Məhkəmə qərarları › İş №2(105)-1097/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1097/2022

16.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1097/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 (Cavabdeh4 hüquqi varisi) iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(012)-1548/2021 nömrəli qətnamədən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6032.57 ABŞ dolları əsas borc, 5101.47 ABŞ dolları faiz borcu, 1769.7 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13638.79 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 2 otaqlı, 43.5 kv.m ümumi, 30.2 kv.m yaşayış, 13.3 kv.m yardımçı sahədən ibarət 12 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 30.2 kv.m yaşayış, 13.3 kv.m yardımçı sahədən ibarət 12 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırlılmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 "xxxx" İKB ASC-nin “10 saylı” filialından illik 26 faizlə, 36 ay müddətinə 11400 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 30.2 kv.m yaşayış, 13.3 kv.m yardımçı sahədən ibarət 12 nömrəli evin 2 nömrəli mənzili xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. xx.xx.2021-ci il tarixədək Cavabdeh4 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6032.57 ABŞ dolları əsas, 5101.47 ABŞ dolları faiz, 1769.7 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 12903.74 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.

3. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(012)- 1548/2021 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh4 xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6032.57 (altı min otuz iki ABŞ dolları əlli yeddi sent) ABŞ dolları, faiz borcuna görə 5101.47 (beş min yüz bir ABŞ dolları qırx yeddi sent) ABŞ dolları, cərimə borcuna görə 50 (əlli ABŞ dolları) ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 (yeddi yüz otuz beş ABŞ dolları beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11919.09 (on bir min doqquz yüz on doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə tutmanın yönəldilməsi, həmin mənzilin likvid satış qiymətinin 32000 (otuz iki min) manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 11919.09 (on bir min doqquz yüz on doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə məhkəmə xərclərinə görə 60 (altmış) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi, Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzili boşaldaraq həmin mənzildən çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1, 317, 319.1, 319.6, 385.1, 425.1, 439.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 467, 739.1, 739.2-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33, 39.3, 59.2, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh4 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(012)-1548/2021 nömrəli qətnaməsinin ləğv edilib, xx.xx.2015ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6032.57 (altı min otuz iki ABŞ dolları əlli yeddi sent) ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə "xxxx" İKB ASC ilə bağlandığı kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 26 faizlə, 36 ay müddətinə 11400 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 30.2 kv.m yaşayış, 13.3 kv.m yardımçı sahədən ibarət 12 nömrəli evin 2 nömrəli mənzilini xx.xx.2015-ci il tarixli ipoteka müqaviləi ilə bank qarşısında ipoteka qoymuşdur. Kredit müqaviləsi üzrə ödənişlərimi vaxtı-vaxtında yerinə yetirsə də, sonradan maddi çətinliyi ucbatından ödənişlərində gecikmələr yaranmışdır. Hazırda İddiaçı ASC-nin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 6032.57 ABŞ dolları əsas borcun tutulması hissəsində razıdır, lakin faiz və cərimə borcunun məbləği yüksək olduğundan razılaşmır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Cavabdeh1 (Cavabdeh4 hüquqi varisi) apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

11. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.

13. Məhkəmə kollegiyası qeyd olunan cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

16. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

17. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

18. Maddə 319.1. Əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

22. Maddə 421.2. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

26. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

29. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

30. Maddə 467. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

33. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanun

34. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

35. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

36. Maddələr 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

37. Maddə 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir.

38. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir.

39. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər.

Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddianın qismən təmin olunması baradə yeni qətnamə çıxarılmalıdır.

49. Belə ki, iş materiallarında olan kreditor "xxxx" ASC və borcalan Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana istehlak məqsədi ilə 36 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 26 faiz olmaqla 11400 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür.

50. "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh4 xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 11400 ABŞ dolları, faiz borcuna görə 5135,28 ABŞ dolları olmaqla, cəmi 16535,28 ABŞ dolları borcundan hər ay 459.31 ABŞ dolları (sonuncu ay isə 459.43 ABŞ dolları) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

51. "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh4 Nikoyl İKB ASC-dən kredit müqaviləsi üzrə 11400 ABŞ dolları krediti imza etməklə təhvil almışdır.

52. İddiaçı ASC-nin Cavabdeh4 ünvanladığı xx.xx.2020-ci il tarixli, 5852 saylı xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

53. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzili Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 12 saylı reyestr kitabının 10 saylı vərəqində qeydiyyata alınmışdır.

54. İpoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan və borcalan Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan xx.xx.2015-ci il tarixli 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilini Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklü etmişdir.

55. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindan görünür ki, Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 12 saylı reyestr kitabının 10 saylı vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzili xx.xx.2015-ci il tarixli 22-G1-1-0- 318-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətə Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır.

56. İpoteka saxlayan İddiaçı ASC-nin ipoteka qoyan Cavabdeh4 ünvanladığı xx.xx.2020-ci il tarixli, 5853 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank ipoteka qoyana kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə xəbərdarlıq etmişdir.

57. İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 6822 saylı ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş ********** nömrə ilə qeydə alınmış, bildirişin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu ödənilmişdir.

58. İddiaçı ASC-nin xx.xx.20210-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə 6032.57 ABŞ dolları əsas, 1769.7 ABŞ dolları cərimə, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 16582.27 ABŞ dolları, kreditin bitmə tarixinə isə 5101.47 ABŞ dolları faiz borcu vardır.

59. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli, 22-G1- 1-0-318-15 saylı kredit müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və həmin müqavilə üzrə borcu yaranmışdır.

60. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı bank müqavilə üzrə əsas, faiz və cərimə borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.

61. Cavabdehin apellyasiya şikayəti ilə kredit müqaviləsi üzrə kredit borcu ilə razılaşmamış, belə olan halda tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

62. Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 9/5042 saylı rəyi ilə müəyyən olur ki, İddiaçı ASC və Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 banka 18 avqust 2018-ci il tarixə 9642, 91 ABŞ dolları əsas və 2924,47 ABŞ dolları faiz borcu vardır.

63. Kredit müqaviləsi üzrə tələb edilən əsas borc məbləği ilə cavabdeh apellyasiya şikayətində razı olması göstərmiş və kredit müqaviləsi üzrə borcun həmin həcmdə təmin olunmasını xahiş etmişdir.

64. Qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu, birinci istansiya məhkəməsinin müəyyən etdiyi məbləğ həcmində olması təsdiqini tapsa da, faiz borcunun həmin məbləğdən azdır.

65. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi cavabdehin banka olan son ödənişləri nəzərə alınmaqla işin faktiki hallarına uyğun olub, digər sübutlarla öz təsdiqini tapdığına görə əsas sübut kimi qəbul edilib, kredit müqaviləsi üzrə faiz borcu 2924,47 ABŞ dolları məbləğində müəyyən olunmalıdır.

66. Birinci instansiya məhkəməsi tərəfindən 1769,7 ABŞ dolları cərimə məbləği azaldılaraq 50 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

67. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan cərimə məbləği qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğundur.

68. İddia tələbinin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 ABŞ dolları məbləği hissəsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddasinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

70. İşin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır.

71. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 21 oktyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 303888 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4 16 oktyabr 2022-ci il tarixdə “ilkin lokalizasiyasının bədxassəli yenitörətməsi” səbəbindən ölmüşdür, bu barədə akt qeydləri kitabında 21 oktyabr 2022-ci il tarixdə 473 nömrəli qeyd aparılmışdır.

72. Göründüyü kimi Cavabdeh4 apellyasiya şikayəti verdikdən sonra məhkəmə kollegiyasının araşdırması zamanı ölmüşdür.

73. Mərhumun övladı – Cavabdeh1 ərizə ilə məhkəmə kollegiyasına müraciət edib, iş üzrə 16 oktyabr 2022-ci il tarixdə ölmüş atasının hüquqi varisi qismində tanınmasını və əvəz edilməsini xahiş etmişdir.

74. 16 oktyabr 2022-ci il tarixdə ölmüş Cavabdeh4 onun hüquqi varisi olaraq Cavabdeh1 ilə əvəz edilmişdir.

75. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunub – qətnamə - «сavabdeh Cavabdeh4 xx.xx.2015-ci il tarixli 22-G1-1-0- 318-15 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 5101.47 (beş min yüz bir ABŞ dolları qırx yeddi sent) ABŞ dolları iddiaçı X3 Cəmiyyətinin xeyrinə tutulsun» hissəsində ləğv edilərək Cavabdeh4 hüquqi varisi Cavabdeh1 2924,47 (iki min doqquz yüz iyirmi dörd ABŞ dolları qırx yeddi sent) ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və qətnamə- «сavabdehdən xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə cərimə borcuna görə 50 (əlli ABŞ dolları) ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 (yeddi yüz otuz beş ABŞ dolları beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldilsin, həmin mənzilin likvid satış qiyməti 32000 (otuz iki min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 (altmış) manat iddiaçı X3 Cəmiyyətinin hesabına keçirilsin, Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzili boşaldaraq həmin mənzildən çıxarılsın, iddia ərizəsi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

76. Qətnamə-«сavabdehdən xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6032.57 (altı min otuz iki ABŞ dolları əlli yeddi sent) ABŞ dolları iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun» hissəsində mübahisələndirilməmişdir.

77. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

78. Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 9/5042 saylı rəyi ilə bağlı tədqiqatın dəyəri 50 (əlli) manatdır.

79. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyi üçün ekspertiza tədqiqatına xərclənmiş 50 (əlli) manat pulun 18,50 manat hissəsi İddiaçı ASCdən və 31.50 manat hissəsi isə Cavabdeh4 hüquqi varisi Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(012)-1548/2021 nömrəli qətnaməsi - «сavabdeh Cavabdeh4 xx.xx.2015-ci il tarixli 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 5101.47 (beş min yüz bir ABŞ dolları qırx yeddi sent) ABŞ dolları iddiaçı X3 Cəmiyyətinin xeyrinə tutulsun» hissəsində ləğv edilsin. Cavabdeh4 hüquqi varisi Cavabdeh1 2924,47 (iki min doqquz yüz iyirmi dörd ABŞ dolları qırx yeddi sent) ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə-«сavabdehdən xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə cərimə borcuna görə 50 (əlli ABŞ dolları) ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 (yeddi yüz otuz beş ABŞ dolları beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda, , məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldilsin, həmin mənzilin likvid satış qiyməti 32000 (otuz iki min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 (altmış) manat iddiaçı X3 Cəmiyyətinin hesabına keçirilsin, Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzili boşaldaraq həmin mənzildən çıxarılsın, iddia ərizəsi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamə-«сavabdehdən xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6032.57 (altı min otuz iki ABŞ dolları əlli yeddi sent) ABŞ dolları iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun» hissəsində mübahisələndirilməmişdir. Ekspertiza tədqiqatına xərclənmiş 50 (əlli) manat pulun 18,50 manat hissəsi İddiaçı ASC-dən və 31,50 manat hissəsi isə Cavabdeh4 hüquqi varisi Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar