Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1118/2023 24.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə) nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: nikahın etibarsız sayılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir), cavabdehin nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs Abşeron Rayon Qeydiyyat Şöbəsinin rəisi X4 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-179/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 iyun 2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 004855 saylı nikah haqqında şəhadətnamənin surətindən, Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 aprel 2022-ci il tarixdə verilmiş 05/Q-525/69 saylı arayışdan və Abşeron rayonunun VVAQ bürosu tərəfindən verilmiş 13 yanvar 1987-ci il tarixdə 14 nömrə ilə qeyd edilmiş bağlanmış nikahın bağlanması haqqında akt qeydindən görünür ki, İddiaçı ilə MirzəCavabdeh 13 yanvar 1987-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 yanvar 1987-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 4/1769 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Abşeron Rayon Qeydiyyat Şöbəsinə aid 13 yanvar 1987-ci il tarixli 14 nömrəli Nikahın bağlanılması haqqında aktın arxa tərəfindən “13. Evlənənlərin imzaları” qrafasında “Məmmədov” soyadından aşağı hissəsində yerləşən imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 140 manat təşkil edir.
3. Məhkəmənin sorğusu əsasında daxil olmuş Abşeron Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-584 nömrəli məktubu ilə Abşeron rayon qeydiyyat şöbəsi X8, X7, X9 doğum haqqında akt qeydlərinin surətini məhkəməyə göndərilmişdir. Məlumat üçün bildirilmişdir ki, “X1 dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a 15 №-li əlavədə nikaha daxil olmaq haqqında ərizələrin saxlanma müddəti 5 il müəyyən edildiyindən həmin sənədin təqdim olunması imkanları xaricindədir. Doğum haqqında akt qeydlərinin əslinin məhkəməyə təqdim edilməsi üçün sübutların təmin edilməsi haqqında qərardadı Abşeron rayon qeydiyyat şöbəsinə göndərilməsi xahiş olunur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə) nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində 13 yanvar 1987-ci ildə bağlanan, nikahın bağlanması haqqında qeydlər kitabına 14 nömrəli qeyd ilə daxil edilmiş nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşı deyildir, Rusiya Federasiyası vətəndaşıdır və 1986-cı ildən Rusiyada yaşayır. 2022-ci il tarixdə iddiaçıya Cavabdeh ilə 1987-ci il tarixdə rəsmi nikaha daxil olduğu məlum olmuşdur. Lakin iddiaçı həmin nikahın bağlanmasında iştirak etməmiş və nikahın bağlanması ilə bağlı hər hansı bir sənədi imzalamamışdır. Qeydiyyat orqanında rəsmiləşmə zamanı onun əvəzindən edilən imzanın həqiqətə uyğun olmadığını bildirməklə yanaşı, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də nikahın bağlanması haqqında akt qeydindəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində 13 yanvar 1987-ci ildə bağlanan, nikahın bağlanması haqqında qeydlər kitabına 14 nömrəli qeyd ilə daxil edilmiş nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-179/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Məmmədova (Mirzəməmmədova) Tümən Məmməd qızı arasında 13 yanvar 1987-ci il tarixdə bağlanmış və Abşeron rayonunun VVAQ bürosu tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 yanvar 1987-ci il tarixdə 14 nömrə ilə qeyd edilmiş nikahın etibarsız sayılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat pul vəsaitinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Elçin Kazımov)
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə Abşeron Rayon Qeydiyyat Şöbəsinə aid 13 yanvar 1987-ci il tarixli 14 nömrəli nikahın bağlanılması haqqında aktın arxa tərəfindən “13. Evlənənlərin imzaları” qrafasında “Məmmədov” soyadından aşağı hissəsində yerləşən imzanın - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən olunmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2, 11.1, 25.1, 25.2, 25.4, 28.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-179/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
10. Cavabdeh ilə İddiaçı arasında qohumluq əlaqələri mövcuddur. 1986-cı ildə iddiaçı ilə cavabdeh arasında yaxın səmimi münasibət yaranmış və qısa müddət sonra tərəflərin ailələri tərəfindən nişan mərasimi keçirilmişdir. Tərəflər rəsmi nikaha daxil olmaq məqsədilə Abşeron Rayon VVAQ şöbəsinə müraciət etmişlər. xx.xx.1987-ci ildə tərəflərin nikahı Abşeron rayon VVAQ şöbəsində rəsmiləşdirilərək bağlanmışdır. Həmin vaxt tərəflərin nikahında cavabdehin atası X5, iddiaçının atası X3, X2, X6 da iştirak etmişdir. xx.xx.1987-ci il tarixdə isə tərəflərin toy mərasimi keçirilmişdir. Tərəflər toy mərasimindən sonra 3 ay müddətində Qobustan rayonunun Qaracüzlü kəndində yaşamış, daha sonra Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinə gələrək orada yaşamağa başlamışlar. Tərəflərin birgə nikahından xx.xx.1988-ci ildə Ruslan Məmmədov, xx.xx.1989-cu ildə Əlvan Məmmədov, xx.xx.1991-ci ildə Nicat Məmmədov adlı övladları doğulmuşdur. İddiaçı 1994-cü ilin mart ayında ilk dəfə Rusiya Federasiyasının Moskva şəhərinə qardaşı Füzuliyə məxsus univermaqda işləmək üçün getmişdir. 1995-ci ildə isə cavabdehi və uşaqlarını da özü ilə Moskva şəhərinə aparmışdır. 1996-cı ilin oktyabr ayında cavabdehin atası rəhmətə getdiyi üçün Azərbaycan Respublikasına geri qayıdaraq Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşamağa başlamışlar. Tərəflərin uşaqları da Aşağı Güzdək qəsəbəsində yerləşən Səmidxan Əzizov adına orta məktəbdə təhsil almağa başlamışdır. 1999-cu ildə isə tərəflər uşaqları ilə birlikdə yenidən Moskva şəhərinə getmişlər. Tərəflərin arasında münasibət yaxşı olsa da, sonradan iddiaçının Moskva şəhərində başqa qadınla nikaha daxil olması və həmin nikahdan da övladlarının olması səbəbindən tərəflər arasında münasibət kəskin olaraq pisləşmiş və ayrılmaq qərarına gəlmişlər. 11.28.10.2021-ci ildə cavabdeh Moskva şəhər məhkəməsinə iddiaçıya qarşı əmlak bölgüsü tələbi ilə iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə isə başqa məhkəmədə əlaqəli iş üzrə məhkəmə prosesi davam etdiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçının onunla rəsmi nikahda olduğu halda ikinci dəfə rəsmi nikaha daxil olması səbəbindən Moskva şəhərinin Kapotnya rayonunun polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin araşdırma da məhkəmə mübahisəsi olması səbəbindən hazırda dayandırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya qarşı həm əmlak bölgüsü ilə məhkəməyə, həm də iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi üçün polis orqanlarına müraciət etməsi səbəbindən İddiaçı xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsində nikahın etibarsızlığına dair iddia qaldıraraq həm cavabdehə heç bir əmlak verməməsi, həm də özünün cinayət məsuliyyətinə cəlb edilə bilinməməsinə çalışmışdır. Qeyd olunanlardan açıq-aşkar görünür ki, iddiaçı nikahın etibarsız hesab edilməsinə dair iddianı məqsədli şəkildə qaldırmışdır. Və bu məqsədinə çatmaq üçün müxtəlif üsullardan da istifadə etməyə çalışır. Belə ki, o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, həmçinin məhkəmə prosesində izahat verərkən nikah qeydində olan imzanın onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyini qeyd etmiş, həmçinin 1986-cı ildən də Azərbaycan Respublikasında deyil, Rusiya Federasiyasında olduğunu və orada yaşadığını bildirmişdir. Qeyd olunanların açıq-aşkar yalan olduğu görünməkdədir. Çünki tərəflərin 1986-cı ildə nişan mərasimi, 1987-ci ildə isə rəsmi nikah mərasimi və toy məclisi olmuş, həmin məclislərdə də tərəflərin yaxınları və qohumları da iştirak etmişdir. Ən önəmli fakt isə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların 1986-cı ildən sonra Azərbaycan Respublikasında doğulmalarıdır. Belə ki, Ruslan Məmmədov xx.xx.1988-ci ildə, Əlvan Məmmədov xx.xx.1989-cu ildə, Nicat Məmmədov xx.xx.1991-ci ildə doğulmuşdur. Əgər iddiaçı 1986-cı ildən ölkə ərazisində olmamışdırsa, belə qənaətə gəlmək olar ki, qeyd olunan 3 uşağın atası da o deyildir. Çünki cavabdeh ilk dəfə 1995-ci ildə uşaqları ilə birlikdə Moskva şəhərinə getmişdir. Həmin ilədək isə Azərbaycan Respublikasında olmuşdur. Qeyd olunanlardan görünür ki, iddiaçı öz məqsədinə nail olmaq üçün məhkəmədə yalan izahat vermiş və məhkəməni (hakimi) aldadaraq öz xeyrinə qətnamə qəbul edilməsinə nail olmuşdur.
12. Ekspertin rəyi ilə razı deyil. Görünür ki, ekspert rəy verərkən vacib yanılmışdır. Bunun səbəbləri müxtəlif ola bilər. Çünki nikah qeydindəki imza 1987-ci ilə aiddir. İddiaçının imza nümunələri və digər nümunələr isə 2022-ci ilə məxsusdur. Müqayisə olunacaq nümunələr arasında 35 illik vaxt fərqi öz təsirini göstərmişdir. Qeyd olunan vaxt ərzində nümunələr arasında fərqliliyin mövcudluğu normal qarşılanmalıdır. Həmçinin iddiaçı özü də xətt nümunələrini qərəzli olaraq fərqli şəkildə göstərməyə çalışa bilər. Əlavə olaraq bildiririk ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların doğum haqqında şəhadətnamələri də iddiaçının məhz özü tərəfindən imzalanaraq təhvil alınmışdır. Bu vəziyyətdə isə qeydiyyat şöbəsinə iddiaçı tərəfindən nikah haqqında şəhadətnamə təqdim edilərək, uşaqların doğum haqqında şəhadətnamələri məhz özü tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd olunan imzanın kimə məxsus olması barədə Abşeron rayon qeydiyyat şöbəsinə müraciət olunsa da həmin məlumatların şəxsi məlumatlar kateqoriyasına daxil olması səbəbindən yalnız məhkəmə sorğusu əsasında məhkəməyə təqdim ediləcəyi bildirildi.
13. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara düzgün qiymət vermədən, iddiaçının iddiaya qarşı gətirdiyi dəlilləri isə araşdırmadan qətnamə çıxarmışdır. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edir və bununla əlaqədar qeyd edir ki, işin faktiki halları araşdırılmamış və cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, iddiaçının izahatında göstərdiyi hallara dair sübutlar tələb edilməmiş, bununla da qətnamə qəbul edilməklə cavabdehin hüquqları kobud şəkildə pozulmuş, qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə cavabdehin iştirakını təmin etmədən onun əleyhinə qətnamə qəbul etmişdir. Cavabdehin məhkəmədə iştirak edə bilməməsinin isə bir çox səbəbləri vardır. Belə ki, iddiaçı cavabdehin Rusiya Federasiyasında olduğu müddətdə Azərbaycan Respublikasına gələrək Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia qaldırıldıqdan sonra isə məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. Həmin müddətdə isə qeyd olunan evdə iddiaçının və cavabdehin gəlini və oğlu yaşamışlar. Həmin bildirişlər cavabdeh orada olmadığı üçün gəlini Həvva Məmmədovaya şəxsən verilməmişdir. Həvva Məmmədova isə qayınanası Cavabdeh hazırda həmin evdə yaşamadığını, xaricdə olduğunu poçt əməkdaşına bildirmişdir. Bunu zərfin üzərində qeyd olunan “xaricdədir” yazısı da təsdiq edir. Həvva Məmmədova həmin zərfin Abşeron Rayon Məhkəməsindən göndərildiyi barədə məlumatlı olsa da bu barədə Cavabdeh qərəzli olaraq heç bir məlumat verməmişdir. Bunun əsas səbəbi isə İddiaçı tərəfindən oğlu Ruslan Məmmədova və ona yeni ev alacağına dair söz verməsidir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Aşağı Güzdək qəsəbəsi üzrə Nümayəndəliyinə göndərilən məhkəmə bildirişi isə Həvva Məmmədova tərəfindən qəbul edilmişdir. X21 həmin bildirişi evdə gizlədib bu haqda Cavabdeh qərəzli olaraq heç bir məlumat verməmişdir. İddiaçı cavabdeh ilə arasında yaranmış mübahisələrdən sonra cavabdehi, gəlini Gülşən Yusifovanı və iki uşağını yaşadıqları mənzildən çıxartdırmışdır. Bu səbəbdən də onlar Abşeron rayonu, Aşağı güzdək qəsəbəsinə gəlmişlər. Bundan sonra Cavabdeh qeydiyyatda olduğu evdə yaşamağa başlamışdır. Məhkəmənin qətnaməsini də təsadüf nəticəsində poçt işçisindən qəbul etmişdir. Çünki həmin vaxt aralarında yaranmış anlaşılmazlıq səbəbindən oğlu Ruslan Məmmədovu və gəlini Həvva Məmmədovanı evdən çıxartmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı cavabdehin məhkəmə iclasında iştirak etməməsi və iddiasının təmin edilməsi üçün bütün qanunsuzluqlara əl atmış, məhkəmədə yalan izahat verməklə hakimi aldatmağa çalışmışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir) və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs Abşeron Rayon Qeydiyyat Şöbəsinin rəisi X12 izahat verərək bildirmişdir ki, doğulan uşağın doğum qeydiyyatı Azərbaycan Respublikasının Ailə Məcəlləsi və X1 Qeydiyyatı Şöbəsinin aktları ilə həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də şəxslərin dairəsi göstərilib. Doğum haqqında şəhadətnamənin əldə olunması üçün valideyinlər mütləq istirak etməlidirlər. Əgər valideyinlər iştirak etmirsə bu zaman qohumlar, qonşular iştirak edə bilər. Eyni zamanda uşağın doğulduğu tibb müəssisənin müdriyyəti də iştirak edə bilər. Etibarnaməsiz də əldə edilə bilər, bunun üçün bir sıra sənədlər tələb olunur. 2003-cü ilədək doğum haqqında şəhadətnamənin əldə olunması üçün nikah haqqında şəhadətnamə tələb olunurdu. Əgər nikah yoxdursa mütləq valideyinlər iştirak etməlidir. Nikah haqqında şəhadətnamə imzalanmayıbsa nikah etibarsız sayılır
Tətbiq edilən hüquq Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan AR Nikah və Ailə Məcəlləsi (1969-cu il tarixli)
18. Maddə 13. Nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanır.
19. Maddə 17. İkisindən biri başqası ilə nikahda olan şəxslər arasında, qohumlar (doğma və ögey qardaş və bacılar, övladlığa götürənlər və övladlığa götürülənlər) arasında, ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanan nikahın bağlanmasına yol verilmir.
20. Maddə 48. Nikah bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər.
21. Maddə 51.1. Bu Məcəllənin 17-ci maddəsində göstərilən hallarda nikah etibarsız hesab edilə bilər.
22. Maddə 51.2. İşə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.
Hazırda qüvvədə olan AR Ailə Məcəlləsi
23. Maddə 11. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.
24. Maddə 12. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 2. övladlığa götürənlər və övladlığa götürülənlər; 3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; [8] 4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
25. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
26. Maddə 27.1. Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Verilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
38. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir.
40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan SSR-nin 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 13-cü maddəsinə görə nikahın qeydiyyatı həm dövlətin və cəmiyyətin mənafeyini, həm də ər-arvadın və uşaqların şəxsi və əmlak hüquqlarını və mənafelərini qorumaq məqsədini daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə görə isə, bu Məcəllənin 15-17-ci maddələrində (nikah yaşına çatmadıqda, tərəflərin qarşılıqlı razılığı olmadıqda, ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında, qohumlar (doğma və ögey qardaş və bacılar, övladlığa götürənlər və övladlığa götürülənlər) arasında, ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanan nikahlar) nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayıla bilər.
41. Tərəflərin nikah bağladığı dövrdə qüvvədə olan ailə qanunvericiliyinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər.
42. Məhkəmə kollegiyası tərəflərin arasında nikahın bağlanıb-bağlanılmaması məsələsini araşdırarkən ilk öncə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, tərəflərin qarşılıqlı münasibətlərini, tərəflərin sonrakı hərəkətlərini nəzərə alır.
43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyəyənləşdirilməlidir.
44. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
45. İşin hallarından aydın olur ki, tərəflər könüllülük əsasında sərbəst iradə sərbəstliyini nümayiş etdirməklə 13 yanvar 1987-ci il tarixdə rəsmi nikah bağlayaraq qeydə aldırmış və ailə qurmuş, iddiaçı isə nikahın qeydə alındığı vaxtdan 35 il keçdikdən sonra cavabdehlə ailə qurmaq niyyəti olsa da, cavabdehlə rəsmi nikaha daxil olmaq istəməməsinə, nikahın mövcudluğundan 35 il məlumatlı olmamasına və nikah bağlanarkən nikahın bağlanması haqqında akt qeydində imzanın ona məxsus olmamasına əsaslanmaqla nikahın etibarsız sayılmasını istəmişdir.
46. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Çünki qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur.
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
48. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 4/1769 nömrəli ekspert rəyinə istinad etmişdir.
49. Kollegiya qeyd edir ki ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir və digər sübutlatla yanaşı qiymətləndirilir. İş materiallarında olan ekspert rəyinin sübut kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin rəy o vaxt mötəbər sübut kimi tam qəbul edilib qiymətləndirilə bilər ki, rəydə əksini tapmış faktlar işdə olan digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilərkən öz təsdiqini tapmış olsun. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
50. Ekspert rəyində Abşeron Rayon Qeydiyyat Şöbəsinə aid 13 yanvar 1987-ci il tarixli 14 nömrəli nikahın bağlanılması haqqında aktın arxa tərəfindən “13. Evlənənlərin imzaları” qrafasında “Məmmədov” soyadından aşağı hissəsində yerləşən imzanın - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmasının müəyyən olunması ilə bağlı kollegiya qeyd edir ki, nikah qeydindəki imza 1987-ci ilə aiddir. İddiaçı tərəfindən imza nümunələri və digər nümunələr isə 2022-ci ildə təqdim edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin müqayisə olunacaq nümunələr arasında 35 illik vaxt fərqin öz təsirini göstərməsi, qeyd olunan vaxt ərzində nümunələr arasında fərqliliyin mövcudluğunun normal qarşılanması ilə bağlı dəlillərini əsaslı və ağlabatan hesab edir.
51. Məhkəmə kollegiyası sübut növlərindən biri olan ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyi ilə razılaşmır və həmin rəydə əks olunan məlumatları nəzərə almır. Çünki həmin ekspertiza iddiaçının hazırkı sərbəst xətt və imza nümunələri əsasında aparılmışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfə ona məxsus hər hansı şübhələrdən azad olan məhz 1987-ci ilin və ya həmin dövrə aid sərbəst imza və xətt nümunələrini təqdim edilməsini təklif etsə də, tərəf həmin dövrə müvafiq sənədlər təqdim etmədiyindən, kollegiya təkrar ekspertizanın keçirilməsini məqsədəmüvafiq hesab etməmişdir. Kollegiya hesab edir ki, 35 il ərzində iddiaçının xəttində və imzasında dəyişiklik olması təbiidir və kifayət qədər uzun müddət keçdiyindən, fərqli dövrə aid imzaların müqayisəli tədqiqatın nəticəsində verilmiş ekspertiza rəyi hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz.
52. Belə ki, məhkəmə araşdırması zamanı şahid X10 öz izahatında bildirmişdir ki, o, şəxsən tərəflər arasında nikahın bağlanmasında Xırdalanda yerləşən Qeydiyyat şöbəsində iştirak etmiş, bacısı Cavabdeh tərəfindən şahid kimi çıxış etmişdir. Qeyd olunmalıdır ki, iş materiallarında olan toy məclisinə dəvətnamədən də və tərəflərin birgə yaşadığları dövrə aid fotoşəkillərindən görünür ki, tərəflər ailə qurmaq niyyətində olmuşdurlar.
53. Digər tərəfdən işin faktiki hallarından görünür ki, nikahdan sonra cavabdehin soyadı “Mirzəməmmədova”dan “Məmmədova”ya dəyişdirilmiş, tərəflərin birgə nikahdan 3 uşağı olmuş, hər birinin doğumu atanın müraciəti əsasında qeydə alınarkən, nikahdan olan uşaqlar kimi qeydə alınmışdırlar. Belə ki, iddiaçının nikahın bağlanmasından 35 il ərzində məlumatlı olmaması barədə dəlilini məhkəmə kollegiya inandırıcı hesab etmir.
54. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, hazırkı halda nikahın bağlanmasında tərəflər öz iradələrinə uyğun düşünülmüş şəkildə hərəkət etmiş, nikah isə qeydə alındığı andan həm tərəflərə, həm də dairəsi qeyrimüəyyən üçüncü şəxslərə münasibətdə ciddi hüquqi nəticələr yaradan hüquqi faktdır. Belə olan halda həmin nikahın etibarsız hesab edilməsi üçün iddiaçı istinad etdiyi hallara dair məhkəməyə biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədən kənar sübut verməlidir. İddiaçının isə belə sübutları təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanılmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
56. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 179/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-179/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Мəhkəmə-xətşünaslıq ekspertizasının tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.