Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1044/2024 20.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştriakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-374/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağları ərazisində 3 sot torpaq sahəsi üzərində 787 saylı fərdi evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş arvadıdır. Belə ki, o Cavabdeh ilə xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları xx.xx.1994-cü il təvəllüdlü X7 və xx.xx.1997-ci il təvəllüdlü X2 doğulmuşdur. Nikahlarının ilkin vaxtlarnda mehriban yaşasalar da bir müddət sonra münasibətləri pisləşmişdir. Bunun nəticəsi olaraq aralarındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Nadir Rzayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 44 günlük Vətən müharibəsində xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Hazırda onların faktiki yaşayış ünvanları ayrıdır. Lakin, qeydiyyat ünvanları ünvan 1ıt şəhər İcra Hakimiyyəti Başçısının 152 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotu aparılarkən onun keçmiş həyat yoldaşı Cavabdeh və övladı X2 uçota alınmışdır. O, şəhid X3 valideynidir. Bu səbəbdən ailə üzvü olaraq, onun sözügedən mənzilə dair yaşamaq hüququ vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyəri 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilməsi, həmin məbləğ üzərində ½ hissədə onun, ½ hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-374/2024 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinə maneəsiz köçürülməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları xx.xx.2018-ci il tarixdə pozulmuş, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi ilə mübahisəli fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyərinin 34000 (otuz dörd min) manat məbləğində olması, bu məbləğ birgə nikah dövründə əldə edilmiş gəlir olduğundan onun üzərində tərəflərin hər birinin ½ hissədə paylarının müəyyən edilməsi qət edilmiş, həmin qətnamə apellyasiya qaydasında mübahisələndirilmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hər iki tərəfin mülkiyyət hüququ üzrə gözləntiləri olduğundan mübahisəli əmlak birgə nikah dövründə və ümumi vəsait hesabına tikildiyindən, iddiaçının da həmin evdən istifadə hüququnu həyata keçirmək imkanını məhkəmə təcrübəsi tanıdığından iddia əsaslıdır.
6. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.8, 225.1, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri 7.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı keçmiş əri olub. Onunla 1993-cü ildə bağlanmış nikah 2018-ci ilin avqust ayında mübahisəsiz, qarşılıqlı razılaşma əsasında pozulmuşdur. Ötən 5 il ərzində mübahisə predmeti olan tikilidə birlikdə yaşamamışlar. Bu müddət ərzində münasibəti övladlarına görə normal davam etmiş, daha sonra oğlu X4 şəhid olmasından sonra pozulmağa başlamışdır. Evi təmir etdirmiş, səliqəli hala salmiş, evi idarəsini yalnız özü və övladlarının gəliri hesabına yaşanılacaq hala salmışdır. Evə çəkilmiş xərclərlə bağlı İddiaçı iddia qaldırmış, bu iddiada sözügedən tikiliyə, indiki halına çəkilmiş xərclərin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilmiş, halbuki 2018-ci ildən bu tikilinin bütün təmir xərclərini özü və övladları ödəyib. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən sənədsiz olan tikiliyə 34.000 məbləğ müəyyən edilərək, ½ hissədə tərəflər arasında bölünmüşdür. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsi mülkiyyəti deyil, evə çəkilmiş xərcləri ½ hissə bölmüşdür. Lakin, məhkəmə hazırki qətnamə ilə İddiaçı istifadə hüququnu tanınmışdır. Məhkəmə mübahisənin predmeti olan sənədsiz tikiliyə çəkilmiş xərclərin bölünməsi barəsində qətnaməni rəhbər tutaraq istifadə hüququnu tanınmışdır. Halbuki, bu tikili qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, mülkiyyət hüququ yaratmamışdır. Buna baxmayaraq məhkəmə mülkiyyət hüququnun 3 əsas tərkib hissəsindən olan istifadə hüququ barədə qərar qəbul etmişdir. Sadəcə çəkilmiş xərclərin müəyyən olunması barədə qərarla mülkiyyət hüququnun eyni tutulmasını doğru hesab etmir, buna görə də sənədsiz tikiliyə İddiaçı istifadə hüququnun ləğv edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ilə 2018-ci ildə nikahları pozulub, ondan sonra iddiaçı xaricə ölkədə olub, ayrı yaşayıblar, oğlu 2020-ci ildə müharibədə şəhid olandan sonra aralarında söz-söhbətlər başlayıb. Təzəlikcə ailə qurub, gəlib mübahisəli evdə yaşamasına etiraz edir. Sosial şəbəkələrdə də onu təhdid edir. Mübahisəli ev özbaşına tikilidir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi ilə evə şəkilmiş xərclərin dəyəri 34000 manat müəyyən edilib. Evin yerləşdiyi torpaq sahəsinin dəyəri müəyyən edilməyib. Evi 2022-ci ildə tam təmirli hala gətiriblər, həmin zamanın dəyərləndirilməsi aparılmayıb. Evin bütün xərclərini özləri qarşılayıblar, evi özləri tikibləri, iddiaçının evdən istifadə etməsinə, yaşamasına etiraz edirlər. Evi sənədləşdirmək istəsələr torpaq sahəsi də sənədləşəcək, o halda da iddiaçı torpağın da dəyərini istəyəcək. İddiaçı onlara zərər verir, onunla bir evdə yaşamaq təhlükəlidir. Qətnamə ilə müəyyən edilmiş 34000 manatın yarısını ona kompensasiya kimi verə bilərlər ki, gəlib evdə yaşamasın. İddiaçının məqsədi onlara problemlər yaratmaqdır. Hazırda da yenidən nikaha girib. Gəlib ailəsi ilə yaşamaq niyyətindədir. Ev özbaşına tikili olduğundan onun həmin evə istifadə hüququ yarana bilməz.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. 297363 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikahın pozulması xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.
14. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyərinin 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilməsi, həmin məbləğ üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, “2011-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları ərazisində 3 sot torpaq sahəsi alınaraq onun üzərində 787 saylı fərdi ev birgə nikah dövründə İddiaçı tərəfindən tikilmişdir. Tikilən yaşayış evi bir mərtəbəlidir və 3 otaqdan ibarətdir. Həmin ev tərəflərin birgə nikah dövrü zamanı əldə olunan gəlirlər hesabına tikilmişdir.”.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2137/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Sumqayıt Regional Vəkil Bürosunun müdiri Vəkil müraciətinə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciətlə əlaqədar aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, şəhid X5 anası Cavabdeh 3 nəfər (özü, keçmiş əri və qızı) ailə tərkibi ilə bacısının mülkiyyətində olan yaşayış sahəsi 17,26 kvadratmetrdən ibarət 1 otaqlı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 21, mənzil 7-də 6 nəfərlə qeydiyyatda olmaqla şəhid valideyni kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 153 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Cavabdeh mənzil uçotuna alınarkən həmin sərəncamda 2 nəfərdən ibarət ailə üzvü kimi özü və qızı X1 adı qeyd olunmuşdur. Şəhid valideyni Cavabdeh Sumqayıt stansiyası ərazisində 42 saylı binada yerləşən 2 otaqdan ibarət 28 saylı mənzillə təmin olunmuşdur. Şəhidin digər valideyni İddiaçı isə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 419 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmış, onun mənzillə təmin olunubolunmaması barədə isə məlumat daxil olmamışdır.
17. 007542 №-li vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür.
18. 004914 №-li vəsiqədən görünür ki, Cavabdeh şəhid ailəsi üzvüdür.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında şəhidin anası Cavabdeh 6 may 2021-ci il tarixindən 2 nəfər ailə tərkibi ilə (özü və qızı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Cavabdeh 4 sentyabr 2021-ci il tarixində Nazirlik tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq ünvan 5 ünvanında iki otaqlı mənzillə təmin olunmuşdur.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsi
32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
23. Mülki Prosessual Məcəllə
13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-374/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası cavabdehin və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış binasından isifadə və ya ümumilikdə mülkiyyət hüququ Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin, hazırkı iddiada mübahisələndirilən yaşayaş evi özbaşına tikili olduğu üçün həmin evdən istifadə və ya mülkiyyət hüququ ilə bağlı məsələlər həmin Məcəllələrlə tənzimlənmir və bu münasibətləri tənzimləyən analoji hüquq normaları da yoxdur. Bu əsasla isə mübahisəyə baxılmasından imtinaya yol verilmir.
27. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh xx.xx.1993-cü ildə nikaha girmiş və nikahları xx.xx.2018-ci il tarixdə pozulmuş, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövrü zamanı əldə olunan gəlirlər hesabına tikilmiş, yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyərinin 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilmiş, həmin məbləğ üzərində tərəflərin hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Belə olan halda mübahisəli fərdi yaşayış evinə münasibətdə iddiaçının hüquqları ilə cavabdehin hüquqları eynidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də həmin ev faktiki olaraq mövcuddur, həmin evə çəkilmiş xərclər üzərində tərəflərin hər birinin ½ hissədə payı qanuni qüvvəsini almış məhkəmə qətanməsi ilə müəyyən edilmişdir ki, həmin qətnamənin mahiyyəti əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasıdır. Həmin əmlak üzərində hər iki tərəfin mülkiyyət hüququ üzrə gözləntiləri olmaqla, hazırda ev cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehin həmin evdə yaşamaq hüququ vardır və tərəflərin aralarındakı nikahın pozulması iddiaçının evə köçürülməməsi üçün əsas ola bilməz.
29. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması faktı iddiaçının həmin mənzilə köçürülməsinə mane ola bilməz. Belə ki, hər hansı bir qanunsuz yolla şəxsin evdən çıxarılması həmin şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan mənzil hüququnun pozulmasına səbəb olur. Hazırkı vəziyyətdə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüququnun reallaşdırılmasının yeganə mənbəyi, həmin hüququn həyata keçirilməsi üçün yeganə vasitə olan mübahisəli evə köçürülməsidir. İddianın təmin edilməsi ilə isə həmin pozuntunun aradan qalırdırılması mümkündür.
30. Məhkəmə kollegiyası cavabdeh tərəfin çəkilmiş xərci yarısının tərəfindən iddiaçıya ödənilməklə iddianın rədd edilməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, hazırkı iddianın predmeti mübahisəli mənzilə iddiaçının köçürülməsi ilə bağlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birgəyaşayışı mümkünsüz hesab etdiyi təqdirdə anoloji olaraq, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan hüquqlardan istifadə etməklə, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-374/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-374/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.