Məhkəmə qərarları › İş №2(105)-1104/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1104/2023

10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1104/2023 10.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 (sonuncu məhkəmə iclasına gəlməmişdir), Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-474/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-503/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, X8 AR CM-nin 263.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

2. əmin hökmədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs X8 ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.

3. Bu hökmdən görünür ki, məhkəmə X3 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal müəyyən etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-503/2022 saylı cinayət işi materillarının 1ci cildində olan:

5. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin iş üzrə Cavabdeh1 zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır. (İş.v 60)

6. Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə imzalanmış **********993 saylı ərizəyə əsasən, Cavabdeh1 X3 törətdiyi avtoqəza nəticəsində vəfat etmiş X1 hüquqi varisi olaraq bildirmişdir ki, X8 ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. (İş.v 86)

7. xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisinin dindirilməsi protokolundan görünür ki, Cavabdeh1 X3 qohumlarının ondan üzrxahlıq etdiklərini və buna görə də onun Elşənə qarşı heç bir şikayəti, iddiası və tələbinin olmadığını bildirmişdir. (İş.v 87-88)

8. İddiaçının nümayəndəsi Vəkil1 Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi Səid Məmmədova ünvanlanmış və xx.xx.2021-ci il tarixdə idarəyə daxil olmuş ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs X1 qanuni rəsmi nikahda olduğu arvadı İddiaçı zərərçəkmişin hüquqi varisi kimi tanınmağını xahiş etmişdir. (İş.v 179-88)

9. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, Cavabdeh1 isə zərərçəkmişin hüquqi varisi kimi fəaliyyətinə xitam verilmişdir. (İş.v 226-227)

10. xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisinin dindirilməsi protokolundan görünür ki, İddiaçı X2 hər hansı bir şikayət və tələbinin olmadığını, sürücünün yaxınları tərəfindən qaynanası Firuzəyə ödənilmiş olan 30000 manat məbləğində pulu mülki qaydada qaynanasından məhkəmə yolu ilə tələb edəcəyini bildirmişdir. (İş.v 232- 233)

11. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-503/2022 saylı cinayət işi materillarının 2ci cildində olan:

12. Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xx.xx.2022-ci il tarixdə, Birinci vitse-prezidentin Katibliyinə xx.xx.2022-ci il tarixdə və Azərbaycan Respublikası Prezident Administrasiyasına xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizələrindən görünür ki, Elşən Əmirovun qohumları tərəfindən ona 30000 manat məbləğində pulun təklif edildiyini, dəfələrlə onunla danışıqlar aparıldığını, onun heç bir şəkildə təklif olunan pulu qəbul etmədiyini, sonradan qəzaya səbəb olan Elşən Əmirovun anasız-atasız, himayəsində 6 aylıq körpəsinin olduğunu bildikdən sonra şikayətini geri götürərək sonuncuların təklifi ilə barışıq imzaladığını, həmçinin həmin 30000 manat pulun Sumqayıt şəhər 4 saylı notariat kontorunun bank hesabına yoldaşı Cavabdeh2 adına köçürüldüyünü, bir neçə gün sonra pulun yoldaşı tərəfindən çıxarıldığını bildirmişdir. Həmçinin o pul ona verilərkən pulun mərhum oğlunun yas mərasiminə görə verildiyi də bildirilmişdir. (İş.v 8-9)

13. xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı qaynanası Cavabdeh1 barışdığını gördükdən sonra onun da qarşı tərəflə barışıq əldə etdiyini, Cavabdeh1 kompensasiya alıb amma nəvələri ilə bölüşmədiyini demişdir. (İş.v 50)

14. Həmin protokoldan görünür ki, Cavabdeh1 kompensasiya kimi alınan pulun oğlunun ilinə xərcləndiyini bildirmişdir. (İş.v 50)

15. Bu protokoldan görünür ki, Cavabdeh1 30000 manat pulu aldığını, uşağının yas mərasiminə xərclədiyini, o puldan gəlinə və nəvələrinə heç nə vermədiyini və pulun hamısının xərcləndiyi demişdir. (İş.v 53-54)

16. Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə imzalanmış **********368 saylı ərizədən görünür ki, İddiaçı X3 törətdiyi avtoqəza nəticəsində vəfat etmiş şəxs X1 hüquqi varisi olaraq bildirmişdir ki, X8 ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. (İş.v 59)

Birinci instansiya məhkəməsində icraat 17.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 manat məbləğində pulun və 180 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18.İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü ildə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X9 və X4 anadan olmuşdur. X5 xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Opel Vectra” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin X3 idarə etdiyi “LEXUS GS 350” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vəfat etmişdir. Qəza hadisəsi X3 təqsiri nəticəsində baş vermiş və o, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-503/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinmişdir. Cavabdehlər iddiaçının qayınanası və qayınatasıdır. Onlar yol-nəqliyyat hadisəsi baş verəndən sonra özlərini zərərçəkmiş şəxsin hüquqi varisi kimi təqdim edərək, təqsirkar şəxs Elşən Əmirovla barışmaq, ondan şikayətçi olmamaq üçün onun ailə üzvlərindən 30000 manat pul alaraq mənimsəmişlər və aldıqları kompensasiya məbləğini iddiaçıya və onun iki azyaşlı övladına verməli olduqları halda verməmişlər. Sumqayıt Şəhər Məhkəməsində cinayət işinə baxılarkən Cavabdeh1 qarşı tərəfdən 30000 manat kompensasiya aldığını və həmin məbləğdən iddiaçıya və onun övladlarına bir qəpik də olsun vermədiyini etiraf etmişdir. Bu barədə məhkəmə iclas protokolu və audio-video çəkiliş mövcuddur. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı tanınmış, o, cavabdehlərin təqsirləndirilən şəxsdən 30000 manat alaraq şikayətçi olmamaları barədə ərizə verdiklərini nəzərə alaraq, humanistlik göstərərək, təqsirləndirilən şəxsdən şikayətçi olmamışdır. Göründüyü kimi cavabdehlər iddiaçının və onun övladlarının almalı olduqları kompensasiyanı almaqla əsassız varlanmışlar və iddiaçını həmin məbləğdən məhrum etmişlər. 19.Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-474/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 manat məbləğində pulun və 180 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsinə dair iddiası təmin edilməmişdir (hakim Əfqan Ələkbərov) 20.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəli halı olan sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən 30000 manat pulun birbaşa yas mərasiminə və bununla əlaqəli digər işlərə sərf olunduğu, yoxsa cavabdehlərə ödənildiyi ilə əlaqədar məhkəmə belə hesab edir ki, göstərilən məbləğ Cavabdeh2 adına notariat ofisinin bank hesabına qoyulmaqla təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Belə ki, pul ödənilməsini Cavabdeh1 istintaq zamanı verdiyi ifadələrində göstərməmiş, məhkəmə iclaslarında isə ümumi şəkildə demiş, yalnız cinayət işi materiallarına əlavə olunmuş müxtəlif qurumlara ünvanlanmış ərizələrində bu barədə müfəssəl yazmışdır. Həmin ərizələrdən isə aydın olur ki, sözügedən məbləğ təqsirləndirilən şəxs (və ya ailə üzvləri, yaxud yaxınları) tərəfindən Cavabdeh2 adına notariat ofisinin bank hesabına qoyulmuşdur. Bu müraciətlərin Cavabdeh1 tərəfindən sərbəst şəkildə, hər hansı qurumda və vəzifəli şəxsin yanında olmadan rahat şəraitdə yazıldığını nəzərə alaraq, məhkəmə onları bu halı aydınlaşdırmaq üçün daha mötəbər sübut kimi qiymətləndirərək göstərilən nəticəyə gəlir. Eyni zamanda Cavabdeh1 zərərçəkmişin hüquqi varisi qismində tanınması (xx.xx.2021-ci il), təqsirləndirilən şəxslə barışması barədə yazdığı ərizə (xx.xx.2021-ci il), həmçinin avtoqəzanın baş verməsi (xx.xx.2021-ci il) tarixlərinə əsasən məhkəmə hesab edir ki, həmin məbləğ göstərilən qaydada Cavabdeh1 zərərçəkmişin hüquqi varisi olduğu zaman ödənilmişdir. 21.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliklərinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Odur ki, iddia əsassızdır. İddiaçının tələbin cavabdehlərin əsassız varlanmalarına görə irəli sürülməsi, eləcə də şəhid ailələri üçün nəzərdə tutulmuş 11000 manat məbləğindəki birdəfəlik ödəməyə tətbiq olunan qaydaya uyğun kompensasiyanın bölgüsü dəlili ilə məhkəmə razılaşmır. Belə ki, mülki qanunvericilik əsassız varlanmaya hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi anlayışını vermişdir. İşin faktiki hallarından aydın olur ki, cavabdehlərə ödənilmiş pul iddiaçının əmlakı olmamış, ödəniş zamanı Cavabdeh1 zərərçəkmiş şəxsin hüquqi varisi olmuş, eyni zamanda cinayət və cinayət prosessual qanunvericilik zərərçəkmiş və təqsirləndirilən şəxslərin barışmalarını hər hansı ödənişlə şərtləndirməmişdir. Şəhid ailələri üçün nəzərdə tutulmuş 11000 manat məbləğindəki birdəfəlik ödəmə müvafiq normativ hüquqi aktla nəzərdə tutulmuş, bu ödəncə hüquqi status verilmişdir. Hazırki iddianın predmeti olan ödənişin statusu, verilməsi və verilmə qaydası isə hər hansı normativ hüquqi aktla müəyyən olunmamış, ümumiyyətlə indiki işin hallarına uyğun hallarda barışıq şərti kimi nəzərdə tutulmamışdır. 22.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsi, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1-ci bəndi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 474/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 24.Şikayətin dəlilləri: 25.Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi əsassız varlanmadan əmələ gəlməmişdir. Belə ki, əsassız varlanan şəxs məhrum olanın hesabına əmlak əldə etməlidir. Cavabdehlərin əldə etdikləri 30 min manat isə iddiaçıya məxsus əmlak deyil. Məhkəmənin bu mövqeyi ilə qətiyyən razılaşmaq olmaz. Əsassız varlanmanın şərti o deyildir ki, əsassız varlanan şəxs məhz məhrum olana məxsus əmlakı əldə etmiş olsun. Məhrum olanın əldə etməli olduğu əmlakı ələ keçirmiş şəxs də əsassız varlanmış şəxs hesab olunur. Çünki əsassız varlanmış şəxs həmin əmlakı əldə etməsəydi onu məhrum olan əldə edəcəkdi. Göründüyü kimi, məhkəmə ciddi hüquqi səhvə yol vermiş maddi hüquq normasını düzgün təfsir etməmişdir. 26.Məhkəmə bu qənaətə gəlmişdir ki, şəhid ailələri üçün nəzərdə tutulmuş 11000 manat məbləğindəki birdəfəlik ödəmə müvafiq normativ hüquqi aktla nəzərdə tutulmuş, bu ödəncə hüquqi status verilmişdir. Hazırki iddianın predmeti olan ödənişin statusu, verilməsi və verilmə qaydası isə hər hansı normativ hüquqi aktla müəyyən olunmamış, ümumiyyətlə indiki işin hallarına uyğun hallarda barışıq şərti kimi nəzərdə tutulmamışdır. Halbuki, maddi hüquq normasının olmaması, iddianın rədd olunmasına əsas vermir, məhkəmə bu halda qanunvericiliyin analogiyasını tətbiq etməli olduğu halda, bunu etməmiş, bununla da maddi hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 27.Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 28.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir.. 29.Məhkəmə kollegiyasının iclasında iddiaçı Əlibəyova Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 30.İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. 31.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. 32.Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi 33.Maddə 181.5. Cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 34.Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 35.Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 36.Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. 37.Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 38.Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 39.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 40.Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 41.Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə olan vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 42.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45.Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 46.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 47.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri 49.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 50.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 51.Verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-474/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 52.Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-474/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18000 manat pul alınaraq İddiaçı verilməlidir. 54.İşin halları ondan ibarətdir ki, X5 xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Opel Vectra” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin X3 idarə etdiyi “LEXUS GS 350” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vəfat etmişdir. Qəza hadisəsi X3 təqsiri nəticəsində baş vermiş və o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinmişdir. xx.xx.2021-ci il tarixdə həmin cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmış, xx.xx.2022-ci il tarixdə İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, Cavabdeh1 isə zərərçəkmişin hüquqi varisi kimi fəaliyyətinə xitam verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən barışıq əldə olunması məqsədilə 30000 manat xərc çəkilmişdir. Zərərçəkmiş şəxsin həm əvvəlki (Cavabdeh1), həm də sonrakı (İddiaçı) hüquqi varisləri təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. İddiaçı cavabdehlərin onun və övladlarının almalı olduqları kompensasiyanı almaqla əsassız varlanmalarını və iddiaçını həmin məbləğdən məhrum etmələrini əsas gətirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. 55.Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 56.Kollegiya qeyd edir ki, iş materialları ilə Cavabdeh1 və İddiaçı 1(060)-503/2022 nömrəli cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınması, təqsirləndiriən şəxslə barışmaqla əlaqədar 30000 manatın Cavabdeh1 (Cavabdeh2un hesabına) ödənilməsi öz təsdiqini tapmışdır. Bu, işin mübahisəsiz halıdır. Mübahisəli məsələ ödənilmiş 30000 manat pulun Cavabdeh1 tərəfindən oğlunun dəfni üçün xərclənibxərclənməməsi, həmin puldan zərərçəkmiş şəxsin digər hüquqi varisi hesab edilən arvadı İddiaçı da verilib-verilməməsidir. 57.Kollegiya qeyd edir ki, Cavabdeh1 ödənilmiş 30000 manat pulun oğlunun dəfni üçün xərclənildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 58.Məhkəmə kollegiyası qanunun analogiyasını tədbiq edərək, ölənin uşaqlarının, arvadının, valideynlərinin birinci növbədə olan bərabər pay hüquqlu vərəsə olmasını nəzərə alır. Digər tərəfdən cinayət posessual qanunvericilik cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxsin öldüyü halda mülki iddia vermək hüququnun onun varislərinə keçməsini nəzərdə tutmuşdur. 59.İddiaçı ölmüş zərərçəkmiş şəxs X1 hüquqi varisi olduğundan və himayəsində iki uşağının olması nəzərə alındığından məhkəmə kollegiyası hesab edir ki, törədilmiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxs tərəfindən barışıq əldə olunması məqsədilə ödənilmiş 30000 manatın zərərçəkmiş şəxsin valideynləri və iki uşağı himayəsində saxlayan arvadı (ümumilikdə 5 nəfər) arasında bərabər bölünməsi (hər birinə 6000 manat) məqsədəmüvafiqdir. 60.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-474/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18000 manat pul alınaraq İddiaçı verilməlidir. Eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 180 manat dövlət rüsumunun 108 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. 61.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-474/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18000 (on səkkiz min) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 180 manat dövlət rüsumunun 108 (yüz səkkiz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı verilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar