Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1069/2025 28.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpağın plan-ölçüsünə dair sənədin və mülkiyyət sənədinin verilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə məhkəmə iclas katibi X1 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İşə əlavə edilmiş torpaq sahəsinin ayrılması barədə 21 sentyabr 2004-cü il tarixli aktdan görünür ki, kommersiya mağazasının tikintisindən ötrü münasib torpaq sahəsinə komissiya tərəfindən baxış keçirilmiş və Cavabdeh kommersiya mağazasının tikintisi üçün şəhərin Rəsulzadə küçəsinin kənarında 105 kvm torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir.
2. İşə əlavə edilmiş Dəvəçi (Şabran) bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli 09 saylı qərardan görünür ki, Dəvəçi (Şabran) şəhər sakini Cavabdeh hər bir kvm sahə üçün Dəvəçi (Şabran) bələdiyyəsinin hesabına 8000 (səkkiz min) manat pul vəsaiti ödəmək şərti ilə şəhərin M.Rəsulzadə küçəsinə, «Dostluq» kafesinin cənub hissəsində olan ərazidə kommersiya mağazası tikmək üçün 105 kvm torpaq sahəsi ayrılmışdır.
3. İşə əlavə edilmiş 08 noyabr 2004-cü il tarixli 023219 saylı qəbzdən görünür ki, Cavabdeh kommersiya mağazası tikintisi üçün torpaq satışı ilə əlaqədar Dəvəçi (Şabran) bələdiyyəsinin hesabına 740000 (yeddi yüz qırx min) manat pul köçürmüşdür.
4. İşə əlavə edilmiş Şabran rayonu Şabran Bələdiyyəsi tərəfindən verilmiş 28 avqust 2013-cü il tarixli 236 saylı məktubdan görünür ki, Dəvəçi (indiki Şabran) bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli 09 saylı qərarı ilə Şabran şəhər sakini Cavabdeh şəhər ərazisində kommersiya mağazası tikmək məqsədi ilə verilmiş 105 kvm torpaq sahəsi tərəflərindən başqa vətəndaşa satılmamışdır.
5. İşə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən verilmiş 28 avqust 2013-cü il tarixli 564 saylı məktubdan görünür ki, Dəvəçi (indiki Şabran) bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli 09 saylı qərarı ilə Şabran şəhər sakini Cavabdeh şəhər ərazisində kommersiya mağazası tikmək məqsədi ilə verilmiş 105 kvm torpaq sahəsi üçün həqiqətən, Şabran rayon Torpaq şöbəsi tərəfindən heç bir sənədləşmə aparılmamış və həmin torpaq sahəsinə plan və ölçüsü sənədi hazırlanmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəmədə iddia qaldıraraq faktiki mülkiyyətində və istifadəsində olan Cavabdeh Dəvəçi (Şabran) bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli 09 saylı qərarı ilə satılmış Rəsulzadə küçəsində «Dosluq» kafesinin cənub tərəfində yerləşən 105 kvm torpaq sahəsinə dair onun adına kadastr plan və ölçü sənədi, həmin torpaq sahəsinə və orada olan tikiliyə faktiki ölçülərlə mülkiyyət sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslanıb ki, Cavabdeh 2006-cı ildə özü üçün kommersiya mağazası tikmək məqsədi ilə aldığı Rəsulzadə küçəsində «Dosluq» kafesinin cənub tərəfində yerləşən 105 kvm torpaq sahəsini satmasını eşidib onunla görüşüb danışmış və pulunu verməklə həmin torpaq sahəsini almışdır. Razılaşmaya əsasən torpaq sahəsinin onun adına sənədləşməsini cavabdeh aparmalı idi. Lakin cavabdeh sözünə əməl etməmişdir, həmçinin məlum olmuşdur ki, torpaq sahəsinin nə kadastr plan və ölçü sənədi, nə də mülkiyyət sənədi yoxdur. Torpaq sahəsi həmin vaxtdan onun istifadəsindədir. Ona görə də məcbur olaraq torpaq sahəsinə dair onun adına kadastr plan və ölçü sənədinin və mülkiyyət sənədinin verilməsi üçün məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, faktiki mülkiyyətində və istifadəsində olan Cavabdeh Dəvəçi (Şabran) bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli 09 saylı qərarı ilə satılmış Rəsulzadə küçəsində «Dosluq» kafesinin cənub tərəfində yerləşən 105 kvm torpaq sahəsinə dair onun adına kadastr plan və ölçü sənədi, həmin torpaq sahəsinə və orada olan tikiliyə faktiki ölçülərlə mülkiyyət sənədinin verilməsi barədə qətnamə çıxarılsın.
8. Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə (hakim T.Qurbanov) iddia təmin edilərək, Cavabdeh Dəvəçi (Şabran) bələdiyyəsinin 24 sentyabr 2004- cü il tarixli, 09 saylı qərarı ilə satılmış Rəsulzadə küçəsində «Dosluq» kafesinin cənub tərəfində yerləşən 105 kvm torpaq sahəsinə dair İddiaçı adına kadastr plan və ölçü sənədi, həmin torpaq sahəsinə və orada olan tikiliyə faktiki ölçülərlə İddiaçı adına mülkiyyət hüququna dair sənədin verilməsi qət edilmişdir. (hakim T.Qurbanov)
9. İddia tələbinin təmin edilməsi qənaətinə gələn məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66.2, 66.4, 68-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 152.1, 178.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 88, 106.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnаmədən maraqlarına toxunan şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisələndirilən qeyriyaşayış binasinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və ya digər kommunikasiya xətlərinin mühafizə zolağına, başqa şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq torpaq sahələri ilə üstüstə düşüb-düşmədiyi müəyyən edilməsi mümkün deyildir. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıbalınmaması, özgəninkiləşdirilmiş, yaxud üzərində hər hansı qadağanın mövcudluğu kimi məsələləri araşdırmalı idi. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir. Bu hallar müəyyən edilmədən məhkəmə tərəfindən torpaq sahəsinə dair iddianı təmin edən qətnamə qəbul edilmişdir. İstinad olunanlara əsasən məhkəmə qətnaməsi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə lazımı qaydada və vaxtında məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, qeyd olunan şəxslər məhkəmə iclasına gəlməmiş (nümayəndələrini göndərməmiş) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
14. Kollegiya Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
19. Hazırkı iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının tələbi Cavabdeh Dəvəçi (Şabran) bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli 09 saylı qərarı ilə satılmış Rəsulzadə küçəsində «Dosluq» kafesinin cənub tərəfində yerləşən 105 kvm torpaq sahəsinə dair onun adına kadastr plan və ölçü sənədi, həmin torpaq sahəsinə və orada olan tikiliyə faktiki ölçülərlə mülkiyyət sənədinin verilməsindən ibarətdir.
20. Belə ki, iddiaçı onunla cavabdeh arasında mübahisələndirilən torpaq sahəsinə dair şifahi qaydada alqı-satqı müqaviləsi bağlandığını, sonuncuya torpaq sahəsinin dəyərini ödədiyini bildirmiş və hazırda uzun illər faktiki istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin məhkəmə qaydasında verilməsini tələb etmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin edilərkən, məhkəmə aidiyyəti qaydaları pozulmuşdur.
22. Belə ki, işin faktiki halından müəyyən edilir ki, Dəvəçi (Şabran) bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli 09 saylı qərarı ilə Dəvəçi (Şabran) şəhər sakini Cavabdeh hər bir kv.m sahə üçün Dəvəçi (Şabran) bələdiyyəsinin hesabına 8000 (səkkiz min) manat pul vəsaiti ödəmək şərti ilə şəhərin M.Rəsulzadə küçəsinə, «Dostluq» kafesinin cənub hissəsində olan ərazidə kommersiya mağazası tikmək üçün 105 kvm torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı yuxarıda qeyd olunan iddia ərizəsində göstərir ki, bələdiyyə qərarı ilə cavabdehə ayrılmış torpaq sahəsinə dair cavadehlə aralarında alqı-satqı razılığı olmuş və həmin torpaq sahəsi uzun müddətdir ki, iddiaçının sahibliyi və istifadəsindədir.
23. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir.
25. İddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh, eyni zamanda maraqlı tərəf kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsini göstərməklə son nəticədə ona torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsini xahiş etmişdir. Mülkiyyət sənədini verən orqan isə fiziki şəxs yox, inzibati orqandır.
26. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqanlardır.
27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
28. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olmalıdır.
29. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir.
31. Belə ki, cavabdeh orqan torpaq sahəsinə dair qeydiyyatı apararkən və qeydiyyatın nəticəsi olaraq mübahisələndirilən “plan və ölçü” sənədini verərkən mülki hüququn subyekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış edir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın DövləReyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılır”
33. Qərarda həmçinin qeyd edilmişdir ki, “...bununla belə, MM-nin 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir”.
34. Göründüyü kimi iddiaçının tələbi inzibati orqan olan dövlət qurumlarının publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmışdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-in, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
36. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.
38. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
39. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda.
40. Kollegiya sonda qeyd edir ki, iddiaçıya hazırki mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “torpağın plan-ölçüsünə dair sənədin və mülkiyyət sənədinin verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаddan tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər.