Məhkəmə qərarları › İş №2(105)-1118/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1118/2021

22.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1118/2021 22.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, cavabdeh Qusar rayon Bədişqala kənd tam orta məktəbinin direktoru X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Təhsil şöbəsinin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(029)-950/2020 saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Qusar rayonu Bədişqala kənd orta məktəbinin apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(029)-950/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Adil Vəliyev) iddiaçı İddiaçı cavabdeh Qusar rayonu Bədişqala kənd tam orta məktəbinə qarşı işə bərpa, əmək haqqının, müavinətin və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Qusar rayonu Bədişqala kənd orta məktəbinin xx.xx.2020-ci il tarixli, 27 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və xəstəliyə görə müavinət ödənilməklə Qusar rayonu Bədişqala kənd orta məktəbinə azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə bərpa edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmiş, iddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək xəstəlik vərəqələrinə görə müavinətin verilməsi, Qusar rayonu Bədişqala kənd tam orta məktəbinin direktorunun xx.xx.2020-ci il tarixdə yazdığı 27 nömrəli əmrin ləğv edilməklə onun işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və 1000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 1985-ci ildən Bədişqala kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə müəyyən edilmiş yaş həddinə çatandan sonra 8 ildir hər il Əmək Məcəlləsinin 10-1.2, 10-1.3 və 73.1ci maddələrinə əsasən və təhsil sahəsinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətlərinə, o cümlədən işlədiyi sahə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi aldığına, hökumətin çərçivə sənədləri olan kurikulumların, dərsliklərin, müəllimlərin diaqnostik imtahan resurslarının müəllifi olduğuna, Təhsil Nazirliyinin qrant müsabiqəsinin qalibi olan layihəyə rəhbərlik etdiyinə və s. görə çalışma müddəti əvvəlki müddətə-bir il artırılır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi onun diabet xəstəliyi ağırlaşdığından yataq xəstəsi olmuşdur. Qusar rayon Mərkəzi Xəstəxanası karantin rejiminə keçdiyindən onu müayinə və müalicə üçün X18 göndərmişlər. Qusar rayon Mərkəzi Xəstəxanasından ona verilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və X19 verilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməyi barədə xəstəlik vərəqələrini növbəti iş günündə, xx.xx.2020-ci il tarixdə işə çıxaraq işəgötürənə-Bədişqala kənd tam orta məktəbinin direktoruna təqdim etmişdir. Direktorun tələbi ilə həmin vərəqələri xx.xx.2020-ci il tarixdə təqdim etməyi barədə qeyd yazmış və imzalamış, həmin tarixdə ərizəni imzalamışdır. Direktor ona bildirmişdir ki, onu xx.xx.2020-ci il tarixdən işdən azad etmişdir. Aldığı bu mənəvi zərbə onu bir aylıq yatağa salmış, təzyiqini, şəkərini böhran həddinə çatdırmış, insultdan onu həkimlər xilas etmişlər. Bir müddət sonra işəgötürəndən ikinci zərbəni almışdır. İşəgötürənin xx.xx.2020-ci il tarixdə sifarişli zərflə ona çatdırdığı tarixsiz və nömrəsiz məktubda yazılmışdır ki, “növbəti bülletenin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən Sizinlə bağlanmış müddətli əmək müqaviləsinə həmin tarixdən (bayram günündə) xitam verilmişdir”. Bədişqala kənd tam orta məktəbinin direktorunun xx.xx.2020ci il tarixdə yazdığı 27 nömrəli əmr ləğv edilməli və o, işə bərpa edilərək xx xxxxxxx 2021-ci ildə başa çatmalı olan layihənin icrasını təmin etmək məqsədilə onun çalışma müddəti bir il müddətinə uzadılmalıdır. Birincisi, o, müddəti xx.xx.2020-ci il tarixdə bitməli olan əmək müqaviləsini imzalamamışdır. Belə bir müddətli əmək müqaviləsi olmadığı üçün onun ləğv edilməsi də absurddur. Əmək Məcəlləsinin 81.2-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. İşəgötürən özünün xx.xx.2019-cu il tarixli əmri ilə bu qadağanı pozmuşdur. Keçən il o, məhkəmənin qərarı ilə işə bərpa olunmuşdur. Belə olan halda, işəgötürənin ləğv etdiyi həmin əmək müqaviləsi Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əvvəlki əmək müqavilələrinin müddəti isə işəgötürənin imzaladığı bildirişdən göründüyü kimi, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədərdir. Müddəti uzadılmış əvvəlki illərin əmək müqavilələrinin müddəti də belə olmuşdur. İkincisi, əmək müqaviləsinin müddəti xx.xx.2020-ci ildə bitirdisə, o, xəstələnib xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi müalicə olunmuşdursa, işəgötürən müalicədən qayıdıb işə çıxdığı ilk iş günündən, yəni xx.xx.2020-ci il tarixdən bir təqvim həftəsi keçməmiş əmək müqaviləsinə xitam verə bilərdi. İşəgötürən Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əməl etməyərək əmək müqaviləsinə bir təqvim həftəsi deyil, bir aydan sonra, yəni xx.xx.2020-ci il tarixdə, o, işə çıxmamışdan da bir gün qabaq, onun iştirakını təmin etmədən, əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinin icra vəziyyətini müzakirə etmədən müddətli müqavilənin müddətinin Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən uzadılıb-uzadılmayacağını müzakirə etmədən birtərəfli xitam verdiyi üçün xx.xx.2020-ci il tarixli əmr ləğv olunmalıdır. İşəgötürən əmək müqaviləsinin müddətinin qurtaracağı xx.xx.2020-ci il tarixdə də əmək müqaviləsini birtərəfli qaydada ləğv edə bilməzdi. Çünki Təhsil Nazirliyinin qrant müsabiqəsində qalib gəlmiş “Ləzgi dilinin öyrənildiyi məktəblərdə inteqrativ təhsil (İnT)” layihəsinin rəhbəri olaraq, işlədiyi Bədişqala kənd tam orta məktəbində xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə Təhsil Nazirliyinin təsdiq etdiyi icra planına uyğun fəaliyyət göstərməli, uzun illər minlərlə şagirdə 6 illik Azərbaycan dili fənninin proqramını keçdirməməklə işəgötürənin vurduğu ziyanı yeni yaratdığı səmərəli metodik sistemi tətbiq etməklə kompensasiya etməlidir. İşəgötürən əmək müqaviləsinin 3.4-cü və 4-cü paraqraflarında öhdəsinə götürdüyü öhdəçiliyə əməl etmək-işçinin müəlliflik hüququnun qorunması üçün konkret tədbirlər görmək, ona əmək şəraiti yaratmaq və müqavilənin şərtlərini təmin etmək, Təhsil Nazirliyinin onunla bağladığı müqaviləyə əsasən rəhbərlik etdiyi qrant layihəsində öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda-3 hədəf rayonun məktəblərində tətbiqi işlərində iştirak etdiyinə görə ƏM-nin 179-cu maddəsinin 2-ci hissəsinin “q” bəndinin tələbi ilə iş yerini və orta əmək haqqını saxlamaq əvəzinə, müqaviləyə xitam verməli deyil, əmək müqaviləsinin müddətini uzatmalı idi. Bununla da, işəgötürən Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələb etdiyi kimi, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən tərəflər arasında yaranmış əmək mübahisəsinə dair təqdim edilmiş dəlil və sübutları tam araşdırmamış və təhlil etməmiş, mübahisəyə birtərəfli qaydada, iddiaçının mənafeyinə uyğun olaraq baxmış, əmək münasibətlərinin tənzimlənməsində iddiaçı tərəfindən yol verilən qanunsuz hərəkətlər, o cümlədən mülki iş üçün xüsusi əhəmiyyət daşıyan və məhkəmə mübahisəsinin predmeti üçün vacib hesab edilən xəstəlik vərəqələrinin qanunla müəyyən olunmuş müddətdə işəgötürənə təqdim etməməsi, sənədlərin qəsdən cavabdehdən gizlədilməsi və sonradan özünün məqsədli niyyətləri üçün istifadə edilməsini, iddiaçının şəxsi mənafeyinə xidmət edən digər halları kifayət qədər araşdırmamış və nəticədə səhv qərar qəbul edilmişdir. İşdə olan sənədlərdən aydın olur ki, İddiaçı 1947-ci il təvəllüdlüdür və 73 yaşı vardır. İddiaçı 2012/2013-cü tədris ilindən Bədişqala kənd tam orta məktəbində çalışmanın yaş həddinə çatması ilə əlaqədar hər dəfə 1 tədris ili müddətinə uzadılmaqla müddətli əmək müqaviləsi ilə işləmişdir. Mövcud qanunvericiliyə görə tədris ili hər il sentyabr ayının 15-dən növbəti ilin iyun ayının14-dək olan müddətdir. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə (65 yaş) çatmış işçilərlə əmək müqaviləsinin uzadılması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsi və Təhsil Nazirliyinin xx.xx.2011-ci il tarixli, 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar əsasında uzadıldığı və həmin qaydaların 2.4-cü bəndinə görə çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 180 nömrəli qərarı ilə müəyyən edilmiş meyarlar gözlənilməklə, tabelik üzrə yerli təhsili idarəetmə organının və Ərazi Maliyyə Hesablaşma Mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən rəsmiləşdirilir. İddiaçı müddətli əmək müqaviləsini uzatmaq üçün yuxarıda qeyd olunan müvafiq təlimatın normalarına uyğun hərəkət etmək əvəzinə, Bədişqala kənd tam orta məktəbi üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 27 nömrəli əmri mübahisələndirməklə, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri məhkəmə qaydasında ləğv etdirməklə işə bərpa olunaraq, əmək müqaviləsinin 1 il uzanmasına nail olmaq məqsədilə məhkəmədə iddia qaldırmışdır. Halbuki, İddiaçı çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə, 70 yaşdan sonra uzadılmasının qaydaları dəfələrlə izah edilmişdir. Qətnamədə qeyd olunmuş, “guya Təhsil şöbəsinin müdir əvəzi X23 tərəfindən 70 yaşdan sonra təhsil qaydalarına əsasən onunla müddətli əmək müqaviləsi bağlanıla bilməz” ifadəsi yanlışdır. Məhkəmədə belə bir izahat verilməmişdir. İddiaçı 2019-cu ildə də bu qaydadan istifadə edərək, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri məhkəmə qaydasında ləğv etdirməklə işə bərpa olunmuş və əmək fəaliyyətinin məhkəmə qətnaməsi əsasında 1 il müddətinə davam etdirilməsinə nail olmuşdir. İddiaçı iddia ərizəsi tam əsassızdır, təsdiqini tapmayan səhv faktlar əsasında yazılmışdır ki, məhkəmə prosesində qəsdən təhrif olunmuş həmin faktların sübuta yetirilməsinə lazımi əhəmiyyət verilməmişdir. İddia ərizəsində İddiaçı yaş həddinə çatandan sonra son səkkiz ildə hər il təhsil sahəsinin inkişafında xüsusi xidmətlərinə görə, o cümlədən işlədiyi sahə üzrə fəlsəfə doktoru olduğuna, kurikulum, dərslik və diagnostik imtahan resurslar müəllifi olduğuna görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən çalışma müddətinin hər dəfə bir il uzadıldığını göstərmişdir. İddiaçıla çalışma müddətinin uzadılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılıq verilməsinə dair hər hansı məktub və ya digər sənədlər nə özündə, nə məktəbdə, nə rayon Təhsil şöbəsində, nə də məhkəmə işində mövcud deyildir. Bu barədə göstərilən faktlar tamamilə əsassız və yanlışdır. İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi diabet xəstəliyindən yataq xəstəsi olduğunu, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi Qusar rayon Xəstəxanasından və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək X15 xəstəlik vərəqələrinin verildiyini və hər iki xəstəlik vərəqəsini eyni gündə, xx.xx.2020-ci il tarixdə işə çıxaraq məktəbin direktorunun tələbi ilə müvafiq qeyd aparılmaqla təqdim etdiyini göstərmişdir. Halbuki, bu, belə deyildir. xx.xx.2020-ci il tarixdə İddiaçı bülletendə olub olmaması əvvəlcədən müəyyən edilərək, məktəb üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 21 nömrəli əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi məsələsi müalicədən qayıtdıqdan sonraya saxlanılmış və işə çıxdıqdan sonra məktəb üzrə verilmiş müvafiq əmrlə xx.xx.2020-ci il tarixdən müddətli əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdə işə çıxaraq, üzərində müvafiq qeyd aparmaqla yalnız 607983 nömrəli xəstəlik vərəqəni təqdim etmişdir ki, həmin xəstəlik vərəqəsində xx.xx.2020-ci il tarixdə işə başlamalı olduğu qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 607983 nömrəli xəstəlik vərəqəsində qeyd edilmiş həkim rəyinə əsasən müvafiq əmrlə İddiaçı xx.xx.2020-ci il tarixdən işdə hesab edilmiş və həmin tarixdən də onunla bağlanmış müddətli əmək müqaviləsinə ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq xitam verilmiş, əmrdən çıxarış şəxsən İddiaçı təqdim olunmuşdur. Məktəbin həmkarlar təşkilatının xx xxxx 2020-ci il tarixli qərarına əsasən İddiaçı birinci xəstəlik vərəqəsi üzrə müavinət iyul ayında ödənilmişdir. İddia ərizəsində göstərilmiş X15 verilmiş xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi xəstə olması haqqında 613759 nömrəli xəstəlik vərəqəsinin birinci xəstəlik vərəqəsi ilə birlikdə xx.xx.2020-ci il tarixdə eyni vaxtda direktora təqdim edilməsi faktı yanlışdır. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdə işə çıxaraq, məktəbə birinci xəstəlik vərəqəsini təqdim edərkən müalicənin davam edib etməməsi haqqında sorğuya cavabında müalicənin xx.xx.2020-ci il tarixdə bitdiyini, xəstəxanada əlavə qeydiyyatın olmadığını bildirmiş və X15 verilmiş 613759 nömrəli ikinci xəstəlik vərəqəsinin olduğunu məqsədli şəkildə gizlətmişdir. Bu fakt həmin vaxt məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini X8, məktəbin həmkarlar təşkilatının sədri X4 və məktəbin kargüzarı X2 iştirakı ilə aktlaşdırılmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verməmiş, yaxud həmin şəxsləri məhkəmədə şahid qismində dindirməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə poçtla, ştempelli zərflə X15 verilmiş xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi xəstə olması haqqında 613759 nömrəli xəstəlik vərəqəsini və xəstəlik üzrə bülleteni, müavinətin ödənilməsi və çalışma müddətinin uzadılması barədə xx xxxx 2020-ci il tarixli ərizəni göndərmiş, bu barədə xx.xx.2020-ci il tarixdə Qusar rayon Təhsil şöbəsinə məlumat verilmiş və 613759 nömrəli xəstəlik vərəqələrindən biri mühasibatlığa, digəri isə sonradan məhkəməyə təqdim edilmişdir. İddiaçı əvvəlki ildəki əməlləri yenidən təkrarlandığı və məqsədləri məlum olduğundan Təhsil şöbəsi üzrə verilmiş xx xxxx 2020-ci il tarixli, 59 nömrəli əmrlə, ƏM-nin 137-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, məktəbdə İddiaçıla bağlı təxirəsalınmaz işlərin görülməsi məqsədilə məktəbin direktoru əmək məzuniyyətindən geri çağrılmış və 28-xx.xx.2020-ci il tarixlərində 3 iş günü müddətində işə çıxmışdır. Həmin vaxt İddiaçıla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 27 nömrəli yeni əmr verilərək, əvvəlki xx.xx.2020-ci il tarixli, 22 nömrəli İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilmiş və o, 613759 nömrəli xəstəli vərəqəsində nəzərdə tutulduğu gündə - xx.xx.2020-ci il tarixdə işdə hesab edilmişdir. İddia ərizəsində göstərilmiş İddiaçıla əmək müqaviləsinə bayram günündə xitam verilməsi faktı tam əsassızdır. Çünki, İddiaçı həkimin rəyinə əsasən xəstəlik vərəqəsində işə çıxmalı gündə işdə hesab edilsə də, həmin gün iş günü olmadığından işə çıxmamış, həmçinin onunla bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə yox, ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə əsasən, məhz işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş, yəni xx.xx.2020-ci il tarixdə tam qanuni əsasla xitam verilmişdir. İkinci xəstəlik vərəqəsi üzrə müavinət məktəbin həmkarlar təşkilatının xx xxxx 2020-ci il tarixli qərarına əsasən avgust ayında ödənilmişdir. Qeyd olunan hallar sübut edir ki, İddiaçı 607983 nömrəli və 613759 nömrəli xəstəlik vərəqələri ayrı-ayrı vaxtlarda təqdim edilmişdir. Bununla bağlı sənədlər poçt ştempelli zərf, 607983 nömrəli və 613759 nömrəli xəstəlik vərəqələri (əsli və surətləri), həmkarlar təşklatının qərarları və xəstəlik vərəqələri üzrə ödəmələrə dair cədvəllər, məzuniyyətdən geri çağırılma bərədə Təhsil şöbəsinin xx xxxx 2020-ci il tarixli, 59 nömrəli əmri və sairə mülki işə əlavə edilməsinə baxmayaraq, məhkəmə həmin dəlil və sübutlara hüquqi qiymət verməmiş, xəstəlik vərəqələrinin məktəb direktoruna şəxsən imza etdirməklə eyni gündə təqdim edildiyi barədə həqiqətə uyğun olmayan faktı hüquqi əsas kimi qəbul edərək, əmrin bir ay gec verilərək, bir ay əvvəlki tarixdən verildiyi kimi səhv nəticəyə gələrək, iddiaçının xeyrinə qanunsuz qətnamə çıxarmışdır. Əgər həqiqətən iddiaçı hər iki bülleteni eyni gündə, iddia ərizəsində qeyd olunan tarixdə, yəni xx.xx.2020-ci il tarixdə təqdim etmiş olsaydı, onda iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə məhz bülletenlərin təqdim edildiyi və işə çıxdığı gündən bir həftə keçməmiş xitam verilərdi və son əmrin verilməsinə heç bir ehtiyac olmazdı. İkinci 613759 nömrəli xəstəlik vərəqəsi 2020-ci ilin iyul ayının 24-də poçt vasitəsilə təqdim edildiyindən, xx.xx.2020-ci il tarixli, 27 nömrəli əmrin verilməsi zərurəti yaranmış və belə bir qanuni əmr verilmişdir. İddiaçı ilə dərs ilinin sonunadək yazılı bağlanmış müddətli əmək müqaviləsini İddiaçı qərəzli şəkildə imzalamaqdan imtina etdiyindən, onunla bağlanmış müddətli əmək müqaviləsi əmək müqaviləsi bildirişlərinin elektron sistemində qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. Qətnamədə tərəflər arasındakı müqavilənin qurtaracağı tarix əsassız olaraq xx.xx.2020-ci il kimi göstərilərək, həmin tarixədək də birtərəfli qaydada ləğv edilə bilməyəcəyi, Təhsil Nazirliyinin təsdiq etdiyi icra planına uyğun olaraq, guya Bədişqala kənd tam orta məktəbində “Ləzgi dilinin öyrənildiyi məktəblərdə integrativ təhsil layihəsi”nin rəhbəri olduğu üçün İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı işlədiyi layihə Təhsil Nazirliyi ilə fərdi müqaviləsidir və şəxsi işidir. Bu layihənin nə məktəb, nə də rayon Təhsil şöbəsi ilə hec bir əlaqəsi yoxdur. Bu barədə məktəbdə Təhsil Nazirliyinin heç bir məktubu, rəsmi göstərişi və müqaviləsi mövcud deyildir. Ona görə də bu dəlil tam əsassızdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh vəzifəsindən sui-istifadə etməklə xx.xx.2020-ci ildə onun iş yerini və əmək haqqını saxlamağı tələb edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin “q” bəndinin tələblərinə əməl etməməklə onu işdən çıxarmışdır. xx.xx.2020-ci ildə işə çıxmağını, həmin gün iki bülleteni təqdim etdiyini gizlətmək məqsədilə, cavabdeh vəzifəsindən sui-istifadə edərək saxtakarlıq etməklə, məhkəməyə bülletenlərin və əmək müqaviləsinin orijinallarını deyil, saxtalaşdırılmış kserosurətlərini təqdim etmişdir. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi fasiləsiz xəstə olmağını təsdiq edən sənədləri işəgötürənə təqdim etmişdir. Cavabdeh bu sənədləri məhkəməyə təqdim etməmiş, sübutların hərtərəfli araşdırılmasına imkan verməmişdir. İşəgötürən onun 3000 müəllim arasında ixtisas üzrə işləyən yeganə alim olduğunu bilə-bilə xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikasının ƏM-nin 10-1.3-cü maddəsinin tələblərinə əməl etmədən əsassız və qanunsuz olaraq, onunla əmək müqaviləsi bağlamaqdan imtina etmişdir. Məhkəmə onun korrupsiyada ifşa etdiyi Bədişqala kənd tam orta məktəbinin direktorunun və Qusar rayon Təhsil şöbəsinin müdir əvəzinin onu təqib və təhdid etmələrinə, qanunsuz olaraq onu işdən çıxarmalarına, çalışma müddətini uzatmamalarına, yeni əmək müqaviləsini bağlamaqdan imtina etmələrinə və sairə hüquqi qiymət verməmiş, əməllərində cinayətin əlamətlərini aşkara çıxarsa da, bu barədə prokurora xəbər verməmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilərək xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi və təqib nəticəsində ona vurulmuş 1000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Qusar rayon Bədişqala kənd tam orta məktəbinin direktoru X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Təhsil şöbəsinin nümayəndəsi X9 cavabdeh Qusar rayon Bədişqala kənd tam orta məktəbinin apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə, iddiaçının apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin mənəvi ziyan hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Qusar rayonu Bədişqala kənd tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin tarixdən Qusar rayonu Bədişqala kənd orta məktəbinə müəllim qəbul olunmuş, müqavilə 9 ay müddətinə bağlanmış və müddəti xx xxxx 2020-ci il tarixədək olmuşdur. Həmin müqavilədə İddiaçı imzası yoxdur. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 ilə Qusar rayonu Bədişqala kənd tam orta məktəbi arasında bağlanmış müddətli əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə elektron sistemə daxil edilmiş, müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İş materiallarında olan Qusar rayonu Bədişqala kənd tam orta məktəbi üzrə xx.xx.2020-ci il tarixli, 21 saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan dili və ədəbiyyatı müəllimi İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə qurtardığından və həmin vaxtda xəstəliyi ilə əlaqədar müalicədə olduğundan Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi məsələsinə xəstəlikdən qayıtdıqdan sonra bir təqvim həftəsi ərzində baxılmalıdır. İş materiallarında olan Qusar rayonu Bədişqala kənd tam orta məktəbi üzrə xx.xx.2020-ci il tarixli, 22 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar müalicədən qayıtdığından xx.xx.2020-ci il tarixdə işdə hesab edilmiş və Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən onunla bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 607983 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xəstə olmuş, işə başlamalı tarixi xx.xx.2020-ci il olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 613759 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xəstə olmuş, işə başlamalı tarixi xx.xx.2020-ci il olmuşdur. İş materiallarında olan Məmmədov Həsənbala Məhəmməd oğlunun Qusar rayonu Bədişqala kənd tam orta məktəbinin direktoru X5 ünvanlandığı xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, əmək qabiliyyətini itirdiyi günlər üçün xəstəliyə görə müavinətin verilməsini xahiş etmişdir. İş materiallarında olan “X22 Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 10162 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən həmin mərkəzin Poliklinika şöbəsinə müraciət etmiş, “Şəkərli diabet İİ tip, prostat vəzinin adenoması, kəskin sistit” diaqnozu ilə xx.xx.2020-ci il tarixə kimi xəstəlik vərəqəsi açılmış və xəstə konservativ ambulator müalicəyə götürülmüşdür. İş materiallarında olan Qusar rayonu Bədişqala kənd tam orta məktəbi üzrə xx.xx.2020-ci il tarixli, 27 saylı əmrin surətindən görünür ki, Məmmədov Həsənbala Məhəmməd oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 22 nömrəli əmr ləğv edilmiş, Məmmədov Həsənbala Məhəmməd oğlu xx.xx.2020ci il tarixdən işdə hesab edilmiş, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Məmmədov Həsənbala Məhəmməd oğlu Qusar rayonu Bədişqala kənd tam orta məktəbində müəllim işləmiş, yaş həddi tamam olduğuna görə onunla müddətli əmək müqavilələri bağlanmış və həmin əmək müqavilələrinə əsasən işləməkdə davam etmişdir. İddiaçı ilə sonuncu müddətli əmək müqaviləsi xx xxxxxxxx 2019-cu il tarixdə 9 ay müddətinə bağlanmış, həmin müqavilə xx.xx.2020-ci il tarixdə elektron sistemə daxil edilmiş və müqavilənin müddəti xx xxxx 2020ci il tarixdə bitmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək xəstə olmuş və xx xxxx 2020-ci il tarixdə işdə hesab edilmişdir. Buna görə də Qusar rayonu Bədişqala kənd tam orta məktəbinin direktorunun xx xxxx 2020-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin sonradan iddiaçı Məmmədov Həsənbala Məhəmməd oğlunun təqdim etdiyi xəstəlik vərəqələrindən onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək də xəstə olduğu və xx xxxx 2020-ci il tarixdən işə başlamalı olduğu məlum olduğundan məktəb direktorunun xx xxxx 2020-ci il tarixli, 27 saylı əmri ilə xx xxxx 2020-ci il tarixli əmr ləğv edilmiş, Məmmədov Həsənbala Məhəmməd oğlu xx xxxx 2020-ci il tarixdə işdə hesab olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 105-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı) bayram günüdür. Həmin Məcəllənin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü iş günü hesab edilmir. Göründüyü kimi, işəgötürən tərəfindən xx xxxx 2020-ci il tarixdə 27 saylı əmr qəbul olunarkən Məmmədov Həsənbala Məhəmməd oğlunun əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2020-ci il tarixli əmrin Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə uyğun olmadığı, yəni həmin tarixdə İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsi müəyyən edilmiş və buna görə də həmin əmr ləğv edilmişdir. Bununla da, məktəblə İddiaçı arasında əmək münasibətləri davam etmişdir. Lakin buna baxmayaraq, eyni tarixdə eyni əmrlə məktəbin direktoru tərəfindən Məmmədov Həsənbala Məhəmməd oğlu xx xxxx 2020-ci il tarixdə işdə olması hesab edilmiş və xx xxxx 2020-ci il tarixdən yenidən əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, xx xxxx 2020-ci il tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü olmuş və Əmək Məcəlləsinin tələblərinə əsasən qeyri-iş günü olmuşdur. Belə olan halda, onun həmin tarixdə işdə hesab edilməsi qanuna zidd olmuşdur. Bundan başqa, Qusar rayonu Bədişqala kənd tam orta məktəbi tərəfindən xx xxxx 2020-ci il tarixli əmr qəbul olunarkən Məmmədov Həsənbala Məhəmməd oğlunun xəstə olub-olmaması, əmək qabiliyyətinin olub-olmaması araşdırılmamış, məktəbə dəvət olunmaqla onun səhhətinin mövcud vəziyyəti öyrənilməmiş və əmr qəbul olunan vaxtdan təxminən 1 ay əvvəlki tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin işdən görünür ki, iddiaçı İddiaçı xx xxxx 2020-ci il tarixdə məktəb direktoruna şəxsən imza etdirməklə xəstəlik vərəqələrini təqdim etsə də, işəgötürən tərəfindən bu barədə vaxtında heç bir qərar qəbul olunmamışdır. Bununla da, Qusar rayonu Bədişqala kənd tam orta məktəbi tərəfindən həmin əmr qəbul edilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası hesab edir ki, Məmmədov Həsənbala Məhəmməd oğlu ilə bağlanmış əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən ləğv edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçı apellyasiya şikayətində qətnamənin mənəvi ziyana dair hissəsini mübahisələndirmişdir. İddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, Məmmədov Həsənbala Məhəmməd oğlu iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsini cavabdeh təşkilatın rəhbərliyi tərəfindən təqib və təhdid olunması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında İddiaçı cavabdeh təşkilatın rəhbərliyi tərəfindən təqib və təhdid olunmasına dair hər hansı sübut yoxdur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissələrdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(029)-950/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar