Məhkəmə qərarları › İş №2(105)-1051/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1051/2023

11.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1051/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏTNAMƏSİ (açar sözlər:mənzildən istifadə hüququna xitam verilməsi) Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 vəkili, Cavabdeh4 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs Cavabdeh5 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1648/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə, xx.xx.1975-ci il tarixli, 12\267 saylı orderə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzili Sumqayıt şəhər ZDS-nin İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən 5 nəfər ailə tərkibi ilə birlikdə köçüb yaşaması üçün X3 verilmişdir.

2. xx.xx.2019-cu il tarixli 2 saylı formada arayışa, habelə mənzilə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin özəlləşdirməyə razılıq vermələri barədə ərizələrə əsasən mənzil Cavabdeh3 Əzizağa oğlunun adına özəlləşdirilmiş və bu barədə onun adına 20 fevral 2019-cu il tarixli Çıxarış verilmişdir.

3. xx.xx.2013-cü il və xx.xx.2013-cu il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnamələrə əsasən sözügedən mənzil X4 və Cavabdeh1 adına qeydiyyata alınmış və bu barədə onların adlarına xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli, X1 adına verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr, həmin şəhadətnamələr əsasında Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı binanın 68 saylı mənzilinə dair Reyestr Xidməti tərəfindən verilmiş 04 aprel 2019-cu il tarixli Çıxarış ləğv edilmiş, İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsi, həmin mənzilə dair İddiaçı adına “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi, X4 və Cavabdeh1 çatacaq məcburi paydan imtina etmələrinin nəzərə alınması və mənzilə dair İddiaçı adına “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinin Sumqayıt şəhəri, 3 saylı notariat kontoruna, həmin “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı binanın 68 saylı mənzilə dair Çıxarışın verilməsinin Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, X5 və xx.xx.2003-cü il tarixdə doğulmuş Cavabdeh2 (bundan sonra cavabdehlər) Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin, 68 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur və həmin mənzilə görə onun adına Reyestr Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli Çıxarış verilmişdir. Cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da sözügedən ünvanda yaşamırlar. Cavabdehlərin qeydiyyatda olması iddiaçının mənzilə hüquqlarını həyata keçirməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır.

7. Cavabdeh1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, iddiaçının ona qarşı verdiyi iddianı qəbul etmiş və Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzilindən qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

9. Məhkəmə Cavabdeh1 iddianı qəbul etməsini nəzərə alaraq iddianı qismən təmin etmişdir.

10. Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Cavabdehlər həmin mənzildə formal qeydiyyatda qalsalar da orada yaşamırlar. Cavabdeh1 məhkəməyə ərizə verərək iddianı qəbul etmişdir və mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir. Digər cavabdehlərin atası X5 isə 23 mart 2018-ci il tarixdə ölmüşdür. Belə olan halda iddianın cavabdehlərə münasibətdə təmin edilməsi üçün faktiki və hüquqi əsaslar vardır.

11. Məhkəmə, gəldiyi nəticəni Mülki Məcəllənin 146.1, 152.1, 157.4-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilərək, cavabdehlərin Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilmişdir. Məhkəmə, onların təqdim etdilkləri sübutları nəzərə almamaqla, digər tərəfin dəlillərinə tənqidi yanaşmamaqla, prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla, hüququn tətbiq edilməsində səhv buraxmaqla, işin müəyyən edilmiş hallarına maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Buna görə də həmin qətnamə ləğv edilməlidir. Cavabdehlərdən Cavabdeh3 2001-ci ildən, Cavabdeh2 2003-cü ildən mənzildə qeydiyyatdadırlar. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Cavabdeh2 yetkinlik yaşına çatmamışdır. Mülki Prosessual Məcəllənin 50.2-ci maddəsinə əsasən onun qanuni nümayəndəsi Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər–Ş.Abasov sədrlik edən, məruzəçi, S.Qafari və M.Rzayev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh1 Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzilindən istifadə hüququna xitam verilmiş, iddia tələbi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edilmişdir.

15. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil özəlləşdirilərkən qanun pozuntusuna yol verilmişdir. Bundan sonra, artıq yetkinlik yaşına çatmış Cavabdeh3 razılığı alınmadan, hazırki məhkəmə mübahisəsi getdiyi bir vaxtda mənzil üzərində sərəncam verilmiş və bununla da Bəxtiyr və Aysel Allahverdiyevlərin mənzilə hüquqları pozulmuşdur. Tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu ilədək yarandığı üçün mübahisə həmin vaxtadək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Hazırda iddiaçı iddia tələbini cavabdehlərin orada yaşamaması ilə əsaslandırır. Cavabdehlər isə mərhum ataları ilə birlikdə mənzilə dair order əsasında həmin mənzildən istifadə hüququ əldə etmiş şəxslərdir. Ona görə də, cavabdehlərin müvəqqəti yaşamaması səbəbilə mənzildən istifadə hüquqlarına xitam verilməsi əsassızdır. İşin tədqiq olunan faktiki hallarından cavabdehlərin yaşayış yerini dəyişib yeni yaşayış yerinə köçməsi, başqa yaşayış sahəsi ilə təmin edilməsi müəyyən edilmir. Onların təzyiq altında mənzili müvəqqəti tərk etməsi yaşayış yerlərini dəyişməsi kimi qiymətləndirilməməlidir. Cavabdehlərin vəkilinin izahatından görünür ki, təmsil etdiyi şəxslərin heç birinin daimi yaşayış yeri yoxdur, uşaqların anası boşandıqdan sonra bacısıgildə yaşamışdır, uşaqlar isə ataları ilə birlikdə mübahisəli mənzildə qalmışlar. Həmin mənzildə uşaqlar, onların ataları və babaları yaşamışlar. Sonradan bibiləri uşaqları yola verməmişlər və onları qanunsuz şəkildə mənzildən çıxararaq mənzili satmışlar.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qətnaməni əsaslandırmaq üçün yalnız Mülki Məcəllənin mülkiyyətin müdafiəsi ilə bağlı normalarına istinad etmişdir, halbuki, hazırki mübahisə cavabdhehlərin mənzildə istifadə hüquqlarının olub-olmaması ilə bağlı yaranmışdır. Məhkəmə mübahisəli məsələyə tətbiq edilməli olan normaları tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Eləcə də, cavabdehlərin atası X5 iddiaçı məhkəməyə müraciət etdiyi vaxt artıq 23 mart 2018-ci il tarixdə ölmüşdür, lakin buna baxmayaraq məhkəmə ona aid hissədə işin icraatına xitam verilməsi məsələsini həll etməmiş və bununla da kobud prosessual pozuntuya yol vermişdir.

17. Məhkəmə kollegiyası, Cavabdeh1 Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzilindən istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, Cavabdeh1 iddianı etiraf etdiyindən, işin tədqiq olunan faktiki hallarına görə onun mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu səbəbdən də ona aid hissədə iddia təmin edilməlidir.

18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi digər cavabdehlərin qeyd olunan mənzildən istifadə hüquqlarını itirilmiş hesab etməklə düzgün hüquqi nəyticəyə gəlməmişdir.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni xx.xx.2009-cu il tarixədən qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 53, 54 və 60-cı maddələrinə istinadla əsaslandırmışdır.

c) kassasiya instansiyası məhkəməsindəki icraat

20. Üçüncü şəxs Cavabdeh5 (bundan sonra üçüncü şəxs) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya insitansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməsini, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş sübutlar və hallar əsasında iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-473/2023 nömrəli 21 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) üçüncü şəxs Cavabdeh5 kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(105)-76/2022 saylı qətnaməsinin qismən - cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi, mübahisəli mənzilin özəllişdirilməsi; mənzilin vərəsəlik yolu ilə iddiaçının adına qeydə alınması və sonuncu tərəfindən həmin mənzilin alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsə satılması zamanı qanun pozuntusuna yol verildiyini və bunun nəticəsində cavabdehlərin mənzilə olan istifadə hüquqlarının pozulduğunu göstərib, iddianı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə rədd edərkən gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb.

23. Belə ki, cavabdehlərin vəkili izahatında, cavabdehlərin daimi yaşayış yerlərinin olmadığını, onların anası Cavabdeh4 mərhum X2 boşandıqdan sonra bacısıgildə yaşadığını, cavabdehlərin isə ataları X5 ilə birlikdə mübahisəli mənzildə qaldıqlarını, həmin mənzildə cavabdehlərin ataları və babaları ilə birgə yaşadıqlarını, lakin sonradan bibilərinin cavabdehləri yola vermədiklərini və onları qanunsuz olaraq mənzildən çıxardıqlarını göstərsə də, bu barədə işdə heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, qonşuların tərtib edib imzaladıqları və Sumqayıt şəhəri, 10 saylı Mənzil Kommunal Sahəsinin dairəvi möhürü ilə təsdiq edilmiş aktdan görünür ki, cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar.

24. Apellyasiya instansiyası məhkəməsi işin bu halları üzrə heç bir araşdırma apamadan, cavabdehlərin valideynlərinin nə vaxtdan boşanmasını, boşandıqdan sonra cavabdehlərin anası Cavabdeh4 nə vaxtdan, hansı ünvana köçməsini, həmin ünvanda hansı statusla yaşamasını, nikah pozulduqdan sonra uşaqların valideynlərdən hansının yanında qalmasını, ataları X5 23 mart 2018-ci il tarixdə öldükdən sonra cavabdehlərin nəyə görə ötən müddət ərzində mənzilə köçürülmələri barədə məhkəmədə mübahisə açmamalarının səbəblərini və bu müddət ərzində onların hansı ünvanda, hansı statusla yaşamalarını və sair aydınlaşdırmadan, bibilərinin cavabdehləri yola verməmləri və onları qanunsuz şəkildə mənzildən çıxarmalarına dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, cavabdehlərin və onların anası Cavabdeh4 mübahisəli mənzildən məcburi qaydada çıxarılmaları mülki iş materialları ilə təsdiq olunmur və cavabdehlərin ötən müddət ərzində mənzilə köçürülmələri barədə məhkəmə qaydasında mübahisə açmamaları da iddianın açıq-aşkar əsassız olması nəticəsinə gəlməyə əsas vermir.

25. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə, mübahisəli mənzil tərəflərin babası Cavabdeh3 Əzizağa oğlunun adına özəlləşdirildikdən sonra vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçib, sonuncu isə həmin mənzili alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsə satıb və bu gün həmin mənzil sonuncunun mülkiyyətindədir.

26. Göründüyü kimi, mübahisəli mənzilin özəllişdirilməsinə, mülkiyyət hüququ üzrə əvvəl iddiaçının, sonradan isə üçüncü şəxsin adına qeydə alınmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu və məhkəmə qaydasında mübahisələndirilmədiyi halda, mənzilin özəlləşdirilməsi və alqı-satqısı zamanı cavabdehlərin mənzilə olan hüquqlarının pozulduğunu göstərməklə ziddiyətli nəticəyə gəlib və iddianı cavabdehlərə münasibətdə rədd etməklə üçüncü şəxsin mənzilə olan mülkiyyət hüququnu pozub. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Daha sonra işin mübahisə olunmayan hallarına görə, üçüncü şəxs mübahisəli mənzili iddiaçıdan dəyərini ödəməklə satın alıb və işdə, onun vicdansızlığını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə üçüncü şəxsin mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olub-olmadığı, cavabdehlərin həmin mənzildə ehtimal edilən istifadə hüquqlarının olmasını bilib-bilmədiyi və sair barədə heç bir araşdırma aparmadan, başqa sözlə mənzilə mülkiyyət hüququnun üçüncü şəxsə keçməsini nəzərə almadan, yalnız cavabdeh tərəfin irəli sürdüyü formal mülahizələrə əsaslanaraq iddianı onlara münasibətdə rədd etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 vəkili, Cavabdeh4 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cavabdeh5 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

31. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi (...) 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (...)

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...)

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması (...) 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (...)

Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. (...)

33. xx.xx.2009-cu il tarixədən qüvvədə olan Mənzil Məcəlləsi Həmin Məcəllənin 53-cü maddəsinə görə, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

35. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-473/2023 nömrəli mülki iş üzrə 21 fevral 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(105)-76/2022 saylı qətnaməsi qismən - cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi qeyd edilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

38. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2019-cu il tarixli aktından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-ün sakinləri S.Vəliyeva, L.Pənahova və U.Ağamirzəyeva, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, mənzil 68-də qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh3 göstərilən ünvanda yaşamamaları və hal-hazırda da yaşamadıqlarını öz imzaları ilə təsdiq etmişlər.

39. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 68 nömrəli mənzil Sumqayıt Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən veriİmiş xx.xx.1975-ci il tarixli, 12/267 saylı order və 10 saylı Mənzil Kommunal Sahəsi tərəfindən veriİmiş xx.xx.2019-cu il tarixli, 202 nomrəli mənzilə (eve) hüququ olan şəxslər və mənzilin kommunaİ-məişət vəziyyəti barədə arayış (2 N-İi forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında Cavabdeh3 Əzizağa oğlunun adına qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nomrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixil, 2V121 reyestr nömrəli və xx.xx.2013-cu il tarixli, 2V-125 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil X4 və Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrinden çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-6466/2019 nömrəli Sumqayıt Şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2013-cu il tarixli, 2V-121 reyestr nömrəli və xx.xx.2013-cü il tarixli 2V-125 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında dövlət reyestrinden veriİmiş çıxarışın ləğv edilməsi barədə qətnaməsi əsasında mənzil üzərində X4 və Cavabdeh1 mülkiyyət hüquqları ləğv edilmiş və Cavabdeh3 Əzizağa oğlunun mülkiyyət hüququ yenidən qeydə alınmışdır. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2020-ci il tarixli, 2V-14 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınmış və xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış veriİmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təstiq edilmiş xx.xx.2020-ci il tarixli, 4e-1895 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil Cavabdeh5 adına qeydiyyata alınmış və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

40. İşin mübahisə olunmayan hallarından görünür ki, mübahisəli mənzil tərəflərin babası Cavabdeh3 Əzizağa oğlunun adına özəlləşdirildikdən sonra vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçib, sonuncu isə həmin mənzili alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsə satmışdır. Həmin sənədlər qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Cavabdehlərdən Cavabdeh3 2001-ci ildən, Cavabdeh2 2003-cü ildən mənzildə qeydiyyatdadırlar.

41. Cavabdeh tərəf məhkəmə iclasında iddiaçının mübahisəli mənzildə mülkiyyət hüququnun 2020-ci il tarixdə qeydə alındığına istinad edərək, hazırkı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun qiymət verilməli olduğunu və kompensasiya verilmədən cavabdehlərin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinin əsassız olduğunu bildirmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Cavabdehlərin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüquqları həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən yarandığından (2001 və 2003-cü il) və həmin vaxt mübahisəli mənzil özəlləşdirilərək xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmadığından, mövcud mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

44. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır.

45. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən , icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

46. Cavabdeh tərəf daimi yaşayış yerlərinin olmadığını, onların anası Cavabdeh4 mərhum X2 boşandıqdan sonra bacısıgildə yaşadığını, cavabdehlərin isə ataları X5 ilə birlikdə mübahisəli mənzildə qaldıqlarını, həmin mənzildə cavabdehlərin ataları və babaları ilə birgə yaşadıqlarını, lakin sonradan bibilərinin cavabdehləri yola vermədiklərini və onları qanunsuz olaraq mənzildən çıxardıqlarını göstərsə də, məhkəməyə bu barədə heç bir mötəbər sübut növü təqdim etməmişlər. Əksinə, iş materiallarında qonşuların tərtib edib imzaladıqları və Sumqayıt şəhəri, 10 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktdan (iş v. 5) görünür ki, cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar.

47. Digər tərəfdən, cavabdehlərin və onların anası Cavabdeh4 mübahisəli mənzildən məcburi qaydada çıxarılmaları iş materialları və məhkəmə iclasında işin araşdırılmış halları ilə təsdiqini tapmamış və cavabdehlərin ötən müddət ərzində mənzilə köçürülmələri barədə məhkəmə qaydasında mübahisə açmamaları onların bu dəlillərini təkzib edir və onların mübahisəli mənzillə əlaqələrini kəsmələrini göstərir.

48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia ərizəsi məhkəyə təqdim edilərkən və birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, daha sonra mübahisəli mənzil alğı-satqı müqaviləsi əsasında üçüncü şəxsin mülkiyyətinə keçdiyindən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunduğundan, toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə olunduğundan, cavabdehlər mübahisəli mənzillə əlaqələrini kəsərək orada yaşamadıqlarından, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddianı təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddianı təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1648/2020 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar