Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1109/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-742/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 16110,41 manat məbləğində pul vəsaitinin və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Fərid Yaqubov). Həmin qərardadan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və işə mülki prosessual qanunvericiliyin tələbləri əsasında baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırki mübahisə üzrə məhkəmə aidiyyatının müəyyənləşdirilməsi zamanı “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına istinad etməsi tamamilə əsassız olmuşdur. Çünki iş materiallarından da aydın olur ki, hazırki mübahisə cavabdehin İddiaçı MMC-də işçi kimi işlədiyi müddət ərzində öz əmək funksiyalarını layiqincə yerinə yetirməməsi nəticəsində vurduğu zərərin ondan tələb edilməsi barədədir. Yəni, hazırki mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir və tərəflər arasında hər hansı kommersiya münasibətləri mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmənin hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinin tələblərinin tətbiq edilməli olduğu qənaətinə gəlməsi də tamamilə əsassızdır. Belə ki, hazırki mübahisə əmək münasibətlərindən əmələ gəlmişdir və əmək mübahisəsidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdikləri “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışın məzmununda mübahisə növü “Əmək mübahisəsi”, mediasiya xərcinin məbləği kimi isə “50 AZN” qeyd edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Fərid Yaqubov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, məhkəməyə iddia ərizəsinin verilməsinə görə 120 manat +10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində dövlət rüsumu ödənilir. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinin tələblərini əsas tutaraq, mediasiya xərci olan 50 manat məbləğində vəsaitin tam şəkildə ödədiklərinə istinad etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda, məhkəməyə müraciət edərkən, mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq, mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi, qanunvericilikdə dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəfin yalnız çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilməsi nəzərdə tutulmuşdur. Lakin, iddiaçı iddia ərizəsində cavabdehdən 16110,41 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etdiyi halda, mediasiya xərci olaraq 50 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq həmçinin apellyasiya şikayətinə dair aşağıdakıları qeyd edir. İddiaçı şikayətində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə istinad etmiş və bildirmişdir ki, qeyd edilən maddəyə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən normada dövlət rüsumundan azad olma hallarının əsas mahiyyəti iddiaçının qanunvericiliklə müəyyən edilmiş rüsumu ödəməyinin onun maddi vəziyyətinə mütənasib olmaqla müəyyən edilməsidir ki, qeyd olunan normanı tətbiq edərkən müraciət edən şəxsin gəlirləri, yaşayış şəraiti nəzərə alınmaqla işçilər dövlət rüsumundan azad olunurlar. Hazırki işdə isə iddiaçı işəgötürən hüquqi şəxs olmaqla normanın təsir dairəsinə düşmür. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməməsinə dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin e-2(074)-742/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1109/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1109/2024
14.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver