Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1075/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qusa rayon Aqrar- İslahat Komissiyasına, Qusar rayon Quxur-Oba Bələdiyyəsinə, DT və XK-nın Qusar rayon şöbəsinə qarşı torpaq pay tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 25 avqust 2006-cı il tarixli, 2-290/2006 nömrəli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək Qusar rayon Quxur-oba kəndi ərazisindən mülkiyyətlərinə müvafiq olaraq 1,26 ha və 1,68 ha torpaq paylarının verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 25 avqust 2006-cı il tarixli, 2-290/2006 saylı qətnaməsi ilə iddia təmin edilib, iddiaçılar İddiaçı1 və onun ailə üzvləri X4 və X2, İddiaçı2 və onun ailə üzvləri X5, X3 və X7 rayonun Quxur-oba bələdiyyəsi ərazisindən ayrılmış müvafiq olaraq 1,26 ha və 1,68 ha torpaq sahələrinə onların mülkiyyət hüququ müəyyən edilmiş, həmin torpaq sahələri üzərində İddiaçı1 və onun ailə üzvləri X4 və X1, İddiaçı2 və onun ailə üzvləri X5, X3 və X6 mülkiyyət hüququnun rəsmiləşdirilməsinin Qusar rayon Quxur-oba bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinə tapşırılması qət edilmişdir. (hakim T.Ə.Məmmədov) Maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 25 avqust 2006-cı il tarixli, 2-290/2006 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X8 izahatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinin 1-ci bəndinə görə torpağın alğı-satqısı yazılı müqavilə tərtib edilməklə notariatda təsdiq edilməli və həmin Məcəllənin 67-ci maddəsinin birinci bəndinə əsasən dövlət qeydiyyatından keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində əqdlərin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. İddiaçı1 və onun ailə üzvləri X4 və X2, İddiaçı2 və onun ailə üzvləri X5, X3 və X7 verilmiş 1,26 ha və 1,68 ha torpaq sahələri üzərində Qusar rayon Quxur-oba bələdiyyəsi mülkiyyət hüququna malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 25 avqust 2006-cı il tarixli, 2-290/2006 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 25 avqust 2006-cı il tarixli, 2-290/2006 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsiunə baxmayaraq cavabdeh Qusar rayon X10 nümayəndəsi məhkəmə iclaslarına, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi isə sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən nümayəndələrin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Qusar rayonu, Ş.Şamil adına sovxozu YAİKnın 08 oktyabr 2001-ci il tarixli iclas protokolunun surətindən görünür ki, həmin iclasda Ş.Şamil adına sovxozdan pay torpaq almaq hüququ olan şəxslərin siyahısına əlavə şəxslər daxil edilməklə yeni siyahının təsdiq edilməsi məsələsinə baxılmış və torpaq payı düşməmiş 38 şəxsə, o cümlədən iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə Quxur-oba bələdiyyəsinin ehtiyat fondundan müvafiq norma daxilində torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşə əlavə edilmiş Qusar rayonu Quxur-oba bələdiyyəsinin torpaqlarına dair yerquruluşu xəritəsinin çıxarışından görünür ki, Quxur-oba bələdiyyəsinin 16 oktyabr 2001-ci il tarixli qərarına əsasən aqrar islahat zamanı səhvən siyahıya düşməmiş 38 nəfər Quxur-oba kənd sakininə, o cümlədən iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə Quxur-oba bələdiyyəsinin ehtiyat fondundan müvafiq olaraq 1,26 ha və 1,68 ha torpaq sahəsi ayrılmaqla təhkim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-ci maddəsinnə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Sovxoz və kolxozların islahatı” haqqında Qanunun 25-ci maddəsinə görə fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. İş materiallarından isə görünür ki, iddiaçı yerli aqrar islahat komissiyasının qərarından, hərəkət və ya hərəkətsizliyindən qanunla müəyyən edilmiş müddətdə və qaydada şikayət verməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçılar mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl edib, ilk olaraq Aqrar İslahat Komissiyasının hazırkı hüquqi varisi olan müvafiq orqana müraciət etməli və həmin orqan tərəfindən imtina edildikdə, yaxud həmin tələbin təmin edilməsinin mümkün olmaması bildirildikdən sonra aidiyyatı məhkəməyə müraciət olunmalıdır. Lakin, iş materiallarında iddiaçılar tərəfindən torpaq sahəsinin ayrılması barədə müvafiq orqana müraciət edilməsi və müvafiq cavabın alınması barədə heç bir sübut mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 259.0 və 259.0.1-cı maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qusa rayon Aqrar-İslahat Komissiyasına, Qusar rayon Quxur-Oba Bələdiyyəsinə, DT və XK-nın Qusar rayon şöbəsinə qarşı torpaq pay tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı tərəf Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 25 avqust 2006-cı il tarixli, 2-290/2006 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qusa rayon Aqrar-İslahat Komissiyasına, Qusar rayon Quxur-Oba Bələdiyyəsinə, DT və XK-nın Qusar rayon şöbəsinə qarşı torpaq pay tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1075/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1075/2022
31.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver