Məhkəmə qərarları › İş №2(105)-196/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-196/2023

14.08.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-196/2023 14.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iş üzrə (Açar sözlər:kredit müqaviləsi üzrə əsas və faiz borcun, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın likvid dəyəri) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-314/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 49599 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 MTK bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 7-xx-xx- 2015-AS nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə "xxxx" ASC arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzil "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzilin qiyməti 68744 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 7xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcu 30450,99 manat əsas borc, 5806,04 manat faiz borcu olmaqla, cəmi borcu 36257,03 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 9/9465 №-li ekspert rəyindən görünür ki, maliyyə arayışı, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2021-ci il tarixinədək banka olan əsas borcu 30660,84 manat, faiz borcu 3347,24 manat təşkil edir. “X6 Mərkəzi” MMC-nin 26 fevral 2022-ci il tarixli, YDQM № 012-016/2022 №-li ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51 kv.m, yaşayış sahəsi 31,3 kv.m, yardımçı sahəsi 19.7 kv.m olan 2 otaqlı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 59700 manat, likvid dəyəri 56000 manat müəyyən edilmişdir Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş “B+Ş Audit” Konsaltiq MMC-nin xx.xx.2023-cü il tarixli M25/22 nömrəli qiymətləndirmə hesabatında göstərilmişdir ki, Cavabdeh1 məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ev 6, mənzil 140 ünvanında yerləşən mənzilin orta bazar qiymətini 62000 manat və likvid dəyərini 58000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2272 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-AS saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu əsas borc üzrə 30660.84 manat, faiz borcu üzrə 4786.59 manat olmaqla cəmi 35447.43 manat məbləğində müəyyən edilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3841 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-AS saylı kredit müqaviləsoinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu əsas borc üzrə 30660.84 manat, faiz borcu üzrə 5744.55 manat olmaqla cəmi 36435.39 manat məbləğində müəyyən edilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 7- xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 30450,99 manat əsas borc, 3412,26 manat faiz borcu olmaqla, cəmi borcu 33863,25 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil-Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2016-cı il tarixli, 7xx-xx-2015-AS nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Abşeron Rayon Məhkəməsinə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 30450,99 manat əsas borc, 5806,04 manat faiz borcu olmaqla, cəmi borcu 36257,03 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2016-cı il tarixli, 7-xx-xx- 2015-AS nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 7-28-01- 2015- AS nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 49599 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh2 MTK ilə xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə bank arasında xx.xx.2016-cı il tarixli, 7-xx-xx-2015-AS nömrəli ipoteka müqaviləsi bağlanmış və cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-314/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 30450,99 manat əsas borc, 5806,04 manat faiz borcu olmaqla, cəmi 36257,03 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2016-cı il tarixli, 7-xx-xx- 2015-AS nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi, hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakı ilə birlikdə tərk etməsi, Cavabdeh1 ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, Cavabdeh1 evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi, iddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsinin rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 9/9465 №-li mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Elman Məmmədov). Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 7-xx-xx- 2015-AS nömrəli kredit müqaviləsindan irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 MTK-dan öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzil 68744 manat qiymətləndirilmişdir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 425.1, 443.1, 445.1, 445.2.1, 448.1, 472.1, 472.2, 472.3 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh1 qızı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(012)- 3130/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları düzgün və obyektiv qiymətləndirməmişdir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 9/9465 №-li ekspert rəyindən görünür ki, maliyyə arayışı, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 7- xx-xx-2015-AS nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2021-ci il tarixinədək banka olan əsas borcu 30660,84 manat, faiz borcu 3347,24 manat təşkiledir. Həmçinin İddiaçı "xxxx" ASCiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 7- xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 30450,99 manat əsas borc, 3412,26 manat faiz borcu olmaqla, cəmi borcu 33863,25 manat təşkil etdiyini göstərmişdir. Lakin məhkəmə Məhkəmə-mühasibatlıq ekspertizasınını rəyində göstərilənlərə (əsas borcu 30660,84 manat, faiz borcu 3347,24 manat) heç birinə məbləğə məhəl qoymadan borcu 36257 manat borcun olduğu barədə qətnamə qəbul etmişdir. X6 Mərkəzi MMC-nin 26.020.2021-ci il tarixli keçirilmiş ekspertizasının likvid qiymətləndirilməsində göstərilən məbləğ ilə qəti razı deyiləm. Mənzil hazırkibazar dəyəri ilə müəyyən olunmaqla yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası müəyyən edilərək qiymətləndirilməsi üçün ekspertiza müəyyən olunmalı və eksperiza təkrar aparılmalı, mənzilə real bazar qiymətlərinə uyğun qiymət verilməlidir. Çünki mənzilin real bazar dəyəri 120000 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 9/9465 №-li ekspert rəyindən görünür ki, maliyyə arayışı, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2015- ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixinədək banka olan əsas borcu 30660,84 manat, faiz borcu 3347,24 manat təşkil etdiyi göstərilmişdir. Lakin Məhkəmə bu sübutu nəzərə almamış düzgün qiymətləndirməmiş və əlavə olaraq 2.248,95 AZN hesablamış və ekspertin sübut kimi əlavə etdiyi rəyə heç bir məhəl qoymadan qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. İşə baxılan zaman məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli, mübahisə predimentinin real bazar dəyəri və kredit üzrə hesablanmış faiz məbləği müəyyən edildikdən sonra yeni qətnamə qəbul etməlidir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X7 apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ...39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışının həddini Cavabdeh1 münasibətdə qətnamənin iddianının təmin edilmiş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz borcunun məbləğinin və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilməli, tutulmalı olan faiz borcunun məbləği 5774.55 (beş min yeddi yüz yetmiş dörd manat əlli beş qəpik) manat müəyyən edilməli, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzilin ilkin satış qiyməti isə likvid dəyəri məbləğində - 58000 manat məbləğində müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya baxışının predmeti olan hissədə mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 (bundan sonra cavabdeh) müvafiq kredit müqaviləsi üzrə ödənişləri vaxtında edə bilmədiyindən, borc öhdəliyi yaranmışdır (özü bu halı qəbul etmişdir). İşin apellyasiya baxışının predmeti olan hissədə mübahisəli halı ondan ibarətdir ki, cavabdeh ipoteka predmeti olan əmlakın likvid dəyərinin və kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun məbləğinin düzgün müəyyən edilmədiyini əsas gətirərək, məhkəmə qətnaməsini həmin hissədə mübahisələndirir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə birinci instansiya tərəfindən aparılan araşdırma zamanı müvafiq kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcun məbləğinin müəyyən edilməsi ilə bağlı müvafiq məhkəmə ekspertizası təyin edilsə də, buna dair ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə məhkəməyə daxil olmuş, iddia tələbində qeyd edilmiş əsas və faiz borcun məbləği artırılaraq əsas borcun məbləği 30450,99 manat, faiz borcun məbləği 5806,04 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilən yazılı ərizəni icraata qəbul etsə də, bununla bağlı araşdırma aparmamış, həmin hissədə yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlərə istinad edilərək, iddia tələbini bu hissədə təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlər üzrə hesablamaların aparılması iddiaçının özü tərəfindən həyata keçirildiyindən, bu hal qeyd edilən sənədlərin mötəbərliyini şübhə altına almış olduğundan, cavabdeh qeyd edilən hissədə müvafiq məhkəmə qətnaməsini mübahisələndirməkdə haqlı olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, bununla bağlı məhkəmə araşdırması zamanı müvafiq məhkəmə ekspertizası keçirilmiş, ekspert rəyi əsasında müqavilə üzrə yaranmış əsas borcun məbləğinin 30660,84 manat, faiz borcun məbləğinin 5774,55 manat olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən isə qeyd edilən ekspert rəyinin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müqavilə üzrə yaranmış əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində (30450,99 manat) müvafiq ekspert rəyi ilə öz təsdiqini tapdığından, habelə iddia tələbi məhz qeyd edilən məbləğdə olduğundan, iddia tələbindən kənara çıxılması qanunvericiliyin tələbinə zidd olduğundan, habelə apellyasiya şikayəti məhz cavabdeh tərəfindən verildiyindən, müvafiq məhkəmə qətnaməsi yaranmış əsas borcun məbləğinin müəyyən edilməsinə dair mübahisələndirilən hissədə dəyişdirlmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası müqavilə üzrə yaranmış faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı hissədə onu qeyd edir ki, iddiaçı iddia tələbi üzrə yaranmış faiz borcun məbləğinin 5806,04 manat olduğunu qeyd etsə də, buna dair heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir (təqdim etdiyi sənədlər onun özü tərəfindən aparılmış hesablamaların nəticəsini özündə ehtiva edir ki, bu hal da özlüyündə həmin sənədlərin mötəbərliyini şübhə altına alır). Müvafiq ekspert rəyinə əsasən yaranmış faiz borcunun məbləğinin 5774,55 manat olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən də həmin halı təkzib edən, şübhə altına alan heç bir dəlil təqdim edilməmişdir. Göründüyü kimi, qeyd edilən hissədə birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, bununla da gəldiyi nəticə yalnış olmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə müqavilə üzrə yaranmış faiz borcun məbləği məhz sonuncu ekspert rəyi əsas götürülməklə, müəyyən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin mübahisələndirilən hissədə dəyişdirilməli, faiz borcunun məbləği 5774,55 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ipoteka predmetinin qiymətinin müəyyən edilməsi hissəsində də razılaşmayaraq qeyd edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən əmlakın ilkin satış qiyməti mübahisələndirilmiş, ona görə də həmin əmlakın likvid qiymətinin müəyyən edilməsi işin mahiyyəti üzrə düzgün həll edilməsi üçün əhəmiyyətli hal olduğundan müvafiq məhkəmə eskpertizası təyin edilmiş, ekspert rəyi əsasında ipoteka predmeti olan əmlakın likvid dəyərinin 58000 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ipoteka haqqında qanunvericiliyinin qeyd olunan normasının tələbinə əsasən məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi qeyd olunan maddəyə istinad etməklə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsində qeyd olunmuş qiymət əsasında (56000 manat məbləğində) müəyyən etmişdir. Göründüyü kimi sonuncu ekspert rəyi üzrə ipoteka predmeti olan əmlakın dəyərinin 58000 manat məbləğində müəyyən edilməsi halı özlüyündə cavabdehin apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halı qismən təsdiq etsə də, əmlakın dəyərinin 120000 manat olması halını təkzib edir. Bundan əlavə, cavabdeh tərəfindən həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmiş, heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən də bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, ipoteka premdeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə likvid dəyəri məhz sonuncu ekspert rəyi (58000 manat) əsas götürülməklə, müəyyən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilməli, əmlakın ilkin satış qiyməti 58000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qalan hissədə əsassız olduğundan, təmin edilməməli, qalan mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, qeyd olunanları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz borcunun tutulması və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilməli, müqavilə üzrə tutulmalı olan faiz borcunun məbləği 5774.55 (beş min yeddi yüz yetmiş dörd manat əlli beş qəpik) manat müəyyən edilməli, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzilin ilkin satış qiyməti isə likvid dəyəri məbləğində - 58000 manat məbləğində müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti qismən təmin edildiyindən, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 99 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Aparılmış məhkəmə mühasibatlıq ekspertizalarının tədqiqat dəyəri olan 200 manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-314/2022 nömrəli qətnaməsi qismən- cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 5806,04 manat faiz borcu tutulması hissəsində dəyişdirilsin və tutulmalı olan faiz borcunun məbləği 5774.55 (beş min yeddi yüz yetmiş dörd manat 55 qəpik) manat müəyyən edilsin. Qətnamə ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzilin ilkin satış qiymətinin 56000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin və həmin mənzilin ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri 200 (iki yüz) manat Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 99 manat məbləğində dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar