Məhkəmə qərarları › İş №2(105)-1103/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1103/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1103/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(012)-882/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(012)-882/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Elman Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1969-cu il təvəllüdlü Cavabdeh1, 1969-cu il təvəllüdlü Cavabdeh2, 1998-ci il təvəllüdlü Cavabdeh3 və 1999-cu il təvəllüdlü Cavabdeh4 onun mülkiyyətində olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 50 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsiz və əsassızdır. Qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk növbədə bildirir ki, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 50 ünvanında yerləşən 4 otaqdan ibarət yaşayış sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı, 24.11.2011-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Orada həyat yoldaşı və uşaqları ilə yaşayır. Mənzildə qeydiyyatda olan qardaşı Cavabdeh1, onun keçmiş həyat yoldaşı Cavabdeh2, uşaqları Cavabdeh3 və Cavabdeh4 qalmaqdadır. Qardaşı Cavabdeh1 Cavabdeh2 ilə nikaha girdikdən sonra onun evinə qeydiyyata düşmüş, sonradan uşaqları doğulmuşdur. Bir müddət sonra, 2003-cü ildə onların münasibətləri pisləşmiş, nikahları pozulmuşdur. X4 başqa şəxslə ailə həyata qurmuş, Cavabdeh2 uşaqları ilə birlikdə 2004-cü ildən köçüb başqa yerə getmişlər. Həmin vaxtda onun mənzilində formal qeydiyyatda qalmışlar. Artıq 15-16 ildir ki, cavabdehlərin formal qeydiyyatları mənzildə qalmaqdadır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(012)-882/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(012)-882/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti, Xırdalan şəhəri, 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmiri Sahəsi tərəfindən verilmiş, 09 dekabr 2019-cu il tarixli, 1516 saylı 2 nömrəli forma arayışından görünür ki, Xırdalan şəhəri, 27-ci məhəllə 1A nömrəli, 5 mərtəbəli evin 3 mərtəbəsində 59,85 kv.m sahəsi olan 4 otaqlı 50 saylı mənzil İddiaçı məxsusdur və həmin evdə İddiaçı ilə birgə Cavabdeh1 09.01.1990-cı ildən və Cavabdeh2 2000-ci il tarixdən qeydiyyatdadırlar. İş materiallarında olan 21 noyabr 2011-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki,X1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən hədiyyə verən Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 50 ünvanında yerləşən ümumi sahəsi 82,75 kv/m, yaşayış sahəsi 59,99 kv/m, yardımçı sahəsi 22,75 kv/m olan 4 otaqlı mənzili hədiyyə alana, yəni İddiaçı bağışlamışdır. İş materiallarında AR ƏMDK yanında DƏDMA-nin MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 50 ünvanında yerləşən mənzil **********7 qeydiyyat nömrəsi ilə, 24.11.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən tərəflər arasına hüquq münasibətlərinin 01 oktyabr 2009-cu ilədək yaranmasını, bu səbəbdən mübahisəyə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrini tətbiq etsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və daimi yaşamaq üçün başqa yaşayış sahəsinin olması barədə hər hansı bir sübutun təqdim edilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər hazırki iş üzrə iddiaçının qardaşı və onun keçmiş həyat yoldaşı, uşaqlarıdır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında nikah 2004-cü ildə pozulmuş, Cavabdeh1 yenidən ailə qurmuş, cavabdehlər həmin tarixdən mübhaisəli evdə yaşamamışdır. İş materiallarında olan (i.v.15-16) Abşeron rayon İcra Hakimiyyəti Kommunal Təsərrüfat İstismarı Təmir Birliyi 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin 12.06.2020-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 Hüseyn oğlu Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 50 ünvanında qeydiyyatda olsalar da orada yaşamırlar. Cavabdehlərin mübahisəli evdə yaşamamaları iş materiallarında olan cavabdehlərin adına göndərilmiş məktublar ilə də müəyyən edilir. Belə ki, cavabdehlərin adına qeyd edilən ünvana göndərilmiş məhkəmə bildirişləri “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi cavabdehlərin mübahisəli mənzildə yaşamamalarına dair sübutun təqdim edilməməsi əsası ilə iddianı təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfin göstərdiklərinə əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaması müəyyən edilir. Bununla da iş materialları ilə müəyyən edilir ki, cavabdehlər formal olaraq mübahisəli mənzildə qeydiyyatda olsa da 2004-cü ildən həmin mənzildə yaşamırlar. Məhkəmə kollegiyası cavabdehlərin 2004-2005-ci ildə mübahisəli mənzili tərk etmələrini, 15 ildən artıq bir müddətdə həmin mənzildə yaşamamalarını və bu müddət ərzində mənzildən istifadə hüquqlarını həyata keçirmək üçün hər hansı cəhd etməməsini onun qeyd olunan mənzildə istifadə hüquqlarını saxlamaq niyyətinin olmaması, onların mənzildən birdəfəlik getməsi kimi qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün həmin Məcəllənin 87-ci maddəsində göstərilən əsaslar, yəni cavabdehin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi halı hazırki işdə mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçıya məxsus evi 2004-2005-ci ildən tərk etmiş və həmin tarixdən hazırki günədək onuların həmin mənzildə yaşaması iş materialları ilə təkzib edilir. Bu səbəbdən də cavabdehlərin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(012)-882/2020 saylı ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(012)-882/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus Xırdalan şəhəri, 27-ci məhəllə 1A saylı evin 50 saylı mənzilinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hüququ itirilmiş hesab edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar