Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-111/2024 27.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsinə qarşı sağlamlığa dəymiş ziyana görə ödənişin verilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X14 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsinin, üçüncü şəxs “Azərkimya” İstehsalat Birliyinin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsinə qarşı sağlamlığa dəymiş ziyana görə ödənişin verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1301/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X4 “Xroniki-toksiki bronxit; toksiki maddələrlə xroniki intoksikasiya” diaqnozu təyin edilmiş və bu barədə “Azərikimya” İstehsalat Birliyində xx.xx.1980-ci ildə tərtib edilmiş “Peşə zəhərlənmələri və peşə xəstəliklərinin tədqiqi barədə” aktda qeyd edilmişdir.
2. X4 “xroniki-toksiki bronxit” diaqnozu ilə İİİ qrup əlillik təyin edilmiş və əlilliyin səbəbi peşə xəstəliyi olmuşdur. O, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “Azərikimya” İB-nin “Təmir-Tikinti” İdarəsindən sağlamlığına dəymiş zərərə görə müavinət almışdır.
3. O, İstanbul şəhərində özəl “Avrasiya xəstəxanası”na müraciət edərək, müayinədən keçmiş və ağciyər xərçəngi, xroniki bronxit və asma diaqnozları ilə tibbi onkologiya, radiasiya onkologiyası və sinə xəstəlikləri poliklinikalarında müalicəyə başlamış, xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Ölümünün səbəbi isə 26 oktyabr 2020-ci il tarixli, 809 nömrəli ölüm haqqında şəhadətnamədə “Yoluxucu olmayan xəstəlik” göstərilmişdir.
4. Daha sonra, ölüm haqqında şəhadətnamə dəyişdirilmiş və 12 oktyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamədə isə ölümün səbəbi bronxial və ağciyərin bədxassəli neoplazması göstərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı “Azərkimya” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə peşə xəstəliyindən vəfat etmiş həyat yoldaşının ölümü ilə əlaqədar cavabdeh tərəfindən ona ödənməli olan aylıq ödənclərin xx.xx.2020-ci il tarixdən məhkəmə qətnaməsi icra edilən günə qədər hesablanaraq ona birdəfəlik ödənilməsi, eləcə də hər ay cavabdeh tərəfindən ona aylıq ödəncin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X7 peşə xəstəliyi ilə əlaqədar cavabdehdən aylıq ödənc alırdı. F.Qurbanov xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasında müalicədə olarkən vəfat etmişdir. İddiaçı cavabdehə müraciət edərək peşə xəstəliyindən öldüyü üçün ərinə ödənilən aylıq ödəncin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh imtina edərək bildirmişdir ki, iddiaçının ərinin ölümü peşə xəstəliyi ilə əlaqədar olmadığı üçün aylıq ödənc ailə üzvünə ödənilə bilməz. Cavabdehə təqdim edilmiş xəstəxana arayışı xəstəxana tərəfindən əri ölən günü tərtib edilmişdir. Həmin vaxt onlara ölümün əsl səbəbini müəyyən etmək üçün 3 gün gözləmək lazım olduğunu bildirmişdilər, amma onlar ərinin meyitini 3 gün Türkiyədə saxlaya bilməzdilər. Ona görə də meyitin Azərbaycana gətirilməsini təmin etmək üçün xəstəxanadan ümumi ölüm kağızı almışdılar. Onlara əsaslı ölüm səbəbi barədə arayışın sistemə 3 gündən sonra yerləşdiriləcəyini, sonra gəlib ətraflı və əsaslı həkim arayışı ala biləcəklərini bildirmişdilər. İddiaçı ərinin meyidini Azərbaycana gətirmişdir. Həmin vaxt “COVİD” virusu ilə əlaqədar olaraq ümumi karantin rejimi olduğu üçün, sərhəddə və dəfndə problemlər yaranmamasına görə ölüm kağızında sadəcə olaraq “yoluxucu olmayan xəstəlik” qeydi aparılmışdır. Sonradan isə onlar yenidən Türkiyəyə gedərək ölümün əsl səbəbini izah edən həkim sənədləri əldə etmişlər. Xəstəlik tarixçəsinə əsasən verilmiş arayışdan da görünür ki, iddiaçının həyat yoldaşı məhz ağciyər xərçəngi, xroniki bronxit və astma xəstəliklərindən vəfat etmişdir.
7. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxs zərərə görə ödənc almaq hüququna malikdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də müəyyən olunur ki, iddiaçı əmək qabiliyyətli olduğundan onun zərərə görə ödənc alma hüququ yoxdur. Bundan əlavə, “Azərikimya” İB-nin qeyri-siyahı tərkibində 2-ci qrup əlil peşə xəstəsi X2 ölüm səbəbi 26 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə “Yoluxucu olmayan xəstəlik” göstərilmişdir. Bununla əlaqədar iddiaçıya cavabdeh tərəfindən 09 fevral 2021-ci il tarixində 26/4 saylı məktubla cavab verilmişdir. İddiaçı 12 oktyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamə almış və ölümün səbəbi “Bronxial və ağ ciyərlərin bədxassəli neoplazması” göstərilmişdir. Ölüm şəhadətnaməsi hüquqi sənəd olmaqla şəxsin ölümündən sonra bir dəfə verilir. İkinci dəfə ölüm şəhadətnaməsi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin ixtisaslı mütəxəssislərinin rəyi əsasında verilə və ya dəyişdirilə bilər. İddiaçı tərəfindən təqdim edilən ikinci ölüm şəhadətnaməsinə isə mütəxəssis rəyinin surəti əlavə edilməmişdir. “Azərikimya” İstehsalat Birliyi tərəfindən V.Y.Axundov adına X1 İnstitutuna xx.xx.2022-ci il tarixdə rəyin verilməsi ilə bağlı sorğu göndərilmişdir. Həmin sorğuya 209 saylı xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, ölüm şəhadətnaməsi hüquqi sənəd olmaqla şəxsin ölümündən sonra 1 dəfə verilir.
8. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Peşə zəhərlənmələri və peşə xəstəliklərinin tədqiqi barədə akt”da, X3 peşə xəstəliyi haqqında aktda və həmin aktdan çıxarışda Firsənd Qurbanovun peşə xəstəliyi kimi “xroniki-toksiki bronxit” göstərilmişdir.
9. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X7 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun ölüm səbəbi kimi bronxial və ağciyərlərin bədxassəli neoplazması qeyd edilmişdir.
10. Cavabdehin xx.xx.2022-ci il tarixli, 75 nömrəli arayışına əsasən mərhum X7 xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “Azərikimya” İB-nin “Təmir-Tikinti” İdarəsindən sağlamlığına dəymiş zərərə görə müavinət almışdır. Dəymiş zərərə görə müavinət ölümündən sonra dayandırılmışdır. Müavinətin məbləği 590,12 manat təşkil edir.
11. Türkiyə Respublikasının İstanbul Zeytinburnu rayonunda yerləşən “Avrasiya” xəstəxanasının xx.xx.2021-ci il tarixli arayışına əsasən X7 xx.xx.2018-ci il tarixində xəstəxanaya 392010 protokol nömrəsi ilə müraciət edərək müayinədən keçən ağciyər xərçəngi, xroniki bronxit və asma diaqnozları ilə tibbi onkologiya, radiasiya onkologiyası və sinə xəstəlikləri poliklinikalarında müayinə və müalicəsinə başlanılan xəstə xx.xx.2020-ci il tarixində xəstəxananın böyüklər üçün reanimasiya şöbəsində vəfat etmişdir.
12. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs V.Y.Axundov adına X1 İnstitutunun rəyində göstərilmişdir ki, “Azərikimya” İB-nin, qeyri-siyahı təkibində olan, 2-ci qrup əlil peşə xəstəsi (1980-cı ildən) X3 xəstəliyinin yaranma səbəbi kompleks toksiki maddələr, ölümünün səbəbi isə 26 oktyabr 2020-ci il tarixli, 809 nömrəli ölüm haqqında şəhadətnamədə “Yoluxucu olmayan xəstəlik” (Zeytunburnu. İstanbul. Türkiyə) göstərilmişdir. Azərbaycan Respublikası, AZ-İİ N 123783 nömrəli “ölüm haqqında şəhadətnamə”, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində təsdiq edilmişdir. Uzun illərdir (1980-ci ildən) özünü xəstə hesab edir və peşə əlilidir. Klinikada aparılan müayinə və təqdim edilən sənədlərə əsasən, keçmiş xəstə X4 “Xroniki toksiki bronxit, astmoidli kompanent. Ağ ciyərlərin emfizeması. TÇ İİ-İİİ mər. Kompleks toksiki maddələrlə xroniki intoksikasiya” diaqnozları peşə xəstəlikləri kimi təsdiq edilmişdir. Son illər xəstədə “Sağ ağ ciyərin kökünün kaudalında perikarda bitişik, sağ pulmonar arteriya və sağ interior pulmonar venanı invaziya edən, orta pay bronxunun mənfəzini daraldan, qeyri-düzgün konturla, kontrast sonrakı heterogen kontr-nan 55x45mm infiltrativ törəmə (Cr). Ona payda atelektaz. Sağ ağ ciyərin posterior seqmentində 8X7 mm ölçülü modulyar görüntülü infitrasiya sahəsi inkişaf etmişdir. Xəstə Azərbaycan Respublikasının və Türkiyənin ixtisaslı mütəxəssisləri tərəfindən protokollara uyğun müalicə almışdır. Xəstə 26 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. 26 oktyabr 2020-ci il tarixli, 809 nömrəli ölüm haqqında şəhadətnamədə ölümün səbəbi “Yoluxucu olmayan xəstəlik” (Zeytunburnu, İstanbul, Türkiyə) göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 №-li, 14 yanvar 2002-ci il tarixli Qərarının 26-cı bəndinə əsasən, tənəffüs orqanları şişlərinin inkişafına səbəb nikel, arsen, daş kömür, asfalt, radioaktiv filiz tozu və onun üzərində absorbsiya olunmuş karbohidratlarla nəfəs alma göstərilmişdir. Xəstənin işlədiyi “Azərikimya”nın müəssisələrində istehsal prosesində həmin kimyəvi maddələrdən istifadə edilməsi müvafiq sənədlərdə öz əksini tapmadığı üçün xəstəliyin inkişafının və ölüm səbəbinin, peşəsi və təmasda olduğu maddələrlə əlaqəsi təsdiq edilmir.
13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1301/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixdən qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixə qədər 17703 (on yeddi min yeddi yüz üç) manat 60 (altmış) qəpik məbləğində pul və həmin tarixdən sonra hər ay 590 (beş yüz doxsan) manat 12 (on iki) qəpik məbləğində ödənişin cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi X7 vəfat etdiyi xx.xx.2020-ci il tarixinə kimi cavabdehdən peşə xəstəliyinə görə müavinət almışdır. Hazırda iddiaçı X3 həyat yoldaşı olduğu üçün həmin müavinətin ona verilməsini tələb edir.
16. Cavabdehin iddiaya etirazının əsas dəlillərindən biri bu olmuşdur ki, Firsənd Qurbanova birinci dəfə verilən ölüm haqqında şəhadətnamədə onun ölüm səbəbi kimi yoluxucu olmayan xəstəlik göstərilmişdir. İddiaçı bunu onunla izah etmişdir ki, X6 vəfat etdiyi xəstəxanada ölümün səbəbi göstərilməklə tibbi şəhadətnamənin 3 gün ərzində veriləcəyi bildirilmişdir. O, meyiti 3 gün xəstəxanada saxlamamaq üçün tibbi şəhadətnamənin dərhal verilməsini xahiş etmişdir. Verilən tibbi şəhadətnamədə isə ölümün səbəbi kimi “yoluxucu olmayan xəstəlik” göstərilmişdir. Həmin tibbi şəhadətnamə əsasında Firsənd Qurbanova ölüm haqqında şəhadətnamə alınmışdır. Sonradan isə xəstəxanadan ölümün əsl səbəbi göstərilməklə tibbi şəhadətnamə alınmış və onun əsasında ölüm haqqında şəhadətnamə dəyişdirilmişdir.
17. Məhkəmə iddiaçının həmin mövqeyini əsaslı hesab edir. Belə ki, Firsənd Qurbanova verilmiş ölüm haqqında şəhadətnamə qüvvədə olduğundan, onun həqiqiliyinin şübhə altına alınması mümkün deyildir. Həmin şəhadətnamədə isə Firsənd Qurbanovun ölüm səbəbi kimi “bronxial və ağciyərlərin bədxassəli neoplazması” göstərilmişdir. Onun peşə xəstəliyi də məhz “Xroniki toksiki bronxit” olmaqla məhz ölüm səbəbini yaradan xəstəliyə uyğundur.
18. Cavabdehin nümayəndəsi iş üzrə tibb ekspertizanın təyin edilməsi barədə vəsatət versə də, vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, Firsənd Qurbanov vəfat etdiyindən ekspert tərəfindən iş üzrə obyektiv rəyin verilməsi mümkün olmayacaqdır.
19. Cavabdehin digər dəlili ondan ibarət olmuşdur ki, iddiaçı Firsənd Qurbanovun ölümünə görə müavinəti tələb etmək hüququna malik deyildir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.1-ci bəndində göstərilmişdir ki, zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir.
21. Firsənd Qurbanov 2020-ci ildə vəfat etmiş və iddiaçı həmin vaxt 64 yaşına, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmışdır. Bu səbəbdən iddiaçı həmin vaxt “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyətsiz şəxs olmuşdur. Bu səbəbdən iddiaçı Mülki Məcəllənin 1121.1.1-ci maddəsinə əsasən Firsənd Qurbanovun ölümü ilə əlaqədar zərərin əvəzinin tələb edilməsi hüququna malik olan şəxsdir.
22. İddia ərizəsində ödənclərin məhkəmə qətnaməsi icra edilən günə qədər hesablanıb birdəfəlik ödənilməsi xahiş edilsə də, qətnamənin icra olunacağı gün qeyrimüəyyən olduğundan ödənişlərin həmin günə qədər hesablanması mümkün deyildir. Bu səbəbdən iddia qismən təmin edilməklə, Firsənd Qurbanovun vəfat etdiyi xx.xx.2020-ci ildən qətnamənin qəbul edildiyi günə qədər hər ay 590,12 manatda hesablanmaqla, cəmi 17703,60 manat pul, həmin tarixdən sonra isə hər ay 590,12 manat ödənc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərikimya” İB-nin qeyri-siyahı tərkibində olan 2-ci qrup əlil peşə xəstəsi X2 ölüm səbəbi 26 oktyabr 2020-ci il tarixli AZ- İİ№123783 nömrəli ölüm haqqında şəhadətnamədə “Yoluxucu olmayan” xəstəlik göstərilmişdir. Bununla əlaqədar iddiaçıya cavabdeh tərəfindən 09 fevral 2021-ci il tarixində 26/4 saylı məktubla cavab verilmişdir. İddiaçı Birliyin cavabı ilə razılaşmadığından yenidən 12 oktyabr 2022-ci il tarixli AZ-İİ№304038 nömrəli ölüm haqqında şəhadətnamə almış və orada ölümün səbəbi “Bronxial və ağ ciyərlərin bədxassəli neoplazması” göstərilmişdir. Ölüm şəhadətnaməsi hüquqi sənəd olmaqla şəxsin ölümündən sonra bir dəfə verilir. İkinci dəfə ölüm şəhadətnaməsi Məhkəmə Tibbi Ekspertizası və X5 ixtisaslı mütəxəssislərinin rəyi əsasında verilə və ya dəyişdirilə bilər. İddiaçı tərəfindən təqdim edilən ikinci ölüm şəhadətnaməsinə isə mütəxəssis rəyinin surəti əlavə edilməmişdir. “Azərikimya” İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs V.Y.Axundov adına X1 İnstitutuna xx.xx.2022-ci il tarixdə rəyin verilməsi ilə bağlı sorğu göndərilmişdir. Həmin sorğuya Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs V.Y.Axundov adına X1 İnstitutunun 209 saylı xx.xx.2022-ci il tarixli cavabından görünür ki, ölüm şəhadətnaməsi hüquqi sənəd olmaqla şəxsin ölümündən sonra bir dəfə verilir. İkinci dəfə ölüm şəhadətnaməsi Məhkəmə Tibbi Ekspertizası və X5 ixtisaslı mütəxəssislərinin rəyi əsasında verilə və ya dəyişdirilə bilər. Təqdim edilən ikinci ölüm şəhadətnaməsinə isə mütəxəssis rəyinin surəti əlavə edilməmişdir. Əlavə olaraq məhkəmə tərəfindən ölmüş şəxsin müalicə aldığı xəstəxanaya ölümün səbəbi barədə heç bir sorğu göndərməmişdir. Məhkəmə nəzərə almamışdır ki, X8 barədə 26 oktyabr 2020-ci il tarixli AZ-İİ №123783 nömrəli və 12 oktyabr 2022-ci il tarixli AZ-İİ №304038 nömrəli ölüm haqqında şəhadətnamələri vardır. 26 oktyabr 2020-ci il tarixli ölüm şəhadətnaməsinin ləğv edilməsinə dair sübut da məhkəməyə təqdim edilməmiş, Məhkəmə Tibbi Ekspertizası və X5 ixtisaslı mütəxəssislərinin rəyi olmadan ikinci ölüm şəhadətnaməsi verilmişdir. Məhkəmə araşdırmamışdır ki, bir şəxs barəsində ləğv edilməmiş ölüm şəhadətnaməsi olduğu halda Məhkəmə Tibbi Ekspertizası və X5 ixtisaslı mütəxəssislərinin rəyi olmadan ikinci şəhadətnamə necə verilmişdir. Həmçinin məhkəmə tərəfindən ölüm şəhadətnaməsini verən orqanın hansı əsaslarla yenidən eyni şəxsə ikinci dəfə şəhadətnaməni verməsini araşdırmamış və həmin orqanın məhkəmədə iştirakını təmin etməmişdir. Bundan əlavə, iddia “Azərikimya” İB-nin Təmir Tikinti İdarəsinə qarşı qaldırılmış və iddia qismən təmin edilərək, qətnamə ilə ödənişlərin Təmir Tikinti İdarəsindən tutulması qət edilmişdir. Təmir Tikinti İdarəsi hüquqi şəxs deyil, hazırki iddia üzrə də cavabdeh ola bilməz. Təmir Tikinti İdarəsinin Əsasnaməsinin 3.6 və 3.7-ci bəndlərindən də görünür ki, idarənin saxlama xərcləri və iş planı “Azərikimya” İB-nin baş direktoru tərəfindən təsdiq edilir. İdarənin maliyyə-təsərrüfat balansı “Azərikimya” İB-nin balansına aiddir. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının hüququdur. Məhkəmə iclasında Təmir Tikinti İdarəsinin hüquqi şəxs olmadığı bildirilsə də iş üzrə cavabdeh ola bilməyəcək şəxs əsl cavabdehlə əvəz edilmədiyindən, mövcud iddia rədd edilməli idi. Bundan əlavə, məhkəmə iş üzrə müxtəlif ölüm səbəbləri qeyd edilən iki ədəd ölüm şəhadətnamələri olduğu halda həqiqətin müəyyən edilməsi üçün F.Qurbanovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə dair vəsatəti təmin etməli idi, lakin, məhkəmə ekspertiza təyin edilməsinə dair vəsatəti F.Qurbanov vəfat etdiyindən obyektiv rəyin verilməsinin mümkün olmayacağına istinad edərək təmin edilməməsinə dair əsassız qərar qəbul etmişdir. İş üzrə F.Qurbanovun ölüm səbəbini müəyyən etmədən, ekspertiza təyin etmədən obyektiv, ədalətli, qanuni qərar qəbul edilməsi mümkün deyil. Həmçinin, məhkəmə iş üzrə ekspertiza təyin etmədən, ekspert rəyi almadan F.Qurbanovun vəfat etdiyindən obyektiv rəyin verilməsinin mümkün olmayacağına istinad etməsi əsassızdır, F.Qurbanovun vəfat etdiyindən obyektiv rəyin verilməsinin mümkün olmamasını ancaq ekspert müəyyən edə bilər. Hazırki iddia tələbi üzrə iddianın əsasını müəyyən edən iddiaçının əmək qabiliyyətinin olub-olmamasıdır. İddiaçı tərəf iddiaçının əmək qabiliyyətinin olmamasına dair sübutu hazırlıq iclaslarında iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilməli idi, lakin, iddiaçı tərəf Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin tələblərini pozaraq nə hazırlıq iclaslarında təqdim etmiş, nə də elektron məhkəmə sisteminə yükləmişdir. İddiaçı tərəf iddiaçının əmək qabiliyyətinin olmamasına dair sübutu baxış iclasında təqdim etmiş və həmin sübutu baxış iclasına qədər təqdim etməməsinə dair nə sübut təqdim etmiş, nə də səbəbi barədə məlumat verilmiş, məhkəmə tərəfindən də bu prosessual pozuntuya göz yumulmuşdur. Həmin sənədin sübutlar sırasından çıxarılmasına dair şifahi vəsatətləri nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsinin, üçüncü şəxs “Azərkimya” İstehsalat Birliyinin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
27. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahatlar vermişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
28. Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. (...)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”
29. 1.1. (...) İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.
30. 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.
31. 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
33. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
34. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
42. İlk öncə məhkəmə kollegiyası iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün hüqununun və əmək qabiliyyətinin olub-olmaması barədə dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri, məbləğinin”nin 3.1-ci bəndində göstərilmişdir ki, zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121ci maddəsi ilə müəyyən edilir.
43. Mülki Məcəllənin 1121.1.1-ci maddəsinə əsasən, ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ vardır.
44. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər əmək qabiliyyəti olmayan şəxslərdir.
45. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
46. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
47. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.
48. İşdən görünür ki, iddiaçının mərhum əri Firsənd Qurbanov “Azərkimya” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsində işləmiş, həmin idarədən sağlamlığına dəymiş zərərə görə müavinət almışdır. O, 2020-ci ildə vəfat etmişdir və iddiaçı həmin vaxt 64 yaşına, pensiya yaşına çatmışdır və əmək qabiliyyətsiz şəxs olmuşdur. Bu səbəbdən iddiaçı cavabdehə qarşı mövcud iddia tələbini irəli sürmək hüququna malikdir.
49. İşdən həmçinin görünür ki, mərhum Firsənd Qurbanovun peşə xəstəliyi “xronikitoksiki bronxit” olmuş, o, xx.xx.2020-ci ildə vəfat etmişdir və onun ölüm səbəbi kimi “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” qeyd edilmişdir.
50. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs V.Y.Axundov adına X1 İnstitutunun rəyində göstərilmişdir ki, “Azərikimya” İB-nin, qeyri-siyahı təkibində olan, 2-ci qrup əlil peşə xəstəsi (1980-cı ildən) X3 xəstəliyinin yaranma səbəbi kompleks toksiki maddələr, ölümünün səbəbi isə 26 oktyabr 2020-ci il tarixli, 809 nömrəli ölüm haqqında şəhadətnamədə “Yoluxucu olmayan xəstəlik” göstərilmişdir. X4 “Xroniki toksiki bronxit, astmoidli kompanent. Ağ ciyərlərin emfizeması. TÇ İİ-İİİ mər. Kompleks toksiki maddələrlə xroniki intoksikasiya” diaqnozları peşə xəstəlikləri kimi təsdiq edilmişdir. Son illər xəstədə “Sağ ağ ciyərin kökünün kaudalında perikarda bitişik, sağ pulmonar arteriya və sağ interior pulmonar venanı invaziya edən, orta pay bronxunun mənfəzini daraldan, qeyri-düzgün konturla, kontrast sonrakı heterogen kontr-nan 55x45mm infiltrativ törəmə (Cr). Ona payda atelektaz. Sağ ağ ciyərin posterior seqmentində 8X7 mm ölçülü modulyar görüntülü infitrasiya sahəsi inkişaf etmişdir. Xəstə Azərbaycan Respublikasının və Türkiyənin ixtisaslı mütəxəssisləri tərəfindən protokollara uyğun müalicə almışdır. Xəstə 26 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 №-li, 14 yanvar 2002-ci il tarixli Qərarının 26-cı bəndinə əsasən, tənəffüs orqanları şişlərinin inkişafına səbəb nikel, arsen, daş kömür, asfalt, radioaktiv filiz tozu və onun üzərində absorbsiya olunmuş karbohidratlarla nəfəs alma göstərilmişdir. Xəstənin işlədiyi “Azərikimya”nın müəssisələrində istehsal prosesində həmin kimyəvi maddələrdən istifadə edilməsi müvafiq sənədlərdə öz əksini tapmadığı üçün xəstəliyin inkişafının və ölüm səbəbinin, peşəsi və təmasda olduğu maddələrlə əlaqəsi təsdiq edilmir.
51. Firsənd Qurbanovun peşə xəstəliyi ilə “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyindən ölümü arasında səbəbli əlaqənin müəyyən edilməsi və iş üzrə obyektiv nəticəyə gəlmək üçün işə apellyasiya qaydasında baxıldıqda iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İş materiallarında olan sənədlərə əsasən 26 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X3 “Bronxial və ağ ciyərlərin bədxassəli neoplazması” (ölüm səbəbi) xəstəliyinin onun peşə xəstəliyi (“Xroniki-toksiki bronxit”) ilə səbəbli əlaqəsi müəyyən edilirmi? 2) “Xroniki-toksiki bronxit” xəstəliyi sonradan “Bronxial və ağ ciyərlərin bədxassəli neoplazması” xəstəliyinin yaranmasına səbəb ola bilərmi? Həmin xəstəliklər arasında səbəbli əlaqə varmı?
52. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin 739/KEŞ nömrəli rəyində qeyd olunmuşdur ki, Firsənd Qurbanovun meyidi müayinə olunmadığı üçün onun ölümünün səbəbi barədə fikir söylənilməsi mümkün olmadı. İş materiallarına əlavə edilmiş tibbi sənədlərə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Firsənd Qurbanovda “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinin sonradan “Xroniki toksiki bronxit – peşə xəstəliyinin yaranmasına səbəb olması istisna edilir.
53. İşə apellyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət verərək bildirmişdir ki, rəyin nəticə hissəsində anlaşılmazlıq vardır. Firsənd Qurbanov “Azərikimya” İB-də kimyəvi maddələr ilə işləmişdir. Onun həmin kimyəvi maddələr nəticəsində bu xəstəliyə tutulması faktı, zavodda istifadə və istehsal olunan kimyəvi maddələrin nəticəsində şəxsin onkoloji xəstəliyə tutula bilməsi halı da araşdırılmalı idi.
54. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibb eksperti X10 bildirmişdir ki, “Xroniki toksiki bronxit” xəstəliyini “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyi ilə əlaqələndirmək düzgün deyil. Rəyin nəticə hissəsində olan uyğunsuzluq nəticəni dəyişmir, belə ki, “Bronxit” xroniki xəstəlikdir, “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” isə ayrı bir xəstəlikdir və onun etiologiyası, yəni yaranma səbəbi tibb elminə məlum deyil. Bu xəstəliklərin arasında səbəbli əlaqə yoxdur. Odur ki, “Xroniki toksiki bronxit” xəstəliyinin sonradan “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinə çevrilməsi ilə bağlı birmənalı fikir söyləmək mümkün deyil.
55. Məhkəmə kollegiyası ekpert qarşısında “Xroniki-toksiki bronxit” xəstəliyinin sonradan “Bronxial və ağ ciyərlərin bədxassəli neoplazması” xəstəliyinin yaranmasına səbəb ola bilib-bilməməsi barədə sual qoyulsa da, ekspert rəyində həmin sualın cavablandırılmadığını, əksinə “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinin sonradan “Xroniki toksiki bronxit – peşə xəstəliyinin yaranmasına səbəb olmasının istisna edildiyinin qeyd edilməsini nəzərə alaraq, iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin etmişdir.
56. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin 900/KEŞ nömrəli rəyində qeyd olunmuşdur ki, X3 düçar olduğu “Xroniki-toksiki bronxit” xəstəliyi ilə əlaqədar sonradan “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinin yaranması arasında etioloji səbəbli əlaqə mövcud deyil. “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyi onkoloji xəstəliklər təsnifatına aid olub, hazırda etiologiyası (yaranma səbəbləri) tibb elminə məlum deyil. Onkoloji xəstəliklər orqanizmdə istənilən toxumada hüceyrələrin anomal bölünməsi nəticəsində yaranır və digər orqanlara sirayət etməklə inkişaf edə bilər.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddianın əsasını təşkil edən və izahı xüsusi bilik tələb edən, yəni iddiaçının mərhum ərinin peşə xəstəliyi ilə ölümü arasındakı səbəbli əlaqənin olub-olmaması məsələsinə aydınlıq gətirən digər mötəbər sübut növü olmadığından, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
59. Göründüyü kimi, ekspert rəyi ilə F.Qurbanovun düçar olduğu “Xroniki toksiki bronxit” peşə xəstəliyinin sonradan “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinə çevrilməsi və həmin xəstəliklər arasında səbəbli əlaqənin olması müəyyən olunmamışdır. Belə olan halda, mövcud iddia tələbi əsaslı hesab edilə bilməz.
60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müvafiq araşdırma aparmadan mərhum F.Qurbanovun peşə xəstəliyinin “Xroniki toksiki bronxit” olmaqla məhz ölüm səbəbini yaradan xəstəliyə uyğun olması barədə gəldiyi qənaəti və iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni əsassız hesab edir.
61. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
62. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
63. Beləliklə, məhkəmə kollegiyası sadalanan qanunvericilik aktları normalarına, işin araşdırılmış hallarına və iş üzrə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1301/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1301/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsinə qarşı sağlamlığa dəymiş ziyana görə ödənişin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.