Məhkəmə qərarları › İş №2(105)-1094/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1094/2024

10.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1094/2024 10.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(060)-2847/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılması, Cavabdeh və onunla birgə mənzildən istifadə edən digər şəxslərin çıxarılmaqla mənzilin iddiaçıya təhvil verilməsinə, hazırki iş üzrə qətnamənin qəbul olunduğu tarixdən mənzil boşaldıldığı tarixədək qeyri-qanuni istifadə etdikləri hər ay üçün 300 manat vəsaitin tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv/m olan mənzili 23 fevral 2024-cü il tarixdən alqı-satqı müqaviləsinə əsasən almış və həmin əmlak üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak X2 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ tərəfindən verilmiş sənədə (Çıxarışa) əsasən Dövlər reyestrində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********65-05301- 09302). Cavabdeh (bundan sonra cavabdeh adlandırılacaq) əvvəllər əmin mənzilin mülkiyətçisi olmuş və mənzil ona satılandan sonra ailəsi ilə mənzili boşaltmaqdan imtina edir və qeydiyyatsız yaşamaqda davam edir. Dəfələrlə, cavabdehdən evinin boşaldılmasını, onun yaşamağa başqa yerinin olmadığını bildirsə də cavabdeh bunlara məhəl qoymur, onun mülkiyyət hüquqlarını pozmağa davam edərək, əmlakından istifadə etməyinə mane olur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(060)-2847/2024 nömrəli qərardadı ilə (hakim Elmir Hüseynov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1927/2024 saylı mülki iş üzrə üzrə qəbul ediləcək yekun məhkəmə aktı qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1927/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə bildirişinin surətindən görünür ki, iddiaçı Cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoruna və Məmmədov Orxan Kamaləddin oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1927/2024 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyətli olduğundan hazırki işin icraatı dayandırılmalıdır. İddiaçı şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(060)-2847/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1927/2024 nömrəli mülki işlə heç bir əlaqəsi yoxdur. Həmin mülki işin nəticəsi iddia tələbinin təminin və ya rəddinin birbaşa və ya dolayı yol ilə əsası olmayacaqdır. Tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 46 saylı notariat ofisinə 06 may 2024-cü il tarixli X/676 nömrəli sorğu verilmiş, onun nəticəsi kimi 23 fevral 2023-cü il tarixdə 4Ə-109 reyestr nömrəli alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən ünvan 1 ünvanında heç bir şəxsin qeydiyyatda olmaması aşkar edilmişdir. Bu isə o deməkdir ki, tərəflər arasında olan problemdən və evdə alqı-satqı zamanı kiminsə yaşamasından onun xəbəri olmamışdır. İş üzrə icraatın dayandırılması vicdanlı alıcı və mülkiyyətçi olaraq hüquqlarını pozur. Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(060)-2847/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(060)-2847/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 17 may 2024-cü il tarixli, 2(060)-2847/2024 nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi iş üzrə icraatın dayandırılması o halda həyata keçirilir ki, başqa iş həll edilməyincə işə baxılması mümkün olmasın. Hazırkı iş üzrə isə qeyd olunan halın mövcudluğu istisna olunmaqdadır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoruna və Məmmədov Orxan Kamaləddin oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair işə baxılıb yekun qərar qəbul edilənədək, hazırki iş üzrə icraatın dayandırılmalı olması nəticəsinə gəlsə də gəldiyi nəticəni əsaslandırmamış, yalnız iş materiallarında olan bildirişə istinad etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1927/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə bildirişindən isə görünür ki, hazırkı iş üzrə Cavabdeh hazırkı iş üzrə iddiaçıya qarşı deyil, cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoruna və Məmmədov Orxan Kamaləddin oğlu adlı şəxsə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşlərin bir-biri ilə bağlılığının dəqiqləşdirilməsi ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən müvafiq sənədlər əldə edilərək iş materiallarına əlavə edilmişdir ki, işə əlavə edilmiş iddia ərizəsinin surətinə əsasən iddiaçı Cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoruna və Məmmədov Orxan Kamaləddin oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Məmmədov Orxan Kamaləddin oğlunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də **********65-05301-093021 reyestr nömrəsiilə qeydə alınmış çıxarışın ləğv edilməsini xahiş etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini Məmmədov Orxan Kamaləddin oğluna satmışdır. Hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdi edilmiş xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən isə görünür ki, Məmmədov Orxan Kamaləddin oğlu ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı satmış, müqaviləyə əsasən mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi hazırki iddianın əsasını mübahisəli mənzilin alqı-satqısına dair Məmmədov Orxan Kamaləddin oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi təşkil etsə də, Cavabdeh iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1927/2024 nömrəli mülki işin predmeti mübahisəli mənzilin Məmmədov Orxan Kamaləddin oğluna satılmasına dair xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsızlıığı və onun adına verilmiş çıxarışın ləğv edilməsinə dairdir. Hazırki iddianın əsasını təşkil edən xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsinin isə mübahisələndirilməsi iş materialları ilə müəyyən edilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş icraatının qeyd edilən əsasa görə dayandırılması əsassız olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(060)-2847/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 17 may 2024-cü il tarixli, 2(060)-2847/2024 nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(060)-2847/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 17 may 2024-cü il tarixli, 2(060)-2847/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar