Məhkəmə qərarları › İş №2(105)-1093/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1093/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1093/2024 29.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-46/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət edərək Cavabdeh reqress qaydasında vurulmuş 3996,24 manat zərər və ödənilmiş 59,96 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-46/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Cavabdeh reqress qaydasında vurulmuş 3996,24 manat zərərin və ödənilmiş 59,96 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi qət edilmişdir (hakim Mirələm Quliyev). Cavabdeh apellyasiya şikayəti verib Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-46/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-46/2024 nömrəli qərardadı ilə apelyasiya şikayəti elektron məhkəmə icraatında qanunvericiliyin tələblərinə uyğun verilmədiyinə görə geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-46/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə dair cavabdeh tərəfindən verilən şikayətin mümkünlüyünə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh tərəfindən verilən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, elektron imza vasitəsilə imzalanmamışdır, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmamış şikayət hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən geri qaytarılmaq üçün üçün əsasdır. Birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, qərardaddan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da Mülki Prosessual Məcəlləsinin mülki işlər üzrə məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlar hazırkı halda şikayətə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-46/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyrimümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətin forma baxımından tələblərə uyğunluğu məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 10- 1.3-cü 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-46/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar