Məhkəmə qərarları › İş №2(105)-1046/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1046/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1046/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(027)- 1143/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələrdən və icra vərəqələrindən görünür ki, İddiaçı e-2-2(119)-45/2021 saylı mülki iş üzrə, 3(105)-573/2021 saylı inzibati xəta haqqında iş üzrə, e-2-2(119)-1658/2022 saylı mülki iş üzrə, e-2-2(113)- 310/2023 saylı mülki iş üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil kimi Cavabdeh MMCnin hüquqlarını təmsil etmişdir;

2. “Hüquqi xidmətin haqqının ödənilməsi barədə” 13 iyul 2021-ci il tarixli müqavilədən görünür ki, hüquqi xidmət göstərilən şəxs Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 137/21 nömrəli etibarnamə ilə vəkil İddiaçı etibar etdiyi səlahiyyətlərin icrası məqsədilə tərəflərin arasında bağlanacaq hüquqi xidmət göstərilməsi haqqında müqavilə(lər) əsasında ödəniləcək xidmət haqqına əlavə olaraq, hüquqi xidmət göstərilən şəxs vəkilə işin müvəffəqiyyətli həlli zamanı (hüquqi xidmət göstərilən şəxsin xeyrinə qərar (qətnamə və s.) çıxarıldıqda, mediasiya prosesində barışıq əldə olunduqda) - iddia (şikayət) olunan məbləğin 5 (beş) faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla). Əvvəlki yarımbənddə göstərilən nəticədən fərqli nəticə əldə edilərkən - iddia (şikayət) olunan məbləğin 2 (iki) faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla) ödəniş(lər)in ediləcəyini öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat məbləğində vəsaitin və 166 manat 32 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələr əsasında ödənilməli olan xidmət haqlarına əlavə olaraq Cavabdeh MMC, onunla arasında bağlanmış 13 iyul 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə əsasında ona işin nəticəsindən asılı olaraq əlavə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi xidmət göstərilən şəxsə həmçinin xx.xx.2021-ci il tarixli, EBBJ 673658 nömrəli (200 AZN), xx.xx.2021-ci il tarixli, EBBK 533431 nömrəli (200 AZN), xx.xx.2022-ci il tarixli, EBCH 138476 nömrəli (300 AZN) və xx.xx.2023-cü il tarixli, EBCN 291630 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar göndərilmiş və Cavabdeh MMC tərəfindən qəbul edilərək, müvafiq ödənişlər bank hesabına köçürülmüşdür. Göstərilən müqavilələrin aid olduğu işlər üzrə yekun məhkəmə aktlarının qəbuledilməsinin üzərindən təxminən 1 (bir) ilə yaxın vaxtın keçməsinə və həmin aktların hamısının icraya yönəldilməsinə baxmayaraq, Cavabdeh MMC 13 iyul 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə üzrə ödəliklərini hələ də icra etməmiş və müəyyən olunmuş ödənişləri etməmişdir. Halbuki, müqavilədə bunun üçün cəmi 5 (beş) gün vaxt nəzərdə tutulmuşdur. Hazırda Cavabdeh MMC-nin ona göstərilmiş xidmətlərə görə əlavə 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat məbləğində (vergi və sığorta xərcləri daxil olmaqla) borcu mövcud olsa da, bu borcu ödəməkdən bu günə kimi yayınmaqdadır. Bu məqsədlə Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, EBED 216018 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura göndərilmiş və həmin qaiməfaktura sistem tərəfindən təsdiqlənmişdir.

5. Sonradan İddiaçı məhkəməyə “borc məbləğinin formalaşmasına dair” ərizə təqdim edərək göstərmişdir ki, 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat aşağıdakı borc pul vəsaitləri əsasında formalaşmışdır: e-2-2(119)-45/2021 saylı iş üzrə "xxxx" SPA Şirkətinin Cavabdeh MMC-yə qarşı 72.300 Avro əsas borc, 5964,75 Avro faiz borcu və 71.070 Avro əsas borc, 5863,30 Avro faiz borcu, cəmi 155.198 Avro məbləğində pul tələbinə dair iddiası təmin olunmuşdur. Nəticədə cavabdehin ona, aralarında bağlanmış və iş materiallarına əlavə olunmuş 13 iyul 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə əsasında göstərilən pul vəsaitinin 2%-i məbləğində, yəni 3.104 Avro məbləğində xidmət haqqı borcu yaranmışdır. 72.300 + 5964,75 + 71.070 + 5863,30 = 155.198 Avro x 2% = 3.104 Avro x 1 manat 99 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 6.177 manat; 3(105)-573/2021 saylı inzibati xəta haqqında iş üzrə (İXM-nin 483-cü maddəsi əsasında) başlanmış icraata xitam verildiyi üçün, cavabdehin ona, təyin olunmuş cərimə məbləğinin (5619,90 ABŞ dollarının yarısı, yəni 2.810 ABŞ dolları) 5%-i, yəni 140,50 ABŞ dolları məbləğində xidmət haqqı borcu yaranmışdır. 5619,90 = 2.810 x 5% = 140,50 x 1 manat 70 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 239 manat; e-2- 2(119)-1658/2022 saylı iş üzrə “X3&Services LP” Şirkətinin Cavabdeh MMC-yə qarşı 9.530 Avro əsas borc və 2.000 Avro dəbbə pulu məbləğində pul tələbinə dair iddiası əsas borc hissəsində tam təmin olunmuşdur, dəbbə pulu hissəsində isə ümumiyyətlə rədd edilmişdir. Nəticədə cavabdehin ona, əsas borc məbləğinin 2%-i, iddia olunan dəbbə pulunun isə 5%-i məbləğində xidmət haqqı borcu yaranmışdır. 9.530 x 2% = 190,6 Avro + 2.000 x 5% = 100 Avro, cəmi 290,6 Avro x 1 manat 99 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 578 manat; e-2-2(113)-310/2023 saylı iş üzrə "xxxx" MMC-nin Cavabdeh MMCyə qarşı 250.000 ABŞ dolları əsas borc, 25.180,82 ABŞ dolları faiz borcu və 21.047,95 ABŞ dolları məbləğində cərimə tələbinə dair iddiası əsas borc hissəsində tam, faiz və cərimə borcu hissəsində isə qismən təmin olunmuşdur. Nəticədə cavabdehin ona, əsas borc, habelə iddia olunan, lakin təmin olunmayan faiz və cərimə məbləğinin 2%-i, təmin olunan faiz və cərimə borcunun isə 5%-i məbləğində xidmət haqqı borcu yaranmışdır. 250.000 + 22.954,17 + 7.045,83 = 280.000 x 2% = 5.600 ABŞ dolları + 2.226,65 (25.180,82 – 22.954,17) + 14002.12 (21047.95 – 7045.83) = 16.228,77 x 5% = 811,43 ABŞ dolları, cəmi 6.411,43 ABŞ dolları (5.600+811,43) x 1 manat 70 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 10.900 manat, beləliklə, 6.177 + 239 + 578 + 10.900 = 17.894 manat + 14% (sosial sığorta haqqı) + 10% (gəlir vergisi) + 2% (icbari tibbi sığorta) + 2% (Vəkillər Kollegiyasının hər müqavilə məbləğinə tətbiq etdiyi sığorta haqqı), cəmi 28%. Hesablama bu qaydada aparılmışdır: 24.850 – 28% = 17.892 manat (hesabatın tam dəqiqliyini təmin etmək məqsədilə ümumi borc 2 manat az olmaqla hesablanmışdır).

6. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, fərdi fəaliyyət göstərən vəkil kimi Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdən başlayaraq davamlı olaraq hüquqi xidmətlər göstərmişdir. Hər dəfəsində aralarında müqavilə bağlanılmış, eyni zamanda hüquqi xidmətin haqqının ödənilməsi şərtlərinin razılaşdırılması ilə bağlı əlavə 13 iyul 2021-ci il tarixli razılaşma müqaviləsi bağlanılmışdır. Belə ki, aralarındakı razılaşmaya görə, MMC ilkin olaraq müvafiq qonorarı ödəmiş olurdu, sonradan işin nəticəsindən asılı olaraq, iş üzrə müsbət nəticə əldə olunanda iddia üzrə təmin edilən məbləğin 5%-i, iddia təmin edilmədiyi hallarda tələb olunan məbləğin 2%-i Cavabdeh MMC ona qonorar ödəməli idi. Lakin bugünədək Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini icra etməmişdir.

7. Quba Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(027)-1143/2025 nömrəli qətnaməsi ilə (hakim Samir Məmmədov) iddia təmin edilmiş, Cavabdeh MMC-dən 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat pul İddiaçı xeyrinə tutulması və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 166 manat 32 qəpik məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə bağlanılmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə hüquqi yardım göstərilmiş, cavabdeh isə xidmət haqqı ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərinin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat məbləği həddində məsuliyyəti yaranmışdır.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 441.1, 441.2, 441.3, 441.4, 441.5, 442-ci, Mülki Prosessual Məcəllənin 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən də göründüyü kimi, tərəflər arasında bağlanmış 13 iyul 2021-ci il tarixli, “Hüquqi xidmərin haqqının ödənilməsinə barədə” müqavilənin 1-ci bəndinin 2-ci yarımbəndində qeyd olunan və normal insan məntiqi ilə anlaşılmayan söz yığnağı əsasında iddia tələbi tam təmin olunmuşdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə olunan sənədlərdən də göründüyü kimi iddia tələbi onların ziyanına çıxarılan qətnamələr üzrə icraya yönəldilən məbələğlərin miqdarından iki fazi tətbiq edilməklə hesablanmış və bu məbləği məhkəmə təsdiq edərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bu məntiqlə hazırki iş üzrə iddiaçı qismində çıxış edən iddiaçı- İddiaçı iştirak etdiyi və ziyanlarına çıxarılan digər məhkəmə qətnamələrinin icraya yönəldilməsi ilə bağlı da məhkəmələrə müraciət etmək imkanı qazanmış olur. Amma nədənsə "xxxx" ASC ilə aralarında olan məhkəmə mübahisəsi üzrə ziyanlarına çıxarılmış 10,5 milyon manatın iki faizini hesablayıb məhkəməyə hələ də müraciət etməmişdir. Hərçənd ki, həmin məbləğin iki faizi, 210 min manat təşkil edir. Həmçinin həmin məsələ ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, məhz həmin işdən sonra, indilərdə onlara məlum olmuşdur ki, bu şəxs qarşı tərəflə cinayət əlaqəsinə girərək, ümumiyyətlə onlara 2 milyon manata yaxın zərər vurmuş və zərərin miqdarı tərəflərindən tam müəyyən olunduqdan sonra müvafiq orqanlara da müraciət olunacaqdır. Nəinki Azərbaycanda, ümumiyyətlə Azərbaycandan kənarda da olan dövlətlərdə buna bənzər hər hansı müqavilə şərtlərinin olub-olmaması barədə apardığı sorğulara istehza ilə yanaşılmışdır. Necə yəni, onun ziyanına çıxarılan hər hansı işə görə o, kiməsə də xidmət haqqı ödəməlidir. Hesab edir ki, qətnamə ləğv olunmaqla yanaşı, iddiaçı barəsində də xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir. Göstərilənlərdən əlavə o da mütləq qeyd olunmalıdır ki, xx.xx.2025-ci il tarixli həmin qətnamə iş üzrə elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirməsinə baxmayaraq ən azından elektron kabinetə yerləşdirildikdən bir ay sonra, yəni qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilməli olduğu halda, hakim tərəfindən bu müddət gözlənilmədən, qətnamə qanunsuz olaraq xx.xx.2025-ci il tarixdə icraya yönləndirilmişdir. İcra vərəqəsində də qeyd edilmişdir ki, qətnamə xx.xx.2025-ci tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2025-ci il tarixdə də icra sənədi verilmişdir. Həmçinin qətnamə heç kəsin iştirak belə olmadan, nə iddaçı, nə də ki, cavabdeh məhkəmə proseslərində iştirak etməmişlər və onların iştirakı olmadan da qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, cavabdeh onu özünün imzalayıb möhürü ilə təsdiq etdiyi 13 iyul 2021-ci il tarixli “Hüquqi xidmətin haqqımn ödənilməsi barədə” müqavilənin (bundan sonra “Müqavilə”) 1-ci bəndinin 2-ci yanmbəndində anlaşılmayan ifadələrdən ibarət söz yığınından istifadə etməkdə ittiham edir. Halbuki, həmin bənddə fikir kifayət qədər aydın şəkildə ifadə olunmuşdur; əvvəlki yanmbənddə göstərilən nəticədən (işin müvəffəqiyyətli həllindən) fərqli (istənilən) nəticə əldə olunarsa, vəkilə iddia məbləğinin 2%-i dəyərində haqq ödənilməlidir. Bundan fərqli ödənişlə bağlı tərəflər yazılı qaydada rəsmiləşdirilmiş əlavə sənədə (razılaşma və s.) malik olmalıdırlar ki, belə sənəd də mövcud deyildir. Göründüyü kimi, müqavilədə anlaşılmayan heç bir müddəa yoxdur. Üstəlik, tərəfindən məhkəmənin tələbi əsasında borc məbləğinin formalaşmasına dair ərizə tərtib edilərək, şəxsi kabinet vasitəsilə iş materiallarına əlavə edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş və bir neçə dəfə təxirə salınmış hazırlıq iclaslarında nə həmin ərizəyə, nə də ümumiyyətlə iddiaya heç bir etiraz bildirməmişdir. Nəticə etibarilə, qanunla müəyyən olunmuş müvafiq hüquqi imkanı da itirmişdir. Cavabdehin guya onun ASC “Xalq” Bankı ilə cinayətkar əlaqəyə girib ona zərər vurması ilə bağlı iddiası isə ağlasığmaz olduğu qədər həm də gülünc və əsassızdır. Əvvəla, Cavabdeh MMC-nin həmin bankla hər hansı məhkəmə mübahisəsinin mövcudluğu barədə onda məlumat yoxdur, əgər belə mübahisə vardırsa, yaxud nə vaxtsa olmuşdursa, ümumiyyətlə, o, cavabdehi vəkil və ya nümayəndə qismində həmin məhkəmə proseslərində təmsil etməmişdir. Uzun illərdir ki, kommersiya mübahisələri elektron məhkəmənin tətbiqi vasitəsilə təmin olunur. Yəqin ki, cavabdehin göstərilən iddiasının əsası olsaydı, şəxsi kabinetdən bu barədə məhkəməyə hansısa çıxarış təqdim edərdi. Məsələn, o, hazırkı iddianı əsasən həmin sistemdən əldə etdiyi sənəd və sübutlar əsasında irəli sürmüşdür. Cavabdeh MMC-nin təsisçisinin payçısı olduğu, hüquqi xidmət etdiyi digər şirkətlər - "xxxx" MMC və "xxxx" MMC barəsində analoji iddiaları artıq təmin olunmuş və icraya yönəlmişdir (müvafiq qətnamələr tərəfimdən iş materiallarına əlavə olunmuşdur). Yeri gəlmişkən, həmin iddialara da birinci instansiya məhkəməsində baxılarkən, bu işdə olduğu kimi, cavabdehlər məhkəmə proseslərinə gəlməmiş və hər hansı etiraz təqdim etməmişlər. İddianın əsası kimi istinad olunan, cavabdehin ziyanına çıxarılmış işlər üzrə əlavə haqqın ödənilməsi tələbini tərbiyəsizlik kimi qiymətləndirən cavabdeh, təəssüf ki, yenə özünəməxsus davranış göstərərək ciddi təhrifetməyə yol vermiş və öz savadsızlığını növbəti dəfə bariz şəkildə nümayiş etdirərək özünə aid olan yolverilməz ifadələri ona ünvanlamışdır. Müqavilənin məzmununa artıq yuxarıda toxunmuşdur. Konkret olaraq müqavilə məbləğlərinə gəldikdə isə bildirir ki, təsdiqedici sənədləri iddiayaa əlavə etmişdir. Həmin sənədlərdən də göründüyü kimi, cavabdeh ona bir qayda olaraq, yüz minlərlə manat dəyərində olan iddialardan müdafiə olunmaq üçün hər işin apanlması qarşılığında cəmi təxminən 300 (üç yüz) manatlıq bir ödəniş etmişdir ki, bu da aydın olduğu kimi, heç çəkilmiş xərclərin, sərf edilmiş vaxtın, əməyin və enerjinin bir hissəsini belə qarşılaya bilməzdi. Özü də, bu zaman nəzərə almaq lazımdır ki, cavabdehin hüquqi ünvanı Quba rayonu olduğu üçün kommersiya mübahisələrinə Sumqayıt Kommersiya və ya Apellyasiya Məhkəmələrində baxılırdı ki, bu da izafi xərclər yaradırdı. Hətta təcrübədə Cavabdeh MMC-nin təsisçisinin payçısı olduğu, yuxanda qeyd etdiyi digər hüquqi şəxslərdən birinin təmsilçiliyi üçün bir məhkəmə mübahisəsinə görə Sumqayıt şəhərinə altı dəfə gedib-gəldiyini, habelə işlərdən birində dövlət rüsumunu cibindən ödədiyini xatırlayır. Hələ o zaman cavabdeh də daxil olmaqla, həmin şirkətlərə qarşı o qədər pul tələbi barədə iddialar qaldırılmışdır ki, yuxanda adı çəkilən məhkəmələrin hakimləri bu şirkətləri mənfi mənada artıq kifayət qədər yaxşı tanıyırdılar. Həmin vaxtlar cavabdehin təsisçisindən bu qədər borcun yaranma səbəbləri barədə soruşduqda, problemin pandemiyadan qaynaqlandığı və bütün borcların qısa zamanda ödəniləcəyini, uyğun olaraq, məhkəmə prosesləri bitdikdən sonra onun da yuxanda göstərilən razılaşma əsasında formalaşan xidmət haqqının ödəniləcəyini bildirirdi. Bu gün isə onu utanmadan və vicdansızcasına dələduzluqda və tərbiyəsizlikdə ittiham edir. Halbuki, həm cavabdehin, həm də onun təsisçisinin payçısı olduğu, hüquqi xidmət etdiyi digər şirkətlərə qarşı qaldırılan iddialar üzrə cəmi təxminən beş yüz min manatdan çox əsas borc, cərimə və faiz tələbinin rədd edilməsinə (silinməsinə) nail olmuşdur. Hələ buraya inzibati qaydada qaldırılmış işlərin nəticələri aid deyil. Üstəlik, həmin proseslər davam etdiyi müddətdə bu şirkətlər öz maliyyə vəziyyətini düzəltmək üçün kifayət qədər vaxt qazansalar da, onu boşa vermişlər. Başqa sözlə, ortada xüsusi bir sübuta ehtiyacı olan hal sadəcə mövcud deyildir, necə deyərlər, “görünən dağa nə bələdçi?”. Nəhayət, tərəfindən qaldırılmış hazırkı iddiaya Quba rayon məhkəməsində ədalətli şəkildə baxılmaması barədə cavabdehin iddiasına gəldikdə isə bildirir ki, cavabdehin digər əsassız fikirləri kimi bu mövqeyi də tamamilə absurd və qəbuledilməzdir. Belə ki, əvvəla demək olar ki, bütün iş materiallan elektron məhkəmə portalında yerləşdirilmişdir. Bundan əlavə, 17 mart 2025-ci il tarixi, saat 11:15-ə təyin edilmiş ilkin məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsi barədə məhkəməyə vəsatət ünvanlasa da, vəsatəti təmin olunmadığı üçün, cavabdehin əsassız iddiasının əksinə olaraq, 09 aprel 2025-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında şəxsən iştirak etmişdir (bunu məhkəmə zalında aparılan videoçəkilişdən də aydın şəkildə görmək mümkündür). Həmin iclasda cavabdehin, məhkəmə tərəfindən kifayət qədər şərait yaradılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etmədiyi və iddiaya hər hansı etiraz təqdim etmədiyi, bunun əksinə olaraq, iddiaçının təqdim etdiyi sübutların kifayət etdiyi və iddia tələbinin əsaslı olduğu nəzərə alınaraq, 23 aprel 2025-ci il tarixinə baxış iclası təyin olunmuş və sonradan məhkəmə baxış iclası 08 may tarixinə təxirə salınmışdır. İddia ərizəsinə bütün lazımi sənəd və sübutları əlavə etdiyi, habelə hazırlıq iclasında şəxsən iştirak edib məhkəmənin suallarına aydınlıq gətirdiyi üçün, məhkəmə baxış iclaslarının iştirakı olmadan keçirilməsi barədə müvafiq ərizələri şəxsi kabinet vasitəsilə təqdim etmişdir. Göstərilən məqamları nəzərə alan məhkəmə tam qanuni və əsaslı qətnamə qəbul etmişdir. Sadəcə, böyük ehtimalla texniki səhvə yol verilərək başqa bir işlə səhv salınması nəticəsində qətnamə hüquqi qüvvəsini almağa bir neçə gün qalmış icraya yönəldilmişdir (bu məsələyə təbii ki, məhkəmə daha dəqiq aydınlıq gətirə bilər). Lakin, bu məqam qətnamənin qanunsuz və ya əsassız olmasına qətiyyən dəlalət etmir. Yuxanda qeyd edilənlər, habelə apellyasiya şikayətinin məzmunu göstərir ki, cavabdeh işin mahiyyətinə aid olan bir dəlilə belə malik olmamışdır, əks halda, birinci instansiya məhkəməsində hazırlıq iclasında iştirak edib onlan təqdim edərdi. Onun əsl məqsədi vaxtı uzatmaq və bu platformadan istifadə edərək onu təhqir edib işgüzar nüfuzuna zərər vurmaqdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh MMC-nin Quba Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(027)-1143/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini təmin etməyib, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

15. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

16. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. Maddə 417. Müqavilənin standart şərtləri anlayışı 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

18.Maddə 418. Müqavilənin standart şərtlərinin müqavilənin tərkib hissəsinə çevrilməsi 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Maddə 418.2. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun.

19.Maddə 419. Müqavilələrin standart şərtlərinin qeyri-adi müddəaları 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

20. Maddə 420. Müqavilənin standart şərtlərinin etibarsızlığı 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

21. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(027)-1143/2025 nömrəli qətnaməsi qismən ləğv edilməlidir.

33. İş materiallarından müəyyən olunur ki, İddiaçı fərdi qaydada fəaliyyət göstərən vəkildir. Onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələrə əsasən, İddiaçı məhkəmələrdə cavabdehin hüquqlarını təmsil etmişdir.

34. İşdən həmçinin müəyyən olunur ki, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli, EBBJ 673658 nömrəli elektron qaimə-faktura üzrə 200 manat, xx.xx.2021-ci il tarixli, EBBK 533431 nömrəli elektron qaimə-faktura üzrə 200 manat, xx.xx.2022-ci il tarixli, EBCH 138476 nömrəli elektron qaimə-faktura üzrə 300 manat və xx.xx.2023-cü il tarixli, EBCN 291630 nömrəli elektron qaimə-faktura üzrə 300 manat ödəniş etmişdir. Lakin Cavabdeh MMC 13 iyul 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə üzrə ödəliklərini icra etməmişdir.

35. Həmin müqaviləyə görə hüquqi xidmət göstərilən şəxs Cavabdeh MMC xx.xx.2021-ci il tarixli, 137/21 nömrəli etibarnamə ilə vəkil İddiaçı etibar etdiyi səlahiyyətlərin icrası məqsədilə tərəflərin arasında bağlanacaq hüquqi xidmət göstərilməsi haqqında müqavilə(lər) əsasında ödəniləcək xidmət haqqına əlavə olaraq, hüquqi xidmət göstərilən şəxs vəkilə işin müvəffəqiyyətli həlli zamanı (hüquqi xidmət göstərilən şəxsin xeyrinə qərar (qətnamə və s.) çıxarıldıqda, mediasiya prosesində barışıq əldə olunduqda) - iddia (şikayət) olunan məbləğin 5 (beş) faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla). Əvvəlki yarımbənddə göstərilən nəticədən fərqli nəticə əldə edilərkən - iddia (şikayət) olunan məbləğin 2 (iki) faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla) ödəniş(lər)in ediləcəyini öhdəsinə götürmüşdür.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

37. Qərarda həmçinin vurğulanmışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqli anlayışlar olmaqla, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənilir və xidmətin nəticəsindən asılı deyil. Vəkilin peşə biliyindən, təcrübəsindən, ixtisas dərəcəsindən, səriştəsindən, hüquqi yardımın göstərilməsi ilə bağlı sərf edilmiş vaxtdan, işin mürəkkəbliyindən və s. amillərdən asılı olaraq, bu haqqın məbləğində fərqləndirmənin mövcudluğu mümkündür. Tərəflər arasında razılaşdırılmış mükafat isə tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödənişdir. Nəzərə alınmalıdır ki, vəkillər peşə biliklərindən irəli gələrək işin hüquqi hallarını və uğurlu həll perspektivini qiymətləndirmək imkanına malik olsalar da, hüquqi yardımla bağlı müraciət edən şəxslərdə, bir qayda olaraq, belə bir imkan yoxdur. Bu səbəbdən həmin şəxslər üçün vəkilə ödənilən haqqın işin uğurlu həlli nəticəsində əldə edəcəyi maddi vəsaitdən mükafat şəklində ödənilməsi daha əlverişli olur. Həmçinin şərtli mükafatla bağlı müddəaların mövcudluğu vəkilə ödəniş etmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə ixtisaslı hüquqi yardım əldə etməyə əlavə imkanlar yaradır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində işin uğurlu nəticəsinə görə vəkilə mükafat ödənilməsinin mümkünlüyünə və ya həddinə dair hər hansı məhdudiyyət təsbit edilməmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə isə mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, hazırkı halda müqavilə azadlığı prinsipindən irəli gələrək hüquqi yardım barədə müqavilə üzrə tərəflər şərtli ödəniş barədə razılıq əldə etməkdə sərbəstdirlər.

39. Qərarda həmçinin vurğulanmışdır ki, hüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu nəticəsinə görə əlavə haqqın (mükafatın) ödənilməsi ilə bağlı müddəaların müqavilədə müəyyən edilməsi yolverilən olsa da, bu, həmin müddəaların hər zaman etibarlı hesab edilə biləcəyi kimi qəbul edilməməlidir. Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz.

40. Kollegiya birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə qismən razılaşır və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış “hüquqi xidmətin haqqının ödənilməsi barədə” 13 iyul 2021-ci il tarixli müqavilənin 1-ci bəndinin 2-ci yarımbəndi həmin müqavilənin digər tərəfi olan cavabdeh üçün zərərli və müfəssəl olaraq müəyyənləşdirilməmiş, cavabdehin iradə ifadəsinə açıqca uyğun olmayan etibarsız şərtdir.

41. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələr bağlanmış, cavabdeh xx.xx.2021-ci il tarixli, EBBJ 673658 nömrəli elektron qaimə-faktura üzrə 200 manat, xx.xx.2021-ci il tarixli, EBBK 533431 nömrəli elektron qaimə-faktura üzrə 200 manat, xx.xx.2022-ci il tarixli, EBCH 138476 nömrəli elektron qaimə-faktura üzrə 300 manat və xx.xx.2023-cü il tarixli, EBCN 291630 nömrəli elektron qaimə-faktura üzrə 300 manat ödəniş etmişdir.

42. Kollegiya qeyd edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə bağlanmış müqavilələr üzrə razılaşdırılmış məbləğ vəkil tərəfindən göstərilən xidmətin nəticəsindən asılı deyildir. Eyni zamanda, tərəf işin uğurlu həlli nəticəsində əldə edəcəyi maddi vəsaitdən vəkilə mükafat şəklində haqq ödəyə bilər.

43. Mövcud iddia üzrə tələbin bir hissəsi işin uğurlu həlli nəticəsində vəkilə 5% mükafat şəklində haqq ödənilməsi barədə olsa da, digər hissəsi isə iddiaya görə bunun tam əksi üçün nəzərdə tutulmuşdur.

44. Göründüyü kimi hüquqi yardıma görə iddiaçıya müraciət etmiş cavabdeh üçün “Əvvəlki yarımbənddə göstərilən nəticədən fərqli nəticə əldə edilərkən - iddia (şikayət) olunan məbləğin 2 (iki) faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla) ödəniş(lər)in ediləcəyi” barədə müqaviləyə daxil edilmiş şərt həm zərərli, həm də əlverişsiz şərt olmuşdur.

45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilənin həmin yarımbəndi əsasında cavabdehdən tutulan 22523,69 manat məbləğə dair (2%-lə hesablanmış) hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

46. Eyni zamanda, qətnamə iddiaçının tələb üzrə verdiyi açıqlamaya əsasən 5% üçün müəyyən edilmiş 2326,31 manatın (239+199+1379,43+28%) tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

47. Kollegiya həmçinin hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ 43,27 manat məbləğində müəyyən edilməli və 123,05 manata dair hissədə qətnamə ləğv edilməli, iddia həmin hissədə də təmin edilməməlidir.

48. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. Beləliklə məhkəmə kollegiyası sadalanan qanunvericilik aktları normalarına, işin müəyyən olunmuş hallarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(027)-1143/2025 nömrəli qətnaməsi qismən - Cavabdeh MMC-dən 22523,69 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 123,05 manatın İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(027)-1143/2025 nömrəli qətnaməsi qismən - Cavabdeh MMC-dən 22523,69 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 123,05 manatın İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Qətnamə qalan - Cavabdeh MMC-dən 2326,31 (iki min üç yüz iyirmi altı manat otuz bir qəpik) manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 43,27 (qırx üç manat iyirmi yeddi qəpik) manatın İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar