Məhkəmə qərarları › İş №2(105)-1047/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1047/2024

06.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1047/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 və nümayəndəsi Nümayəndə2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(026)-53/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə tikdirdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 1A massivində yerləşən Cavabdeh faktiki istifadəsində və sahibliyində olan yaşayış sahəsinə istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki olaraq 2006-cı ilin avqust ayında nikaha girərək ailə qurmuş nikahlarını isə 2011-ci ildə rəsmilşdirmişlər. Gəlin olaraq Qobustan rayonu Ərəbqədim kəndinə köçmüşdür. Birgə nikahlarından 14 fevral 2009-cu ildə Elmar və 31 yanvar 2011-ci ildə isə Bağçagül adlı övladları anadan olmuşdur. 2011-ci ildə Elmanın işi ilə əlaqədar Qaradağ rayonu Qobustan qəsəbəsinə köçmüşlər. Həmin vaxtı ilk əvvəl bir otaqlı ev tikərək yaşamağa başlamışlar. Sonra isə həmin evi sökərək yerində çoxotaqlı ev tikmişlər. Həmin evin sənədi olmasa belə cavabdehin faktiki sahibliyindədir. Aralarında münasibətlər korlandıqdan sonra Elman onu evdən qovlamışdır. Hal-hazırda faktiki olaraq yaşamağa evi və yeri yoxdur. Övladları ilə birlikdə müxtəlif ünvanlarda, qohum-əqrəba yanında qalır. Cavabdehlə birgə nikah zamanı həmin birgə tikdirdikləri evdə yaşadığı üçün onun yaşamaq hüququ əmələ gəlmişdir. Qobustan Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(026)-53/2024 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 04 aprel 2024cü il tarixli, 2(026)-53/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, evin tikintisində özü şəxsən iştirak edib, özü usta və qardaşı tikinti materialların alınmasında da iştirak etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflər faktiki olaraq 2006-cı ildə evlənmiş, 2011-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 2009 və 2011-ci ildə uşaqları doğulub. Tərəflər ilk əvvəl Qaradağ rayonu, Qobustan qəsəbəsində iki otaqlı kiçik evdə yaşayıblar. Həmin evi sökərək 2017-ci ildə yeni evə inşa etməyə başlayıblar. 2023-cü ildə tərəflər arasıdna münasibətlər gərginləşdikdən sonra iddiaçını evdən çıxarıb, iddiaçının cehiz əmlakı hazırki həmin evdədir. 2021-ci ildə tərəflərin birgə nikahından olan uşağ üçün kiçik toy məclisi, həmcinin cavabdehin doğum günü keçirilmişdir. Həmin günə dair diskdə olan videoyazılarda mübahisəli evlə bağlı məclis iştirakçıları tərəflərə təzə evin mübarəkliyini bildirirlər. Birinci instansiya məhkəməsi diskə münasibət də bildirməmişdir. Məhkəmə isə torpaq sahəsinin Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Ədalət Atakişiyevə ayrılmasına istinad etmişdir. Lakin həmin torpaq sahəsinin koordinatları, harada yerləşməsi də məlum deyil. Birinci instansiya məhkəməsində şahidlərin ifadələrindən də məlum olur ki, torpaq sahəsində 2 ev mövcuddur, bir ev tərəflərin tikdiyi evdir ki, onun yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Digər ev cavabdehin qardaşı Telmanındı. Telmanın evi 2000-ci illərdə tikilib. Buna dair, eləcə də cavabdehin bələdiyyəyə vergi ödəməsinə dair iş materiallarında arayış mövcuddur. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən 3 şahid gətirilib, şahidlərin biri usta olan cavabdehin bacanağı Valik adlı şəxsdir. Xaçmaz rayonundan gəlib evi tikib. Usta bildirib ki, 2017-ci ildə Elman onu çağırıb, evi tikib, usta pulunu da Elman verib. Tərəflərin hər hansı biri ustanın evi tikməyinə etiraz da etməmişlər. Digər şahidlər də bildiriblər ki, evdə olan şənliklərdə iştirak ediblər. Qeyd ediləntorpaq sahəsi və evin sahibi Ədalət Atakişiyev olsa idi, məhkmə iclaslarına gələrək evin ona məxsus olmasını bildirərdi. Məhkəmə də həmin şəxsi cavabdeh qismində işə cəlb etməyib. Həmin evə dair kommunal ödənişlər də cavabdehin adınadır. Əsas sübutlardan biri də evdə keçirilmiş şənlikdə iştirakçıların evin tikintisi ilə bağlı Elmana deyilən təbriklərdi. Bundan başqa iddiaçının qardaşı şahid qismində dindirilərkən onun öz evinin əmisioğlunun adına olan torpaq sahəsində inşa edildiyini bildirmişdir. İddiaçının eçmiş əri ilə birlikdə inşa etdirdiklər ev həmin torpaq sahəsində yerləşmir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 bildirdi ki, torpaq sahəsində iki yanaşı ev var. Orada Ədalətin evi yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Sovdagar oğlunun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh hərəkətlərinə görə evdən çıxarılıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 12 mart 2024-cü il tarixli qərarında da qeyd edilib ki, qanunsuz tikililərə hər hansı hüquq tanına bilməz. Mübahisəli evin hüquqmüəyyənedici sənədi yoxdur, dövlət qeydiyyatına alınmayıb. Evin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin əmisi oğlu Ədalət Atakişiyevə məxsus sərəncam var. Torpaq sahəsinin bələdiyyəyə məxsus olmasına dair sübut yoxdur. Həmin torpağa dair bələdiyyə arayış verə bilməz. Torpaqda evi Ədalət Atakişiyev tikib, tikintinin pulunu da özü verib, cavabdeh tikdirib. Usta cavabdehin qohumu olduğu üçün evi ona tikdirdib. Cavabdeh kasib olduğu üçün Ədalət onun evdə yaşamasına icazə verib. Diskdə qeyd edilən təbriklərə gəldikdə qonşular-qohumlar arasında utanmamaları üçün həmin evin özləri tərəfindən tikilməsini bildirirlər. Mübahisəli evin qonşuluğundakı ev cavabdehin qardaşı Telmana məxsusdur, torpağı zəbt edib, hər hansı sənədi yoxdur, özbaşına tikilidir. Onun torpağı 10 sota yaxındı. Şahid qismində dindirilən cavabdehin qardaşı Telman savadsız insandır. Hesab edir ki, evinin yerləşdiyi torpaq sahəsinin səhvən əmisi oğlu Ədalətə məxsus olduğunu bildirib. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş ərazi aidiyyətinə uyğun olaraq baxılması üçün Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə də qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlə birgə nikah dövründə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində tikdikləri fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəalarının bilavasitə olaraq hazırki tələblə bağlılığı müəyyən edilir. Belə ki, iddiaçının istifadə hüququnun tanınması və köçürülməsini tələb etdiyi fərdi yaşayış evi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşməklə, iddiaçı həmin evin birgə nikah dövründə inşa edildiyini, dolayısı ilə qanuni sahibi olmasını iddia etməklə, iddiası da həmin daşınmaz əmlak üzrə hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mülki işin aidiyyəti müstəsna aidiyyət qaydalarının təsirinə düşmüşdür. Lakin, işə baxan birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozaraq, iddia ərizəsini icraata götürmüş, nəticədə aidiyyət qaydalarının pozulması ilə qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 04 aprel 2024cü il tarixli, 2(026)-53/2024 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual 39, 40, 263, 264, 266-267, 402.2.5-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(026)-53/2024 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar