Məhkəmə qərarları › İş №2(105)-1105/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1105/2023

02.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1105/2023 02.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qarşı sahiblikdən məhrumedilmənin aradan qaldırılması və yaşayış evindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X14 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil2, üçüncü şəxs X2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-357/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı sahiblikdən məhrumedilmənin aradan qaldırılması və yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin əşyaları ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, “Yaşıl Dərə” yaşayış massivi 1-ci məhəllədə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin iyun ayından Sumqayıt şəhəri, “Yaşıl Dərə” yaşayış massivi, 1-ci məhəllə ərazisində sahəsi 100 kvadratmetr olan torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin inşasına başlamışdır və 2022-ci ilin sentyabr ayında qeyd olunan evin inşasını başa çatdırmışdır. Sonradan maddi çətinlikləri yarandığından və pula ehtiyacı olduğundan qeyd olunan yaşayış evini satmaq məcburiyyətində qalmış və bu barədə evi 28.000(iyirmi səkkiz min) AZN manata satmaq istəyini bir neçə alqı-satqı vasitəçilərinə-maklerlərə bildirmişdir. Alqısatqı vasitəsiçi-makleri olan tanışı Elməddin adlı şəxs 2022-ci ilin sentyabr ayının təxminən 25-28-də onunla görüşərək bildirmişdir ki, evə bir müştəri tapıb, qohumudur və evi müştəriyə öz evi kimi təqdim edib, 28.000 manata razılaşıb, sonra Elməddin ona 8.000 (səkkiz min)AZN manat beh qismində pul verərək, bildirmişdir ki, alıcının istəyinə görə evdə xırda tamamlama işləri görəcək və bu məqsədlə ondan evin açarlarını götürmüş, pulun qalan 20.000(iyirmi min)AZN hissəsini evdə xırda tamamlama işləri başa çatdıqdan sonra 2022-ci ilin oktyabr ayının 15-nə qədər alıcı verəcəkdir. O, Elməddinə inanmış və behi götürərək, evin açarlarını ona vermişdir. Elməddin daha sonra ona demişdir ki, razılıq versin evin kommunal ödənişlərini alıcının adına keçirsin. O, buna qəti etiraz etmiş, bildirmişdir ki, bunu ancaq evin dəyəri ona tam şəkildə ödənildikdən və alıcı evə köçdükdən sonra edə bilər. Bir müddət sonra o, evə gedərək Elməddinin və onun tanış ustalarının evdə xırda tamamlama işlərinin apardıqlarını görmüşdür. Artıq 2022-ci ilin oktyabr ayının 15-də Elməddin ona zəng etmiş və demişdir ki, bir-iki günə alıcı ilə gəlib pulun qalan 20.000(İyirmi min) manat hissəsini tam şəkildə ödəyəcəklər və evi alıcıya təhvil verəcək. O, yenə Elməddinə inanmış və gözləməyə başlamış, lakin iki gün keçdikdən sonra Elməddindən bir xəbər olmadığına görə ona telefonla zəng etmiş, Elməddinə zəng çatmamışdır. O, Elməddinin ona məlum olan digər nömrələrinə də zəng etmiş, ancaq həmin nömrələrə də zəng çatmamışdır. O, narahat olub evinin yerləşdiyi ünvana gəldikdə görmüşdür ki, evinə bir ailə köçüb. O, cavabdehə özünü təqdim edib demişdir ki, bu evin sahibidir, onlar icazəsiz evə necə daxil olublar. Cavabdeh ona bildirmişdir ki, Elməddin adlı makler onları evə köçürdüb, bu evi Elməddindən alıblar. O, cavabdehə bildirmişdir ki, bu evin sahibi odur, Elməddin bu evi onlara sata bilməz. O, cavabdehdən Elməddinə nə qədər pul ödədiyini soruşmuşdur. O bildirmişdir ki, Elməddinə 28.000 AZN pul verib, bu məbləğin 2.000 (iki min) AZN hissəsini 2 ay bundan qabaq “Xəzər” bağları adlanan ərazidə Elməddinin təmir və təhvil verəcəyi ev üçün ona vermiş, lakin sonradan Elməddin cavabdehə bildirib ki, həmin evdə guya bir nəfər şəxs özünə qəsd edərək doğrayıb, bu səbəbdən cavabdeh həmin evi almaqdan imtina etdiyi üçün Elməddin ona bu evi göstərərək bildirib ki, ev onundur, xırda tamamlama işləri başa çatdıqdan sonra cavabdeh ailəsi ilə birlikdə evə köçüb yaşaya bilər. O, cavabdehə əşyalarını götürüb evi tərk etməyi və Elməddinlə münasibətlərini aydınaşdırmağı bildirmiş, cavabdeh buna etiraz etmiş və evi tərk etməyəcəyini bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq, Elməddin adlı şəxsin ona qarşı dələduzluq edərək, aldatdığını və məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Onun müraciəti əsasında hazırda Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində təhqiqat aparılır. Polis bölməsində ona məlum olmuşdur ki, Elməddin bir neçə şəxsə qarşı dələduzluq edərək külli miqdarda maddi ziyan vurmuşdur və hazırda onun barəsində bir neçə təhqiqat işləri aparılaraq axtarışa verilmişdir. Nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil1 xx.xx.2022-ci il tarixli, 1161/2022 nömrəli sorğusuna əsasən Sumqayıt ŞPİ- nin 3-cü PB-də toplanmış NK-1/2094 nömrəli material üzrə sənədlərin surətləri onlara təqdim edilmişdir. Həmin materiala əlavə edilmiş cavabdehin izahatında da o, açıq aydın bildirir ki, evi ona Elməddin adlı şəxs satıb öz evi adı ilə, onunla cavabdeh arasında heç bir sövdələşmə və alqı-satqı olmayıb, cavabdeh ailə üzvləri ilə birlikdə özbaşına onun iradəsinə zidd ona məxsus evə giriblər və hazırda da evindən çıxmaq istəmirlər və onu da evinə buraxmırlar. Cavabdehin ailə üzvləri ilə birlikdə onun fərdi yaşayış evini zəbt etdiklərini Sumqayıt şəhəri, “Yaşıl Dərə” yaşayış massivi 1-ci məhəllədə yaşayan qonşuları: X3, X5, X11, X6, X8 da təsdiq edə bilərlər. Hazırda o, hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin onun evinə heç bir hüququ yoxdur. Cavabdehin onun iradəsinə zidd evini zəbt etməsi və onu ora buraxmaması onun sahiblik hüquqlarınıı məhdudlaşdırır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmir, onu tamamilə əsassız hesab edir və bildirmək istəyir ki, iddiaçı hazırki iddia tələbini qaldırmaq hüququ olmayan şəxsdir. Belə ki, onun özünün olduğunu iddia etdiyi evə hər hansı bir hüququnun olduğunu təsdiqləyən sübutu olmadığı və Cavabdeh yaşadığı evin yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədi olmadığı halda o hazırki iddianı qaldırmış və həmin iddia tələbinə bununla bağlı hər hansı bir sənəd əlavə olunmamışdır. Qeyd edilən ev Sumqayıt şəhər Yaşıl Dərə yaşayış massivi, 1-ci məhəllədə yerləşir, lakin bu ünvanda minlərlə fərdi yaşayış evi tikilmiş və burada inşa edilən tikililər «özbaşına» tikililər hesab olunur. Cavabdeh özünə məxsus olan bina evini sataraq həyət evi almaq qərarına gəlmiş və bu məqsədlə Elməddin adlı şəxslə tanış olmuşdur. Elməddin ona əvvəlcə Sumqayıt şəhər Xəzər bağlar sahəsində ev təklif etmiş və həmin evi 20000 manata almaq barədə razılaşmış, lakin evin mübahisəli olduğunu görüb hazırki evi 28000 manata almaq barədə razılığa gələrək bu evi almışdır. Həmin evdə təmir işləri aparılmadığı üçün cavabdeh öz şəxsi vəsaiti hesabına evə təmir üçün materiallar almış, ustalar işlətmiş və onların zəhmət haqqını ödəmişdir. Ev yaşayış üçün yararlı vəziyyətə gətiriləndən sonra o ailə üzvləri ilə bu evə köçmüş və yaşadığı müddətdə də əlavə qalan işləri gördürmüşdür. Bu müddət ərzində iddiaçı bir dəfə də olsun onları narahat etməmişdir, bu evə görə Elməddinə pulun verilməsi ilə bağlı sübutlar vardır, eyni zamanda həmin evin hansı vəziyyətdə alındığını, sonradan həmin evdə təmir işlərinin aparıldığını və oraya kombi istilik sisteminin çəkildiyini təsdiqləyən şahidlər də vardır və həmin şahidlər məhkəmə prosesinə dəvət olunacaqlar. İddiaçı iddia tələbində qeyd edir ki, həmin evi o satmaq istəmiş və bu barədə Elməddinə demiş, Elməddin də evi sataraq ona 8000 manat beh pul vermiş, lakin qalan pulu verməmişdir. Bu fakt özü onu təsdiqləyir ki, iddiaçı «özünün» olduğunu bildirdiyi bu evi Elməddinə satmaq üçün vermiş və Elməddin də onun iradə ifadəsini həyata keçirməklə evi satmış, hətta ona 8000 manat beh də vermişdir. Cavabdeh həmin evi aldıqdan sonra orada bir müddət təmir işi aparmışdır, əgər həqiqətən də iddiaçı qalan pulu Elməddindən almamışdırsa, onda nə üçün evdə təmir gedən vaxt bir dəfə də olsun gəlib onu narahat etməmiş və Elməddinin ona pulu tam olaraq ödəmədiyini bildirməmişdir? Hətta artıq cavabdeh evə köçəndən sonra da iddiaçı bu ünvana gəlmiş, onun orada yaşadığını görmüş və «xeyirli olsun» demişdir, yəni iddiaçı cavabdehin evə köçərək orada yaşamasından məlumatlı olmuşdur, lakin evi qalan pulunun ödənilməməsi barədə cavabdehə deməmişdir. Bundan başqa artıq evdə təmir işləri gedən vaxt evin pulu Elməddinə tam olaraq ödənilmişdir. Bu evin sahibi kimi hamı Elməddini tanımışdır, hətta evdə təmir işləri gedən vaxt usta tapmaq, təmir üçün lazımi materialları almaq prosesində də Elməddin cavabdehin yanında olmuş, iddiaçı bir dəfə də olsun bu işlərə müdaxilə etməmişdir. Bu evi Elməddin öz evi kimi təqdim etmiş, lakin qonşuluqda olan evi iddiaçı ilə şərikli tikdirdiyini və bu səbəbdən də həmin evi baha satdıqlarını cavabdehə bildirmişdir. İddiaçı ilə Elməddinin arasında bu evə görə pulun ona ödənilib-ödənilməməsi ilə bağlı mübahisə varsa, iddiaçı Elməddinə qarşı pul tələbi iddiası qaldırmalıdır, lakin onun özünün ifadəsinə əsasən «behini» aldığı evə köçürülən bir ailəni həmin evdən çıxarmaq barədə iddiasının hər hansı bir hüquqi əsası yoxdur. Əvvəla bu evin üzərində onun hər hansı bir hüququ qeydə alınmamışdır, 2-cisi onun iradə ifadəsinə uyğun olaraq bu tikili satılmış və dəyəri də onun etibar etdiyi şəxsə ödənilmişdir, belə olmasaydı, həmin evi Elməddin onlara göstərməzdi, evin dəyəri ilə bağlı razılaşma Elməddinlə aparılmazdı və behi Elməddin qəbul etməzdi, evi onlara Elməddin təhvil verməzdi, bu proseslərin hər hansı birində iddiaçı da iştirak edərdi. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Elməddin sentyabr ayının 25-28-də onunla görüşərək evə alıcı tapdığını, həmin evi 28000 manata razılaşdığını və evi müştəriyə öz evi kimi təqdim etdiyini bildirmiş və 8000 manat aldığı behi də ona vermişdir. Onun öz ifadəsi ilə yanaşdıqda belə bir sual yaranır ki, əgər bu barədə məlumatlı idisə, onda nə üçün cavabdehlə görüşərək bu evin əsil sahibi olduğunu bildirməmiş, nə üçün Elməddinin cavabdehlə razılaşdığı qiymətə qane olmuş və 8000 manat məbləğində behi götürmüşdür? Yaxud da cavabdehlə görüşərək Elməddinə nə qədər pul verildiyini onunla dəqiqləşdirməmişdir? Bütün bunlar ona dəlalət edir ki, hazırki evin iddiaçıya hər hansı bir aidiyyəti olmamışdır, o Elməddinin həbs olunmasından sonra görünür, aralarında olan pul probleminin rahat həlli üçün evi alaraq həmin evə köçmüş bir ailənin evdən çıxarılmasını daha rahat bir üsul seçmişdir. Halbuki onun bu evə hər hansı bir hüququ olmadığı üçün bu iddianı da qaldırmağa subyektiv hüququ yoxdur. Elməddinə bundan qabaq cavabdehə təklif olunan evə görə 2000 manat deyil, 20000 manat pul verilmiş, bunun da çəkilişi aparılmış və həmin çəkiliş sübut kimi məhkəməyə təqdim olunacaqdır. İddiaçı iddia tələbində bu evə sahiblik hüququnun olduğunu və bu hüquqdan çıxış edərək cavabdehin bu evdən çıxarılmasını iddia edir, əvvəla iddiaçının bu evə sahiblik hüququ mövcud deyildir, hətta əgər o bu evi tikmişdirsə belə, cavabdeh onun müvəkkil etdiyi şəxsə evin tam dəyərini ödəmiş və həmin evdə tamamlama- təmir işlərini öz şəxsi vəsaiti hesabına aparmaqla bu evə köçmüş və hazırda qeyd edilən ev onun sahibliyindədir. Bütün bunlar iddiaçının etiraf etdiyi kimi onun iradə ifadəsi əsasında həyata keçmişdir.( evin açarını satmaq üçün Elməddinə vermiş, Elməddindən 8000 manat behi qəbul etmiş, hətta Elməddinin özünü evin sahibi kimi cavabdehə təqdim etməsi ilə razılaşmışdır), cavabdeh vicdanlı əldə edən olmaqla bir alıcı kimi üzərinə düşən vəzifəni yerinə yetirmişdir. AR MM-nin 182-ci maddəsinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.Göründüyü kimi hətta qeyd edilən ev iddiaçı tərəfindən tikilmişdirsə belə,cavabdeh həmin tikilinin dəyərini tam olaraq ödəmiş və həmin evə ailə üzvləri ilə köçərək orada yaşayır.İddiaçı beh aldığı və açarını təhvil verdiyi evin cavabdeh tərəfindən guya «zəbt» edilməsi kimi ifadəsinin heç bir məntiqi əsası yoxdur. İddiaçı məhkəmədə hazırki iddianı qaldırdığı bir vaxtda cavabdehi ailə üzvləri ilə bu evdən çıxarmaq üçün hər bir qanunsuz yola əl atır, evə gələn ümumi qaz xəttini (həmin ərazidə onun da şərik olduğu digər evə ümumi xətt çəkilmiş və həmin xətt onun adınadır) kəsdirmiş, özbaşına həyətə çəkilən işıq xəttini qıraraq cavabdehin vəsaiti ilə alınan 20 metrlik işıq kabelini özbaşına aparmışdır və s. Bununla bağlı cavabdeh AR DİN-nin 102 qaynar xəttinə də şikayət etmişdir. Cavabdeh bu evi zəbt etməmiş, evin tam dəyərini ödəməklə bu evə daxil olmuş və evdə sonradan əlavə təmir işləri aparmaqla 7000 manata yaxın vəsait sərf etmişdir. İddiaçının qaldırmış olduğu bu iddia tələbi tamamilə əsassızdır və göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-357/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva).

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının cavabdehin mübahisəli mənzildən çıxarılması barədə hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması müəyyən edilmir.

6. Məhkəmə AR Mülki Məcəlləsinin 4.1-ci maddəsinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən fərdi yaşayış evinin özbaşına tikili olduğu səbəbindən ona məxsus olmaması və bu səbəbdən cavabdehin həmin evdən çıxarılması barədə iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, qeyd edilən fərdi yaşayış evinin onun tərəfindən öz vəsaiti ilə inşa edilməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirlmiş haldır. Mübahisəli fərdi yaşayış evinin cavabdehə hər hansı aidiyyətinin olmaması və həmin evin onun tərəfindən, onun pul vəsaiti ilə inşa edildiyi qonşuların imzaladığı aktla, eləcə də məhkəmənin dinləməkdən imtina etdiyi şahidlərin verməyə hazır olduqları ifadələrlə tam sübuta yetirilir. Eyni zamanda cavabdehin onun ailə üzvü olmadığından, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, cavabdehin ona məxsus fərdi yaşayış evindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, cavabdehin bu səlahiyyəti ən azından fərdi yaşayış evinin sahibi olaraq onun razılığını şərtləndirir ki, onun da də belə razılığı olmamış və indi də yoxdur. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mübahisə predmeti olan evi inşa edən və ona faktiki sahiblik edən şəxs kimi onun belə razılığı olmadığı halda, cavabdehin ona məxsus yaşayış evində yaşaması qanuni və əsaslı sayıla bilməz. Həmin fərdi yaşayış evi onun tərəfindən inşa edildiyindən onun bu evə gözlənilən hüququ vardır. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Zaman-zaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Lakin həmin tikiliyə çəkilən xərclərin tikintini aparan şəxsə məxsus olması ondan bəhrələnmək hüququnun da məhz həmin şəxsə məxsus olmasını ehtiva edir. Mübahisəli evin inşasına çəkilən vəsait onun vəsaiti olduğu üçün ondan bəhrələnmək hüququ da vəsaitin sahibi olaraq onun icazəsi əsasında baş tuta bilər. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının analoji işlər üzrə çıxarılmış müvafiq Qərarında birbaşa əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2791/2022 saylı,xx.xx.2022 tarixli Qərarında məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki,”Kollegiya ilk növbədə onu qeyd edir ki, mübahisə predmetinin özbaşına inşa edilmiş ev, tikili olması özlüyündə həmin tikiliyə, evə ümumiyyətlə hüququn olmaması kimi qəbul edilməməlidir.Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdə inkişaf edir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. ”Göründüyü kimi, müvafiq qanunvericilik aktlarına əsasən və formalaşmış məhkəmə praktikasına uyğun olaraq tikilinin özbaşına tikili olması həmin tikilinin sahibinin bu tikiliyə hər hansı hüququnun olmaması kimi qəbul edilə bilməz. Sözügedən tikilinin onun tərəfindən və onun vəsaiti ilə inşa edilməsi, cavabdehin həmin tikiliyə hər hansı vəsaitinin xərclənməməsi iş üzrə məhkəmıə araşdırmaları zamanı öz təsdiqini tapmışdır. Belə olan halda, onun bu iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması barədə məhkəmənin dəlillərinin qanunvericiliyə zidd olduğu anlaşılır. Çünki özbaşına tikilinin mülkiyyətiçisi olmasa da, həmin tikili ona məxsus olduğundan, onun artıq məvcud olan əmlak hüququ müdafiə edilməlidir ki, o, da məhz bu əmlak hüququnun cavabdehin qanunsuz əməllərindən müdafiə olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə olan halda aydındır ki, məhkəmənin qəbul etdiyi qətnamə üzrə gəldiyi nəticə işin hallarına uyğun deyildir və qanunazidd sayılmalıdır. Onunla cavabdeh arasında mübahisələndirilən fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaqla birlikdə satılmasına dair hər hansı razılaşma olmamış, cavabdeh qarşısında mübahisələndirilən fərdi yaşayış evinin onun sahibliyinə verilməsi ilə bağlı hər hansı öhdəliyi yaranmamışdır. Bu səbəbdən hesab edir ki, o cavabdehə qarşı sözügedən iddia tələbləri ilə məhkəməyə müraciət etməklə haqlı olduğu halda, məhkəmənin gəldiyi nəticə tamamilə yanlış olmuşdur. Onun cavabdeh qarşısında fərdi yaşayış evinin ona satılmasına dair öhdəliyinin əmələ gəlməsi barədə hər hansı razılaşma olmadığı halda onun cavabdehə qarşı deyil, ona qarşı dələduzluq etmiş X4 qarşı iddia tələbi ilə müraciət etməli olduğuna dair məhkəmənin qənaəti kökündən yanlışdır, belə ki, sözügedən fərdi yaşayış evinin alğı-satqısına dair onunla cavabdeh arasında hər hansı yazılı, yaxud şifahi müqavilə bağlanılmamışdır. Məhkəmə bu halda da sadalanan maddi hüquq normasının tətbiqində aşkar səhvə və yanlışlığa yol vermişdir. Məhkəmə mübahisələndirilən fərdi yaşayış evinin onun tərəfindən cavabdehin istifadəsinə verilmədiyini və bununla bağlı aralarında hər hansı razılaşmanın əldə edilmədiyini nəzərə almayaraq həmin evin cavabdehin istifadəsinə keçməsinin hüquqi əsaslarına dair halları aydınlaşdırmamış, mübahisələndirilən fərdi yaşayış evindən cavabdehin istifadəsinin hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin tələb hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyünə dair əsassız nəticədən fərqli nəticəyə gələ bilərdi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, X20 Yaşayış Massivi, 1-ci məhəllədə, 3 sot torpaq sahəsində bir ədəd 2 otaqlı, bir ədəd 3 otaqlı həyət evi inşa etmiş, evin təmiri iyunsentyabr aylarında baş tutmuşdur. Maddi sıxıntıları olduğundan evlərin satılması üçün bir neçə dəllala müraciət etmiş, olardan biri də Elməddin Sadıqov olub. Bir neçə gün sonra Elməddin zəng edib, evə real alıcı olduğunu deyib, 28000 manata razılaşmışlar. Elməddin Sadıqov ona 8000 manat beh verib. Evin kosmetik təmiri tamamlanmışdı, divar kağızı çəkilməli idi. Kombi xətləri hazır idi, amma radiatorlar quraşdırılmamışdı. Mətbəx mebeli, pəncərələrin barmaqlıqları yox idi. Bu zaman Sadıqov Elməddinlə 8000 manat behin ödənişindən sonra belə razılığa gəlmişlər ki, açarları ona versin, müştəri də evi özü üçün natamam işləri tamamlayaraq yaşamağa tam hazır vəziyyətə gətirir. Bu işlər görüləndən sonra 20000 manat da ona ödəniləcəkdi. Bu razılıq əsasında açarı Elməddinə təqdim etmişdir. Ödənişin vaxtı çatanda Elməddinə dəfələrlə zəng etsə də, ona zəng çatmadı. Sonra məlum oldu ki, o, dələduzluqda ittiham olunur. Cavabdehi tapmış, əvvəlcə onunla telefonla əlaqə saxlamış və bildirmişdir ki, Elməddin ona təkcə 8000 manat beh verib. 20000 manat ödənilməmiş qalır. Ona 8000 manatını geri qaytarmağı və evdən çıxmasını, yaxud da ona 20000 manat qalmış borcu ödəməsini təklif etmişdir. O, heç bir razılığa gəlmədi. Bu zaman da məhkəməyə müraciət edib. Evin üzərində hüquqlarımı təsdiq edən sənədlərin hamısını məhkəməyə təqdim edib. Cavabdeh təmir işlərini görəndə Elməddin ona dedi ki, evi alan şəxslər onun qohumlarıdır. Alıcı evin keyfiyyətinə arxayın olsun deyə Elməddin onlara bildirib ki, evi özü tikib. Təmir işləri gedəndə Cavabdeh dəfələrlə görüb. Elməddin Sadıqov barədə polisə müraciət edib, Cinayət işinin başlanıb-başlanmadığını bilmir. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb-tanınmadığını bilmir. Polis bu yaxınlarda onun izahatını alıb. Əvvəlcə Cavabdeh Xəzər bağlarındakı evə görə 20000 manat beh verib. Sonra aldandığını başa düşüb və evinə görə də 8000 manat beh ödəyib. Torpağın sənədi yoxdur. Onun kimin mülkiyyətində olduğunu bilmir. Torpağı satan şəxs ona başqa şəxsin torpağını satmayıb. O, ev tikib satmaqla məşğuldur. 20000 manat qalmış məbləğ ona beh ödəniləndən 15 gün sonra ödənilməli idi. Elməddin Sadıqova qarşı iddia qaldırmamış, polisə şikayət etmişdir. Ona pulu kimin ödəyəcəyinin fərqi yoxdur, istər Elməddin Sadıqovdan, istərsə də Cavabdeh tutulmaqla ona dəymiş ziyan ödənilsin. Ustalardan birinin adı Akif, birinin adı İnamdır. Onlar birinci instansiya məhkəməsində dindirilməyib. Elməddin Sadıqovun barəsində cinayət işi var. İstintaq təcridxanasındadır. O da işə cəlb olunmayıb. Yaşadığı ev mübahisə predmeti olan evdən 200 metr məsafədədir. Ancaq mağazaya gəlib-gedəndə həmin iki otaqlı evi görür. 8000 manat behi və təmir xərcini cavabdehə qaytarmağa razıdır. Sadıqov Elməddin də 20000 manatı cavabdehə ödəsin. Onun evi boşaldılsın. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-357/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Elmədin Sadıqov ona hər iki evi göstərdi, 2 otağlı və 3 otaqlı evə baxdı. Elməddin ona bildirdi ki, 3 otaqlı ev onun deyil, şəriki İddiaçıdur və 44000 manat qiyməti var. Amma iki otaqlı, bu günki mübahisənin predmeti olan evin onun özünün olduğunu bildirdi. Onun 44000 manat ödənişə gücü çatmadı. 2 otaqlı ev üçün 28000 manata razılaşıb. Evə baxmağa gedəndə orada usta işləmirdi. Evə əlavə 7000 manat xərc çəkib. Əgər ev İddiaçı idisə, ona aydın deyil ki, o, təmir işləri görəndə niyə heç bir irad bildirmirdi. Onun gözünun qarşısında o, pəncərələrə barmaqlıqları quraşdırmışdır. Heç bir etirazı olmayıb. Elməddinə verdiyi 20000 manatın İddiaçı çatmaması onun təqsiri deyil. Ona deyilməyib ki, ev İddiaçıdur. Özünü evin sahibi kimi təqdim edən Elməddin Sadıqova borcunu bütövlükdə ödəyib. İndi İddiaçı iddiasını ona qarşı deyil, Elməddin Sadıqova qarşı qaldırmalıdır. 20000 manatı Elməddinə 3 otaqlı ev almaq üçün vermişdi, o ev mübahisəli olduğu üçün onu almaq istəməyib. Evdə işləyən ustaları tanımırdı. Onları Elməddin çağırdı. 2 nəfər usta idi. Ustalara 300 manata kimi zəhmət haqqı verib. Ustalar evdə 20- 25 sentyabr tarixlərində, 5 gün işlədilər. Ustalar işləyəndə İddiaçı orada yox idi. Ustalar da deyirdi ki, 2 otaqlı ev Elməddinə məxsusdur. Evə baxmış və almağa razılaşmışdır. Qalan 8000 manatı da Elməddinə ödəyib. Natamam işləri görmüş və evə köçdmüşdür. O, əşyalarını “166” taksi xidməti ilə yeni evə gətirib. Həmin şirkətin maşınları iri qabaritli maşınlardır. Anar evə köç prosesini görməyə bilməzdi. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)- 357/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-357/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X7 bildirdi ki, mübahisə predmeti olan evi İddiaçı tikmişdi, razılaşıblar ki, o, evi Cavabdeh satsın və ondan evin dəyəri olan pulu tam həcmdə almışdır. Cavabdehin iddiaçıya borcu yoxdur. İddiaçı özü borcludur. İddiaçı ondan da şikayət edib. İş hazırda məhkəmədədir. Anara da bildirmişdir ki, ona 20000 manat borcu var. Şikayətini geri götürməsini xahiş etmişdi. Onun pulunu ödəyəcək. Ev Cavabdeh məxsusdur. Evin qiymətini 28000 manata razılaşmışlar. 8000 manatı Anara verib, 20000 manat onda qalıb. Cavabdeh öz evini satmışdı. Ev Xəzər bağlarında yerləşirdi. 20000 manatı Cavabdeh ona həmin evə görə verdi. Sonra satdığı evdə təmirlə əlaqədar bəzi problemlər çıxdı və Cavabdeh evi istəmədiyini bildirirərək pulunu tələb etdi. Ona evi satdıqdan sonra pulunu qaytaracağını bildirdi. Sonra mübahisəli evi İntiqama göstərdi. Razılaşdılar, 8000 manatı Anara verdi. 20000 manat onda qaldı. Anarın bu barədə məlumat vardı, İddiaçı Cavabdeh köçməyinə razılıq verməsə idi, İntiqam həmin evi təmir edə bilməzdi. Anar pulu vaxtında çatdırmağını dedi. Ondan ev tələb etmədi. Anar polisə şikayət edəndə evi yox, 20000 manatı tələb edib. Apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-357/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

14. Mülki Prosessual Məcəllə 4.1-ci. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-357/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

17. İşdə olan qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, akta imza edənlər İddiaçı Sumqayıt şəhəri ”Yaşıl Dərə” yaşayış massivi, 1-ci məhəllədə, sahəsi 100 kv.m olan torpaq sahəsində, ümumi sahəsi 60 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi inşa etdiyini təsdiq etmişdir.

18. İşdə olan xx.xx.2022-ci il tarixli, 1198 nömrəli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, məhəllə 1-də yaşayır.

19. İşdə olan bildirişdən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, məhəllə 1 ünvanına kommunal xidmətlərin göstərilməsi üçün xx.xx.2022-ci ildə Azərişıq ASC-yə müraciət etmişdir.

20. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlamışdır.

21. İşdə olan xx.xx.2022-cil tarixli qərardan görünür ki, həmin qərar ilə İddiaçı müraciəti əsasında Sumqayıt ŞPİ-nin 5-ci PB-də toplanmış HK-1/998 nömrəli ilkin yoxlama materialının ********* nömrəli cinayət işinə əlavə edilib araşdırmasının davam etdirilməsi qərara alınmışdır.

22. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar ilə İddiaçı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının cavabdehin mübahisəli mənzildən çıxarılması barədə hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması müəyyən edilmir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qeyd etmişdir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli yaşayış sahəsini üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, məhkəməyə yaşayış sahəsinin mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatı ilə müəyyən edilir ki, cavabdehin yaşadığı mübahisəli fərdi yaşayış evi iddiaçı tərəfindən tikilərək satışa çıxarılmış, həmin evi Elməddin Sadıqov vasitəsi ilə cavabdehə 28000 manata satmış, Elməddin Sadıqov həmin məbləğin 8000 manatını iddiaçıya vermiş, qalan məbləği isə cavabdehdən alsa da iddiaçıya verməmişdir.

26. Qeyd edilən hal İddiaçı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs olmaqla, X2 ona qarşı 20000 manat ziyan vurmaqla dələduzluq etməsi faktı məhkəmə hökmü əsasında təsdiqini tapmış, orada da qeyd edilən məbləğin mübahisəli evin satışından əldə olunmuş pul olması müəyyən edilmişdir.

27. İş materiallarında olan eksiz layihədən görünür ki, fərdi yaşayış evinin tikilməsinə dair layihə İddiaçı adına hazırlanmışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmasa da evin İddiaçı tərəfindən tikilməsi, onun qanuni istifadəsində olması, evin onun razılığı ilə satılması tərəflərin izahatı və iş materiallarında olan sənədlərlə təsdiqini tapdığından həmin evə dair İddiaçı subyektiv hüququ olmuşdur.

29. Qeyd edilən halla bağlıı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halı tam araşdırmamış, prosessual qanunvericilik normalarını pozmaqla qətnamə qəbul etmişdir.

30. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual pozuntularla qəbul edildiyindən ləğv edilməli, tələbə yenidən qiymət verilməli, iddia tələbi rədd edilməlidir.

31. Belə ki, iş materiallarında olan sənədlər və tərəflərin izahatı ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli evin alğı-satqısı ilə bağlı hər hansı hərəkət aparılmamış, iddiaçıya ödənilmiş 8000 manat pul cavabdeh tərəfindən deyil, evi cavabdehə satmış Elməddin Sadıqov tərəfindən ödənilmişdir.

32. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus fərdi yaşayış evi onun razılığı əsasında X7 tərəfindən cavabdehə 28000 manat məbləğinə satılmış, həmin məbləğin 20000 manatı cavabdeh tərəfindən Elməddin Sadıqova əvvəl, 8000 manatı sonra verilmiş, həmin məbləğin 8000 manatı Elməddin Sadıqov tərəfindən iddiaçıya verilmiş, qalan 20000 manatın da onu tərəfindən veriləcəyi barədə X13 Sadıqov arasında razılaşma olmuşdur.

33. Bu hallar İddiaçı şikayəti əsasında Sumqayıt ŞPİ-nin 3 saylı polis bölməsində iddiaçının öz tərəfindən verilmiş izahatda da qeyd edilmişdir.

34. İddiaçı polis orqanına ünvanladığı ərizəsində göstərmişdir ki, ona məxsus 2 otaqlı evin satılması üçün Elməddin Həsənov 8000 manat pulu ona vermiş, qalan 20000 manatı da xx.xx.2022-ci il tarixədək ona verəcəyini bildirmiş, lakin həmin pulu vermədiyini, ona 20000 manat maddi ziyan vurduğunu, bu səbəbdən Elməddin Həsənov barəsində qanuni tədbir görülməsini xahiş etmişdir.

35. xx.xx.2022-ci il tarixli, zərərçəkmiş şəxs qismində tanınma haqqda qərarla iddiaçı Anar X1 CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış, həmin qərarda da Elməddin Sadıqovun ona məxsus evi sataraq ona 20000 manat pulu ələ keçirməklə ziyan vurması qeyd edilmişdir.

36. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinin satılmasından əldə edilmiş və ona Elməddin Sadıqov tərəfindən ödənilməmiş 20000 məbləğində pulu Elməddin Sadıqovdan tələb etdiyindən, bununla bağlı polisə ərizə ilə müraciət etdiyindən, Elməddin Sadıqovun CM-nin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edildiyindən, eləcə də fərdi yaşayış evi satılarkən məbləğinin cavabdeh tərəfindən tam ödənilməsi müəyyən edildiyindən iddiaçının hazırki iddia tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququ istisna edilir.

37. Belə ki, iddiaçı artıq həmin evin satışından əldə edilmiş məbləğin 8000 manatını alməş, qalan 20000 manatının isə Elməddin Sadıqov tərəfindən ona ödənilməməsi barədə müraciətlər etmişdir.

38. X10 izahatında iddiaçıya məxsus fərdi yaşayış evinə görə cavabdehdən 28000 manat məbləğində pul almasını, həmin pulun 8000 manatını iddiaçıya verməsini, qalan 20000 manatını öz şəxsi işləri üçün istifadə etdiyindən iddiaçıya verə bilməməsini, həmin məbləğin iddiaçıya borclu olmasını, gələcəkdə qaytaracağını bildirmişdir.

39. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə predmeti olan fərdi yaşayış evi üçün 28000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi tam tədsiqini tapdığından, fərdi yaşayış evində cavabdeh tərəfindən təmir işləri aparıldığından, ev onun istifadəsində olduğundan, eləcə də evin satışından əldə edilmiş pulun qaytarılmayan 20000 manatının ödənilməsi ilə bağlı Elməddin Sadıqovla bağlı müraciətlər edildiyindən hazırki iddia tələbi təmin edilə bilməz.

40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

41. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fərdi yaşayış evinin satışından əldə edilmiş məbləğin 20000 manat hissəsinə dair pulu ona ödəməyən Elməddin Sadıqova qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-357/2023 saylı qətnaməsi ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-357/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı sahiblikdən məhrumedilmənin aradan qaldırılması və yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar