Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1102/2025 02.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: miras, fərdi evə köçürülmə) X13 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçıların nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "torpaq sahəsində olan fərdi evə köçürülmə" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(060)-384/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsində olan fərdi evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0,1 ha (10 sot) torpaq sahəsində olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0.1 ha (10 sot) torpaq sahəsi mərhum ataları X7 məxsus olmuşdur. Mərhum ataları xx.xx.2017-ci ildə vəfat etmişdir (AZ-İ N-869743 saylı ölüm haqqında şəhadətnamə). X5 vəfatı tarixinə qanun üzrə vərəsələri-övladları İddiaçı3, X3, X2 və ikinci arvadı Cavabdehdır (hazırki iddia tələbində cavabdeh). xx.xx.1018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" ilə mərhumun vərəsələri olan iddiaçılara Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanmda yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsindən 3/4 hissə, əmlakın 1/4 hissə isə Cavabdeh xx.xx.2018ci il tarixində 2V-329 reyestr nömrəli vərəsəlik hüququna haqqında şəhadətnamə ilə verilmişdir. Torpaq sahəsindən cavabdeh istifadələrinə imkan vermir. Torpaq sahəsində yeganə olan giriş-çıxış qapısını bağlayaraq əraziyə girişlərinə şərait yaratmadığına görə iddiaçılar müdaxilənin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdurlar. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-556/2021 saylı qətnaməsi ilə torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi qət edilmişdir. Həmin qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini alsa da, cavabdeh torpaq sahəsinə girmələrinə və orada inşa edilmiş evə girib yaşamaqlarına imkan vermir. Nəticədə torpaq sahəsində inşa edilmiş mənzildən təyinatı üzrə istifadə edə bilmirlər. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edirlər.
3. Cavabdeh məhkəməyə etiraz təqdim edərək iddia ərizəsinin tam rədd edilməsini xahiş etmişdir. Miras qoyan X6 xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla alilə qurmuşdur. Birgə nikahdan övladları yoxdur. Rəsmi nikahda olduqları X9 uzun sürən xəstəlikdən sonra xx.xx.2017-ci ildə ölmüşdür. İddiaçılar əri X5 əvvəlki nikahdan olan övladlarıdır. xx.xx.2018-ci ildə Qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnaməyə əsasən ona miras əmlakdan ¼ hissədə pay müəyyən edilib. İddiaçılar onun mülkiyyət və istifadəsində olan həmin torpaq sahəsinin bir hissəsində (0.250kvm) öz vəsaiti hesabına inşa etdiyi fərdi evə köçürülmələrini tələb edirlər. İddiaçılar onun ailə üzvi deyil, fərdi ev ona məxsusdur, həmin evdə öz ailə üzvləri ilə birgə yaşayır. Ərinin ölməsi ilə qohumluq münasibətləri kəsilmişdir. İddiaçılar analarına məxsus evə köçmələrini tələb edə bilərlər. İddiaçılar köçürülmələrini tələb etdikləri ev və evin yerləşdiyi torpaq sahəsi ona məxsusdur. Ona görə də iddia təmin edilə bilməz, iddia ərizəsi rədd edilməlidir.
4. xx.xx.2018-ci il tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X5 vərəsələri İddiaçı3, İddiaçı2 və İddiaçı1 miras əmlakdan ¾ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X7 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsindən ibarətdir. Əmlakın 1/4 hissəsinə xx.xx.2018ci il tarixdə 22V-329 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
5. AZ-İ 869743 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixə 287 nömrə ilə qeyd edilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-556/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 məxsus (¾ hissədə) Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən edilən müdaxilə qadağan edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1047/2022 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-556/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin olunmamışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixxli, 2(102)-5432/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)- 1047/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 xüsusi mülkiyyət hüququ üzrə 1/4 hissədə Cavabdeh, 1/4 hissədə İddiaçı2, 1/4 hissədə İddiaçı1 və 1/4 hissədə İddiaçı3 payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-602/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ** BB *** dövlət qeydiyyat nişanlı, “OPEL VECTRA” markalı avtomobilin dəyəri olan 6500 manat müəyyən edilmiş və ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobilin dəyəri olan 6500 manat pulun vərəsələr Cavabdeh, İddiaçı3, İddiaçı2 və X2 arasında bərabər bölünməsi qət edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-445/2022 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-602/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-40/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-3969 saylı, 0,10 ha olan torpaq sahəsinin 1 hissəsinin, yəni 0.025 ha ölçüdə Cavabdeh aid hissədə naturada bölünməsi qət edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2358 nömrəli, 14 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza nəticəsində Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 3/4 və 1/4 hissədə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(060)-1704/2012 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X11 ilə Nümayəndə arasında 26 oktyabr 1985-ci il tarixdə Kirov vilayəti, Kirov-Çepetska şəhər VVAQ şöbəsində rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx xxxxx 1996-ci il təvəllüdlü İddiaçı3 anası Nümayəndə himayəsində və tərbiyəsində saxlanılması, X4 xx xxxxx 1996-ci il təvəllüdlü İddiaçı3 yetkinlik yaşına çatana qədər saxlanması üçün 04 may 2012-ci il tarixdən başlayaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq Nümayəndə verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
15. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(060)-384/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0,1 ha torpaq sahəsində olan fərdi yaşayış evinə köçürülmələri, Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.3, , 215.1, 215.3, 1243.1, 1243.2, 1157, 1157-1, 1157-1.1, 1157-1.2 və 1157-1.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
17. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(060)-384/2025 nömrəli qətnaməsinin tam ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin hakimi X1 həmin mülki işə baxarkən Qanununverciliyin tələblərini kobudcasına və dəfələrlə pozduğuna görə barəsində xüsusi qərardad qəbul edib Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasına göndərilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qüvvədə olan qanunverciliyin mahiyyət və tələblərinə ziddir, ona görə də ləğv edilməli və iddia tələbi tam rədd edilməlidir. İstinad edilən maddi hüquq normasına görə mülki hüquq subyektləri bərabərdir. İşə baxan məhkəmə hüquqları olmadığı halda, iddiaçılara üstün hüquq tanımış, müvafiq ekspertiza təyin edib keçirmədən, iddiaçıların heç bir əsası olmayan iddia ərizəsini qətnaməsinə köçürərək qanunsuzluq etmişdir. İddia ərizəsinin məhz hansı əsasa və sübuta görə təmin edilməsi aydın deyil. Qətnamə hüquq düşüncəsindən kənardır, beləki həm onun, həmdə həmin ünvanda yaşayan digər ailə üzvlərinin hüquqları məhkəmə tərəfindən pozularaq məhdudlaşdırmışdır. Məhkəmə qərəzli olaraq iddiaçıları onun vəsaiti hesabına inşa edilmiş, övladları ilə birgə yaşadıqları yaşayış sahəsinə heç bir qohumluq əlaqəsi olmayan şəxsləri köçürmüşdür. İddiaçılar qanundan kənar, heç bir əsası olmayan iddia qaldırmışlar. Məhkəmə isə hüquqlarını bərpa etmək əvəzinə, Qanunverciliyin mahiyyətinə zidd qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci ildə ölmüş X5 adına xx.xx.2012-ci ildə Sumqayıt şəhəri, X16, B3969 nömrəli, 0.1 ha toraq sahəsi DƏDRX-in ********** qeydiyyat nömrəli dövlət reyesterindən çıxarış olub. Miras qoyan N.İsmayılov xx.xx.2017-ci ildə ölmüş, həmin miras xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ¾ hissəsədə iddiaçılar, ¼ hissədə payı o, almalıdır. Hər birinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri vardır. Məhkəmə isə vərəsəlik hüququ ilə mənzil hüquqlarını “qarışdıraraq” ziddiyyətli, anlaşılmaz və söz yıgınağından ibarət qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi sübutlara yox, etimallara əsasən qəbul edilmişdir. Etirazında iddiaçıların heç bir subyektiv hüquqlarının olmadığını, iddia ərizəsinin əsassız olduğunu göstərib, tələbin rədd edilməsini xahiş etmişdir. Etirazına onunla iddiaçılar arasında əvvəllər olmuş 4 məhkəmə qətnaməsinin surətini əlavə etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə torpaq sahəsi paylara naturada bölünərək, 0.025 ha. ölçüdə ona ayrılmışdır. Həmin hissədə onun evi var, məhkəmə onun mülkiyyətində olan evə başqalarının köçrülməsi barədə qətnamə qəbul edərək qanunsuzluq etmişdir. İddiaçların torpaq sahəsinin satılması tələbi rədd edildikdən sonra ona qarşı evə köçürülmə barədə iddia ərizəsi təmin edilmişdir. İddiaçıların hər birinin ayrıca yaşayış sahəsi olduğu halda, onlar onun inşa etdiyi evə necə, hansı əsasa və qanuna görə köçə bilərlər? Onlar atalarından qalmış evi sataraq onun öz torpaq sahəsində inşa etmiş evinə soxulmaq istəyirlər, bu məqsədlə qeydiyyatda olduqları mənzilin satılmasına etiraz etməyiblər. Mənzil satılıb və Sumqayıt Bağları ərazisində böyük sahəsi olan fərdi ev alıblar. Lakin nədənsə, onun ailəsi ilə birgə yaşadığı evə köçmək istəyirlər. İşə baxan məhkəmə bunları görməzdən gəlir. Məhkəmə maddi hüquq normasının tətbiq edərkən hüquq münasibətlərinə faktları və dəlilləri əlaqəli təhlil etməmişdir. Bu ona dəlalət edir ki, məhkəmə tətbiq etdiyi maddi və prosesual hüquq normalarını qərəzli tətbiq etmişdir. Məhkəmə maddi və prosesual hüquq normalarını tətbiq edərəkən səhvə yol vermişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən və qətnamədən göründüyü kimi iddiaçılar istinad etdiyi halları sübut edə bilmədiyi halda, məhkəmə iddianı təmin etmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətanməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndilmir və yenidən sübut edilmir. Sumqayıt Şəhər Məhkəməsində onunla iddiaçılar arasında 4 dəfə məhkəmə mübahisəsi olub, həm tərəf, predmet eyni, əsaslar da eynidir. Məhkəmə sübutlara obyektiv, qərərsiz, hərtəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sumqayıt Şəhər Məhkəməsi əvvəllər qəbul edilmiş qətanamələrə əhəmiyyət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin həmin qətnaməsi ləğv edilərək iddia tələbi tam rədd edilməlidir. Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmin bağ evində ondan başqa iki gəlini, iki oğlu və bir nəvəsi yaşayır. Məhkəmə onları işə cəlb etməmiş və hüquqlarını kobudcasına pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi hüquq və mənafeyinə, 3-cü şəxslərin marağına toxunmaqla, mövcud qanunlara tamamilə zidd və hüquq düşüncəsindən kənar qəbul edilmişdir. Ona görə də tam ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İşə mahiyyəti üzrə baxan hakim maddi və mülki prossesual hüquq normaları kobudcasına pozmuşdür. Məhkəmə qərarı dəlillərə və sübutlara əsasən qəbul edilməyib. Qətnamə subyektiv mülahizələrə əsasən qəbul edilmiş və iddiaçı tərəfin təqdim etdiyi əsası olmayan etimallara əsaslanmışdır. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyil.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
21. İddiaçıların nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iş üzrə iddiaçılar və cavabdeh xx.xx.2017-ci il tarixdə ölmüş X5 vərəsələridir. Mərhumdan miras kimi Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinə tərəflərin hər birinin 1/4 hissədə payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Torpaq sahəsi tərəflərin paylı mülkiyyətindədir, eləcə də naturada bölgü aparılmamışdır. Mübahisəli torpaq sahəsində bir fərdi yaşayış evi vardır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçılar mübahisəli torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin də atalarından miras qaldığını iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişlər.
30. Cavabdeh iddiaya etiraz edərək həmin fərdi yaşayış evinin ona məxsus olduğunu və ona ayrılmış torpaq sahəsi üzərində olduğunu göstərmişdir.
31. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.
32. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-3969 saylı, 0,10 ha olan torpaq sahəsi hər bir vərəsəyə ¼ hissədə pay düşməklə tərəflərin (4 vərəsənin) paylı mülkiyyətindədir. Sözügedən torpaq sahəsi hazırda faktiki olaraq naturada ayrılmamışdır. Torpaq sahəsinin Cavabdeh aid hissədə naturada bölünməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli 2(060)-40/2020 saylı qətnaməsi olsa da, həmin qətnamə hal-hazıradək icra edilməmişdir.
33. Eyni zamanda məhkəmə hesab etmişdir ki, sözügedən qətnamə tərəflər arasında miras əmlakın naturada ayrılması ilə bağlı mübahisəni tam həll etməmişdir. Belə ki, qətnamənin məzmununda Sumqayıt şəhəri, Novxanı bağ massivi B-3969 saylı, 0,10 ha olan torpaq sahəsinin 0.025 ha hissəsinin hansı qaydada (yeri və koordinatları göstərilməklə) Cavabdeh naturada ayrılaraq bölünməsi qeyd edilməmişdir.
34. Beləliklə, məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətində olduğundan və hal-hazırda tərəflər arasında naturada bölünmədiyindən, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən də tərəflərin miras əmlak kimi birlikdə istifadə etmək hüquqları vardır.
35. Məhkəmə qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermşdir.
36. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparıb, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası eləcə də vurğulayır ki, qanunvericiliyin tələbinə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu baxımdan kollegiya hesab edir ki, miras kütləsini təşkil edən torpaq sahəsində yerləşən fərdi yaşayış evi vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur, iddiaçılar da vərəsə olaraq cavabdehlə bərabər həmin əmlakdan istifadə etmək hüququna malikdirlər. Mübahisəyə bu konteksdən yanaşan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır.
38. Məhkəmə kollegiyası xüsusi qərardadın qəbul edilməsinə dair apellyatorun xahişinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 394.1-ci maddəsinə əsasən İşə Apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. Araşdırılan mübahisə üzrə məhkəmə araşdırması zamanı prosessual normaların kobud pozulması aşkar edilməmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(060)-384/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.