.xx.2022-ci ildə isə iddiaçıdan xəbərsiz və onun imzası olmadan yeni, bir illik müqavilə imzalanıb. 30 mart 2023-cü ildə cavabdehin iddiaçıya göndərdiyi məktubda isə qeyd edilir ki, "Bildirilir ki, siz hər hansı üzrlü sənəd olmadan və bununla bağlı müvafiq təsdiqedici sənədləri təqdim etmədən işə çıxmırsınız. Qeyd edilənləri nəzərə alaraq işdən yayınma səbəbini, eyni zamanda qeyd edəcəyiniz üzrlü səbəbi təsdiq edən sənədləri əlavə etməklə yazılı izahatınızla birlikdə 10 gün ərzində məktəbə təqdim etməyiniz tələb olunur". İddiaçı ilə əmək müqaviləsinə yalnız 30 oktyabr 2023-cü ildə 201 saylı əmrlə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (müddətin bitməsi) xitam verilib. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən uzun müddət xəbərsiz olub, yalnız hüquqlarının pozuntusu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən 20 dekabr 2023-cü ildə əmrin surəti ona təqdim edilərkən xəbər tutub. Bu vaxtadək iddiaçıya əmək kitabçasının surəti verilməyib və o cümlədən onunla sonuncu haqq-hesab edilməyib. İddiaçı onunla əmək müqaviləsinin uzadılmamasının onun əmək hüquqlarını kobud şəkildə pozduğu səbəbi ilə cavabdehlə mübahisənin məhkəmədən kənar həllinə cəhd edib. O, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq mübahisənin tənzimlənməsi üçün səy göstərib, ancaq, bu səylər heç bir səmərə verməyib. 22 dekabr 2023-cü ildə iddiaçı mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif məktubu göndərib. Sumqayıt şəhəri, 1 saylı mediasiya təşkilatının mediator qismində təyin etdiyi mediatoru X8 xx.xx.2024-cü il tarixli, № MŞS-MT030-2024-00073 saylı "ilkin mediasiya sessiyasında iştirak edilməməsi" barədə arayışında qeyd edilir ki, cavabdeh 11 saylı tam orta məktəb mediasiya prosesində iştirak etməkdən imtina edib. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edir. Cavabdehin 30 oktyabr 2023-cü il tarixli, 201 saylı işdən çıxarma əmri qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv edilməli və iddiaçının digər iddia tələbləri təmin edilməlidir. Əvvəla, iddiaçının çalışdığı iş cavabdeh məktəbdə inklüziv təhsil üzrə müəllim köməkçisi vəzifəsi olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 sentyabr 2005-ci il tarixli, 269s nömrəli və 03 may 2007-ci il tarixli, 113s nömrəli sərəncamlarına əsasən Sumqayıt şəhər 4 və 11 nömrəli tam orta məktəblərində təşkil olunan pilot inklüziv siniflər üçün ayrılan müəllim köməkçisi ştat vahidləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə inkişaf proqramı (2005-2009-cu illər)" çərçivəsində həyata keçirilən pilot layihələrin icra müddəti üzrə nəzərdə tutulub. Hər inkişaf proqramı 2005-2009-cu illəri əhatə etsə də, bu proqram çərçivəsində həyata keçirilən pilot lahiyələr sonradan da davam etdirilib. Başqa sözlə, inklüziv siniflər üzrə sağlamlıq imkanları məhdud şagirdlərin ümumtəhsil məktəblərində təhsillərini davam etdirməsi prosesi bitməyib, davam edir. Çünki bu layihənin bitməsi ilə bağlı hər hansı əmr yoxdur. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilməsi qanunsuz və əsassızdır. İkincisi, iddiaçı məcburi köçkün statusuna malik olmaqla, himayəsində 2 azyaşlı övladı var. Bundan başqa, onkoloji xəstə olan, tam əmək qabiliyyətsiz 2-ci qrup əlil anası da onun himayəsindədir, maddi baxımdan onun da dolanışığını iddiaçı təmin edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallara" öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş" ailə üzvü olan işçilər də aiddir. Üçüncüsü, işin hallarından da göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi bir sıra ciddi qanun pozuntuları ilə müşayiət olunub. Belə ki, 03 avqust 2022-ci ildə iddiaçıya bildiriş təqdim edilib, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam veriləcəyi bildirilib. Amma bu bildirişin əksinə olaraq müqaviləyə xitam verilməyib, hətta onunla 22 oktyabr 2022-ci ildə iddiaçının xəbəri və onun imzası olmadan yeni, bir illik müqavilə imzalanıb. Məhz bu əsasa görə də X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 07 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilir ki, "11 saylı tam orta məktəbdən şöbəyə təqdim olunan sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcədə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq məktəbin direktoru 06 dekabr 2023-cü il tarixdə saat 11- 00-da X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmişdir". Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin 21 iyun 2023 və 29 avqust 2023-cü il tarixli, eləcə də Sumqayıt şəhər prokurorluğunun 04 noyabr 2023-cü il tarixli iddiaçıya göndərilmiş məktublarında onun göndərdiyi şikayətlərin, o cümlədən cavabdeh məktəb barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313 və 314.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edildiyi və nəticəsi barədə ona məlumat veriləcəyi qeyd edilib. Dördüncüsü, cavabdeh məktəbdə 26 nəfər müəllim köməkçisi vəzifəsində çalışıb. Onlardan 6 nəfərlə əmək müqaviləsinə işçilərin razılığı ilə xitam verilsə də, qalan 20 nəfər həm cavabdeh məktəbdə, həm də digər orta məktəblərdə pedoqoji işlə təmin edilib. Ancaq iddiaçıya belə bir şans verilməyib və yaxud da ona başqa bir iş təklif edilməyib. Beşincisi, 30 oktyabr 2023-cü il tarixli, 201 saylı əmr Azərbaycan Respublikası ƏM-nin 84-cü maddəsinin 1-ci bəndinini tələblərinə cavab vermir, həmin maddənin məzmununa uyğun tərtib edilməyib. Göstərilənlərə əsasən cavabdeh Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin 30 oktyabr 2023-cü il tarixli, 201 saylı işdən çıxarma əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi işburaxma dövrünə görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-1944/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-1944/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Onunla Sumqayıt şəhər Təhsil Şöbəsi arasında xx.xx.2015-ci il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Xəbəri olmadan xx.xx.2022-ci il tarixdə onunla Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında, şərtləri ona məlum olmayan xxxxxxx000300 saylı əmək müqaviləsi bağlanmışdır. Maddi hüquq normasının tələbinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra qüvvəyə minir. Lakin birinci instansiya məhkəməsi onun adına xx.xx.2022-ci il tarixdə imzalanmış xxxxxxx000300 saylı əmək müqaviləsinin şərtlərini nəzərə almadan, həmin əmək müqaviləsinin hansı müddətə bağlandığını araşdırmadan qərar qəbul edərək səhv nəticəyə gəlmiş və Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, mübahisələndirilən qətnamənin 17-ci bəndində qeyd olunmuşdur ki, “iş materiallarında olan xxxxxxx0003X0 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 30 oktyabr 2023-cü il tarixli, 201 nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam verilmişdir”. Lakin həmin bildirişdə işəgötürənin, müqavilə nömrəsinin, vəzifəsinin və işə başlama tarixnin fərqli olduğu müəyyən olunur. Bu xitam bildirişinin Sumqayıt şəhər Təhsil Şöbəsi ilə bağlanmış xx.xx.2015-ci il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə aid olmadığı açıq-aydın şəkildə görünür. Belə olan halda birinci instansiya məhkəməsinin mübahisəli əmri ləğv etməməsi qanunsuz və əsassızdır. Göründüyü kimi sübutlara düzgün qiymət verməyən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tələbləri pozulmuşdur. İddia müddətinin onun tərəfindən buraxıldığı qənaətinə gələn birinci instansiya məhkəməsi hesab edir ki, qeyd olunan maddi hüquq normasını hazırki mübahisəyə tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə məlumatı olduğunu qeyd edən birinci instansiya məhkəməsi müvafiq əmrin və ya qanunda qeyd olunan sənədlərin cavabdeh işəgötürən tərəfindən ona verilməməsi faktını nəzərə almamışdır. xx.xx.2023-cü il tarixli 201 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətini xx.xx.2023-cü il tarixdə əmək müfəttişliyində qəbul etməmiş, digər sənədlərin ümumiyyətlə ona verilməməsinə birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Əmək müfəttişliyində xx.xx.2023-cü il tarixdə əmrin surətini aldıqdan 2 gün sonra mediasiyaya müraciət etmiş və mediasiyanın arayışının verildiyi xx.xx.2024-cü il tarixdən 11 gün sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ümumilikdə 13 gün ərzində məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gündür. Lakin iddia müddətinin keçməsi ilə bağlı ərizə verən cavabdeh qeyd olunan sənədlərin ona nə vaxt verilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbinə zidd olaraq onun məlumatı olduğuna əsaslanaraq iddia müddətini ötürdüyünü qeyd etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı hüququnun pozulmasının aşkar edildiyi günü düzgün müəyyən etməyərək səhv nəticəyə gəlmiş və bununla da maddi hüquq normasının tələblərini pozmuşdur. Müqavilə müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verilməsi barədə imzalanmış xx.xx.2023-cü il tarixli 201 saylı əmri qanuni və əsaslı sayan birinci instansiya məhkəməsi onun xəbəri olmadan bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin hansı müddətə və hansı şərtlərlə bağlandığını ümumiyyətlə araşdırmamış, həmin əmək müqaviləsi sübut olaraq araşdırılmadan hüquqi qiymət vermişdir. Sadəcə cavabdeh tərəfin dediklərini əsas götürmüş və bununla da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə iddia müddətinin tətbiqi ilə bağlı iddia ərizəsində qeyd olunanları ümumiyyətlə araşdırmamış, cavabdeh tərəfindən heç bir sübut təqdim olunmamasını nəzərə almayaraq yenə prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər Təhsil Şöbəsi 11 nömrəli tam orta məktəbin direktoru X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər Təhsil Şöbəsi 11 nömrəli tam orta məktəbində xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək «inklüziv sinifdə analıq məzuniyyəti yerinə müəllim köməkçisi» vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 06 yanvar 2015-ci il tarixli, 02 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı - ali təhsilli (magistr dərəcəli) ingilis dili müəllimi ilə, pedaqoji stajı 2 il 4 ay, xx.xx.2015-ci il tarixindən məktəbə analıq məzuniyyəti yerinə inkuliziv sinifdə müəllim köməkçisi təyin edilməsi barədə əmək müqaviləsinin bağlanılması əmr edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 03 aprel 2017ci il tarixli, 29 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin inkuliziv sinfində müəllim köməkçisinə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi sosial məzuniyyət verilməsi əmr edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 07 avqust 2017-ci il tarixli, 54 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin müəllim köməkçisi körpə uşağa qulluqla əlaqədar xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək analıq məzuniyyəti verilməsi əmr edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 03 iyul 2019-cu il tarixli, 168 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin müəllim köməkçisinə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə kimi sosial məzuniyyət verilməsi əmr edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 06 noyabr 2019-cu il tarixli, 222 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin müəllim köməkçisinin sosial məzuniyyət müddətinin xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər uzadılması əmr edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 19 noyabr 2019-cu il tarixli, 283 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin müəllim köməkçisinə AR-nın ƏM-nin 127-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (uşağın 3 yaşı tamam olana qədər) qismən ödənişli sosial məzuniyyət verilməsi, işə başlama tarixinin xx.xx.2022-ci il olması əmr edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 18 avqust 2022-ci il tarixli, 192 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin analıq məzuniyyətindən qayıdan müəllim köməkçisinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər öz hesabına məzuniyyət verilməsi əmr edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 30 may 2023cü il tarixli, 99 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı inkuliziv sinifdə müddətli müqavilə işləyən müəllim köməkçisinin uşağının xəstəliyi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ödənişsiz məzuniyyət verilməsi, 25 avqust 2023-cü il tarixdən işə başlaması əmr edilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı 18 fevral 2023-cü il tarixdən 04 mart 2023-cü il tarixədək işə çıxmamış, 04 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək işə çıxmamış, 25 mart 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək işə çıxmamış, 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək işə çıxmamış, 12 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək işə çıxmamış, 18 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək işə çıxmamış, 24 aprel 2023-cü il tarixdən 30 aprel 2023-cü il tarixədək işə çıxmamış, 01 may 2023-cü il tarixdən 07 may 2023-cü il tarixədək işə çıxmamış, 10 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək işə çıxmamış, 27 may 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək işə çıxmamış, 24 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək işə çıxmamış, 30 avqust 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək işə çıxmamış, 20 sentyabr 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə çıxmamış, 25 sentyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək işə çıxmamış, 16 oktyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək işə çıxmamışdır. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 30 oktyabr 2023-cü il tarixli, 201 nömrəli müddətli əmək müqaviləsinin ləğvi barədə əmrinin surətindən görünür ki, İddiaçı məktəbin inklüziv sinfində müddətli əmək müqaviləsi ilə işləyən müəllim köməkçisinin müddəti bitdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xxxxxxx0003X0 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 30 oktyabr 2023-cü il tarixli, 201 nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru Adilə Süleymanova tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin müəllim köməkçisi İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) əsasən ləğv edilmişdir. Lakin Əmək və Məşğulluq altsistemində (ƏMAS) yanlışlıqla Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndi seçilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranan nöqsanların aradan qaldırılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin İddiaçı Bəylər qızına ünvanlanan “sənədlərin təqdim edilməsi barədə” 30 noyabr 2023-cü il tarixli, 860 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci hissəsinə (əmək müqaviləsinin bitməsi) əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir, qeyd olunanları nəzərə alaraq əmək kitabçasının təqdim edilməsi üçün Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbinə gəlməyi və ya əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə dair ərizənin təqdim olunması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı 07 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, müraciətdə qeyd edilən məsələlərə aydınlıq gətirilməsi məqsədilə təsdiqedici sənədlərinizi və izahat verməyiniz üçün Sizin müraciətdə qeyd etdiyiniz ünvana 3-17-5/2-T-44679/2023 nömrə xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Lakin Siz izahat vermək üçün şöbəyə gəlməmişsiniz. Tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən, Sizinlə 11 saylı tam orta məktəb arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsin hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi (Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 11 saylı tam orta məktəbdən şöbəyə təqdim olunan sənədlərə baxılmaqla inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən həmin məlumatlarda inzibati xəta əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xəta törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq məktəbin direktoru xx.xx.2023-cü il tarixdə saat 11:00-da X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmişdir. Qeyd olunanları nəzərə alaraq araşdırma davam etdiyi üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS-MT030-2024-00073 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin “inklüziv sinifdə analıq məzuniyyəti yerinə müəllim köməkçisi” vəzifəsində işləmiş, onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi və iddiaçı xx.xx.2023-cü il tarixdə (xəstələndiyi və məzuniyyətdə olduğuna görə) işə çıxdığı üçün cavabdehin xx.xx.2023-cü il tarixli, 201 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 3 il müddətinə bağlanmış müqavilə xx.xx.2018-ci il tarixə qədər qüvvədə olmuşdur. Lakin iddiaçı xx.xx.2017-ci il tarixdən sonra davamlı olaraq sosial məzuniyyət, uşağa qulluğa görə analıq məzuniyyəti, öz hesabına əmək məzuniyyətində olduğundan işə çıxdığı 30 oktyabr 2023-cü il tarixdə onun müddətli əmək müqaviləsinə xitam verilmişdir.Bu baxımndan yuxarıda qeyd olunmuş Əmək Məcəlləsinin 68-ci maddəsinin və 73-cü maddəsinin 2-ci bəndinə əsasən onun əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə zidd deyildir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində onun xəbəri olmadan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında buna münasibətdə mübahisələndirilən əmək müqaviləsinin mövcud olmamasını, sadəcə işəgötürən tərəfindən yanlışlıqla elekton sistemə daxil edilməsini, imzanın da iddiaçıya məxsus olmamasını bildirmişdir. Apellyasiya şikayətində qeyd edilən iddia müddətinin ötürülməməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən onun əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə xitam verildiyi məlum olması X7 Xidmətinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə müraciət etdiyi ərizələrdə bu barədə qeyd etməsi ilə müəyyən edilir. Həmçinin iddiaçı əmək kitabçasının ona verilmədiyini bildirsə də, iş materiallarında olan xx.xx.2023cü il tarixli ərizədən də görünür ki, cavabdeh məktəb tərəfindən iddiaçıya əmək kitabçasını götürmək barədə təkliflər edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2023-cü il tarixli əmrə əsasən (əmrin məzmunu ilə iddiaçının deməsinə görə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, 22 dekabr 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, 19 yanvar 2024-cü il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin müddət üzrlü səbəblərdən ötürülmüş olsa belə, iddiaçı məhkəmə kollegiyasının iclasında xx.xx.2017-ci il tarixdən sonra xx.xx.2023-cü il tarixədək, yəni 6 ildən çox olan müddətdə bir gün də olsun iş yerində əmək funksiyasını yerinə yetirməmiş,işə çıxdığı xx.xx.2023-cü il tarixdə isə işə götürən tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə düzgün olaraq xitam verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdehə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasını təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-1944/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1039/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1039/2024
11.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver