Məhkəmə qərarları › İş №2(105)-1087/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1087/2024

16.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1087/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X28 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, İddiaçı2 və İddiaçı3 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-478/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçılar İddiaçı1, o, X17, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onların azyaşlı X5 ilə birlikdə Xırdalan şəhəri, Quşçuluq massivi ərazisində yerləşən kürsülü 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailə üzvləri olan atası İddiaçı2, anası İddiaçı3, həyat yoldaşı İddiaçı4 və azyaşlı övladı X5 ilə atası İddiaçı2 şəxsi vəsaiti hesabına 2004-cü ildə tikdirdiyi Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisindəki kürsülü 1 mərtəbəli, 3 otaqlı evdə tam təmir olub, istifadəyə verildikdən sonra o, 2007-ci ildən həmin evdə yaşamağa başlamış, ailə üzvləri olan atası, anası isə 2019-cu ildən, həyat yoldaşı isə 2020-ci ildə evlərinə gəlin köçərək yaşamağa başlamışdır. Mərhum əmisi X21 əmisi yoldaşı Cavabdeh ilə 2004-cü ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, mənzil 28-ə, yəni ata evinə gəlin gəlmişdir. Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisindəki kürsülü 1 mərtəbəli, 3 otaqlı evi atası İddiaçı2 öz şəxsi vəsaiti hesabına tikdirmişdir. Əmisi Zaurun həyat yoldaşı Səlminazla birlikdə yaşamağa yeri olmadığı üçün, həmçinin əmisi infarkt keçirdiyi və başqa xəstəlikləri olduğu, ev almağa imkanı olmadığı üçün atası qardaşı Zaura və onun həyat yoldaşı Səlminaza evdə müvəqqəti yaşamağa icazə vermişdir. 2023cü ilin fevral ayında əmisi Zaur vəfat etdikdən sonra onun həyat yoldaşı Səlminaz da evdən çıxıb bacısıgilə getmişdir. 2004-cü ildə evin qaz, işıq, su sayğaclarının ödəniş sərfiyyatlarını əmisi Zaurun adına rəsmiləşdirilsə də, sonradan 2019-cu ildə onun, yəni İddiaçı1 adına rəsmiləşdirilmişdir. Evin atası İddiaçı2 şəxsi vəsaiti hesabına tikilməsini evi tikən ustalar, qonşular, həmçinin qohumları, həmin evdə yaşamaqlarını qonşular, qohumlar da təsdiq edə bilər. Evi atası öz şəxsi vəsaiti hesabına onun üçün tikdirmişdir. O, 2007-ci ildən atasının tikdirdiyi evdə yaşamışdır. 2020-ci ildə ailə həyatı qurduqdan sonra həyat yoldaşı Dürdanə də həmin evə yerləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 anadan olmuşdur. Lakin əmisinin yoldaşı Cavabdeh onlar evdə olmayan vaxt bacıları Zərifə, Fatma, Nəcimə, Sona ilə evə gələrək evlərini zəbt etmiş, onlar evə gələndə öz evlərinə girməyə imkan verməmiş, maneçilik törətmişlər, anası İddiaçı3ı pilləkənlərdən itələyir, onları, qonşuları təhqir edir, hədələyirlər, qəsdən səs-küy yaradaraq, polis çağırırlar. Əmisinin yoldaşı Cavabdeh bacıları ilə birgə otağının qapısının şüşəsini, televizorunu sındırmışlar. Evdə olan əşyaları bunlardır: 1 ədəd kondisioner, 2 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd ətçəkən, 1 ədəd şirəçəkən, tozsovuran maşınlar, 2 ədəd paltar ütüləyən, 2 ədəd ventilyator, qonaq servizi, mətbəx servizi, əlavə qab-qacaq, bəzək əşyaları, 2 ədə kalyaska, paş-paltar həm böyük, həm körpə uşağa aid, yay-qış ayaqqabıları, yorğan-döşək, pərdə-tüllər, 2 ədəd həm odun, həm tok sacı, mətbəx stolu, 3 ədəd yuxayayan, 1 ədəd 2 qapılı dolab, 2 ədəd istifadə olunmayan taxta qapı, bundan başqa soyuducuda qalan ərzaqları. Bu səbəbdən də məhkəmədə iddia qaldırmalı olmuşlar.

3. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh 1670 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, onlar birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə, həmçinin müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X24 evə baxış keçirərkən, 12 adda əşya evdə aşkar edilməmişdir. Cavabdeh və onun bacıları səs-küy salaraq, onlara öz evlərinə girməyə imkan verməmişlər. İcra məmuru tərəfindən aktlaşdırılan əşyalar və onlarıın dəyərləri belədir: 1) 1 ədəd ətçəkən maşın 200 manat dəyərində, 2) 24 ədəd nəlbəki 30 manat dəyərində, 3) 4 ədəd meyvə qabı 160 manat dəyərində, 4) 1 ədəd fujer bəzək qabı 30 manat, 5.) 8 ədəd dərin kasa 20 manat, 6) 24 ədəd böyük kasa 80 manat, 7) 2 ədəd balaca kasa 10 manat, 8) 14 ədəd böyük qaşıq 15 manat, 9) 17 ədəd böyük çəngəl 20 manat, 10) 14 ədəd kiçik çəngəl 15 manat, 11) 4 ədəd ləbləbi qabı 20 manat, 12) 6 ədəd salat qabı 30 manat. Bundan başqa o, Cavabdeh və onun bacılarının evlərini qanunsuz zəbt etmələri, evlərinə girməyə imkan verməmələri, onlara hədə-qorxu gəlmələri barədə şikayət ərizəsi ilə həm Azərbaycan Respublikası Daili İşlər Nazirliyinə, həm də Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis əməkdaşları ilə evə baxış keçirərkən 1000 manat dəyərində olan televizorlarının ekranının sındığını, evin 2 qapısının açarının qırıldığını, hər açarın dəyəri 10 manat olmaqla, 20 manat dəyərində, qapının sındırılan şüşəsi isə 10 manat dəyərində, ümumilikdə isə 1670 manat məbləğində onlara ziyan dəymişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, o, İddiaçı1 övladlığa götürməmiş, nə də Cəfər onlarda yaşamamışdır. O, mərhum əri Zaur Cəfərovla ər-arvad kimi yalnız evdə ikisi yaşamışdır. Həmin cehiz əşyalarını sonradan götürəcəkləri məqsədi ilə yığmışlar. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(012)-478/2024 saylı qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi İddiaçı4 münasibətdə baxılmamış saxlanılmışdır.

8. xx.xx.2020-ci il tarixli, 14/8134 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB ilə istehlakçı İddiaçı1 arasında bağlanmış, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

9. xx.xx.2023-cü il il tarixli **********2 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin hesabına 8 manat məbləğində pul ödənilmişdir.

10. xx.xx.2023-cü il il tarixli 10918207 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən “Azəriqaz” İB-nin hesabına 25.72 manat məbləğində pul ödənilmişdir.

11. xx.xx.2023-cü il il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin hesabına 7.93 manat məbləğində pul ödənilmişdir.

12. X29 və X2 tərəfindən göndərilmiş ərizənin surətindən görünür ki, İddiaçı1 həqiqətən də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bunu onlar imzaları ilə təsdiq edir.

13. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli, 3XSS5JD0003 saylı müayinə olunması barədə məlumatından görünür ki, X18 ikinci dərəcə əlilliyi, yəni ürək qapaqlarının qüsurları və ya miakorda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı müəyyən olunmuşdur.

14. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 № Tibbi Sosial Ekspert Komissiyasının təkrar müayinədən keçən əlillər üçün verilən arayışından görünür ki, 1965ci il təvəllüdlü X19 xx.xx.2016-cı ilədək ikinci qrup əlillik müəyyən edilmişdir.

15. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, 3XSS5JD0010 saylı qərarından görünür ki, X18 ikinci dərəcə əlilliyi, yəni xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri müəyyən olunmuşdur.

16. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, X22 xx.xx.2022-ci il tarixində ikinci dərəcə əlillik təyin edilmişdir.

17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dəri-zöhrəvi Dispanserin ambulator, stasionar (altından xətt çəkmək) xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, X30 xx.xx.2017-ci il tarixində stasionara daxil olmuş, xx.xx.2017-ci il tarixində isə stasionardan çıxmışdır.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dəri-zöhrəvi Dispanserin ambulator, stasionar (altından xətt çəkmək) xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, X30 xx.xx.2020-ci il tarixində stasionara daxil olmuş, xx.xx.2020-ci il tarixində isə stasionardan çıxmışdır.

19. X30 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş ərizədən görünür ki, o, 2007-ci ildə infarkt keçirərək ağır xəstəliyə tutularaq əmək qabiliyyətini tamamilə itirmişdir. 2008-ci ildən həm də eqzema xəstəliyindən bu günə kimi əziyyət çəkərək ciddi maliyyə çətinlikləri olsa da, hal-hazıra qədər müalicə olunmağında ciddi problemlər vardır. Pensiya almaq üçün ilkin sənədləri toplayaraq həmin ildən ekspert komissiyasına təqdim etmiş, həkim ekspert komissiyası ona İİ qrup əlillik dərəcəsi təyin edərək 44 manat pensiya ayırmışdır. Həyat yoldaşı da səhhətində bəzi problemlər olduğuna görə heç bir yerdə işləmir. Ona təyin olunan bu məbləğ nə yaşayış tərzinin, nə də müalicəsindən ötəri heç bir qənaətbəxş deyildir. Çox hörmətli Prezident cənab İlham Əliyev xüsusən də son dövrlərdə bütün əlillərə və onların ailələrinin yaşayış tərzinin yüksək səviyyədə sərəncamlar və göstərişlər vermişdir. Lakin əlillər üçün dövlət başçısının atdığı bu humanist addımların atılmasına baxmayaraq o, bir Azərbaycan vətəndaşı kimi 44 manat pensiyadan başqa idarələr, müəssisə və təşkilatlardan bu günə qədər heç bir növ müavinət almamışdır. Onun əlillik pensiyasının artırılması, bir əlil kimi normal yaşamaqlarına, müalicə olunmasından ötəri və sosial təminatlarla təmin olunmaqlarına köməklik edilməsini xahiş etmişdir.

20. xx.xx.2023-cü il tarixli, AZ-İİ № 302732 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2023-cü il tarixində miokardın digər dəqiqləşdirilmiş lokalizasiyalı təkrar infarktı səbəbindən vəfat etmişdir.

21. Sumqayıt “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X11 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1693 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Cabbarova” soyadı verilmişdir.

22. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 28782 nömrəli vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə X22 göndərilmiş xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əmək haqqından tutulan gəlir vergisi bəyannaməsini təqdim etməsi üçün xx.xx.2006-ci il tarixi xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlığa məhəl qoymayaraq həmin bəyannaməni yenə təqdim etməmişdir. Qeyd olunan bəyannaməni təqdim etmədiyinə görə Azərbaycan Respubikasının Vergi Məcəlləsinin 57.1-ci və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddələri ilə müəyyən edilmiş məsuliyyət tədbirlərinə məruz qala bilər. Bəyannaməni təcili olaraq təqdim etməyi ona bir daha təklif edilmişdir.

23. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 51069 nömrəli vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə X22 göndərilmiş xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əmək haqqından tutulan gəlir vergisi bəyannaməsini xx.xx.2006-dək təqdim etməli olduğu halda, Vergi Məcəlləsinin tələblərini pozaraq təqdim etməmişdir. Buna görə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən məsuliyyət daşıdığı nəzərinə çatdırılmışdır. Həmin bəyannaməni təqdim etməsə daha ciddi məsuliyyət tədbirlərinə məruz qalacaqdır. Təqdim edilməmiş bəyannaməni təcili olaraq təqdim etməyi təklif edimişdir.

24. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinin 4286 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən Xırdalan şəhəri, “Quşçuluq” massivi H.Z.Tağıyev küçəsində yerləşən evdə öz ailəsi ilə qeydiyyatla yaşayır. X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ölən günə kimi göstərilən ünvanda həyat yoldaşı Cavabdeh ilə bir yerdə yaşamışdır. Hal-hazırda Cavabdeh göstərilən ünvanda tək yaşayır.

25. xx.xx.2023-cü il tarixli Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh yaşayış hüquqlarının tanınması tələbi mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, tərəflər arasında mülklə bağlı mütəmadi mübahisələr baş verməsini nəzərə alaraq, gələcəkdə xoşagəlməz halların qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülməsindən ötrü qəbul edilmiş qərar icra edilməsi üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır.

26. xx.xx.2023-cü il tarixli Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, mənzil 28-də yaşayan İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı1 irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

27. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti ilə şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh ilə qonşuluqda yaşayır. İddiaçı1 ailə həyatı quranadək həmin evdə yaşamışdır. İddiaçı4 cehiz əşyaları həmin evdə olmuşdur. Zaur Cabarov vəfat edərkən cehiz əşyaları orada idi. Toynişan da həmin evdə keçirilmişdir. Sözügedən evdə Cavabdeh da yaşamışdır.

28. İddiaçıların vəsatəti əsasında xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, evlərin tikintisində usta kimi fəaliyyət göstərir. Cavabdeh tanımır. Evi Xırdalan şəhərində tikmiş, lakin hal-hazırda həmin ünvanı xatırlamır. Ev 3 oatqdan ibarət idi. Evin plan-cizgisi yadında qalmamışdır. Evin bünövrəsini qazıb, layihəsini çəkmişdir.

29. İddiaçıların vəsatəti əsasında xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. O, usta kimi həyət evini təmir etmişdir. 2006-cı ildə onu evin təmiri üçün Zaur Cabbarov çağırmışdır. Həmin evi Cəfər üçün tikmişlər. Əsas vəsaiti Cəfər və Rəşid Cabbarovlardan almışdır.

30. İddiaçıların vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı1 arvadının bibisidir. Cəfər həmin evdə yaşamışdır.

31. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən mərhum Zaur Cabarovun bacanağı olmaqla yanaşı, həm də qonşudurlar. O, həmin evə 4 ədəd qapı bağlamış və həmin vaxt pulu Zaurdan almışdır.

32. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı2 bacısı qızıdır. Sözügedən ev 2005-2006-cı illərdə tikilmişdir. X41 özü tikmiş, heç kəs kömək etməmişdir. X34 şəhərində yerləşən bazarda işləmişdir. İddiaçı1 həmin evdə yaşamamışdır. Cəfər oraya gəlin köçürməmiş, lakin Cəfərin bacısı Durna gəlin köçmüşdür. Zaur Cabarov vəfat etməmişdən əvvəl nənəsi ilə münasibətləri pisləşmişdir. Onların arasında pulla bağlı söz-söhbətləri olmamışdır. O, heç kimdən pul istəməmişdir.

33. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Zaur Cabarovun bacısı oğludur. Sözügedən ev 2005-ci ildə tikilmişdir. Həmin evi o, 2006-cı ildə təmir etmişdir. Evi təmir etməyi ondan Zaur Cabarov xahiş etmişdir. Cəfər Cabarov evləri yaxın olduğuna görə həm onlarda, həm də Zaur Cabarovgildə qalmışdır. Cehiz əşyaları ilə bağlı heç bir məlumatı yoxdur. O, dayısından 7000 manat pul istəməmişdir.

34. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-478/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

35. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsindən imtina edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar mübahisə predmeti olan evin İddiaçı2 şəxsi vəsaiti hesabına tikilməsini bildirmiş olsalar da, mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Tərəflərin vəsatəti əsasında dindirilmiş şahidlər biri-birinə zidd ifadələr vermişlər ki, məhkəmə həmin şahid ifadələrini tərəflərin mənafeyinin müdafiə edilməsi kimi qiymətləndirməklə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübut kimi nəzərə almır.

36. Birinci instansiya məhkəməsi pul tələbinə dair iddia ərizəsinə qiymət verdikdə göstərmişdir ki, iddiaçılar Cavabdeh 12 predmetdən ibarət əmlaka görə 1670 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini də xahiş etmişlər. Onlar iddia edirlər ki, cavabdeh onlara məxsus əmlaklara görə həmin məbləğdə pul ödəməlidir. Məhkəmə iclasında cavabdeh bildirdi ki, iddiaçılar icra məmurunun məlum aktına əsasən müəyyən edilmiş əmlakları götürə bilərlər və bu barədə onun tərəfindən heç bir maneə törədilmir. Məhkəmə bu hallara qiymət verərək hesab edir ki, mövcud olan əmlaklara görə onların dəyərini tələb etmək hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Bu baxımdan məhkəmə iddianın bu hissədə də əsassız olması nəticəsinə gəlir.

37. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 139.1, 139-1.1.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

38. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

39. Apellyasiya şikayətləri ayrı-ayrılıqda verilsə də, oxşar məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, mübahisəli evin atası İddiaçı2 tərəfindən tikilməsini məhkəmə iclasında təsdiq etmələrinə baxmayaraq, komunalların İddiaçı1 adına olmasına məhəl qoymayaraq, evə köçürülmə tələblərini məhkəmə əsassız olaraq rədd etmişdir. Hansı ki, heç işdə cavabdeh kimi qoyduqları Cavabdeh həmin evdə heç bir yaşamaq hüququ və həmin evə hüquq müəyyənedici sənədi olmadığı halda məhkəmə iddianı rədd etmişdir. Cavabdehin ondan hansı üstün hüququ var idi ki, onların iddiaçı olaraq öz tikdikləri evlərinə hakim öz maraqlarını üstün tutaraq köçürülməklərini təmin etməmişdir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Evin sahibi iddiaçılar olmasına baxmayaraq, iddiaçılara cavabdeh və onun qohumları tərəfindən evlərinə girməyə imkan verməyərək, əksinə onlar tərəfindən güc tətbiq edilməklə, maneçilik törətməklə evlərinə girməyə imkan verilmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərini mürafiə edərək təmin edilməsini xahiş etdilər.

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətlərinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

43. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

44. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

45. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

46. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

47. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

48. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)

49. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

50. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

51. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

53. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

54. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, iddia - dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi status etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir.

57. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

58. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

59. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

60. İddiaçılar mübahisəli evin İddiaçı2 şəxsi vəsaiti hesabına tikildiyini, mərhum Zaur Cabarova müvəqqəti yaşamaq üçün verildiyini, həmin evin iddiaçılara məxsus yaşayış sahəsi olması əsası ilə iddia qaldırsalar da, məhkəməyə bu halı təsdiq edən mötəbər sübut növü təqdim etməmişlər.

61. Digər tərəfdən, İddiaçı1 mərhum əmisi Zaur Cabarovun onu 2004-cü ildə övladlığa götürdüyünü göstərsə də, bu barədə məhkəməyə rəsmi sənəd təqdim etməmişdir.

62. Məhkəmə iclasında İddiaçı3 bildirmişdir ki, evin tikintisinə 2003-cü ildən başlanmış və 2009-cu ildə başa çatmışdır. Mübahisəli evə onların gediş-gəlişi olmuşdur. Belə ki, indi hazırda yaşadıqları bina evi ilə həmin evin arasında təxminən 150 metr məsafə vardır. O, həmin mübahisəli evdə yaşamamış, gedib-gəlmişdir.

63. Məhkəmə iclasında İddiaçı2 bildirmişdir ki, o, həmin evdə yaşamamış, ora gedibgəlmişdir. Oğlu İddiaçı1 əşyaları isə həmin evdə yerləşir.

64. İddiaçı Cəfər Cabarov isə bildirmişdir ki, məktəbdə 5-ci sinifdə oxuyan zaman mübahisə olunan evdə yaşamış, təxminən on üç yaşı var idi. Həmin evdə Cavabdeh ilə birlikdə yaşamışdır. Ailə qurduqdan sonra gəlinin cehizlərini həmin evə gətirmişlər. Ev soyuq olduğu üçün və şərait olmadığına görə atasıgil yaşayan evdə yaşamağa məcbur olmuşlar.

65. İşdən həmçinin görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2023-cü il il tarixdə "xxxx" ASC-nin hesabına 8 manat, “Azəriqaz” İB-nin hesabına 25.72 manat "xxxx" ASC-nin hesabına 7.93 manat məbləğində pul vəsaiti ödənilmişdir.

66. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və işə materiallarına əlavə edilmiş müqavilələrin surətindən görünür ki, göstərilən müqavilələr müvafiq olaraq "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixdə, “Azəriqaz” İB ilə xx.xx.2020-ci il tarixdə, "xxxx" ASC ilə xx.xx.2024-cü il tarixdə İddiaçı1 ilə bağlanmışdır. Daha əvvəl isə həmin kommunal xidmətlərlə bağlı müqavilələrin X6 ilə bağlanıldığı işin mübahisəsiz halıdır.

67. Həmçinin cavabdehin bir müddət mübahisəli evdə yaşamaması da işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı tərəf cavabdehin evdən bacıları tərəfindən aparıldığı, cavabdeh tərəfindən isə onun evdən hədə-qorxu gəlinərək çıxarıldığı və buna görə prokurorluğa müraciət etdiyi, iddiaçı tərəfə məxsus işlədilməyən müəyyən əşyaların isə onun evinə məhz həmin vaxt yığıldığı bildirilmişdir.

68. İş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Faiq Səfərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə H.Z.Tağıyev küçəsi 4 Quşçuluq massivində yaşayan Cavabdeh mərhum həyat yoldaşı X30 ilə birgə nikah dövründə şəxsi vəsaiti hesabına inşa edib birgə yaşadıqları Xırdalan şəhəri Quşçuluq yaşayış massivindəki fərdi yaşayış evindən yoldaşının vəfatından sonra qaynı oğlu X17 və Natavanın ona hədə-qorxu gələrək evdən çıxartmaları barədə Abşeron rayon prokuroruna ünvanlanmış müraciəti araşdırılması üçün Abşron RPİ-nə göndərilmiş, toplanmış həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh yaşayış hüquqlarının tanınması tələbi mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, tərəflər arasında mülklə bağlı mütəmadi mübahisələr baş verməsini nəzərə alaraq, gələcəkdə xoşagəlməz halların qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülməsindən ötrü qəbul edilmiş qərarın icra edilməsi üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır.

69. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvlərinin hüquq və vəzifələri icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

70. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

71. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

72. İşdən göründüyü kimi iddiaçılar cavabdehin, cavabdeh isə iddiaçıların ailə üzvü hesab olunmurlar. Hazırkı işdə iddiaçıların köçmək istədiyi evin iddiaçılar, o cümlədən İddiaçı2 tərəfindən inşa etdirilməsi, iddiaçıların əvvəllər həmin evdə yaşamaları, cavabdeh tərəfin onları yaşadıqları evdən məhrum etməsi işin araşdırılmış halları ilə müəyyən olunmur. Kollegiya hesab edir ki, iddiaçıların birlikdə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olmaqla, onların həmin tikili üzərində hər hansı hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddiaçıların köçürülməsi ilə cavabdehin mübahisəli evdə əvvəlki qaydada yaşaması şəraiti məhdudlaşdırılmamalıdır.

73. İddiaçı tərəf dəyəri tələb olunan aşkar edilməyən əşyaların əvvəllər mübahisəli evdə mövcud olmasını sübut edə bilməmiş, məhkəmə iclasında isə cavabdeh tərəfin izahatı ilə müəyyən olunmuşdur ki, mübahisəli evdə olan iddiaçı tərəfə məxsus əşyaların götürülməsinə cavabdeh etiraz etmir və heç bir maneə törətmir.

74. Beləliklə iş üzrə tədqiq edilmiş sübutları, işin müəyyən olunmuş hallarını və sadalanan qanunvericilik aktları normalarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

75. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

77. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 478/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-478/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar