Məhkəmə qərarları › İş №2(105)-1075/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1075/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1075/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Şamaxı rayon Nağaraxana bələdiyyəsinin bələdiyyənin xx.xx.2005-ci il tarixli, 06 nömrəli qərarının etibarsız hesab olunması, Şamaxı rayon notariat kontorunun xx.xx.2006- cı il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, JN 06 saylı 41011018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli və seriya MH ******* nömrəli çıxarışların etibarsız hesab olunması və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-263/2008 nömrəli qiyabi qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin 2-263/2008 saylı xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə Şamaxı rayonunun Nağaraxana bələdiyyəsinin ümumi istifadədə olan örüş sahəsindən X2 9,0 hektar torpaq sahəsi verilməsi barədə xx.xx.2005-ci i! tarixli 06 saylı qərarının etibarsız hesab olunması, Şamaxı rayon Notariat kontorunun xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, JN 656 saylı 41011018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* nömrəli və seriya MH ******* nömrəli çıxarışlarının ləğv edilərək həmin torpaq sahəsinin Nağaraxana bələdiyyəsinə qaytarılması qət edilmişdir. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2-263/2008 saylı xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə 2-263/2008 saylı itirilmiş iş üzrə icraat bərpa edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Şamaxı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-263/2008 nömrəli qiyabi qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 363-cü maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2-ci maddəsi). Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşdən görünür ki, Maraqlı şəxs işdə iştirak etməyə cəlb olunmamışdır. MPM-in yuxarıda sadalanan normalarından görünür ki, apellyasiya şikayəti işdə iştirak etməyən şəxs tərəfindən verildikdə birinci instansiya məhkəməsi qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını yoxlamalıdır. MPM-nin 357.2-ci maddəsinə əsasən baxılan iş üzrə şikayət verən işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunan hal olması isə MPM-nin 364.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan normalara riayət etməmiş, qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını yoxlamamış, şəxsin prosessual statusunu müəyyən edən məhkəmə aktı qəbul etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2-263/2008 saylı xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə Şamaxı rayonunun Nağaraxana bələdiyyəsinin ümumi istifadədə olan örüş sahəsindən X2 9,0 hektar torpaq sahəsi verilməsi barədə xx.xx.2005-ci il tarixli 06 saylı qərarı etibarsız hesab olunmuş, ləğv edilən JN 656 saylı 41011018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* nömrəli çıxarış da X1 adına tərtib edilmiş sənədlərdir. Ləğv edilən Şamaxı rayon notariat kontorunun xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin tərəflərinin kimlər olması və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* nömrəli çıxarışin isə kimin adına verildiyi iş materiallarından görünmür və bu hallar birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmamışdır. Hazırda qiyabi qətnamədən apellyasiya şikayəti vermiş Maraqlı şəxs adına tərtib edilmiş və iş materiallarında olan qeydiyyat tarixi xx.xx.2006-cı il olan çıxarışın surətindən isə görünür ki, həmin çıxarış MH seriyalı ******* nömrəlidir. Bundan başqa, məhkəmə xx.xx.2008-ci il tarixli qiyabi qətnamədən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilibverilməməsi məsələsinə də münasibət bildirməmiş, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş məhkəmə aktının Maraqlı şəxs hansı hüquq və vəzifələrinə toxunması müəyyən edilmədiyindən, onun prosessual statusunu müəyyən edən məhkəmə aktı qəbul edilmədiyindən, o cümlədən, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi məsələsi müəyyən edilməyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şamaxı rayon Nağaraxana bələdiyyəsinin bələdiyyənin xx.xx.2005-ci il tarixli, 06 nömrəli qərarının etibarsız hesab olunması, Şamaxı rayon notariat kontorunun xx.xx.2006- cı il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, JN 06 saylı 41011018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli və seriya MH ******* nömrəli çıxarışların etibarsız hesab olunması və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-263/2008 nömrəli qiyabi qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar