Məhkəmə qərarları › İş №2(105)-11/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-11/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-11/2024 14.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(012)-143/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, məhkəmə ekspertizası xərci 50 manat müştərək qaydada İddiaçı, Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1nin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında ona məxsus olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.055 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, qanunsuz olaraq daş hasara alınmış mərzin cavabdehin hesabına sökülməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Təxminən 8 il əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Saray Bələdiyyəsindən 0,055 ha torpaq sahəsi almış, 2014-cü ildə isə həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Torpaq sahəsini aldıqdan sonra heç bir tikinti işləri aparılmamış, hasara alınmamışdır. Təxminən 3 ay əvvəl sözügedən mülkiyyətində olan torpaq sahəsinə baxmaq üçün getdikdə, orada ona məxsus torpaq sahəsinin hasara alındığını görmüş və bu barədə maraqlandıqda qardaşı Səbuhi ona məxsus torpaq sahəsini Fuad adlı şəxsin hasara alaraq zəbt etdiyini bildirmişdir. Məsələyə aydınlıq gətirmək üçün Fuad adlı şəxslə telefon əlaqəsi zamanı o, həmin torpaq sahəsini zəbt etmədiyini, hasara aldığı torpaq sahəsinə onun sənədinin olduğunu bildirmişdir. Bundan sonra o ƏMDK DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, ona məxsus 0,055 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərkən məlum olmuşdur ki, Fuad adlı şəxsin hasara aldığı torpaq sahəsi Cavabdeh1, Cavabdeh1 zəbt edərək hasara aldığı torpaq sahəsi isə ona məxsus torpaq sahəsidir. Bunun səbəbini soruşduqda isə sözügedən torpaq sahəsində sürüşmələrin olduğunu, bu səbəbdəb də ona yenidən ƏMDK DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsinin sərhədlərinin yenidən dəqiqləşdirilməsini məsləhət gördülər. Belə olan halda o yenidən ƏMDK DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, nümayəndə GPS vasitəsi ilə torpaq sahəsini ölçərək, hər hansı bir sürüşmənin olmadığını, ona məxsus torpaq sahəsinin yerində olduğunu və Cavabdeh1 tərəfindən qanunsuz olaraq hasara alındığını bildirdi. Cavabdehə onun torpaq sahəsindən çıxmasını, qanunsuz olaraq tikdiyi hasarı sökməsini bildirdikdə cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. O, Abşeron Polis İdarəsinə müraciət edərək cavabdehin qanunsuz olaraq onun torpaq sahəsini zəbt etdiyini bildirdikdə, mülki xarakterli olduğuna görə mübahisənin məhkəmə qaydasında həll oluna biləcəyini bildirdilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadığından, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş ekspertiza üzrə mütəxəssisin verdiyi tamamilə əsassız, qeyri-obyektiv və anlaşılmaz rəyinə istinad edərək yalnış nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini torpaq sahələrinin sənəd üzrə yerləşmələri ilə naturada yerləşmələri arasında fərqin mövcud olması səbəbindən tərəflərin mülkiyyətində olan torpaq sahələrinin sənəd üzrə yerləşmələri ilə naturada yerləşmələri arasında fərqin mövcud olması səbəbindən iddiaçının torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunması halını müəyyən etmək mümkün olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçıya məxsus sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün olmadığı müəyyən edilərək iddia tələbi təmin edilməmiş, iddiaçı həmin nəticədən narazı qalaraq apellyasiya qaydasında mübahisələndirmişdir. İş üzrə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində 0.055 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın cavabdehin hesabına sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/5927 №li ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-7309/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Dövlət Aktına əsasən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, RX seriyalı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində kənd təsərrüfatı təyinatlı İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış 0,055 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, MH seriyalı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində kənd təsərrüfatı təyinatlı Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0,18 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, MH seriyalı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində kənd təsərrüfatı təyinatlı Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0,18 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Məhkəmə kollegiyası tərəfindən 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işləri yekunlaşdırılmamışdır. Göründüyü kimi iddiaçı ilk növbədə cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinin ona məxsus olduğunu sübut etməli olduğu halda Mülki Məcəllənin 157.2. və Mülki Prosessual Məcəllənin 77.1. maddələrinə əsasən bu halı sübut edə bilməmişdir. Bu o halda mümkün ola bilər ki, həmin ərazidə aparılmış yerquruluşu ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi və elektron kadastr məlumat bazasına daxil edilməsi proseduru tam yekunlaşdırılmış olsun. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu iddianın rədd edilməsi mübahisəli ərazidə yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işləri yekunlaşdıqdan sonra iddiaçının ona məxsus torpaq sahəsini zəbt etmiş şəxsə qarşı iddia qaldırmaq hüququnu istisna etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar