Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1040/2022 01.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı və müstəqil tələb irəl sürən üçüncü şəxs Nümayəndə1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin özgənin qeyri-qanuni sahibliyindən geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(060)-56/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsi, paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsi, həmin torpaq sahəsi üzərində olan tikili cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin qeyri-qanuni sahibliyindən alınıb İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan digər ailə üzvləri İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsindən və paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində olan tikilidən çıxarılması və həmin torpaq sahələri və həmin torpaq sahəsi üzərində olan tikili boşaldılaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahələrindən və həmin torpaq sahəsi üzərində olan tikilidən çıxarılmaları və həmin torpaq sahələrinin üzərində olan tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsinin, paylı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində olan tikilinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin qeyri-qanuni sahibliyindən alınıb ona qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsi və paylı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində olan tikilidən çıxarılmaları və həmin torpaq sahələrinin və həmin torpaq sahəsi üzərində olan tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri gözügedən torpaq sahəsində yerləşən tikilidə qanunsuz olaraq məskunlaşaraq bu günə kimi faktiki olaraq həmin torpaq sahəsindən istifadə edir və yaşayırlar. Onlardan torpaq sahəsindən çıxmalarını tələb etsələr də, torpaq sahəsindən çıxmayacaqlarını bildirmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq sahəsinin özgənin qeyri-qanuni sahibliyindən geri tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində olan tikilinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin qeyri-qanuni sahibliyindən alınıb ona qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin paylı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində olan tikilidən çıxarılmaları, həmin torpaq sahəsinin və torpaq sahəsi üzərində olan tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 429 ünvanında yerləşən torpaq sahəsi onunla anası İddiaçı paylı mülkiyyətindədir. Həmin torpaq sahəsinə də cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri qanunsuz olaraq sahiblik və istifadə edir. Belə ki, sözügedən torpaq sahəsi Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsindən hasarla ayrılmamışdır. Cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etsələr də, torpaq sahəsindən çıxmayacaqlarını bildirirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun vicdanlı sahib olmağı və mübahisəli evin mülkiyyətçisi tərəfindən ona satılmağının səbəbi hərtərəfli araşdırılmamışdır. Məhkəmə tərəfindən onun məcburi köçkün olmağı və 16 il ərzində mübahisəli torpaqda yaşaması faktı nəzərə alınmamışdır. Belə ki, həmin torpağın mülkiyyətçisi olmuş Ələddin müəllimə 5.000 manat verərək mübahisəli torpaq sahəsini almış və 16 il ərzində ona heç kəs irad bildirməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı, digər cavabdehə və müstəqil tələb irəli sürən üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsinin öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 157-ci maddələrini, Torpaq Məcəlləsinin 84, 111-ci maddəsinin birinci və ikinci bəndlərinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. İşdən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən edilərək iddia tələbi təmin edilmiş, cavabdehlərdən yalnız Cavabdeh2 həmin nəticədən narazı qalaraq apellyasiya qaydasında mübahisələndirmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən mübahisəli torpaq sahələri Lalə və Nümayəndə1lərin xüsusi mülkiyyətindədir. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarma və həmin sahənin özgənin qanunsuz sahibliyindən geri qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157-ci maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli mənzilin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunan mənzilin iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçılar mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmiş, cavabdehlər mübahisəli ərazidə 16 il ərzində məskunlaşaraq həmin ərazini torpağın mülkiyyətçilərindən aldığını qeyd etsə də, bunu təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə tərəflərin qeyd etdikləri kimi, cavabdehlər həmin torpaq sahəsinə hüquqlarını rəsmiləşdirməmişlər. Hazırda da onların mübahisəli sahəyə hər hansı bir hüquqları yoxdur. İddiaçıların isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onların bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçıların mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapdığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin mübahisəli torpaqda köçkün olaraq 16 il ərzində yaşaması və mülkiyyətçi tərəfindən həmin torpağın ona 5.000 manata satılması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə qeyd edir ki, Mülki Məcəllənin 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Lakin qeyd olunan maddənin tələbi baxımından tərəflər arasında notarial qaydada təsdiq edilmiş müqavilə mövcud deyil, bu halda şikayətin qeyd olunan dəlili əsaslı hesab edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1040/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1040/2022
01.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver