Məhkəmə qərarları › İş №2(105)-1070/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1070/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1070/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiacı İddiaçı çavabdeh Cavabdeh qarşı uşaqların himayəyə verilməsi və alimentin tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, xx.xx.2010-cu ildə doğulmuş X2 və xx.xx.2015-ci ildə doğulmuş Nəcəfov Ömər Tamirlan oğlu adlı uşaların anaları İddiaçı himayəsinə verilmələri, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay 75 (yetmiş beş) manat, xx.xx.2015- ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğluna münasibətdə isə alimentin hazırki qətnamə üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı qətnamə icra edildiyi vaxtdan 75 manat olmaqla, ümumilikdə cəmi 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. (Hakim R.Həsənov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, xx.xx.2015-ci ildə doğulmuş Nəcəfov Ömər Tamirlan oğlunun iddiaçının himayəsinə verilməsi hissəsində dəyişdirilməsi, həmin uşağın onun himayəsinə verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu ildə doğulmuş X1 və xx.xx.2015-ci ildə doğulmuş Nəcəfov Ömər Tamirlan oğlunun onun yanında saxlanılması və onların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 160 (bir yüz altımış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla xx xxxxxxxx 2008-ci ildə el adəti ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2010-cu ildə X2 və xx.xx.2015-ci ildə Nəcəfov Ömər Tamirlan oğlu olmaqla iki övladları olmuşdur və halhazırda qızı onun himayəsindədir. Ailə qurduqları ilk vaxtlarda aralarında mehriban münasibətlər olsa da, sonradan həmin münasibətlər cavabdehin günahından pozulmuşdur. Cavabdehə bir neçə dəfə şans verməyinə baxmayaraq cavabdehin ona qarşı olan xəyanətkar, zorakı hərəkətlərindən artıq cana doymuşdur. Belə ki, 2015-ci ilin fevral ayının 21-i oğlu Ömərə 4 aylıq hamilə olarkən cavabdehin valideynləri onu məcburi olaraq atasının evinə göndəriblər. Bir müddət atasının evində yaşadıqdan sonra, oğlu dünyaya gəlmişdir. Oğlunun doğulmasından 40 gün sonra onun cavabdehin evində olan cehiz əmlakının çox az hissəsini qanunsuz şəkildə evdən çıxararaq çölə atmışlar. 2016-cı ilin mart ayında cavabdeh Nigar adlı qadına elçi gedərək özünə nişan mərasimi keçirmişdir. 2016-cı ilin aprel ayında o, cavabdehə qarşı aliment və əmlak tələbinə dair iddia ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə prosesi zamanı cavabdeh və onun valideynləri ona yalvararaq ərizəsini geri götürməyi xahiş etdikdə, o, iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə vermişdir. 2017-ci ilin yanvar ayının 27-si ona rəsmi nikah edəcəkləri barədə söz verərək onu cavabdehin evinə aparmışlar. Verdikləri sözlərinə əməl etməyərək cavabdeh və onun valideynləri onu 1 il yarım evdə əsir şəklində saxlayaraq, döyüb təhqir etmişlər. Artıq onların bu cür işgəncələrinə, müxtəlif qadınlarla xəyanətlərinə dözməyərək, 2020-ci ilin aprel ayının 9-u polisə şikayət etmişdir. Sahə rəisi cavabdehlərin evinə gələrək ondan izahat aldığı zaman atası onun qızı və oğlunu maşına mindirəndə qaynatası Nizami Nəcəfov məcburi qaydada azyaşlı oğlu Öməri maşından düşürüb qaynanası ilə birlikdə bir otağa salıb otağı bağlayaraq ona oğlunu verməmişlər. Cavabdeh və ailəsinin şər-böhtan olduqlarını bildiyinə görə qorxusundan hazırda allergiya xəstəsi olan oğlunu onlardan geri ala bilməmişdir. Dəfələrlə cavabdehə zəng edərək oğlu ilə danışmaq istədiyini bildirsə də, onlar onu oğlu ilə danışdırmır və görüşdürmürlər. Bundan sonra birgə yaşayaraq ailənin qorunub saxlanılması qeyri-mümkündür. Hazırda onun yanında olan qızı Elna və cavabdehlərin məcburi olaraq əlindən aldıqları oğlu Ömərin onun yanında saxlanması və saxlanmaları üçün alimentin alınaraq ona verilməsini istəyir. O, heç yerdə işləmir. Cavabdeh hazırda Quba rayon Təhsil şöbəsində işləyir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, o, məhkəmə iclasında dindirilməmiş, uşaqların kimin yanında qalması ilə bağlı ətraflı araşdırma aparılmamışdır. Uşaqlardan Ömər öz istəyilə xx xxxxx 2020-ci ildən onun himayəsindədir. İddiaçı oğlu Ömərlə ünsiyyətdə olma hüququnun təmin edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, iddianın təmin tədbiri kimi məhkəmə qərardadı ilə Ömərlə görüş vaxtı müəyyən edilmişdir. Qərardadın icrası prosesində rəsmi olaraq 08 sentyabr və xx xxxxxxxx 2020-ci il tarixlərdə, qeyri-rəsmi isə 6 dəfədən çox görüş üçün şərait yaradılmış, lakin heç bir görüşdə azyaşlı Ömər anası ilə görüşmək istəməmişdir. Buna görə də Quba rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırkı iş üzrə müvafiq qəyyumluq orqanı rəy verərkən uşaq dindirilmiş, azyaşlı Ömər onun yanında qalmaq istədiyini bildirmişdir. Lakin bu xüsusat rəydə qeyd edilməmiş, iddiaçının uşağı saxlamaq qabiliyyətinin olub-olmaması araşdırılmamış, nəticədə natamam rəy verilmişdir. Bundan başqa, məhkəmə tərəfindən psixoloji ekspertiza təyin edilməmiş, natamam rəyə istinad olunmaqla əsassız nəticəyə gəlinmişdir. Azyaşlı Ömərin zorla anasının himayəsinə verilməsi onun psixikasına mənfi təsir edə bilər və onun gələcək inkişafına maneçilik törədir. Bu hallara düzgün qiymət verilmədiyindən Quba Rayon Məhkəməsinin 2(027)- 1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, xx.xx.2015-ci ildə doğulmuş Nəcəfov Ömər Tamirlan oğlunun iddiaçının himayəsinə verilməsi hissəsində dəyişdirilməli, həmin uşağın onun himayəsinə verilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin faktiki ailə münasibətlərindən - xx.xx.2010-cu ildə X2 və xx.xx.2015-ci ildə Nəcəfov Ömər Tamirlan oğlu anadan olmuşlar. Yenə iş materiallarında olan Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli rəylərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlunun anaları İddiaçı yanında qalmaları məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı X3 Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Mərkəzin Quba rayonu üzrə istismar qrupunun rəhbəri vəzifəsində işləyən Cavabdeh aylıq əmək haqqı 313,53 manat təşkil edir. Yenə işdə olan Quba rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlunun xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə anası ilə görüşməkdən qəti olaraq imtina etməsi səbəbindən həmin icra sənədi məhkəməyə geri qaytarılmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birgə nikahdan xx.xx.2010-cu ildə doğulmuş Elnanın anasının himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş aliment hissəsində, eləcə də iddianın təmin edilməyən hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, həmin hissədə qətnamə apelyasiya baxışının predmeti hesab edilməməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə tərəflər xx xxxxxxxx 2008-ci ildə faktiki nikaha daxil olmuşlar. Birgə nikahdan 2 övladları vardır. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan ailədə tez–tez münaqişələr yaranmağa başlamışdır. Hazırda tərəflər ayrılmışlar və birgə nikahdan xx.xx.2010-cu ildə doğulmuş Elna anasının, xx.xx.2015-ci ildə doğulmuş Ömər isə atasının himayəsindədir. Cavabdeh apelyasiya şikayətində qətnaməni yalnız Ömərə dair hissədə mübahisələndirir. Cavabdeh bildirir ki, azyaşlı Ömər anası ilə qalmaq fikrində deyildir və uşağın zorla anasının himayəsinə verilməsi onun mənafeyinə ziddir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Yenə həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 22.2, 22.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Məhkəmə kollegiyası hər şeydən öncə qeyd edir ki, birgə nikahdan doğulmuş hər iki uşağın mənafeyi, onların lazımi mühitdə yaşamaq, normal səviyyədə qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələri nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, hər iki valideyinin sosial vəziyyəti uşaqların normal şəraitli mənzildə yaşamaq, qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələrinə kifayət qədər imkan verir. Həmçinin işdən görünür ki, azyaşlı Ömər hazırda 5 yaş 8 aylıqdır və onun ana qayğısına daha çox ehtiyacı vardır. Bu yanaşma milli hüquq tətbiqetmə təcrübəsində üstün mövqe daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki valideyin uşaqlara münasibətdə bərabər hüquq və vəzifələr daşısa da, azyaşlı Ömərin gündəlik məişət qayğılarının, təmizlik və sağlamlığının qorunması və təmin edilməsində ananın ataya münasibətdə üstün təbii rolu mütləq nəzərə alınmalıdır. İş üzrə rəy vermiş müvafiq qəyyumluq orqanı da hesab etmişdir ki, hər iki azyaşlı uşaq məhz analarının yanında qalmalıdır. Belə ki, Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli rəylərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlunun anaları İddiaçı yanında qalmaları məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə kollegiyası bu rəylə tamamilə razılaşır və hesab edir ki, azyaşlı Ömərin anasının himayəsinə verilməsi onun mənafeyi və inkişafı baxımından hazırkı mərhələdə daha məqbuldur. Azyaşlı Ömərin 2020-ci ilin aprelindən faktiki olaraq cavabdehin təhriki ilə onun yanında qalması uşağın məhz cavabdehə verilməli olması anlamına gəlməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu cür qərəzli hərəkətləri mübahisənin daha ətraflı araşdırılmasına maneə olmaqla yanaşı, azyaşlı Ömərin öz anası ilə ünsiyyətdə olmasında, onun daha sağlam mühitdə böyüməsində və tərbiyə olmaslnda maraqlı olmadığının göstəricisidir. Cavabdeh tərəfin qəyyumluq orqanından yenidən rəy alınması barədə dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Kollegiya hesab edir ki, iş üzrə Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli rəyləri mövcuddur və yenidən həmin orqandan eyni məqsədlə rəyin alınması mübahisənin süni şəkildə uzadılmasına xidmət edir. Digər tərəfdən, azyaşlı Ömərin fikrinin öyrənilməsi də qəbuledilməzdir, çünki mövcud ailə qanunverciliyinə görə bu tip mübahisələrdə yalnız birgə nikahdan doğulmuş 7 yaşlı uşaqların fikri öyrənilməlidir. Bundan başqa, uşaqların bir-birindən ayrı yaşaması onlar arasındakı qohumluq bağının zəifləməsinə səbəb ola bilər ki, bu da gələcəkdə bərpa olunmaz və ya bərpa olunması çətin olan vəziyyətlə nəticələnə bilər. Bu yanaşma həm milli hüquq tətbiqetmə təcrübəsində, həm də X5 Məhkəməsinin presedent hüququnda öz əksini tapmışdır. Belə ki, “Olssonun İsveçə qarşı işində” X5 Məhkəməsi qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasındakı münasibətlərdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və onların ayrıayrı ailələrə verilməsi konvensiyanın 8-ci maddəsinin pozulması kimi başa düşülür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi birgə nikahdan doğulmuş hər iki azyaşlı uşağın anaları İddiaçı himayəsinə verilmələri barədə qanuna, habelə işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi uşaqların bütün hüquqlarının və təminatlarının maksimal səviyyədə təmin olunması üçün zəruridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Qətnamənin aliment hissəsindən birbaşa şikayət verilməsə də uşağın birinin tələb edilməsi dolayısı ilə də olsa mübahisə doğura bilər. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdeh rəsmi olaraq işləyir və müntəzəm əmək haqqı alır və onun iki uşağa görə hər ay ümumilikdə 150 manat məbləğində aliment ödəməyə maddi imkanı vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş aliment məbləği hazırki halda onun maddi imkanlarına adekvatdır və uşaqların mənafeyinə uyğundur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar