Məhkəmə qərarları › İş №2(105)-1053/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1053/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1053/2022 18.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi: Nümayəndə iştirakları ilə, İddiaçı Hüseynlı̇ Orxan Cəbrayıl oğlunun Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdeh X2 qarşı “nikahın etibarsız sayılması tələbinə” dair iddiasının rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh X2 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh G.P.Hüseynli arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 18 avqust 2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikaha girsələr də ər-arvad kimi yaşamamış və bir ildir ki nişanlıdırlar. O, el adəti üzrə toy etdikdən sonra cavabdehi gəlin gətirəcəkdi. Lakin bu müddət ərzində xasiyyətlərinin uyğun gəlmədiyini görüb, belə qərara gəlmişlər ki, nikahları etibarsız hesab edilsin. Bununla bağlı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində və 50 manat dövlət rüsumu ödəməklə mediatrın yanında olsalar da, həmin orqanlar qərara gələ bilmədikləri üçün arayış verərək məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayıb. Belə ki, tərəflərin heç vaxt birgə yaşamaması və birgə təsərrüfat idarə etməməsi faktlarına məhkəmənə tərəfindən nəzər yetirilməmişdir. Məhkəmə nikahın etibarsız sayılması iddiasını rədd edərkən, yalnız G.P.Məhərrəmovanın “Hüseynli” soyadını götürməsini sübut kimi qəbul etmişdir ki, bu da özü-özlüyündə sübut deyildir. Çünki vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış nikah zamanı cavabdehin iddiaçının soyadını götürməsi ölkəmizdə qəbul olunmuş adət-ənənəyə, mentalitetə uyğun olmuş və bu heç bir halda özü-özlüyündə tərəflərin ər-arvad kimi ailə həyatı yaşadıqlarının və ya mübahisələndirilən nikahın etibarlılığının sübutu hesab oluna bilməz. Məhkəmə tərəflərin el adət-ənənəsinə uyğun olaraq toylarının olub-olmamasını, cavabdehin iddiaçının evinə gəlin köçüb-köməməsini, nəticə etibarilə onların bir ailə kimi birgə yaşayıb-yaşamadıqlarını, bir yastığa baş qoyub-qoymadıqlarını və birgə təsərrüfat aparıb aparmadıqlarını aydınlaşdırmamışdır. Məhkəmə hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən qətnaməsində tərəflər arasında olan nikahın etibarsızlığına əsas olan halların işin araşdırılan halları ilə müəyyən edilmədiyini göstərsə də, həmin nəticə 6-cı və 7-ci bəndlərdə şərh edilənlər xüsusatlar nəzərə alındıqda düzgün hesab edilə bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(060)-472/2022 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qatnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etdilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmasını bildrdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflər arasında olan nikahın etibarsızlığına əsas olan halların işin araşdırılan halları ilə müəyyən edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, 18.08.2020- ci il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində İddiaçı ilə G.P.Məhərrəmova arasında akt qeydləri kitabında 1234 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Hüseynli” soyadı verilmişdir İşə əlavə edilmiş Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin 08.10.2021ci il tarixli, 05-q/1520/15 nömrəli məktubundan görünür ki, iddiaçının 18.08.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində G.P.Məhərrəmova ilə bağlanmış nikahın etibarsız sayılması ilə əlaqadər müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən; məcəllənin 10- 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah etibarsız sayıla bilər. Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Mövcud qanunvericiliyə əsasən nikahın etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər könüllü olaraq ailə qurmaq niyyəti ilə rəsmi nikaha daxil olmuş, hətta cavabdeh iddiaçının soyadını belə qəbul etmişdir. Məhkəmə kolegiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflər arasında olan nikahın etibarsızlığına əsas olan halların işin araşdırılan halları ilə müəyyən edilməməsi, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsinin qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, tərəflərin niyyəti ailə qurmaq olmuşdur. Nikahlarının bağlanma səbəbi qaçqın olduqlarını nəzərə alınıb, gələcəkdə Dövlət tərəfindən ayrıca mənzillə təmin olunması olmuş, lakin xasiyyətləri uyğun gəlmədikləri üçün ailə həyatı qurmaqdan imtina etmişlər. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində digər dəlilləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Hüseynlı̇ Orxan Cəbrayıl oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 07 fevral 2022-ci il tarixli 2(060)-472/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar