Məhkəmə qərarları › İş №2(105)-1127/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1127/2021

19.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1127/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı, cavabdeh Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinin direktoru Babaşova Gülnurə Hacıverdi qızının iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(074)-943/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(074)-943/2020 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdeh Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(074)-943/2020 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməisni xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ali təhsilli biologiya müəllimidir. 1990-cı ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun biologiya fakültəsini bitirmişdir. 1988-ci ildən A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində müəllimə işləyir, 2018-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiat İnstitutunun doktorantıdır. Bir sıra elmi əsərlərin müəllifidir. Həmkarlar təşkilatı sədrinin müavinidir. Təhsil şurasının üzvüdür. Özü barədə olan məlumatları daha geniş şəkildə ərizəyə əlavə etdiyi tərcümeyi-halında göstərmişdir. Bunları qeyd etmək istəyir ki, hər gün məktəbə gələrək dərslərini keçməklə kifayətlənib evinə dönən müəllimlərdən deyil. Daima öz üzərində işləyən, şagirdlərinə daha çox şey öyrətmək istəyən müəllimlərdəndir. Bu məqsədlə pandemiya ilə bağlı məktəblər bağlı olduğundan uşaqlar dərslərdən geri qalmasın deyə nazirliyin təşkil etdiyi onlayn dərslərdən əlavə özü də öz şagirdlərini WhatsApp qrupları üzrə çalışdırmağı qarşısına məqsəd qoymuşdur. Əvvəl məktəb direktorunu da qrupa daxil etmişdi ki, dərslərin necə keçilməsinə baxsın. Yəni burada hər hansı bir nəzarətdən söhbət getmir. Nə də vatsap qrupları üzrə dərs keçilməsinə dair heç bir Təlimat da yoxdur. Bu səbəbdən məktəb direktorunun həmin qruplara yazmaq məcburi deyil. Amma direktorları olaraq necə dərs keçmələrinə baxsın deyə, əvvəl onun da həmin qruplarda iştirakına etiraz etməmişdir. Lakin sonradan dərslərə müdaxilələr etdiyini görüb onu 21.09.2020-ci il tarixdə vatsap qrupundan çıxarmışdır. Səbəbini soruşmuşdur. Məqsədəmüvafiq deyil demiş və səbəbini də ona açıqlamağa borclu deyildir. Çünki hiss etmişdir ki, direktor Vatsap qrupunda iştirak etməklə və yersiz müdaxilələri, iradları ilə onu şagirdlərinin gözü qarşısında alçaltmağa çalışır. 22.09.2020-ci il tarixdə isə ona rəhbərliyi Vatsap qrupuna daxil etmədiyinə, görə müdriyyət tərəfindən töhmət verilmiş və Sabir qəsəbə orta məktəbi müəllimlərinin paylaşdığı Sabir qrupunda paylaşılmşdır. Həmin əmrdə hətta bu şəkildə davam edəcəyi təqdirdə gələcəkdə barəsində daha ağır tədbir görüləcəyi qeyd olunmuşdur. Əmrdə onun vatsap qrupları barədə rəhbərliyin təlimatını pozduğu göstərilib. Bu əmri əsassız və qanunun tələblərinə uyğun olmayan formada tərtib olunmuş bir əmr hesab edir. Əmr əsaslı, tərtibatı düzgün olmalı, Əmək Məcəlləsinin müvafiq normasına əsaslanmalıdır. Əmrin tərtibatı düzgün deyil, nömrəsi yoxdur. Əmək Məcəlləsinin hər hansı bir normasına əsaslanmamışdır. Qaldı ki, əmrin əsassızlığına, bu barədə fikir və mülahizələrini qeyd etmək istəyir. Əvvəla, əməl etmədiyi təlimat hansı təlimatdır ki, Vatsap qrupları barədə olmuş olsun? Bu hansı təlimatdır ki, indiyə kimi xəbəri yoxdur. Hər halda belə bir təlimat olsaydı ən azından tanış olub imzalarını qoyardılar. Hətta bu təlimatla bağlı cavabdeh o dərəcədə inamla danışmışdır ki, fikirləşmişdir ki, bəlkə təhsil şöbəsində belə bir təlimat var. Təhsil şöbəsinə müraciət etmiş, ona belə cavab verilmişdir ki, Vatsap qrupları ilə bağlı heç bir təlimat yoxdur. Bəs, direktor, olmayan bir təlimata əsaslanıb 32 il pedoqoji fəaliyyətlə məşğul olan fəxri fərmanlar, sertifikatlar, təşəkkürnamələr almış bir müəlim barədə belə bir intizam cəzası tətbiq edərək və bunu da şagirdlər, müəllim kollektivi və valideynlər arasında yaymaqla onu qəsəbə camaatı arasında, şagirdləri arasında, müəllim kollektivində gözdən salmağa çalışır. Bunları nə üçün etdiyi təxmini də olsa aydındır. Onun qanunsuz tələblərinə tabe olmur. Həmin tələblərin nədən ibarət olduğunu açıqlamaq istəmir, çünki əlində olan sübutları hələ kifayət deyil. Hər halda bunun da bir vaxtı gələcək. Bu gün isə tələbi bundan ibarətdir ki, məktəb direktorunun 22.09.2020ci il tarixli nömrəsi məlum olmayan əmri ləğv olunsun və cavabdehdən onun işgüzar nüfuzunu alçaldan hərəkətlərə görə 10000 manat kompensasiya alınaraq ona ödənilsin. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 3cü hissəsində göstərilir ki, İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Göründüyü kimi məktəb direktoru, barəsində əsassız olaraq intizam tənbehi verdiyi zaman onun kollektivdə olan nüfuzunu, elmi və təşkilatı sahədə olan uğurlarını, fəxri diplomlarını, sertifikatlarını, təşəkkümamələrini ümumiyyətlə heç bir şeyi nəzərə almamışdır. Həmin əmr indiyə kimi ona təqdim olunmayıb. Əmrin surətini Sabir qrupundan əldə etmişdir. Hansı ki, həmin maddənin 3-cü hissəsinin tələbinə görə “İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.” Eyni zamanda əmrdə göstərilir ki, öz hərəkətlərində pandemiya dövründə məktəb rəhbərliyi üçün əlavə problemlər yaradır. Görəsən məktəb direktoru özü bunun mənasını dərk edirmi? Vatsap qrupları üzrə şagirdlərə dərs keçir nə şagirdlərlə, nə müəllimlərlə, nə də valideynlərlə birbaşa təmasda olmur. Pandemiya dövrünün əsas xüsisiyyəti karantin qaydalarına əməl olunmaqdır. Əgər gələcəkdə mübahisənin məhkəmə müstəvisinə çıxacağını əvvəlcədən bilib buna işarə edirsə bunun da günahı onda deyil, direktorun özündədir. Onun qanunsuz hərəkətindən müdafiə olunur. Öz pozulmuş hüquqlarının bərpasına çalışır. Belə hesab edir ki, pandemiya dövründə problem yaradan deyil, direktor özüdür. Belə hesab edir ki, Sabir qəsəbə tam orta məktəbinin 22.09.2020-ci il tarixli nömrəsiz əmri, əsassız və qanunun tələblərinə uyğun olmadığından ləğv olunmalı, işgüzar nüfuzuna xələl gətirən hərəkətlərinə görə cavabdeh ona 10000 manat məbləğində kompensasiya ödəməlidir. Ona görə də, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin 22.09.2020-ci il tarixli əmrinin ləğv edilməsi, həmin əmrdə barəsində göstərilənlərin “Sabir” qəsəbə saitində yayımlanmaqla işgüzar nüfuzunun alçaldılmasına görə 10000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 16 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 186.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməməsinin qətnaməsinin ləğv edib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinin direktoru G.H.Babaşova apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin 04.09.2020-ci il tarixli, F394 saylı Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrinin tədris planlarının və tədris planlarına dair qeydlərin təsdiq edilməsi barədə Əmrinin 3-cü bəndində göstərilmişdir ki, Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın ki, xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədrisin uyğunlaşdırılmış tədris planları əsasında təşkilinə nəzarət etsinlər. Sabir qəsəbə Tam Orta Məktəbinin 22.09.2020-ci il tarixli aktının surətindən görünür ki, 22.09.2020-ci il tarixdə saat 12:00-da keçirilən Pedaqoji Şurada məktəbin Xİa sinfinin rəhbəri İddiaçı Sədrəddin qızının işinə laqeyd münasibət bəsləməsi, verilmiş tapşırıqları yerinə yetirməməsi və üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozması ilə bağlı məsələ qoyulduğu barədə məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən bildiriş haqqında məlumat verilmişdir. Təqdim olunan bildiriş İddiaçı tərəfindən qəbul edilmədiyi üçün bildiriş məktəbin elanlar lövhəsində yerləşdirilmişdir. Buna baxmayaraq müəllimə Pedaqoji Şurada iştirak etməmişdir. Aktın doğruluğunu öz imzaları l.Babaşova Gülnurə-Sabir qəsəbə tam orta məktəbin direktoru. 2. Muradova Mehriban-təlim-tərbiyə işləri üzrə direktor müavini 3. Şıxıyeva Ziyafətsinifdənxaric və məktəbdənkənar işlər üzrə 4. Dəmirova Arzu-məktəbin psixoloqu 5. Şıxıyeva Südabə-məktəbin X1 sədri təsdiq etmişlər. Şamaxı Rayon Təhsil Şöbəsinin vəkil sorğusuna 30 sentyabr 2020-ci il tarixli, № 236 saylı cavab məktubundan görünür ki, whatsapp qruplarının idarə olunması ilə bağlı RTŞ-lərdə hər hansı təlimati sənəd yoxdur. Təhsil nazirinin F-394 nömrəli, 04.09.2020-ci il tarixli əmrinə əsasən xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin tədris planları təsdiq edilmişdir. Proqrama əsasən dərslərin bir hissəsi distant (məsafədən) tədris olunmalıdır. Distant dərslərin tədrisinə nəzarətin effektivliyini artırmaq üçün məktəblərdə whatsapp qrupları vasitəsilə məlumat mübadiləsi aparılır. A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbin 05.09.2020-ci il tarixli 38 saylı əmrindən Çıxarış sənədindən görünür ki, Təhsil Nazirliyinin təlimatına uyğun olaraq məktəbdə keçirilən onlayn dərslərin izlənməsi məqsədilə bütün sinif rəhbərləri siniflər üzrə vatsap qrupu yaratması və həmin vatsap qrupuna məktəbin direktor və müavinlərini əlavə edilməsi əmr edilmişdir. A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbin direktorunun, ali idarəetmə orqanı olan Pedoqoji Şuraya təqdimatının surətindən görünür ki, Xİa sinif rəhbəri İddiaçı Sədrəddin qızının vəzifə öhdəliklərini tam yerinə yetirməməsi, rəhbərliyin tapşırıqlarına laqeyd münasibət bəsləməsi, müqavilə öhdəliklərini kobud şəkildə pozduğuna görə barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi ilə bağlı müvafiq qərar qəbul etməyi xahiş etmişdir. A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində keçirilmiş 22.09.2020-ci il tarixli Pedoqoji Şuranın № 2 saylı protokolundan görünür ki, Azərbycan Pespublikasının Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli 14.86 nömrəli əmri ilə təsdiqlənmiş Pedaqoji Şura haqqında əsasnamənin 4.1.2 bəndinə istinad edərək qərara alnır: 1. İddiaçı Sədrəddin qızı barəsində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq töhmət intizam tənbehi tətbiq edilsin. 2. Məktəbin direktoruna tapşırılsın ki, həmin qərarı Pedaqoji Şuranın əsasnaməsinin 2.8 bəndinə uyğun olaraq məktəb direktorunun müvafiq əmri ilə rəsmiləşdirsin. A.Alxanov adına Sabir qəsəbə tam orta Məktəbinin 22.09.2020-ci il tarixli 40 saylı əmrindən Çixarış sənədindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci bəndinə uyğun olaraq İddiaçı Sədrəddin qızı barəsində töhmət intizam tənbehi tətbiq edilsin. 2. Təlimtərbiyə işləri üzrə direktor müavininə tapşırılsın ki, əmrin aidiyyatını və aidiyyatı üzrə çatdırılmasını təmin etsin. 3. Əmrin icrasına nəzarəti öz üzərində saxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbi üzrə 05.09.2020-ci il tarixli 38 saylı əmrlə məktəbdə keçirilən onlayn dərslərin izlənməsi məqsədilə bütün sinif rəhbərlərinin siniflər üzrə vatsap qrupu yaratması və həmin vatsap qruplarına məktəbin direktor və müavinlərini əlavə edilməsi əmr edilmişdir. Məktəbin Xİa sinfinin rəhbəri olan iddiaçı həmin əmri mübahisələndirməmiş və məktəb direktorunu vatsap qrupuna daxil etmiş, lakin sonradan dərslərə müdaxilələr etməsi əsası ilə onu 21.09.2020-ci il tarixdə vatsap qrupundan çıxarmış, bununla da hazırda qüvvədə olan 05.09.2020-ci il tarixli 38 saylı əmri icra etməmişdir. A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbin ali idarəetmə orqanı olan Pedoqoji Şura 22.09.2020-ci il tarixdə onun barəsində töhmət intizam tənbehi tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmiş, A.Alxanov adına Sabir qəsəbə tam orta Məktəbinin 22.09.2020-ci il tarixli 40 saylı əmri ilə iddiaçının barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinə uyğun olaraq töhmət intizam tənbehi tətbiq edilmişdir. İddiaçının bildirdiklərinin əksinə olaraq, əmrin sıra sayı olmuş, əmr əsaslandırılmış və onun verilməsinə 05.09.2020-ci il tarixli 38 saylı əmrlə nəzərdə tutulmuş vəzifənin icra edilməməsi əsas olmuşdur. İddiaçı ona mənəvi ziyan vurmasını barəsində mübahisəli əmrin verilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 290-cı maddəsininin “qeyd”inə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən hesab etmişdir ki, İddiaçı məktəbdə keçirilən onlayn dərslərin izlənməsi məqsədilə yaradılmış vatsap qrupuna məktəbin direktorunu əlavə etmə barədə 05.09.2020-ci il tarixli 38 saylı əmrlə üzərinə qoyulmuş vəzifəni icra etmədiyindən, cavabdeh onun barəsində töhmət intizam tənbehi tədbirinin tətbiq etməkdə haqlı olmuş və bu tədbirin tətbiq edilməsi cavabdehin əmək münasibətləri prosesində iddiaçıya mənəvi ziyan vurması olaraq dəyərləndirilə bilməz. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia tələbi rədd edilməsi barədə gəldiyi nəticə qanuni və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(074)-943/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar