Məhkəmə qərarları › İş №2(105)-1092/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1092/2021

04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1092/2021 04.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2(060)-1476/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2(060)-1476/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) İddiaçı cavabdeh “AQS dental center” məhdud məsuliyyətli cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “AQS dental center” məhdud məsuliyyətli cəmiyyətindən diş klinikasının fəaliyyəti (fəaliyyətsizliyi) nəticəsində dəymiş 15000 manat maddi, 5000 manat mənəvi zərərin, eləcə də 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad tərəflər dəvət edilmədən qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir, formal xarakter daşıyır. İddia tələblərində dövlət rüsumunun qeyd olunması texniki qüsur xarakteri daşıyır. Bununla bağlı hazırlıq iclası təyin olunacağı təqdirdə iddia tələblərinin dəyişdirilməsi ilə bağlı ərizə verilməsi nəzərdə tutulmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdər azad edilirlər. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunaraq işə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. İddiaçı və cavabdeh “AQS dental center” məhdud məsuliyyətli cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh nümayədəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, məhkəmə qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “AQS dental center” məhdud məsuliyyətli cəmiyyətindən diş klinikasının fəaliyyəti (fəaliyyətsizliyi) nəticəsində dəymiş 15000 manat maddi, 5000 manat mənəvi zərərin, eləcə də 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 108.1.1-ci maddəsinə görə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 1-ci maddəsinə görə istehlakçı-şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbini ona göstərilən tibbi xidmətin keyfiyyətsiz olması ilə əsaslandırmışdır. Göründüyü kimi, İddiaçı iddia tələbi istehlakçı hüquqlarının pozulması barədədir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsi dövlət rüsumunun ödənilməməsi əsası ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, məhkəmə qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2(060)-1476/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Zaur Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar