Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1125/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "cavabdehin torpaq sahəsindən çıxarılması və vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(012)-13/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan, Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən, 0.20 ha torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən ona məxsus bağ təsərrüfatına vurulmuş maddi ziyana görə 10.000 (on min) manat pul vəsaitinin və iddia üçün ödənilmiş 20 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illər Hərbi Akademiyada pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Bir müddətdir kı, həyat yoldaşı-istefada olan general-mayor Piri İsrafılovla bir yerdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən, onun xüsusi mülkiyyətində olan torpaq sahəsində (0.20 ha ərazinə əhatə edən) kənd təsərrüfatı bağçılıq ilə məşğul olurlar. Cari ilin oktyabr-noyabr aylarında bağ sahəsinə baş çəkərkən, torpaq sahəsinin hasarının qapısının sındırıldığının və təsərrüfatlarının yararsız hala salındığının şahidi olmuşlar. Məlum olmuşdur ki, bu qanunsuzluq və özbaşınalıq bağ qonşuları və qohumları Cavabdeh tərəfindən törədilmişdir. Belə ki, cavabdeh hasarın qapısını sındırmış, bağ sahəsində min bir əziyyətlə düzəltdikləri istixanaları (parnikləri) dağıtmış, həmçinin bağ sahəsinin önünə “Satılır” elanı qoymuşdur. Cavabdehin qanunsuz hərəkətlərinin səbəbini soruşduqda isə Elbrus onun mülkiyyətində olan bağ sahəsinin koordinatları ilə cavabdehin mülkiyyətində olan bağ sahəsinin koordinatlarının guya üstüstə düşdüyü üçün belə hərəkət etdiyini bildirmişdir. Bundan sonra o, cavabdehə torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmaqla, ona məxsus olmasını və torpaq sahəsindən çıxmalı olduğunu izah etmişdir. Lakin cavabdeh heç bir əsası olmadan onun torpaq sahəsinin özünün torpaq sahəsinin koordinatlarına daxil olduğunu bildirərək, torpaq sahəsindən çıxmamışdır. Beləliklə, cavabdehin özbaşınalığı və qanunazidd hərəkətləri nəticəsində onun konstitusion hüququ olan mülkiyyət hüququ Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bununla da, uzun müddət istifadə etdikləri, min-bir zəhmətlə əkibbecərdikləri, üzərində bağ-bostan təsərrüfatı, o cümlədən istixana qurduqları əmlaklarından-xüsusi mülkiyyətində olan torpaq sahəsindən məhrum edilmişlər. Həmçinin, cavabdeh tərəfindən təsərrüfat alətlərinin, həmçinin istaxanaların məhv edilərək yararsız hala salınmasına görə onlara əhəmiyyətli maddi ziyan dəymişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. AR ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 355 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AA № 047822 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.20 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
6. AR ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli, **********20 reyestr saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 355 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cı il tarixli, **********20 reyestr saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.20 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********62 reyestr saylı Çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.20 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********62 reyestr saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.20 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 10/1962 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 3-21-3-32/2-6324/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli RX ******* seriyalı çıxarışdakı və eyni tarixli **********26 reyestr nömrəli plan və ölçü sənədindəki koordinatları, Cavabdeh verilmiş xx.xx.2016-cı il tarixli RX ******* seriyalı çıxarışdakı və eyni tarixli **********62 reyestr nömrəli plan və ölçü sənədindəki koordinatlar və xx.xx.2013-cü il tarixli RX ******* seriyalı çıxarışdakı və eyni tarixli **********20 reyestr nömrəli plan və ölçü sənədindəki koordinatlar ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Məmmədli kəndi “Məmədli” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün, qərardadda qeyd olunan sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7326 nömrəli ekspert rəyinin surətindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin müvafiq mütəxəssi rəyinə əsasən, elektron məlumat bazasına əsasən İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli RX ******* seriyalı çıxarışdakı və eyni tarixli **********26 reyestr nömrəli plan və ölçü sənədindəki koordinatlarla həmin çıxarış və plan və ölçü sənədinin verilməsinə əsas olan ilkin sənəddəki (dövlət aktı) koordinatlar üst-üstə düşdüyü, elektron məlumat bazasına əsasən Cavabdeh verilmiş xx.xx.2016-cı il tarixli RX ******* seriyalı çıxarışdakı və eyni tarixli **********62 reyestr nömrəli torpaq sahəsi xx.xx.2022-ci il tarixli bölgü eskizinə əsasən bir hissəsinin özgəniləşdirildiyi, lakin **********77 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(012)-13/2025 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.20 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi habelə mütəxəssis rəyinin alınması üçün iddiaçının DƏDRX-nə ödədiyi 95 manat, cəmi 195 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (50+50) manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2 və 111.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1, 77.1, 14.2, 217.4, 218.3, 107, 119.1, 216-220, 227 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Abşeron Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(012)-13/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı təmin edən məhkəmə ekspertiza rəyinə əsaslanaraq qətnaməsində göstərmişdir ki, rəydə göstərilən nəticədə tam sübuta yetirilir ki, İddiaçı adına mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,20 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları düzgün qeyd edilmişdir. Ekspertizanın rəyi ilə tam təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququnu pozur və onun hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmənin qətnaməsi tamamilə əsassızdır. Belə ki, məhkəmə “ekspertizanın rəyi ilə tam təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir” qeyd etsə də, işdən də açıq-aydın görünür ki, iddiaçıya məxsus topraq sahəsinin cavabdeh tərəfindən zəbt edilibedilməməsi barədə ümumiyyətlə ekspert qarşısında sual qoyulmamış və ekspertiza rəyində də bu barədə heç nə göstərilməmişdir. Göründüyü kimi, məhkəmə işin hallarını təhrif edərək işdə müəyyən edilməmiş halı müəyyən edilmiş kimi qələmə vermişdir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, İddiaçı adına mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,20 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları düzgün qeyd edilməsinin müəyyən edilməsi hələ həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Göründüyü kimi, məhkəmə əlavə ekspertiza təyin edərək iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək əvəzinə, tələsik qətnamə çıxarmış və ona görə də düzgün olmayan nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh istifadəsində olan torpaq sahəsi İddiaçı sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi ilə naturada üst-üstə düşmür. Cavabdehin istifadəsində olan torpaq sahəsi özünün torpaq sahəsi (öz sənədi) ilə üst-üstə düşür. Bu da bir daha onu göstərir ki, aşağı məhkəmənin qətnaməsi tam əsassızdır və ona görə də ləğv edilməlidir. Odur ki, işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq apellyasiya şikayətinə iştirakı olmadan baxılaraq şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
18. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
19. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də qətnaməni iddianı təmin olunan hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29: I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(012)-13/2025 nömrəli qətnaməsi qismən ləğv olunaraq, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia rədd edilməlidir.
25. Birinci instansiya məhkəməsindəki araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,20 ha olan torpaq sahəsi almışdır. xx.xx.2013-cü ildə həmin torpaq sahəsi onun adına xüsusi mülkiyyət kimi rəsmləşdirilərək ******* saylı çıxarış və xx.xx.2013-cü il tarixli, seriya nömrəsi 047822 olan torpaq sahəsinin plan ölçüsünə dair 4 saylı ərazi idarəsindən sənəd təqdim edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində (0.20 ha ərazinə əhatə edən) kənd təsərrüfatı bağçılıq ilə məşğul olmuş, bir müddət sonra torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. İddiaçı cavabdehdən ona məxsus torpağın boşatmasını tələb etsə də, lakin cavabdeh buna məhəl qoymamış, onun tələbini yerinə yetirməmişdir. İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin predmetini təşkil edən İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ümumi sahəsi 0,20 torpaq sahəsindən Cavabdeh çıxarılması və cavabdeh tərəfindən onun təsərrüfatına vurulmuş 10000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları Cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab etmişdir ki, rəydə göstərilən nəticədə tam sübuta yetirilir ki, İddiaçı adına mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,20 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları düzgün qeyd edilmişdir. Ekspertizanın rəyi ilə tam təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququnu pozur və onun hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
28. Məhkəmə qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd edir.
30. Göründüyü kimi cavabdeh məhkəmə qətnaməsini torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək hissəsində mübahisələndirmişdir.
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2025ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
32. X3 tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən imtina edilmişdir.
33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 01 dekabr 2025-ci il tarixli, 3-21-3-32/2-21411/2025 nömrəli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur: - Elektron məlumat bazasına əsasən, iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin ölçüsü 0.2147 ha təşkil edir və xx.xx.2013-cü il tarixli RX0119516 seiyalı Çıxarış və eyni tarixli **********26 reyestr nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir. Uyğunsuzluğa dair ortofoto görüntü təqdim edilmişdir. - Eleketron məlumat bazasına əsasən, cavabdeh tərəfindən naturada tanıdılan torpaq sahəsinin ölçüsü 0.2147 ha təşkil edir və **********62 reyestr nömrəli çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olmuş torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd edək ki, **********62 reyestr nömrəli çıxarışla, Cavabdeh xüsusi mülkiyyətində olmuş torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında **********77, **********76 və **********41 reyestr nömrəli torpaq sahələrinə bölünmüşdür. Uyğunsuzluğa dair ortofoto görüntü təqdim edilir. - xx.xx.2013-cü il tarixli RX0119516 seiyalı Çıxarış və eyni tarixli **********26 reyestr nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.20 ha torpaq sahəsinə, xx.xx.2016-cı il tarxili RX ******* seriyalı Çıxarış və eyni tarixli **********62 reyestr nömrəli plan və ölçü sənədinə əsasən Cavabdeh mülkiyyətində olmuş torpaq sahəsindən hər hansı müdaxilə yoxdur. Bununla əlaqədar ortofoto görüntü təqdim edilmişdir. - Cavabdeh istifadəsində olan torpaq sahəsi İddiaçı sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi ilə naturada üst-üstə düşmür.
34. Məhkəmə kollegiyası mütəxəssis rəyini mötəbər sübut növü olaraq qiymətləndirir.
35. Kollegiya hesab edir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
36. Kollegiya mütəxəssis rəyi ilə razılaşaraq qeyd edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da xüsusi bilik tələb olunan sualları izah etmək məhz mütəxəssis (ekspert) səlahiyyətinə aiddir. Analoji işləri üzrə məhkəmə təcrübəsi göstərir ki, ekspert rəyi xüsusi bir tədqiqat aparılmadan mütəxəssis rəylərinə əsaslanır, odur ki, araşdırılan mübahisə üzrə yenidən ekspert tətqiqatının aparılmasına zərurət yoxdur, tədqiqat obyekti üzrə mübahisə doğuran məsələ mütəxəssis tərəfindən araşdırılmışdır.
37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinməmiş, maddi və prosessual huquq normalarının pozuntusuna yol verilmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(012)-13/2025 nömrəli qətnaməsi qismən – “Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.20 ha torpaq sahəsindən Cavabdeh çıxarılması” hissəsində ləğv olunaraq, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia rədd edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(012)-13/2025 nömrəli qətnaməsi qismən - “Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.20 ha torpaq sahəsindən Cavabdeh çıxarılması” hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia rədd olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.