Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1071/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(034)-71/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(034)-71/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında borc tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 3210,96 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 3210,96 manat sığorta ödənişinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub cəmiyyətə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, “Toyota” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən AE 739475 nömrəli şəhadətnamə ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası“ ilə sığortalanmışdır. Cavabdeh 12 mart 2017-ci il tarixində, saat 22:50 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Azneft” dairəsində nizamlanmayan yol ayrıcında sağdan hərəkətdə olan “Renault Duster” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində X2 maddi zərər dəymişdir. Hadisə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında KYP 697881 nömrəli protokol tərtib olunmuş, inzibati xəta haqqında iş üzrə qərarla 100 manat məbləğində cərimə olunmuşdur. “Renault Duster” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalı olduğundan və müəyyən edilmiş 3210,96 manat məbləğində zərər ödənildiyindən cəmiyyət tərəfindən subroqasiya hüququnun keçməsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır və iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməli idi. Belə ki, iddiaçı təşkilatın hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun əsasını iddiaçı təşkilatın onunla imzaladığı AE 739475 nömrəli şəhadətnamənin verilməsinə səbəb olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası“ müqaviləsi təşkil edir. Həmin müqavilə xx.xx.2016-cı il tarixində imzalanmış, hüquqi qüvvəsi xx.xx.2017-ci il tarixində bitmişdir. Göründüyü kimi, müqavilə tələbi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə 3 il ərzində məhkəməyə müraciət etməli olduğu halda, Zəngilan Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixində, yəni 1 ay 5 gün gec müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəməyə poçt vasitəsilə ərizə ünvanlansa da, məhkəmə iddia müddətinin tətbiqini nəzərə almamış, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X6-Prado” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Renault Duster” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, 2331/CML-2041/2017 saylı sığorta aktının surətindən görünür ki, “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AE 739475 saylı sığorta şəhadətnaməsinə əsasən “Toyota” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək sığortalanmışdır. “Toyota” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində “Renault Duster” markalı **- FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “Renault Duster” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3210,96 manat məbləğində zərər dəymiş, hər iki tərəfin mülki məsuliyyəti yarandığından "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Renault Duster” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 3210,96 manat ödənilmişdir. İş materiallarında olan 17 mart 2017-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh “Toyota” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 12 mart 2017-ci il tarixində, saat 22:50 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Azneft” dairəsində nizamlanmayan yol ayrıcında sağdan hərəkətdə olan “Renault Duster” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmış, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 5182 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3210,96 manat ödənilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2021-ci il tarixli, 9/2439 saylı rəyindən görünür ki, “Renault Duster” markalı, 99 FR-916 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3949,0 manat müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüqüqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” qanunun 20.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh “Toyota” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 12 mart 2017-ci il tarixində, saat 22:50 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Azneft” dairəsində nizamlanmayan yol ayrıcında sağdan hərəkətdə olan “Renault Duster” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmış, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Renault Duster” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 3210,96 manat ödənilmişdir. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin ötürülməsi ilə bağlı məhkəməyə ərizə ünvanladığını, lakin məhkəmənin bu ərizəni nəzərə almadığını göstərmişdir. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində müxtəlif vəsatətlər vermiş, lakin onun iddia müddətinin ötürülməsi ilə bağlı ərizə verməsi iş materiallarından görünmür. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola biməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(034)-71/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1071/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1071/2022
23.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver