Məhkəmə qərarları › İş №2(105)-1124/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1124/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1124/2024 04.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(027)-172/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3894,48 (üç min səkkiz yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində borcun və 58,95 (əlli səkkiz manat, doxsan beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun məbləği, ümumilikdə 3953,43 (üç min doqquz yüz əlli üç manat qırx üç qəpik) manat məbləğin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində inşa etdirdiyi 20 saylı çoxmənzilli yaşayış binasında ümumi sahəsi 180,3 kv.m. olan 163 saylı mənzilin sahibidir. İddiaçı həmin binanın idarəedicisidir və binaya xidmətlər (kommunal xidmətlər) iddiaçı tərəfindən göstərilir. Bununla bağlı iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-ci il tarixli 2/163 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh əvvəllər mənzilə göstərilən xidmətlərə görə xidmət haqqını ödəsə də, lakin sonradan cavabdeh ödəniş etməkdən yayınmışdır. Nəticədə cavabdehin aşağıda göstərilən məbləğlərdə borcu yaranmışdır. Belə ki, sözügedən mənzil üzrə cavabdehin kommunal xidmətlər üçün 2021- ci ilin iyun ayından 2023-cü ilin avqust ayı daxil omaqla 3894,48 (üç min səkkiz yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat borcu yaranmışdır. İddiaçı dəfələrlə cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya göndərmiş (sonuncu dəfə xx.xx.2023- cü il tarixdə), lakin buna baxmayaraq, borc bu günədək ödənilməmiş qalmaqdadır. Məlumat üçün qeyd etmişdir ki, bundan əvvəl tərəflər arasında məhkəmə çəkişməsi baş tutmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6694/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-842/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən dəyişdirilməsi və Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalı olan borcun 5804,61 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(027)-172/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3084,64 (üç min səksən dörd manat altmış dörd qəpik) manat məbləğində borc və 58,95 (əlli səkkiz manat, doxsan beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(027)-172/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəflə dəfələrlə aralarında məhkəmə çəkişmələri olmuşdur. Rzayev Ramiz Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə gələcəkdə yol verilməsinin qadağan olunması,eyni zamanda kəsilmiş istilik sisteminin bərpa edilməsi vəzifələrinin cavabdehlərin üzərinə qoyulması, kommunal xərclərin aylıq tarifinin əvvəlki qaydada müəyyən edilməsi, müalicə xərclərinin, mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(005)-1719/2017ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək cavabdeh "xxxx" MMCnin iddiaçı Cavabdeh mülkiyyətində olan mənzilin istilik təchizatının dayandırılması kimi hərəkətlərinin qanunsuz hesab edilərək , bu cür hərəkətlərə yol verilməsi qadağan olunmuşdur. Həmin dövrdən "xxxx" MMC tərəfindən onun evinin istilik sistemi kəsilmişdir. Bundan başqa iddiaçı ilə cavabdeh arasında digər məhkəmə mübahisələrində də açıqaşkar bu iş üzrə Cavabdeh evinə kombi qoşması və evinin istiliyinin onun tərəfindən qoşulan kombi ilə aparılması aşkar edilmişdir. Bu iş üzrə iddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan evin istilik sisteminin kəsilməsi və davamlı olaraq Cavabdeh tərəfindən evinin isidilməsi kombi sistemi vasitəsi ilə aparıldığı halda, iddiaçı tərəfindən bütün kommunal xərclərin məbləğini tələb etmək qanunsuzdur. Onun mənzilinə kombi sistemi quraşdırılıb və iddiaçı tərəfindən onun evinə gələn istilik sistemi kəsildiyindən o, neçə ildir ki, MMC-nin xidmətlərindən istifadə etmir, lakin iddiaçı əsasız olaraq ondan pul tələb edir. İddaçı tərəfindən onun istilik xətti kəsildiyi üçün tərəfindən öz mənzilinin kombi sistemi çəkilərək təmin edilib. Cavabdeh tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirilməyib və tərəfindən istifadə edilən kombi üzrə dövlətə qaz pulu daimi ödənilib. İddiaçı tərəf onunla qərəzli münasibət apardığı üçün onun mənzili ilə bağlı heç bir kommunal xidmət göstərməyib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində inşa edilmiş 20 saylı çoxmənzilli yaşayış binasında ümumi sahəsi 180,3 kv.m olan 163 saylı sahibi Cavabdeh olan üç otaqlı mənzilin kommunal xidmətləri üzrə hesablanmış borc 2021-ci ilin iyun ayından 2023-cü ilin avqust ayı daxil olmaqla 3894,48 manat təşkil edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6694/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-842/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən dəyişdirilmiş və Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalı olan borcun 5804,61 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 2/163 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən icraçı - Mütəmadi iş rejimində və texniki cəhətdən saz vəziyyətdə liftin saxlanılması, pilləkən və lift sahəsinin təmiz vəziyyətdə saxlanılması, cari və kapital təmiri, yaşayış binasının ətraf sahəsinin və ərazisinin təmiz vəziyyətdə saxlanılması, su-nasos kompleksinin cari təmirinin və mütamadi iş rejiminin təmini, istilik sistemin cari təmiri və mütamadi iş rejiminin təmini, yaşayış binasının bloklarında,ətraf sahəsində və ərazisində işiqlandırma sistemini təmini, binanın ətraf sahəsinin və həyətyanı ərazisinin bütün sutka ərzində mühafizə olunması öhdəliklərini öz üzərinə götürmüş, sifarişçi isə - sifarişçi İcraçıya bu müqavilənin 2-ci maddəsində göstərilən öhdəliklərin icra olunması müqabilində bu müqavilənin 4-cü maddəsində göstərilən həcmdə və qaydada haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü maddəsinə əsasən Sifarişçi İcraçıya bu müqavilənin ll-ci maddəsində göstərilən öhdəliklərin icra olunması müqabilində hər ay yaşadığı sahənin 1 kv.m 80 qəpik məbləğində haqq ödəyir. Ödəniş hər ay üçün həmin ayın 5-nə qədər həyata keçirilməlidir. İş materiallarında olan texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. Həmin evin ümumi sahəsi 148,3 kv.m təşkil edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 3894,48 (üç min səkkiz yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində pulun alınmasını tələb etmişdir. İddiaçı iddia ərizəsində mübahisə predmetini təşkil edən mənzilin 180,3 kv.m. olduğunu qeyd etsə də, iş materiallarında olan texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan mənzilin ümumi sahəsi 148,3 kv.m təşkil edir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 2/163 saylı müqavilənin 4-cü maddəsinə əsasən Sifarişçi İcraçıya bu müqavilənin ikinci maddəsində göstərilən öhdəliklərin icra olunması müqabilində hər ay yaşadığı sahənin 1 kv.m. üçün 80 qəpik məbləğində haqq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarından görünür ki, cavabdeh müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri 2021-ci ilin iyun ayından 2023-cü ilin avqust ayına qədər icra etməmişdir (ümumilikdə 26 ay). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 3084,64 manat məbləğində pul tutulmalıdır. Belə ki, mübahisə predmetini təşkil edən mənzil 148,3 kv.m-dir və müqavilənin şərtlərinə əsasən cavabdeh 1 kv.m. üzrə 80 qəpik məbləğində pul ödəməlidir (148,3 kv.m x 0,80 x 26 = 3084,64 manat). İddiaçı hazırda 1 kv.m. üzrə məbləğin artırılmasını qeyd etsə də, iş materiallarından görünür ki, tərəflər arasında qeyd edilən şərtlə bağlı müqavilə mövcud deyil. Həmçinin mənzilin sahəsi ilə bağlı məhkəmə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin verdiyi texniki pasportu sübut kimi qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Həmin Məcəllənin 135.1-ci maddəsinin tələbinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları stisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış 01 yanvar 2013-cü il tarixli müqavilənin icraçının öhdəlikləri adlı ikinci bölməsində icraçının sifarişçi üçün yerinə yetirməli olduğu xidmətlər və eyni zamanda üçüncü bəndində isə sifarişçinin bu öhdəliklərin icra olunması müqabilində müəyyən edilmiş həcmdə və qaydada haqq ödəməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Cavabdeh apellyasiya şikayətində istilik sistemini özü çəkdiyini bildirsə də, müqavilənin ikinci bəndi ilə müəyyən edilir ki, icraçının öhdəlikləri yalnız istilik sistemi ilə kifayətlənmir.Bundan əlavə istilik sistemi ilə təchiz olunmuş mənzillərə görə payız-qış mövsümü üzrə mənzilin hər kv.m.üçün xidmət haqqı 0,80 manatdan əlavə 0,50 manat, yəni 1,30 manat təşkil edir (20 saylı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli protokol qərarı).Cavabdehin mənzilinə görə isə hər kv. m. üçün xidmət haqqı yalnız 0,80 manat nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbləri baxımından da cavabdeh 2021-ci ilin iyun ayından 2023-cü ilin avqust ayına qədər 26 ay ərzində öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(027)-172/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar