Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1050/2024 12.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: qanunuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(012)-161/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ona məxsus 0,0350 ha torpaq sahəsində Cavabdeh2 və Cavabdeh1 İmam oğlu tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehlərinin qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,0350 ha torpaq sahəsi iddiaçıya məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 02 noyabr 2020-ci il tarixli, **********81 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,0350 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Lakin ona məxsus daşınmaz əmlak, yəni 0,0350 ha torpaq sahəsi Cavabdeh2 və Cavabdeh1 İmam oğlu tərəfindən zəbt edilmişdir. Cavabdehlər ona məxsus torpaq sahəsində qanunsuz olaraq bir neçə tikili inşa etmişlər. Cavabdehlərə dəfələrlə qanunsuz tikintinin dayandırılmasını və torpaq sahəsinin boşaldılmasını təklif etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh2 və Cavabdeh1 İmam oğlunun təqsiri üzündən mülkiyyətindəki torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlərin bu hərəkətləri onun mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(012)-161/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilmiş, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışla İddiaçı məxsus olan 0,0350 ha torpaq sahəsində Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililər onların öz hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq İddiaçı təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 406 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmiş, həmin sənəd hazırda qüvvədədir. Cavabdehlərin iddiaçının mülkiyyətində olan 0,035 ha torpaq sahəsinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırmışdır. Cavabdehlərin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onların bu daşınmaz əmlakdan istifadəsi qəbul edilməzdir. Cavabdehlərin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Kostitusiyasının 13,60, Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(012)-161/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirlən torpaq sahəsi onlar tərəfindən zəbt edilməmiş, 2022-ci ildə torpaq sahəsinin dəyəri tam şəkildə ödənilməklə Şahid Şade oğlundan satın alınmışdır. Mübahisəli torpaq sahəsini İddiaçı da Şahid Şade oğlundan 2015-2016-cı illərdə satın almışdır. Şahid Şade oğlu tərəfindən məhkəməyə ünvanlanmış, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədən göründüyü kimi yuxarıda göstərilən faktlar öz təsdiqini tapmaqla, iddiaçının hazırki iddia tələbinin əsassız olduğunu sübut edir. Belə ki, cavabdehlərin məhkəmədə verdikləri izahatlardan və Şahid Şade oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən də göründüyü kimi mübahisələndirilən torpaq sahəsi iddiaçının öz istəyi ilə satılmışdır. İddiaçı torpaq sahəsini əvvəlcə aşağı qiymətə razılaşmış, torpaq sahəsi cavabdehlərə satıldıqdan sonra torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin inşa olunduğu zaman tikinti yerinə gəlmiş, tikintidə işləyən usta və fəhlələrə tikintinin aparılmasına heç bir etiraz etməmişdir. Tikinti işləri tam yekunlaşdıqdan sonra iddiaçı ilə Şahid Şade oğlu arasında torpaq sahəsinin qiyməti ilə bağlı mübahisə yaranmış və hazırki iş üzrə İddiaçı Şahid Şade oğlu barəsində hüquq-mühavizə orqanlarına şikayət etmişdir. Mübahisənin bu halını araşdırılmamışdır. Qanunvericilik mülkiyyətçiyə hüquqdan sui-istifadə etdiyi halda, əmlak üzərində mülkiyyət hüquqları barədə sərəncam verməsini məhdudlaşdırır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı mübahisə predmeti olan, mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinin satılmasına razı olmuş, tprpaq sahəsində cavabdehlər tərəfindən fərdi yaşayış evlərinin inşa edilməsinə könüllü şərait yaratmış, lakin sonradan mülkiyyət hüquqndan sui-istifadə edərək torpaq sahəsinin razılaşdırılmış qiymətindən artıq məbləğdə pul tələb etməyə başlamışdır. Lakin işə baxan məhkəmə işin bu hallarına diqqət etməmiş, işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır. Cavabdehlər torpaq sahəsi üzərində öz vəsaitləri hesabına fərdi yaşayış evləri inşa edərək əmlak hüquq əldə etmişlər. Torpaq sahəsi üzərində inşa edilmiş evlərə çəkilmiş xərc, torpaq sahəsinin dəyərindən bir-neçə dəfə artıqdır. Yuxarıda göstərilən kimi iddiaçı torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin inşasına şərait yaratmaqla, gələcəkdə bundan sui-istifadə edib torpaq sahəsinin dəyərindən daha artıq məbləğdə pul vəsaiti qazanmaq niyyətində olmuşdur. Lakin işə baxan məhkəmə bunu nəzərə almamış, evlərin sökülməsi nəticəsinə gəlməklə cavabdehlərin əmlak hüquqlarını pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən torpaq sahəsində fərdi yaşayış evlərinin tikintisinə könüllü olaraq razılıq verilməsinə, torpaq sahəsinin iddiaçının sifarişi əsasında Şahid Şade oğlu tərəfindən cavabdehlərə dəyəri ödənilməklə satılması halına hüquqi qiymət verməmiş, ümumiyyətlə mübahisənin bu halını araşdırmamışdır. Mübahisələndirilən torpaq sahəsi Şahid Şade oğlunun yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin hüdudları daxilində olmaqla, eyni hasarın içərisində yerləşir. Torpaq sahəsi cavabdehlərə Şahid Şade oğlu tərəfindən satılmış, iddiaçı isə torpaq sahəsində tikinti işləri aparılan zaman buna etiraz etməmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu halına hüquqi qiymət verməmiş, ümumiyyətlə mübahisəni tam şəkldə araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, torpaq sahəsini alanda torpaq bir həyətin içində olmuşdur. Hasar çəkilsə də evin yuxarı tərəfində keçid üçün yol olmuşdur. İddiaçı 2022-ci ildə X3 izahat verib torpaq sahəsi üçün 18500 manat tələb etmişdir. Torpağı alanda onun mülkiyyətçisinin Fəridə xanım olduğunu bilmirdi. Öz həyəti idi deyə, Şahid aldığını düşünürdü. Ortada üçüncü şəxs olduğunu bilmirdi. Mübahisəli torpaq sahəsində tikdirdiyi evə 60.000 manata yaxın xərc çəkilmişdir. Fəridə xanım evin fundamenti qazılanda neçə dəfə gəlib görüb, amma tikintiyə etiraz etməmişdir. Orada olmamasa da bu barədə tikinti işini aparan ustalar məlumat veriblər. İddiaçıya hər hansı məbləğdə pul ödəməyə imkanı yoxdur. Şahid özü ödəməlidir. Usta ona demişdir ki, bir nəfər gəlib xeyir-dua verib çıxıb gedib. Mehmanla aralarında razılaşma olduğundan iddiaçı tikintini görüb bir şey deməmişdir. Ev tikildikdən sonar Mehman ona demişdir ki, topraq sahəsini arxa tərəfini də satdıqdan sonra sənədləşdiriləcək.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin əri evlərin şəkillərdə görünən vəziyyətindən xeyli əvvəl torpaq sahəsinə gəlmişdir. Mehmanla iddiaçının əri arasında danışıq olmuşdur. Özü Mehmana demişdir ki, iddiaçıların pulunu versin. Onların arasında belə bir problemin olduğunu sonradan öyrəniblər. Mehman iddiaçının ərinə ilkin olaraq 8000 manat verməyi, 10000 manatı isə başqa tarixdə verməyi təklif etmişdir. Qarşı tərəfin bu məsələlərdən xəbəri olmuşdur. Telefonla danışmışlar, iddiaçının əri, yəni Tağı ona zəng edib 18000 manatı ödəməyini tələb etmişdir. Torpaq sahəsini qeyri-rəsmi qaydada almağının səbəbi Mehmanın onlara 3-4 ay ərzində torpaq sahəsinin çıxarışının veriləcəyini bildirməsi olmuşdur. Mehmana ümumilikdə 22500 manat verilmişdir. 11500 manat o, 11000 manat isə Cavabdeh1 tərəfindən vermişdir. Mübahisəli torpaq sahəsində tikdirdiyi evə 50.000 manata yaxın xərci çıxmışdır.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli torpaq sahəsi, Şahid Şade oğlu adlı şəxsin yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindədir, bir hasarın içindədir. Mehman adlı şəxs torpaq sahəsini satdığını bildirmiş, torpaq sahəsi cavabdehlər tərəfindən alınmış və həmin ərazidə bir ilə yaxın müddət ərzində tikinti işləri aparılmışdır. Sözügedən hadisələr 2022-ci ildə baş vermişdir. Tikinti işlərinin getdiyi müddət ərzində iddiaçının əri dəfələrlə həmin yerə getmiş, fəhlələrə işlərinin avand olmasını arzulamış, iddiaçı tərəfindən tikintinin aparılmasına hər hansı bir etiraz olmamışdır. İddiaçı və Şahid torpaq sahəsinin 18000 manata, amma nisyə satılması barədə razılığa gəlmişlər. Mehman iddiaçıya bildirmişdir ki, torpaq sahəsini satacam, amma ödənişi hissə-hissə həyata keçirəcəm. Beləliklə torpaq sahəsi cavabdehlərə satılmışdır. Mehmanın dediyinə görə, torpaq sahəsi üzərində ev tikilib torpağın dəyəri artdıqdan sonra iddiaçı torpaq sahəsinin qiyməti ilə bağlı razılığı pozmuş və daha artıq məbləğ tələb etməyə başlamışdır. Buna görə də Şahid və iddiaçı arasında mübahisə yaranmışdır. Bundan sonra iddiaçı, Abşeron Rayon Polis İdarəsinə, X4 Şahid Şade oğlu barəsində şikayət ünvanlamışdır. Şikayətdən sonra Mehman barəsində cinayət işi başlanılmışdır. Mehman bir müddət saxlanıldıqdan sonra yenidən azadlığa buraxılmışdır. Hazırda Şahid barəsində cinayət işinin materialları Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Zərərçəkmişin kim olması barədə məlumatı yoxdur. Cinayət işinin aparılması zamanı məlum olmuşdur ki, cavabehlər torpaq sahəsinin dəyərini ödəyərək onu almış və orada özlərinə fərdi yaşayış evi tikdirmişlər. Eyni zamanda iddiaçı buna etiraz etməmişdir. Hesab edir ki, iddiaçının etirazı olsaydı bunu zamanında bildirərdi, çünki tikinti işlərinin aparılması qısa müddət ərzində həyata keçirilməmişdir. Əgər iddiaçı torpaq sahəsini satmamış və Mehmanla aralarında bu barədə hər hansı razılaşma olmamışdırsa, o zaman cavabdehlərə torpaq sahəsinin ona məxsus olduğunu bildirər və tikinti işlərinin aparılmasına etiraz edərdi. Hesab edirik ki, əvvəl 18000 manatla razılaşıb, daha sonra fərdi yaşayış evlərinin tikintisindən sonra məbləği daha artıq tələb etmək hüquqdan sui-istifadədir. İddiaçı Şahid barəsində şikayət verdikdən sonra, cavabdehlər də həmin şəxs barəsində polisə şikayət ünvanlamışdırlar. Cavabdehlər torpaq sahəsinin başqasının mülkiyyəttində olmasını bilməyərək orada ev tikdirmişlər. Bununla bağlı olaraq iddiaçı polisə müraicət etmiş və cavadehlər qanunsuz tikili ilə bağlı çağırılmış və izahatları alınmışdır. Daha sonra Şahid oğu işə cəlb olunmuşdur. Təmsil etdiyi şəxslər torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasından xəbərsiz olmuşlar. Şahid izahatlarından da görünür ki, torpaq sahəsinin satılmasına dair iddiaçının təkifi olmuş və Mehmana torpağın 18.500 manata satılması razılaşdırılmışdır. Tikinti aparılan gündən, tikilinin özülü bir az qalxan vaxtdan şikayət olunan zamana qədər iddiaçı baş verənlərdən xəbərdar olmuş və susmuşdur. Torpaq üzərində evin tikildiyini, dəyərin artdığını gördükdən sonra iddiaçı 36.000 manat tələb etməyə başlamışdır. Şahid cavabdehlərlə birgə pulu iddiaçıya ödəməyə razılaşmışdı. Amma ödəməkdən yayındı. Sumqayıt Apellyasiya Məhkəməsində əlaqəli işə baxıldığından cinayət işi üzrə icraata xitam verilib. Bununla bağlı cavabdehlər prokurorluğa şikayət vermiş və iddiaçı ilə onların arasında heç bir razılığın əldə olunmadığını bildirmişlər Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv olunmuş və iş istintaqa qaytarılmışdır. Keçən məhkəmə iclasında 25.000 manat verməyə razı olduğunu bildirmişdir. Hətta cavabdehlər də müəyyən məbləğin ödənilməsinə köməklik edəcəklərini də bildirmiş, bununla bağlı razılaşma əldə olunmuşdu. Mehman cavabdehlərə torpaq sahəsini satanda başqasının mülkiyyətində olduğunu deməmişdir. İddiaçıya satılan zaman torpaq sənədsiz olub. Sonradan iddiaçı torpaq sahəsini sənədləşdirmişdir. Mehman cavabdehlərə torpaq sahəsini göstərmiş və bildirmişdir ki, öz həyətinin içidir. Bir müddət sonra da sənədləşdiriləcəyini bildirib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, sözügedən torpaq sahəsini 2015-ci ildə Mehman adlı şəxsdən almış, hasarlayıb saxlamışdır. İmkanı olmadığından həmin topraq sahəsində ev tikə bilməmişdir. Bununla belə torpaq sahəsinə baş çəkib. Arada təxminən 4-5 ay müddətində gedə bilməyib. Əri torpaq sahəsinə gedəndə həmin torpaq sahəsində tikintisi tam başa çatmamış evlərin olduğunu görmüşdür. Bundan sonra torpaq sahəsini satan şəxslə, yəni Mehmanla əlaqə saxlamış və qarşılaşdığı halın nə səbəbdən baş verdiyini öyrənməyə çalışmışdır. Eyni zamanda Mehmana əgər onlara məxsus torpaq sahəsində ev tikmişdirsə, pulu ödəməli olduğunu bildirmişdir. Mehman isə ödənişi həyata keçirəcəyini bildirmiş, lakin vaxtı uzadaraq ödənişi həyata keçirməkdən boyun qaçırmışdır. Bundan sonra polisə müraciət etmiş, Qobu polis idarəsinə getmiş, izahat vermişdir. Eyni zamanda dəfələrlə 102 xidmətinə zənglər etmiş, tikintinin dayandırılması ilə bağlı tədbirlər görülməsini tələb etmişdir. Bununla belə torpaq sahəsinə gələndə tikintinin hələ də davam etdiyini görmüşdür. Yalnız orada işləyən şəxsləri görürmüş, cavabdehləri görməmişdir. Onların hər birindən, Mehmandan, Yasindən və Elmirdən pulu tələb etmişdir. Əri cavabdehlərin ikisinə də bir neçə dəfə zəng etmişdir. Mehmana bildirmişdir ki, əgər torpaq sahəsini almaq istəyən olsa onlara xəbər versin. Lakin Mehman onların xəbəri olmadan torpaq sahəsini satmış və pulu ələ keçirmişdir. Mehman adlı şəxs torpaq sahəsini cavabdehlərə qeyrirəsmi qaydada satmışdır. Torpaq sahəsinin 1 sotu ən azı 10000 manatdır. Mehman adlı şəxslə torpaq sahəsinin satılması ilə bağlı aralarında heç bir razılıq olmamışdır. Polisə 2022-ci ilin sentyabr ayında müraciət edib. Torpaq sahsində açıq yer olmamış, kiçik bir hissə olmuşdur ki, həmin hissəyə də dəmir tor çəkmişdir. 18500 manat zərərinin olduğunu yazıb, torpaq sahəsini 18500 manata satdığına dair polisdə izahat yazmamışdır. Qarşı tərəf torpaq sahəsini alanda, ətraflı araşdırma aparmalı idi. Torpaq sahəsinin kimə məxsus olduğunu öyrənməli idi. Əri cavabdehlərin ikisinə dəfələrlə zəng etmişdir. Bir dəfə aralarında razılığın əldə olunması üçün danışıqlar olub, amma heç bir nəticə olmamışdır. Fotoşəkillər ərinin telefonu ilə çəkilmişdir. Hazırda cavabdehlərdən 35.000 manat tələb edir. 25000 manata razı deyil. 10 il bundan qabaq mübahisəli torpaq sahəsinə 25.000 manat xərcləyib, 3.500 manat çıxarışa pul ödəyib. Evlərin tikilməsindən xəbəri yox idi. 2015-ci ildə torpaq sahəsini alıb, Tağı adlı şəxs evi sənədləşdirib. 18500 manat Mehmana, 3.500 manat isə Tağıya veriblər. Torpağı sənədləşdirib veriblər. Torpaq hazırda onun mülkiyyətindədir. Ona məxsus olan torpaq sahəsində evlərin tikildiyini görüb susmağı ağlabatan deyildir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, topraq sahəsində evləri gördükdən sonra Mehmanla əlaqə saxlamış, torpaq sahəsində evlərin tikildiyini bildirmiş, məsələni aydınlaşdırmaq üçün onu çağırmışdır. O isə bildirmişdir ki, gələ bilmir, orada ev tikən şəxsin nömrəsini verir. O, isə bildirmişdir ki, onu tanıyır, Yasini tanımır. Torpaq sahəsini Mehmandan aldığı və Mehmanı tanıdığı üçün onunla əlaqə saxlamışdır. Sonra Mehman verdiyi nömrə ilə əlaqə saxlamış, onunla görüşmüşdür. Mehmana sual verib ki, torpağı satmadığı halda onlar orada necə ev tikə bilərlər. O isə cavabında bildirdi ki, həmin şəxsləri tanıyır, ev alqı-satqısı ilə məşğuldurlar, tikib satacaqlar. Bünovrə tökülən vaxtı orada olmamışdır. İlk dəfə görəndə evlərin tikintisi demək olar başa çatırdı. Dərhal fotoşəklini çəkmişdir. Torpaq sahəsini Mehmandan alıblar, onunla danışıqlar aparıb. Torpaq sahəsində evlərin tikildiyini görüb, cavabdehləri isə tanımamışdır. Mehman onlardan torpaq sahəsini satmaq istəmələri ilə bağlı fikirlərini öyrənmiş, onlar da yaxşı dəyər verən olsa sata biləcəklərini demişdir. Lakin, aralarında torpaq sahəsinin satış qiyməti ilə bağlı heç bir razılaşma olmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edir.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil1 bildirdiki, birinci instansiya məhkəməsində də iddiaçını təmsil edib. Dəfələrlə ortaq məxrəcə gəlmək üçün addımlar atıblar. Cavabdehlərə bazar qiymətinə uyğun olaraq ödəniş həyata keçirmələrini təklif etmişdir. Tərəflər arasında razılaşma olmamış, apellyasiya şikayəti vermişlər. Torpaq sahəsi təmsil etdiyi şəxsin mülkiyyətindədir. Ona görə də apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul etməyinizi xahiş edir.
İşdə olan sübutlar
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,0350 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Onun adına A 894728 saylı, xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 0.0311 ha təşkil edir. xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları daxilində yerləşən torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadəsindədir və **********81 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları daxilində tikililər (fərdi yaşayış evləri) mövcuddur.
18. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/210/9000 saylı rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsinin 0,0311 ha təşkil etdiyi müəyyən edilir. xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları daxilində yerləşən torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadəsində olduğu və **********81 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları daxilində tikililərin (fərdi yaşayış evləri) mövcud olduğu müəyyən edilir.
19. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid Şade oğlu ifadəsində göstərmişdir ki, mübahisəli torpaq sahəsi əvvəl onun mülkiyyətinə olmuş, 2016cı ildə 0,35 ha torpaq sahəsini 14.500 manata iddiaçıya satmışdır. 2019-cu ildə iddiaçının əri Tağı torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. Tağı 0.35 ha üçün 18.500 manata razı olmuş, o isə 19.500 manat verəcəyini, lakin müddətin bir qədər uzun olacağını bildirmişdir. Bu söhbətlər 2021-ci ilin sentyabr-oktyabr aylarında olmuşdur. Sonra Tağı 21.000 manat tələb etməyə başlamışdır. Öz həyətindəki yarım sotu da satırdı. 2 sot Elmirə verib, 1 aydan sonra Yasinə 2 sot satmışdır. Tağı demişdir ki, hissə-hissə ödəməyinə razıdır. Sonradan Tağı ondan polisə şikayət etmişdir. Elmirdən tam 11.000 manat alıb, Yasin isə hissə-hissə ödəyirdi. Tağı ödənişi tam halda tələb etdiyi üçün,hamısını toplayıb daha sonra cəm halda verər. Pulu ələ keçirməyib. Verilən pula 11.000 manata torpaq alıb, 18.500 verməyə razıdır. Fəridə xanım 35.000 istəyir ki, bu çox yüksək məbləğdir. Aldığı torpaq sahəsini 11.000 manata satışa çıxarmışdır. 25000 manat verə bilər. Daha yüksək məbləğdə ödəniş həyata keçirməyə maddi imkanı çatmayacaq. Ev tikiləndən sonra Tağı gəlib halallıq verib. Elmir 11.000 verəndə, Elmirin yanında Tağıya zəng edib, telefonu açmayıb. Amma sonra danışıblar, deyib ki pulu cəm halda verərsiniz. Tağıya bildirib ki, evi tikir, pulu cəm halda verəcək. Bu zaman isə Tağı evin tikintisinə etirazı olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
20.Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
23.. Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(012)-161/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə aid hissədə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(012)- 161/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehlərin tikdikləri ev İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşməklə, cavabdehlər hər hansı bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili inşa etmişlər.
27. Cavabdehlər, torpaq sahəsini iş üzrə şahid qismində dindirilmiş Şahid Şade oğlundan aldıqlarını, onun sözlərinə əsasən iddiaçı olan mülkiyyətçinin də torpağın onlara satılmasına razılığının olduğunu bildirsələr də iş materilları ilə işin qeyd edilən halı sübut edilməmişdir. Həmçinin, iddiaçının mülkiyyətində olan torpaq sahəsində evin inşa edilməsindən xəbərdar olması halında bu fakta görə hərəkətsizlik etməsi də iş materialları ilə təsdiq olunmamaqla yanaşı, inandırıcı və ağlabatan da deyildir. Belə ki, mülkiyyətində olan torpaq sahəsinə görə pul almamış şəxsin, torpaq sahəsində kənar şəxslər tərəfindən ev inşa edilməsinə etiraz etməməsi ehtimal olunan deyildir.
28. Cavabehlər mübahisəli torpaq sahəsinin aqlı-satqısı adı altında Şahid ümumilikdə 22500 manat pul vermişlər ki, həmin məbləğ Şahid tərəfindən əldə edilmiş və mülkiyyətçiyə verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı evlərin sökülməməsi üçün torpağın dəyərinin ödənilməsi müqabilində barışığ əldə edilməsinə razı olduğunu bildirmiş, cavabdehlər, o cümlədən Şahid adlı şəxs iddiaçıya torpağın dəyərini birlikdə ödəmələri üçün məhkəmə iclası təxirə salınmış, lakin cavabdeh tərəfin iddiasına əsasən Şahid Şade oğlu onlardan aldığı pulu qaytarmadığından barışıq əldə edilməsi mümkün olmamışdır.
29. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şahid adlı şəxs iddiaçı olan mülkiyyətçinin razılığı olmadan, qanunsuz olaraq onun torpaq sahəsini cavabdehlərə şifahi razılaşma əsasında sataraq onlardan 22500 manat pul almış, cavabdehlər isə aldıqları torpaq sahəsinin mülkiyyətçisini dəqiqləşdirmədən, o cümlədən həmin torpaq sahəsinin Şahid aidiyyətini müəyyən etmədən qanunsuz şəkildə iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək, tikinti işləri aparmağa başlamışlar.
30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti isə təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(012)-161/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.