Məhkəmə qərarları › İş №2(105)-1067/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1067/2025

23.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1067/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(060)-4286/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların iki həddi buluğa çatmamış uşaqları – X2 və X1 Sumqayıt şəhəri, Saray Bağlar massivi 4602 ünvanında yerləşən yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin həmin evdə qeydiyyatları formaldır. Onların orada heç bir əşyaları yoxdur. Mənzil alqı-satqı müqaviləsi əsasında alınmış və iddiaçıya çıxarış verilmişdir.Həmin şəxslər-cavabdehlər mənzilin əvvəlki sakinləridir.Onların qeydiyyatının formal olmasını mənzili aldığı şəxs də ona bildirmişdir Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(060)-4286/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul etməkdən imtina olunması qərara alınmışdır (hakim Aynur Behbudova). İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(060)-4286/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə AR MPM-in bir çox normalarını pozmuşdur. Birincisi o, cavabdehlərin pasport qeydiyyatından çıxarmaq üçün iddia verməmişdir. Verilmiş iddia ərizəsində “pasport qeydiyyatından çıxarma” tələbi yoxdur. Pasport qeydiyyatından çıxarma işinə polis baxır. Məhkəmələr isə şəxsin hüququnu təmin edir, ya da hüquqdan məhrum edir. Onun iddiasında vaxtı ilə həmin evdə ailə üzvü və ailə başçısı olmuş cavabdehlərin bu evdə yaşamaq və hətta mülkiyyət hüquqları olmuşdur. Burada söhbət təkcə qeydiyyatdan getmir Cavabdehlərin hərəkətləri barədə o, yuxarıda qeyd etmişdir. Bu məsələ məhkəmədə kompleks şəkildə həll olunmalıdır. Məhkəmə həmin şəxslərin mübahisəli evə olan istifadə və yaşamaq hüququndan da məhrum etməlidir. Belə olan halda verilmiş iddia düzgün tərtib edilmişdir. Cavabdehlərin mübahisəli yaşayış sahəsinə hüquqları itirilməli və bu hüquqlara xitam verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(060)-4286/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4286/2025 saylı, 04 iyun 2025-ci il tarixli qərardadından verdiyi şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni geri qaytarmasını qərardadında onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan isə aydın olur ki, iş üzrə iddiaçı mənzilə istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir. İddiaçı inzibati orqana (Sumqayıt şəhər Polis İdarəsinə) müraciət etməklə istifadə hüququ olmayan şəxslərin qeydiyyatının ləğv olunmasını tələb etmək hüququ mövcuddur. İnzibati orqan tərəfindən iddiaçının bu tələbindən imtina olunduğu halda, inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq (Sumqayıt İnzibati Məhkəməsinə) hüququ izah edilməlidir. «İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1 və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3-cü maddəsinə əsasən isə maraqlı şəxs-inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Kollegiya qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçının hüquqi marağı cavabdehlərin mübahisəli mənzilə olan qeydiyyatlarına xitam verilməsi olmuşdur.İddia ərizəsinin məzmunundan da göründüyü kimi cavabdehlərin mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşıyır. Buna görə də yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən hazırki tələblə inzibati orqana müraciət olunmalı idi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul olunmasından imtina barədə mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(060)-4286/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar