Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1081/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı alğı-satqı aktının bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2021-ci il tarixli, 2(060)-10992/2016 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(060)-10992/2016 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı alğı-satqı aktının bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli, 40 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sahəsi 1100 kv.metr olan 3929d saylı bağ torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı aktının (müqavilə) 09 avqust 2005-ci il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir (hakim İlyas Mahmudov). Qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli, 40 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin Corat bağları ərazisində yerləşən, sahəsi 1100 kvadrat metr olan 3929D saylı bağ torpaq sahəsinə dair onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında alğı-satqı müqavilıəsinin 09 avqust 2005-ci il tarixdən bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında qətnamə ilə maraqlarına toxunulan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, əmlaka münasibətdə tərəflər arasında alğı-satqı müqaviləsi tərtib edilməmişdir. Məhkəmənin qətnaməsi dolayı yolla tərəflər arasında qanunsuz əqdin və qeydiyyatın rəsmləşdirilməsinə şərait yaradır. Daşınmaz əşyaların alğı-satqısına dair müqavilələr qanunvericiliyə görə yazılı formada bağlanmalı və notarial qaydada təsdiqlənməlidir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Eyni zamanda iddiaçı daşınmaz əmlakın qeydiyyata alınması üçün təmsil etdiyi təşkilata da müraciət etməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(060)-10992/2016 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı və cavabdeh Sumqayıt Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin nümayəndəvəkillərinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(060)-10992/2016 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşə əlavə edilmiş Sumqayıt şəhər Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli (protokol 152) qərarından görünür ki, həmin qərar əsasında “Saray” bağları ərazisində yerləşən, sahəsi 1100 kv.metr olan 3929d saylı bağ torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş 03 dekabr 2004-cü il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı “Saray” bağları ərazisində yerləşən, sahəsi 1100 kv.metr olan 3929d saylı bağ torpaq sahəsinin alğı-satqı haqqı olaraq Sumqayıt şəhər Bələdiyyəsinin büdcəsinə 2 750000 (iki milyon yeddi yüz əlli min) manat məbləğində pul ödəmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli qərarı ilə “Saray” bağları ərazisində yerləşən və İddiaçı faktiki istifadəsində olan həsi 1100 kv.metr olan 3929d saylı bağ torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, qərar qəbul edilərkən torpağın alğı-satqı haqqı olaraq köhnə məzənnə ilə ******* manat məbləğində pul ödəmiş, bələdiyyə həmin pulu qəbul etmiş, həmin vaxt bələdiyyə torpaqlarının torpaq hərracı, yaxud müsabiqə yolu ilə əldə olunması nəzərdə tutulmamış, bələdiyyənin pulu qəbul etməklə tərəflər arasında faktiki olaraq mülki hüquq münasibətləri yaranmış, bununla da Sumqayıt şəhər Bələdiyyəsiu torpaq sahəsinin mülkiyyətçisi olaraq həmin torpaq sahəsi üzərində hüquqlarını iddiaçıya güzəştə getməsi barədə faktiki olaraq öhdəlik götürmüşdür. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə istinad edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 149, 29, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 6.2, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalaları haqqında Əsasnamənin 17, 21-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” nin 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını hazırlamaq üçün icra hakimiyyəti orqanına göndərir. Həmin əsasnamənin 21-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində Bələdiyyəyə göndərir. Bələdiyyə sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icraya ayrılması barədə qərar qəbul edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı bəndində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 55-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və sair və qanunverciliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüquqi ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaların”da bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilərək müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiqlənir. Birinci instansiyası məhkəməsi, iddiaçının tələblərinin əsaslılığına sadalanan maddi hüquq normalarının və normativ hüquqi aktların tələbləri baxımından hüquqi qiymət verədən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə sədrinin Sərəncamı ilə deyil, bələdiyyənin Qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsinə diqqət yetirmədən, torpaq sahəsinin iddiaçıya satılmasına dair Sumqayıt bələdiyyəsi tərəfindən belə bir Qərarın qəbul edilib-edilməməsini, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin Sumqayıt bələdiyyəsinin bank hesabına köçürülüb-köçürülməməsini araşdırmadan, bir sözlə iddiaçının notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra edib-etməməsini aydınlaşdırmadan, tərəflər arasında nəinki torpaq sahəsinə dair alqı-satqı müqaviləsini bağlanmış hesab etmiş və hətta həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu belə tanımışdır. Eyni zamanda, “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli Qərarında göstərilir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün aşağıdakı halların müəyyən edilməsi zəruridir: birincisi əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; ikincisi, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması mülki iş materialları ilə təsdiq olunmalıdır; üçüncüsü əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələblərə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Hazırki işdə qeyd olunan hallar istisna olunur və iddiaçının mübahisəli torpaq sahəsinin alqısatqısı üçün Sumqayıt bələdiyyəsinin hesabına hər hansı məbləğdə pul ödəməsi mülki iş materialları ilə təsdiq olunmur. Birinci instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenmunun sözügedən Qərarında şərh edilən məcburi göstərişlərə uyğun olaraq sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin notariatda təsdiqlənməsi qaydasına riayət edilməməsinin Sumqayıt bələdiyyəsinin təqsiri ucbatından baş veribverməməsini, məhz sonuncunun alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etməkdən yayınıb-yayınmamasını, ümumiyyətlə həmin torpaq sahəsinə dair iddia edilən alqı-satqı müqaviləsinin özünün qanuna zidd olub-olmamasını və həmin müqavilənin yazılı formada tərtib edilməsinə dair tələblərə əməl edilibedilməməsini tam, hərtərəfli və obyektiv araşdırmadan və hansı dəlillərə əsasən iddianı təmin etdiyini qətnamədə göstərmədən, yalnız iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşaraq iddianı təmin etmişdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci hissəsinə görə bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Həmçinin birinci instansiya məhkəməsinin özünün də istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi müəyyən edilmişdir. Qeyd edilən qanunvericiliyin tələbindən də görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı fiziki şəxsə verilməsi üçün iki əsas mövcuddur: bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə (və ya akt). Hazırki işdə bələdiyyənin qərarı olsa da, müqavilə mövcud deyildir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Hazırki iş üzrə də bu hallardan ən azı biri – əqdin yazılı formada tərtib edilməsi – mövcud deyil. Bu baxımdan da iddiaçının müqavilənin bağlanmış hesab edilməsi barədə iddiası təmin eilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli (protokol № 40) qərarında Sumqayıt şəhəri “Saray” bağları ərazisində yerləşən, sahəsi 1100 kv.metr olan 3929d saylı bağ torpaq sahəsi İddiaçı mülkiyyətə verilməsi qərara alınmışdır. Həmin qərarda torpaq sahəsinin İddiaçı adına hansı hüquqla rəsmiləşməsi qeyd edilməmişdir. Bu baxımdan, Sumqayıt şəhər Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli (protokol № 40) qərarını qeyd edilən torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi kimi qəbul etmək olmaz. Bundan başqa, iddiaçı torpaq sahəsinə görə köhnə məzənnə ilə ******* manat ödəməsini qeyd etsə də, iş materiallarından müəyyən edilir ki, həmin məbləğ 03.12.2004cü ildə ödənilmiş, bələdiyənin qərarı isə 09.08.2005-ci il tarixdə qəbul edilmişdir ki, bu da tərəflər arasında münasibətlərin 09.08.2005-ci il tarixdə yaranmasını təkzib edir. Bununla da, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd edilən maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamışdır. Şərh olunan bu pozuntular da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2021-ci il tarixli, 2(060)-10992/2016 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1-385.1.2,405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Qətnamə ilə maraqlarına toxunulan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2021-ci il tarixli, 2(060)-10992/2016 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı alğı-satqı aktının bağlanmış hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1081/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1081/2022
17.05.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver