Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1123/2025 16.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(060)-578/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı iddia qaldıraraq, cavabdehlərin və onların qohumları olan azyaşlı X2, X3 ona və ailəsinə məxsus ünvan 1 ünvanından çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil Azərkimyatikinti trestinin xx.xx.1995-ci il tarixli, 37 saylı protokolu əsasında ona və ailəsinə verilmişdir. Lakin mənzil məcburi köçkün ailəsi olan cavabdehlər tərəfindən zəbt edilmiş və ailəsi ilə birlikdə həmin mənzilə köçə bilməmişdir. Uzun və ağrılı proseslərdən sonra 03 fevral 2022-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin “yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması barədə” Sərəncamı qəbul edilmiş və ünvan 2 ünvanında yerləşən mənzilə kirayə müqaviləsi bağlanmışdır. O və ailə üzvləri uzun müddət məcburi köçkün ailəsinin zəbt etdikləri onlara məxsus olan mənzildən çıxarılmalarını tələb etsələr də, heç bir hüquqi əsas olmadan tələbləri icra edilməmişdir. Bütün tələblərinə məcburi köçkün ailəsinin başqa yerə köçürülməsi mümkün olmadığına dair əsaslar ilə rədd cavabları gəlmişdir. Amma hal-hazırda situasiya əsaslı şəkildə dəyişmişdir. Belə ki, X7 Baş Komandanlğı altında müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etmişdir. Bir çox rayon və kəndlərdən olan məcburi köçkünlər öz doğma yurdlarına köçürülmüşdürlər. Amma ona məxsus olan mənzil hələ də boşaldılmamışdır. Bu səbəbdən iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 797 saylı arayışda qeyd olunmuşdur ki, 47-ci məhəllədə yerləşən 12 saylı evin 58-ci mənzili “Azərkimyatikinti” trestinin xx.xx.1995-ci il tarixli 37 saylı protokoluna əsasən İddiaçı qızının adına ayrılmışdır. Sahəsi 31,35 kv.m olan yaşayış sahəsi 2 otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aiddir. Hal-hazırda İddiaçı 5 nəfər ailə tərkibi ilə qızının 1 otaqlı evində yaşayırlar. Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 öz ailə üzvləri (Cavabdeh2, X6, Cavabdeh4, X4, X9) ilə birgə 2003-cü ildən göstərilən ünvanda yaşayır.
5. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 03 fevral 2022-ci il tarixli, 47 saylı Sərəncamından görünür ki, yaşayış sahəsi 31,35 kvadratmetr olan 47-ci məhəllədə yerləşən 12 saylı evin 58 saylı 2 otaqlı mənzilinə dair İddiaçı ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır.
6. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi İddiaçı və ailə üzvlərinə ünvan 2-də yaşayış sahəsi 31,35 kv.m olan 2 otağı müddətsiz istifadə üçün verməyi öhdəsinə götürmüşdür.
7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-6/2-2327/2025 nömrəli münasibətdə qeyd edilmişdir ki, yaşayış sahəsi 31,35 kvadratmetrdən ibarət 2 otaqlı ünvan 2 "Azərkimyatikinti” trestinin xx.xx.1995-ci il tarixli, 37 saylı protokolu əsasında İddiaçı ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 47 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı ilə yaşayış sahəsi 31,35 kvadrat metrdən ibarət 2 otaqlı ünvan 2-ə dair İddiaçı ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq 5 nəfərdən ibarət ailə tərkibi nəzərə alınmaqla kirayə müqaviləsi bağlanmışdır. Sözügedən mənzil məcburi köçkün ailəsi tərəfindən tutulduğundan İddiaçı həmin yaşayış sahəsinə köçə bilməmişdir.
8. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları bölməsinin xx.xx.2025-ci il tarixli, 01.3165 nömrəli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün Cavabdeh2, Cavabdeh1 həqiqətən Sumqayıt şəhərində məskunlaşmışdır.
9. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 653 nömrəli arayışdan görünür ki, vətəndaş Cavabdeh1 2003-cü ildən Ağdam rayonunun məcburi köçkünü kimi 5 nəfər ailə üzvü ilə birlikdə 47-ci məhəllə, ev 12, mənzil 58 ünvanında yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(060)-578/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 58 saylı mənzildən çıxarılması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 178.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(060)-578/2025 nömrəli qətnaməsinin tam ləğv eilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq məhkəmədə bildirmişdir ki, evi təmir etmişlər, qarşı tərəf xərcin əvəzini verərsə, evi onlara qaytarmağa hazırdırlar. Hesab edir ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır, mülki və mülki prossesual qanunvericiliyin tələblərinə cavab vermir. Qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən hesab edir ki, hazırkı qətnamə Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Belə olan halda, həsab edir ki, apellyasiya şikayəti təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 Sumqayıt şəhəri, 47 ci məhəllə, ev 12, 58 saylı mənzildən çıxarılmamalıdır. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.
17. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İş üzrə üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyəti nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
24. «Akimova Azərbaycana qarşı» iş üzrə 2007-ci il tarixli qərarında X13 Məhkəməsi qeyd etmişdir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir : birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 1 saylı Protokolun 1-ci maddəsinin tələbi ondan ibarətdir ki, mülkiyyət hüqüqundan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Məhkəmənin hüquqi mövqeyinə görə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunililik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı «qanun» və «qanuni» anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir və qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Qeyd edilən Qərarda Avropa Məhkəməsi hesab etmişdir ki, şəxsin (məcburi köçkün) şikayətçinin mənzilini tərk etməməsi şikayətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna zidd olub. Bu nəticə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsini aydınlaşdırmağı gərəksiz edir. Məhkəmə qərara almışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 03 fevral 2022-ci il tarixli, 47 saylı Sərəncamı ilə yaşayış sahəsi 31,35 kvadratmetr olan 47-ci məhəllədə yerləşən 12 saylı evin 58 saylı 2 otaqlı mənzilə dair İddiaçı ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 58 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında İddiaçı və ailə üzvlərinə müddətsiz istifadə üçün verilmişdir. Bu baxımdan mənzil qeyd edilən sənəd üzrə məhz iddiaçının istifadəsinə verilmişdir. Məcburi köçkün ailəsi olan cavabdehlər həmin mənzildə məskunlaşmışlar. İddiaçı ona məxsus mənzildən istifadə edə bilmədiyini, əmlak hüquqlarının pozulduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilmişdir.
30. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmişlər, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər Ağdam rayonundan məcburi köçkün kimi faktiki olaraq mənzili özbaşına tutmaqla 2003-cü il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşayırlar. Bu hal iddiaçıya məlum olduqdan sonra onların mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onların mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, İddiaçı cavabdehlərə qarşı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 58 saylı mənzildən çıxarılma tələbini irəli sürməkdə haqlıdır. Tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur.
31. Məhkəmə daha sonra qeyd etmişdir ki, müvafiq sosial kirayə müqaviləsi əsasında iddiaçının və onun ailə üzvlərinin mübahisəli mənzili sahibliyində saxlamaq, yaşayış sahəsi kimi istifadə etmək hüquqları vardır. Cavabdehlər isə hər hansı bir qanuni əsas olmadan həmin mənzildə yaşayırlar və həmçinin onlar məhkəməyə mənzilə dair hər hansı hüquqlarının olmasına dair sənəd (sosial kirayə müqaviləsi və s.) təqdim edə bilməmişlər.
32. Cavabdehlərin məcburi köçkün olmaları ilə əlaqədar həmin mənzildə yaşamalarına dair dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999cu il tarixli Qanun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
33. Qətnamə ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir.
35. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
36. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.
37. Hal-hazırda həmin hadisələrin üzərindən 33 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə iddiaçının hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər.
38. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(060)-578/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.