Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1082/2021 08.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1494/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1494/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Xıdır Quliyev) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və onun həmin evə köçürülməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək onun Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ünvanında yerləşən yaşayış evindən və həmin evin həyətyanı sahəsindən istifadə hüququnun müəyyən edilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci ildə ailə qurmuş, birgə nikahlarından iki övladları vardır. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən xx xxxxxx 2020-ci ildə Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahda olduqları dövrdə Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbədə yerləşən torpaq sahəsində ev tikdirmiş, cavabdehlə ayrılana qədər ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Ayrılandan sonra keçmiş həyat yoldaşı uşaqları da götürüb atasının Pirquluoba kəndində yerləşən evinə getmiş, hazırda da orada yaşayır, lakin onu evə buraxmır, onun evdə yaşamağına imkan vermir. Uzun müddət cavabdehlə birgə təsərrüfat idarə etməklə və birgə yaşamaqla onun həmin evdə yaşayış hüququ yaranmışdır. Uşaqları da həmin evdə anadan olmuş və həmin evdə böyümüşlər. O, 6 aydır kirayədə yaşayır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir, qətnamə əsassızdır və qanuni deyildir. Mübahisəli ev 2008-2009-cu illərdə onun atasının vəsaiti ilə onun tərəfindən tikilmişdir. Bu evin tikintisində iddiaçının heç bir iştirakı olmamış və iddiaçı vəsait xərcləməmişdir. Mübahisəli ev Xudat bələdiyyəsinin mülkiyyətinə aid 0,10 ha torpaq sahəsində aparılmış qanunsuz tikintidir. Tikintinin yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir, həmin torpağı iddiaçının atası zəbt etmiş, sonradan torpaq sahəsində o, ev tikmişdir. Mübahisəli ev qanunsuz tikintidir, tikilinin heç bir hüquqi sənədi yoxdur və bu hal işdə olan bələdiyyənin arayışı ilə də müəyyən olunur. Bütün bunlara baxmayaraq məhkəmə hüququn analogiyasını tətbiq etməklə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123, 53 və 54-cü maddələrinə istinad etməklə iddiaçının qanunsuz tikiliyə istifadə hüququnu tanımış və iddiaçınınhəmin tikiliyə köçürülməsini qət etmişdir. 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123, 53 və 54-cü maddələrinə əsasən zəbt edilmiş torpaqda tikilmiş qanunsuz tikiliyə iddiaçının istifadə hüququnun tanınması qanunsuzdur. Bu qətnamə düzgün çıxarılmamışdır. Mübahisəli ev bələdiyyəyə məxsus zəbt edilmiş torpaqda tikildiyindən və ev qanunsuz tikinti olduğundan iddiaçının iddia tələbi rədd edilməli idi. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qurbanov Xanlar Fərman oğlu apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin iddiaçının mübahisəli evdən istifadə hüququnun müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 2142 saylı arayışdan görünür ki, Cavabdeh Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ünvanında yaşayır, ailə tərkibi xx xxxxxx 2006-cı il və xx xxxxxxx 2011-ci il təvəllüdlü uşaqları X9 və X2 ibarətdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-270/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxxxx 2005-ci il tarixdə qeydə alınmış nikah qeydinin pozulması, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 anaları Cavabdeh himayəsində saxlanılmaları, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün mülki iş məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat məbləğində alimentin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli, **********01 saylı məktubundan görünür ki, Xaçmaz rayonu ərazisində İddiaçı və Cavabdeh adlarına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. İş materiallarında olan Xaçmaz rayonunun Xudat bələdiyyəsinin xx xxxxxxx 2020-ci il tarixli, 523/2020 saylı məktubundan görünür ki, Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində Xudat bələdiyyəsinin mülkiyyətinə aid 0,08 ha torpaq sahəsində 2008-2009-cu illərdə İddiaçı ilə Cavabdeh bir mərtəbəli fərdi yaşayış evi tikmişlər və fərdi yaşayış evi onların istifadəsindədir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, tərəflər xx xxxxxx 2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X13 oğlu və xx.xx.2011ci il tarixdə X14 oğlu anadan olmuşlar. İşin mübahisə edilməyən hallarından görünür ki, birgə nikahları dövründə, 2008-2009cu illərdə tərəflər Xaçmaz rayonunun Xudat şəhəri 4-cü şöbə ərazisində Xudat bələdiyyəsinin mülkiyyətində olan 0,08 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikmiş və orada yaşamışlar. Qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi tərəflərin heç birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qanunvericilikdə özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə köçürülmə ilə bağlı hüquq normaları mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı X3 ilə X6 mübahisəli fərdi yaşayış evi ilə bağlı münasibətləri 2009-cu ilin oktyabrından sonra yaranmışdır. Azərbaycan Respublikası MM-nin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı hissəsinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etsə də, faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, istifadə hüququ mülkiyyət hüququnun bir elementi, tərkib hissəsidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev özbaşına tikinti sayıldığından və qanunun tələbinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyindən birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının mübahisəli evdən istifadə hüququnun müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin iddiaçının mübahisəli evdən istifadə hüququnun müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1494/2020 saylı qətnaməsi İddiaçı Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, bu hissədə iddia tələbi təmin edilməsin. Qətnamə İddiaçı Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən yaşayış evinə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1082/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1082/2021
08.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver