Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1058/2024 13.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı hüquqi varisi Muradov Murad Seyidqulu oğlunun nümayəndəsi Nümayəndə2, iddiaçının hüquqi varisinin nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X2 ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi Muradov Murad Seyidqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçı hüquqi varisi Muradov Murad Seyidqulu oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, X3, Cavabdeh6, Cavabdeh4h oğlunun, Cavabdeh5 10 avqust 1963-cü il tarixli Uzunmüddətli İcarə müqaviləsi əsasında ona məxsus 0,25 ha sahəsi olan 60/2652 saylı bağ sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 avqust 1963-cü il tarixli uzunmüddətli icarə müqaviləsi əsasında 0,25 ha sahəsi olan 60/2652 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Bu müddət ərzində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etdikdən sonra məlum hadisələrlə əlaqədar məcburi köçkün düşmüş Cavabdeh1 və onun ailəsi ona məxsus həmin bağ sahəsini zəbt edərək ora yerləşmişlər. Ölkədə məcburi köçkün və qaçqın ailələri tam yerləşdirilmədiyi dövrdə o, cavabdehlərin köçürülməsi üçün müraciət etməmişdir. Lakin hazırda həmin şəxslər tam yerləşdirildiyi üçün və onlar könüllü oradan çıxmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı hüquqi varisi Muradov Murad Seyidqulu oğlu Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 1965-ci ildə Suqmayıt Şəhər XDS İK-nin ləğv edilmiş Bağlar Təsərrüfatı İdarəsi tərəfindən istifadəsinə verilmiş Suqmayıt şəhərinin bağlar massivində yerləşən sahəsi 0,25 ha olan 60/2652 saylı bağ sahəsindən məcburi köçkün olan cavabdehlərin çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər də öz növbələrində həmin torpağa dair alqısatqı müqaviləsinin bağlanmış sayılması barədə iddiaçıya qarşı qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Halbuki, sözügedən torpaq sahəsi ilə bağlı cavabehlərin hər hansı hüquq müəyyənedici sənədləri mövcud deyildir. Qeyd olunan torpaq sahəsi İddiaçı torpaq islahatı nəticəsində əvəzsiz mülkiyyətinə verilmiş torpaq sahəsidir və hələ 1994-cü ildə cavabdehlərin bildirdiklərinə görə həmin torpaq sahəsini İddiaçı pul verərək almışlar. Lakin məhkəmə tərəfindən işdə olan sübutlar nəzərə alınmamış, tərəflərin münasibətləri üzrə yanlış nəticəyə gəlinmiş, iddiaçının torpaqdan istifadəsinin qanuniliyi ilə bağlı məsələləri düzgün araşdırmamış, iddiaçının torpaq sahəsi üzərində hüququna guya 1987-ci ildə Sumqayıt şəhər X4 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarı ilə xitam verildiyi nəticəsinə gələrək və məhkəmənin özünün təyin etdiyi ekspertiza nəticəsində ekspert tərəfindən verilmiş və bu halı sübuta yetirməyən rəydən savayı məhkəmənin qənaətini sübuta yetirən hər hansı fakt olmadığı halda, məhkəmə iddiaçının tələblərinin təmin edilməməsinə dair qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə iddia tələbini rədd edərkən onu əsas götürmüşdür ki, mübahisələndirilən torpaq sahəsinə dair mərhum İddiaçı ilə bağlanılmış 10 avqust 1965-ci il tarixli, 2872 saylı torpaq icarə müqaviləsi Sumqayıt şəhər X4 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarı ilə qüvvədən düşmüşdür. Hesab edir ki, məhkəmə bu qənaətə gələrkən adı çəkilən Qərarın mahiyyətinə varmamış, həmin Qərarın icra olunub-olunmamasını, torpağın icarəçinin faktiki istifadəsindən geri alınıb-alınmamasını müəyyənləşdirməmiş, torpaq qanunvericiliyinin həmin dövrdə qüvvədə olmuş müvafiq maddələrini düzgün tətbiq və təfsir etməmişdir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Sumqayıt şəhər X4 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarı ilə Sumqayıt şəhərinin 16-cı və 21-ci mikrorayonlarının salınması məqsədi ilə Sumqayıt şəhər XDS İK-nin Əsaslı İnşaat İdarəsinə müvafiq olaraq 43,0 ha və 48,4 ha torpaq sahələrinin ayrılması göstərilsə də, həmin Qərarda torpaq sahələrinin icarə müqavilələrinə xitam verilməsi və torpaqların qanuni istifadəçilərindən geri alınması barədə hər hansı müddəa öz əksini tapmamışdır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, 1987- ci ildə qəbul edilmiş həmin qərar keçmiş SSRİ-də baş vermiş məlum hadisələrlə əlaqədar olaraq sonradan icra olunmamış vəziyyətdə qalmışdır. Yəni sözügedən Qərarın icrası ilə bağlı hər hansı tədbirlər həyata keçirilməmişdir. Məhkəmə bu halı müəyyən etmək üçün sözügedən torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq torpaqayırma sənədləri tərtib edilib aidiyyəti qurumlarla razılaşdırılmaqla Sumqayıt şəhər XDS İK-nin Əsaslı İnşaat İdarəsinə faktiki təhvil verilib-verilməməsi məsələsini, həmin idarə tərəfindən şəhərin 21-ci mikrorayonun salınması üçün nəzərdə tutumuş ərazidə çoxmənzilli yaşayış binalarının salınması ilə bağlı layihələndirmə işlərinin, smeta sənədlərinin tərtib edilməsi ilə müşayiət olunan hər hansı mənzil yaxud binaların layihələndirilməsi yaxud tikinti işlərinin aparılıbaparılmamasını, torpaq sahələrinin həmin İdarə tərəfindən yerində təhvil alınması məsələlərini, ümumiyyətlə araşdırmamışdır. Məhkəmə Sumqayıt şəhər X4 adı çəkilən 30 iyun 1987-ci il tarixli, 19 saylı Protokolunun 8.213 saylı Qərarının sadəcə mövcudluğunu və mübahisəli torpaq sahəsinin hal-hazırda 21-ci mikrorayonun ərazisində yerləşdiyini əsas götürərək iddiaçının torpaq sahəsinə dair müqaviləsinin ləğv olunduğu nəticəsinə gəlmişdir. Halbuki, Sumqayıt şəhər X4 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarında torpaqların Sumqayıt şəhər XDS İK-nin Əsaslı İnşaat İdarəsinə ayrılması göstərilsə də, həmin Qərarda hər hansı sənədlərin, o cümlədən torpaq icarə müqavilələrinin ləğvi, ümumiyyətlə qeyd edilməmişdir. Bununla bağlı verilmiş sorğulara Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının iş materiallarında olan cavablarında İddiaçı icarəsində olan 2652 saylı bağ sahəsinin də daxil olduğu Sumqayıt şəhərinin bağlar massivi ərazisində yerləşən bağ sahələrinin icarə müqavilələrinin ləğv edilməsi barədə hər hansı məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Həmçinin, məhkəmə qeyd edilən dövrdə qüvvədə olmuş torpaq qanunvericilik normalarını da aidiyyəti hissədə düzgün tətbiq etməmişdir. Torpaqdan istifadə hüquqlarına xitam verilməsinin əsasları göstərilmişdir. Həmin maddənin tələblərinə əsasən torpaq istifadəçilərinin torpaqdan istifadə hüququna tam və ya qismən xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 1) torpaq istifadəçisi istifadəsində olan torpaqdan könüllü imtina etdikdə; 2) torpaqdan istifadə müddəti başa çatdıqda 3) ailə və ya həyət üzvlərinin hamısı daimi yaşamaq üçün başqa yaşayış yerinə köçürüldükdə; 4) bu Məcəllənin 145-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, əmək münasibətləri əsasında ayrılmış torpaq sahələrinə dair əmək münasibətlərinə xitam verildikdə; 5) ailə üzvlərinin, yaxud həyət üzvlərinin hamısının ölməsi; 6) torpaq sahəsinin dövlət, yaxud ictimasi ehtiyaclar üçün geri alınması zərurəti yarandıqda. Göründüyü kimi, Sumqayıt şəhər X4 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarında həmin dövrdə qüvvədə olmuş 07 iyul 1970-ci il tarixli Azərbaycan Sovet Sosialist Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində torpaq istifadəçilərinin torpaqdan istfadə hüquqlarına xitam verilməsinin əsaslarının heç biri nəzərdə tutulmamışdır. Adı çəkilən Qərarın şəhər sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması zərurəti ilə əlaqələndirilməsi həmin Qərarın sözügedən ərazidə torpaq sahələrinin dövlət yaxud ictimai ehtiyaclar üçün geri alınması zərurəti yaranması ilə əlaqədar geri alınması anlamına gəlmir. Belə ki, Qərarın özündə nə ayrılması nəzərdə tutulan torpaqların geri alınması qeyd edilməmiş, nə mikrorayonlar salınması üçün ayrılması nəzərdə tutulan torpaqların dövlət yaxud ictimai ehtiyaclar üçün geri alınması zərurəti əks etdirilməmiş, bu zərurət hər hansı şəkildə əsaslandırılmamış, nə də sözügedən Qərar torpaqların dövlət və ya ictimai ehtiyaclar üçün geri alınmasının qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarına uyğun çıxarılmamışdır. Hal-hazırki məhkəmə mübahisəsində Sumqayıt şəhər X4 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarının mövcudluğuna və mübahsiəli torpaq sahəsinin 21-ci mikrorayonun ərazisində yerləşdiyinə istinad edilərək qərar çıxarılsa da, əsas həmin Qərarda hər hansı sənədlərin, o cümlədən torpaq icarə müqavilələrinin ləğvi, ümumiyyətlə qeyd edilməmiş, İddiaçı icarəsində olan 2652 saylı bağ sahəsinin də daxil olduğu Sumqayıt şəhərinin bağlar massivi ərazisində yerləşən bağ sahələrinin icarə müqavilələrinin ləğv edilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi İddiaçı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona Çıxarış verilməsinə əsas qeyd edilən maddədə nəzərdə tutulmuş bağ torpaq sahəsinə dair icarə müqaviləsi olmuşdur. Məhkəmə iddiaçının cavabdehlərin torpaq sahəsindən çıxarılmalarına dair iddia tələblərini təmin etməyərkən sözügedən maddi hüquq normasının pozuntusuna yol vermişdir, çünki yuxarıda da qeyd etdiyi kimi, mübahisələndirilən torpaq sahəsi üzərində torpaq islahatı nəticəsində İddiaçı əvəzsiz mülkiyyət hüququ yarandığı üçün həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə əvvəla yanlış olaraq həmin hüququn məhkəmə qərarı əsasında qeydiyyata alındığı qənaətinə gəlmişdir, çünki aidiyyəti qeydiyyat qurumunun verdiyi sənəddə mülkiyyət hüququna dair Reyestr Çıxarışının, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(102)-3878/2016 nömrəli qərarı əsasında verildiyi göstərilsə də, həmin məhkəmə qərarının məzmununda İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının aparılması ilə bağlı, o cümlədən qeydiyyatı aparan orqanın üzərində qeydiyyatın aparılmasına dair vəzifə qoyulması ilə bağlı hər hansı müddəa əksini tapmamışdır. Bir sözlə Ali Məhkəmənin müvafiq Qərarında İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı hər hansı bir müddəa göstərilməmiş, tam əksinə mülkiyyət hüququ uzun müddətli icarə müqaviləsi nəticəsində bağ torpaq sahəsi İddiaçı istifadəsində olduğuna və nəticədə əvəzsiz mülkiyyət hüququnun yaranması əsasına görə dövlət qeydiyyatına alınaraq ona Çıxarış verilmişdir. Eyni zamanda yuxarıda sadaladıqlarından da aydın olur ki, məhkəmə işə baxarkən İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış torpaq icarə müqaviləsinin ləğv olunduğu barədə yanlış bir nəticəyə gələrək mülkiyyət hüququna dair sadalanan qanun normalarını nəzərə almamışdır. Məhkəmə iş üzrə qənaətə gələrkən qeyd edilən maddədə təsbit edilmiş reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına zidd çıxmışdır. Həmçinin, məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, qeyd edilən maddi hüquq normalarına əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, məhkəmənin mübahisələndirilən qətnaməsi mülkiyyət hüququna dair sadalanan hüquq normalarının tələblərinə açıq-aşkar zidd olaraq çıxarılmışdır. Məhkəmə iddiaçının torpaq islahatı nəticəsində mübahisələndirilən bağ torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnu heçə sayaraq aşkar qanun pozuntusuna, həmçinin mülkiyyət hüququna dair qanun normalarının çoxsaylı pozuntusuna yol vermişdir. Həmçinin, sözügedən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi 1994-cü ildə İddiaçı qanuni və faktiki sahibliyində olmasını təsdiq edən mötəbər sübutlar, o cümlədən cavabdehlərin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin özlərinin məhkəmədə verdikləri ifadələr olduğu, cavabdehlərin mübahisəli torpaq sahəsini boşaltmamalarını iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırmasına yönəlmiş və konstitusion hüququ olan mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirməli olduğu halda, məhkəmə nədənsə bu hallara fərqli şəkildə yanaşaraq iddiaçının dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququnun müdafiəsini təmin etməmişdir. Bununla da Sumqayıt Şəhər Məhkəməsi qətnamə qəbul edərkən xüsusi mülkiyyətin müdafiə olunmasına yönəlmiş həm daxili qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi işə baxarkən sadalanan normativ-hüquqi aktların məzmununda əks etdirilmiş tələbləri nəzərə almamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, mübahisəli bağ torpaq sahəsi 1965-ci ildə iddiaçı Muradov Seyidqulu Murad oğlunun qanuni istifadəsinə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağlarin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Eyni müddəa Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamədə əks etdirilmişdir. Belə ki, həmin Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanuni istifadə dedikdə, torpaq sahəsindən hər hansı hüquq müəyyənedici sənəd əsasında istifadəsi anlaşılır. İş materiallarında olan sənədlərdən də görünür ki, məhkəmənin sözügedən bağ sahəsinin geri alınması əsası kimi istinad etdiyi Sumqayıt şəhər X4 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarının qəbul edilməsindən sonrakı illərdə sözügedən bağ sahəsi iddiaçı X9 oğlunun qanuni istifadəsində qalmaqda davam etmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı cavabdehlər və müstəqil tələblər irəli sürməyən üçüncü şəslər öz ifadələrində bildirmişlər ki, torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmaqla, 1994-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşdükdən sonra İddiaçı ilə razılaşaraq 135 000 manat pul verib mübahisəli bağ sahəsini ondan almışlar, lakin bağ sahəsinə dair sənədləşmə dayandırıldığından mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməmişlər. Halbuki, 1994-cü ildə Azərbaycan Respublikasında, ümumiyyətlə bələdiyyələr nəinki formalaşmamış, bununla bağlı ölkədə hər hansı qanunvericilik aktı belə qəbul edilməmişdir. Bu səbəbdən 1994-cü ildə guya bələdiyyə mülkiyyətində olan torpağı İddiaçı aldıqlarına dair cavabdehlərin və üçüncü şəxslərin bildirdiklərinin hər hansı hüquqi əsası yoxdur. İddiaçı da məhkəmədə verdiyi ifadəsində həmin dövrədək mübahisəli bağ sahəsinin onun istifadəsində olduğunu, 1994-cü ildə torpağın məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt edildiyini, cavabdehlərin məhz məcburi köçkün olduqlarını nəzərə alaraq torpağın boşaldılması ilə bağlı aidiyyəti üzrə müraciət etmədiyini bildirmişdir. Bu hallar sübuta yetirir ki, məhkəmənin istinad etdiyi Sumqayıt şəhər X4 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarı, ən azından icra edilməmiş və torpaq sahəsi geri alınmamışdır ki, 1994-cü ildə həmin torpaqdan İddiaçı istifadə etməkdə davam etmişdir. Belə ki, cavabdeh və üçüncü şəxslər özləri həmin torpağı iddiaçıdan aldıqlarını iddia edirlər ki, bu da torpağın boş və istifadəsiz olmadığını, İddiaçı faktiki istifadəsində olduğunu bir daha sübuta yetirir. Belə olan halda aydın olur ki, məhkəmənin gəldiyi qənaətin ziddinə olaraq ki, mübahisəli 60/2652 saylı bağ torpaq sahəsinə dair Sumqayıt şəhər XDS İK-nin ləğv edilmiş Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanılmış 10 avqust 1965-ci il tarixli torpaq icarə müqaviləsinin müddəti, torpaqdan istifadə davam etdirildiyinə görə uzadıldığından, həmin müqaviləyə əsasən torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuş İddiaçı sadalanan normativ-hüquqi aktlara o cümlədən ölkə Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin tələblərinə əsasən əvəzsiz mülkiyyət hüququ yaranmış və bu hüquq da daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Məhkəmə bütün bu sadalananlara baxmayaraq tamamilə qanunazidd olaraq İddiaçı torpaqdan istifadə etməsinə əsas verən torpaq icarə müqaviləsini hüquqi sənəd kimi qəbul etməmiş və sonuncunun torpaq üzərində əvəzsiz mülkiyyət hüququnun yarandığının qəbul etməyərək aşkar qanun pozuntusuna yol vermişdir. Həm Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında, həm də həmin Qərardakı mövqeyə uyğun qəbul edilmiş X8 13(102)-1/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərardadında göstərilən mövqe ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxan məhkəmə (Sumqayıt Şəhər Məhkəməsi) ilk öncə araşdırmalıydı ki, Sumqayıt şəhər X4 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarında İddiaçı adına olan torpaq icarə müqaviləsinə xitam verilib ya yox. Əgər icarə müqaviləsinə xitam verilibsə hansı qaydada xitam verilmiş və buna dair sübut əhəmiyyəti kəsb edən sənəd mövcuddur və yaxud mövcud deyildir. Bildirir ki, əgər icarə müqaviləsinə xitam verilsə idi, həmin vaxt mövcud olan qanunvericiliyin tələbinə əsasən xitam verilməli idi. Həmin icarə müqaviləsinə xitam verilmə barədə hər hansı bir sənəd mövcud olmamışdır. Həmçinin Sumqayıt şəhər XDSnin 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarında da həmin müqaviləyə xitam verilməsi barədə hər hansı qeyd yoxdur. Sumqayıt Şəhər Məhkəməsi yuxarı məhkəmələrin Qərarlarında göstərdikləri halları araşdırmadan, torpaq icarə müqaviləsinə xitam verilməsini təsdiq edən sənədi əldə etmədən əsassız olaraq belə qənaətə gəlmişdir ki, İddiaçı adına olan icarə müqaviləsinə xitam verilmişdir. Görünən odur ki, məhkəmə bu qənaətə gələrkən sübut əhəmiyyətli rəsmi sənədə yox, şəxsi mülahizəsinə əsaslanmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, torpaq sahəsinin təyinatı dəyişdirilmişdirsə, bu o deməkdir ki, artıq icarə müaviləsinə xitam verilmişdir. Lakin bildirir ki, hətta torpaq sahəsinin təyinatının dəyişdirilməsi belə həmin bağ torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilməsi anlamına gələ bilməz. Məhkəmə bu mövqedə də yanlışlığa yol vermişdir. Yekunda bildirir ki, Sumqayıt Şəhər Məhkəməsi Ali Məhkəmənin tələb etdiyi obyektiv araşdırmanı aparmadan, bağ torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilməsinə əsas olan sənədi müəyyən etmədən iddia tələbinin rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehlərin torpaqdan istifadələrinin və iddiaçının iddia tələbinin əsasları ilə bağlı halları tam şəkildə aydınlaşdırmamış, iddiaçının mübahisələndirilən torpaq sahəsinə iddia etməsinin hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya nə kimi aidiyyatının olmasını və onun bu torpaq sahəsini mübahisələndirməsi üçün hansı hüquqi əsaslara malik olduğunu araşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin tələb hüququ olan və mübahisələndirilən torpaq üzərində qanuni şəkildə əvəzsiz mülkiyyət hüququ yaranmış mülkiyyətçi tərəfindən irəli sürüldüyünü və sözügedən torpağın, ümumiyyətlə Sumqayıt şəhər X4 30 iyun 1987-ci il tarixli,19 saylı protokolunun 8.213 saylı Qərarı ilə geri alındığı iddia edilən torpaq sahələrinə aid olmadığını müəyyən edərək iş üzrə fərqli nəticəyə gələ bilərdi. İşdə olan sənədlərdən də görünür ki, mübahisələndirilən torpaq sahəsi, o cümlədən şəhərin 21-ci mikrorayonu ərazisində yerləşən torpaqlar “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2001-ci ildə bələdiyyə mülkiyyətinə verilmiş və həmin torpaq sahələrinin istifadəsiz olanları Sumqayıt Bələdiyyəsi tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsi kimi ayrı-ayrı vətəndaşların mülkiyyətinə satılmışdır. Bu hal bir daha təsdiq edir ki, Sumqayıt şəhər X4 30 iyun 1987-ci i ltarixli,19 saylı protokolunun 8.213 saylı Qərarı ilə həmin ərazidəki torpaqlar çoxmənzilli binaların tikintisi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin Əsaslı İnşaat İdarəsinin sərəncamına verilməmiş və ümumiyyətlə, həmin ərazidə hər hansı mikrorayon salınmayaraq torpaqlar da qanuni istifadəçilərindən geri alınmamışdır. Məhkəmə bütün bu halları aydınlaşdırmayaraq iş üzrə tamamilə əsassız və qanunazidd nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində iddiaçının mübahisələndirilən torpaqdan isitifadəsi ilə bağlı hallar, həmçinin həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilənədək onun qanuni istifadəsində və sahibliyində olması, 1994-cü ildə cavabdehlərin həmin torpağı zəbt etmələrini təsdiq edən hallar sübuta yetirilmişdir. Lakin məhkəmə mübahisəli torpaq sahəsinin iddiaçıdan geri alındığına və həmin torpağın icarə müqaviləsinin ləğv edildiyinə, yaxud qüvvəsinin dayandırıldığına dair (halbuki qanunvericilikdə belə anlayış yoxdur) halların qanunvericiliklə müəyyən edilmiş qaydada mötəbər sənədlərlə sübuta yetirilmədiyini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyindən alınmasına dair əsassız nəticəyə gəlmişdir. Halbuki, qətnamədə göstərilənlər belə bir nəticəyə gəlməyə əsas vermir. Məhkəmə torpaq sahəsinə dair tərəflər arasında yaranmış münasibətlər üzrə aşkar səhv nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı hüquqi varisi Muradov Murad Seyidqulu oğlunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının hüquqi varisinin nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X6 izahatında sərəncamlardan məlumatı olduğunu, 1987-ci il tarixli sərəncam olsa da icra edilmədiyini, torpaq islahatında torpaqların Bələdiyyənin mülkiyyətinə keçdiyini, müqaviləsi olanlara toxunulmadığını, qalan torpaqların isə həyətyanı torpaq sahələri olaraq başqa vətəndaşlara paylandığını bildirmişdir. Həmçinin mübahisəli torpağın 21-ci mikrorayon ərazisinə düşdüyünü bildirmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə kollegiyasına ünvanladığı məktubda səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini hazırda iddia tələbinin əsası kimi istinad edilən icarə müqaviləsi qüvvəsini itirdiyindən İddiaçı cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququnun olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan İddiaçı hüquqi varisi Muradov Murad Seyidqulu oğlu apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. Sumqayıt şəhərində yaşayış məntəqələrinə olan ehtiyac səbəbilə 48,4 ha torpaq sahəsinin 21-ci mikrorayonun salınması üçün ayrılması isə X4 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarı əsasında həyata keçirilməsi və mübahisəli torpaq sahəsinin Sumqayıt şəhərinin 21-ci mikrorayonun ərazisində yerləşməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi bağ sahəsindən çıxarılma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Həmin maddənin dizpozisiya şərtlərinə görə bu cür iddianın təmin olunması üçün üç dizpozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, ikinci iddiaçı tələb edilən andan əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilə torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir. İşdən görünür ki, 2652 saylı bağ sahəsinin də daxil olduğu ərazi Sumqayıt şəhər X5 30 iyun 1987-ci il tarixli, 20 saylı protokol qərarına əsasən Sumqayıt şəhərinin 16 və 21-ci mikrorayonların salınması üçün ayrılmış və hazırda vaxtilə 2652 saylı bağ sahəsi kimi ayrılmış torpaq sahəsi 21-ci mikrorayon ərazisinə düşür və orada yerləşən torpaq sahələri şəhərin baş planında bağ sahəsi kimi deyil, fərdi ev tikintisi üçün həyətyanı torpaq sahələri kimi nəzərdə tutulmuşdur. Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərindən 2652 saylı bağ sahəsinə dair sənədlər mövcud deyildir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə də cavabdehlərin istifadəsində olan torpaq sahəsinin Sumqayıt şəhəri, 21-ci mkr. ərazisində yerləşdiyi müəyyən edilmişdir. Sumqayıt Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 743 saylı məktubunda da Sumqayıt şəhəri, 16-cı və 21-ci mikrorayonlar ərazisi «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasi Qanunun 2-ci maddəsinin 2 hissəsinə uyğun olaraq, Torpaq İslahatına əsasən 21 iyun 2001-ci ildə Sumqayıt Bələdiyyəsinə təhvil verilən torpaq sahələri siyahısında olduğu, Sumqayıt şəhəri, X4 icraiyyə komitəsinin 30 iyun 1987-ci il tarixli (protokol N 20) qərarı haqqında Sumqayıt Bələdiyyəsi hər hansı bir məlumata malik olmadığı, 2000-ci illərin əvvəlində 21-ci mikrorayon ərazisində hündürmərtəbəli, çoxmənzilli yaşayış evlərinin tikilmədiyi, yalnız 21-ci mikrorayonun şərqini əhatə edən hissədə vətəndaşların istifadəsində olan bağ sahələrinin mövcud olduğu, həmin dövrdə 16-cı mikrorayon ərazisində fərdi yaşayış evlərinin tikildiyi və ərazinin tam məskunlaşma vəziyyətində olduğu qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, Sumqayıt şəhərində yaşayış məntəqələrinə olan ehtiyac səbəbilə 48,4 ha torpaq sahəsinin 21-ci mikrorayonun salınması üçün ayrılması X4 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarı əsasında həyata keçirilmişdir. Mübahisəli torpaq sahəsi əvvəllər bağ torpaq sahəsi olsa belə, o mənzil ehtiyacının yaranması ilə əlaqədar yaşayış məntəqələrinin tikilməsi üçün ayrılmış, nəticədə təyinatı dəyişdirilərək yaşayış məntəqələrinin torpağına çevrilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin mübahisəli torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa malik olması barədə dəlilinə gəldikdə isə qeyd edir ki, qeyd olunan çıxarış xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı əsasında verilmiş və hazırda həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə və xx.xx.2016-cı il tarixli qərar öz qüvvəsini itirmişdir. Beləliklə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı hüquqi varisi Muradov Murad Seyidqulu oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1058/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1058/2024
13.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver