Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1053/2023 21.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(060)-754/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları ilə birlikdə iddiaçı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılsınlar. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlərin evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladları ilə mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2də yerləşən 54 C saylı torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsi üzərində 3 otaqlı ev mövcuddur. Cavabdehlərdən Cavabdeh1 mərhum həyat yoldaşının bacısı qızı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Belə ki, o, mərhum həyat yoldaşı X3 ilə xx.xx.1989-cu il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. Bu səbəbdən də Cavabdeh1 qeyri rəsmi onların yanında yaşamışdır. 2007-ci ildə Cavabdeh1 digər Cavabdeh2 ilə ailə həyatı qurmuş və Cavabdeh2 valideynlərinə məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 7/8, mənzil 69-a gəlin köçmüşdür. Mərhum həyat yoldaşı 2012-ci ildə xəstəliyə tutulmuşdur. O da, onun müalicəsi üçün bütün imkanlarını sərf etmişdir. Hətta Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 4a-da yerləşən, mülkiyyətində olan 4 saylı mənzilini də 2013-cü ildə satmışdır. Mənzilin satışından əldə olunan vəsaitin bir hissəsinə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən 0.0145 ha torpaq sahəsində inşa edilmiş 3 otaqlı evi almış, mərhum həyat yoldaşı ilə ora köçmüşdür. Qalan vəsaiti isə onun xəstəliyi üçün xərcləmişdir. Həkimlərin səylərinə baxmayaraq mərhum həyat yoldaşı X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən öncə yəni, mərhum həyat yoldaşının son ayları onun vəziyyəti pis olduğu üçün, o, cavabdehlərə icazə vermişdir ki, onun yanında olsunlar. Onun vəfatından sonra isə o, cavabdehlərlə birlikdə yaşamağa başlamışdır. O, məcbur olub xx.xx.2019-cu il tarixdə ikinci dəfə ailə həyatı qurmuşdur. Bir müddət cavabdehlərlə yaşasalar da, artıq bunun mümkün olmaması açıq-aşkar görsənirdi. Cavabdehlər isə mütəmadi olaraq onu təhdid edir, mülkiyyətində olan torpaq sahəsi və evdə yaşamağına imkan vermirlər. Nəticədə cavabdehlər evdən çıxartmağa müvafiq oldular. Cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə və onun üzərində tikilmiş evə dair heç bir hüquqları yoxdur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2ci məhəllə 54 C ünvanında yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olsa da, həmin torpaq sahəsinin üzərində tikilmiş 3 otaqlı ev qanunsuz tikili olmaqla iddiaçının mülkiyyətində deyil. Həmin mübahisəli ev iddiaçı ilə yanaşı uzun müddət orada yaşadığına görə onun, Cavabdeh2 və uşaqlarının ümumi istifadəsindədir. İddiaçı həmin evin yox, onun altında yerləşən torpaq sahəsinin mülkiyyətçisidir. Həmin ev qanunsuz tikili olub heç kimin mülkiyyətində deyil və onların ümumi istifadəsində olduğundan iddiaçı onlara qarşı hazırki iddia tələbini qaldıra bilməz və buna subyektiv hüququ yoxdur. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 54C ünvanında yerləşən torpaq sahəsi üzərində tikilmiş və hal-hazırda yaşadığı evin üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmədiyinə və iddiaçının adına mülkiyyətə dair çıxarış verilmədiyinə görə həmin ev iddiaçının mülkiyyəti hesab edilə bilməz. Həmin ev ilə bağlı iddiaçının ümumiyyətlə sərəncam vermək hüququ yoxdur. Sumqayıt Şəhər Məhkəməsində keçirilmiş məhkəmə proseslərinin heç birində cavabdeh olaraq iştirak edə bilmədiyinə görə hesab edir ki, çəkişmə prinsipi pozulmuş və o, öz mövqeyini məhkəməyə bildirə bilməmişdir. Məhkəmə iddianı təmin edərkən gəldiyi nəticəni əsaslandırmayıb və işin hallarını tam araşdırmayıb. Belə ki, məhkəmə nəzərə almayıb ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib və həmin evə dair iddiaçının adına hər hansı qərar, sərəncam yoxdur. Məhkəmə həmin evlə bağlı qeyd edib ki, iddiaçının sözügedən fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmənin bu yanaşması əsassızdır, çünki fərdi yaşayış evinə mülkiyyət hüququ hazırki şəraitdə yaranmayıb və iddiaçı həmin hüququnu reallaşdırmaq üçün heç bir addım atmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni iddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlakını maneəsiz istifadə etməsi və üzərində sərəncam vermək hüququnu təmin etməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüququ əsası kimi Mülki Məcəllənin 152.1., 152.5, 157.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh1 bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh1 məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2-də yerləşən 54 C saylı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi mənzildən çıxarma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Qeyd olunmalıdır ki, mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İşdən görünür ki, iddiaçı mübahisə predmeti təşkil edən əmlak üzərində mülkiyyət hüququ olduğu halda, cavabdehlərin həmin mənzildə hər hansı bir hüquqları mövcud deyil. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə heç bir hüquqi əsas olmadan yaşamaları iddiaçının həmin əmlak üzərindəki mülkiyyət hüququnun məhdudlaşdırıldığını qaçılmaz etdiyindən, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladları ilə iddiaçıya məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmalıdırlar. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları ilə birlikdə iddiaçı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılsınlar. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1053/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1053/2023
21.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver