Məhkəmə qərarları › İş №2(105)-1105/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1105/2025

29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1105/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-889/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2024- cü il tarixli qərarının ləğv edilərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 21 saylı mənzilinin qızı X2 adına bağışlanma müqaviləsinin digər şəxslərin razılıqlarının alınmadan rəsmiləşdirilməsini Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, imtinasının qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-889/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 21 saylı mənzili qızı X3 bağışlamasına dair müqavilənin təsdiq olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək bununla bağlı imtinasının qanunsuz hesab edilməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva). Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab edərək iclas barədə tərəflərə məlumat versə də onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, cavabdeh elektron qaydada verdiyi şikayətində apellyasiya instansiyası məhkəməsindən xahişini göstərməmişdir, ümumiyyətlə şikayətin “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-889/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyrimümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357,366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-889/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar