Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1127/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə3, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 Şəbəkəsi” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 Şəbəkəsi” MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(067)- 485/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 045/k nömrəli əmrinin surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin izolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı əmək müqaviləsinin xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştat, ixtisar edildikdə) xitam verilməsi, işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi barədə əmr verilmişdir.
2. “X3” MMC-nin xx.xx.2023-cü il tarixli, 13-9/120/01-1-72 saylı “X3” MMC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı məktubdan müəyyən olunur ki, “X3” MMC İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin qanunvericiliyə uyğun qaydada ləğv olunmasına rəy bildirilməsi xahiş edilmişdir.
3. Həmkarlar İttifaqı Komitəsi İclasının xx.xx.2023-cü il tarixli, 89 saylı protokolundan çıxarışdan müəyyən olunur ki, izolyasiya və İfrat Gərginlikdən mühafizə xidmətinin böyük ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Azərbaycan Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir.
4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 13-9/120/01-1-73 nömrəli İddiaçı ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli DƏ/114 saylı əmrinin tələblərinin icrasının təmin edilməsi məqsədi ilə çalışdığı İzolyasiya və İGM xidmətinin böyük ustası vəzifəsi ixtisar olunması nəzərdə tutulur. Bu səbəbdən də, əmək müqaviləsinə xx.xx.2023-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən, əgər razılıq olarsa, qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında əmək haqqı bir dəfəyə ödənilməklə, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir.
5. xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı “X6” MMC-yə baxış hesabatı qrupuna mühəndis vəzifəsinə işə qəbul edilmişdir.
6. xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı X4 X9 balans hesabatı və şəbəkələrinin açılması üzrə mühəndis vəzifəsinə təyin edilmişdir.
7. İddiaçı xəbərdarlıq müddətinin bitməsinə 2 gün qalmış xx.xx.2023-cü il tarixindən xəstəlik vərəqəsində olduğunu bildirmişdir, işçinin xəstəlik vərəqəsi xx.xx.2023-cü il tarixində bağlandığından xx.xx.2023-cü il tarixində işə çıxmalı olduğu halda işçi xx.xx.2023-cü il tarixində bütün günü işə gəlməmiş, xx.xx.2023-cü il tarixində isə nahara yaxın saatlarda şəbəkəyə gələrək, xəstəlik vərəqəsini təqdim etmiş və yenə də üzürsüz səbəbdən iş yerini tərk etmişdir. İddiaçı tərəfindən əmək funksiyasinin kobud şəklidə pozulması ilə bağlı şəbəkənin əməkdaşları akt tərtib etmişdir. Bununla da, İddiaçı əmək müqaviləsinə, AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaranmışdır. Lakin çalışdığı xidmətinin ləğv edilməsi ilə bağlı işçinin əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq olunduğunu nəzərə alaraq, onun əmək müqaviləsinin AR ƏM 70-ci maaddəsinin “b” bəndinə əsasən ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bundan əlavə xəbərdarlıq müddətində İddiaçı əmək funkiyasını kobud şəkildə pozduğuna, qeyri-energetik ixtisaslı olduğuna və şəbəkədə başqa iş imkanlarının olmadığına görə ona iş təklif olunmamışdır.
8. xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, İzolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı xx.xx.2023-cü il tarixində işə gəlməmişdir.
9. xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, İzolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı xx.xx.2023-cü il tarixində işə gəlməmiş, günortaya yaxın saatlarda müəssisəyə gələrək xəstəlik vərəqəsini təqdim etmiş və yenidən çıxıb getmişdir.
10. "xxxx" MMC-nın xx.xx.2022-ci il tarixli, DƏ/114 nömrəli əmrindən görünür ki, ”Azərenerji” ASC-nin ES, REŞ və YGEŞ-lərində bütün növ sınaq işlərinin icrası üçün nəzərdə tutulan ştat vahidləri ləğv edilərək labaratoriya mərkəzinin iştirakı ilə yenidən formalaşdırılsın. Ləğv edilən xidmətlərin yeni işçi heyəti komplektləşdirildiyi müddət ərzində tabe olduqları REŞ (YGEŞ) və ES-da öz fəaliyyətini davam etdirsinlər.
11. Cavabdeh MMC-nin “Əmək və icra intizamının pozulması haqqında” xx.xx.2023cü il tarixli, 067/k saylı əmrindən görünür ki, İzolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən və 188-ci maddəsinə uyğun olaraq töhmət elan edilməsi, işçinin nəzərinə gələcəkdə bir daha belə hallara yol verərsə barəsində daha ciddi intizam tənbehi görüləcəyi çatdırılması, 11 noyabr 2022-ci il tarixinə işçiyə əmək haqqının hesablanmaması barədə əmr verilmişdir.
12. İddiaçı "xxxx" MMC-nin direktoruna ünvanladığı izahatından müəyyən olunur ki, xx.xx.2023-cü ildə xəstə olduğu üçün işə gəlməmişdir və gəlməməyi ilə bağlı heç kimə məlumat verməmişdir. Üzürlü səbəbi nəzərə almağı xahiş etmişdir.
13. Təqdimatdan müəyyən olunur ki, xx.xx.2023-cü ildə İzolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı rəhbərliyə məlumat vermədən işə gəlməmişdir. İşçi barəsində müvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir.
14. xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İzolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı naməlum səbəbdən xx.xx.2022-ci il tarixində işə gəlməmişdir.
15. İddiaçı tərəfindən yazılmış ərizədən müəyyən olunur ki, hazırda xidməti fəaliyyətini həyata keçirtməyi üçün ona süni maneələr yaradılır, daim o, işdən çıxardılmaqla gərgin saxlanıldığı üçün fəaliyyətində çətinliklər yaranır. Yəni əmək funksiyalarının icrasına davamlı süni maneələr yaradılmaqdadır. Yuxanda göstərilənləri nəzərə alaraq 19 sentyabr 2023-cü il tarixindən etibarən 20 gün müddətinə tətil elan edəcəyi və əmək funksiyalarının icrasını dayandıracağı barədə xəbərdar edir, əmək mübahisəsinin həlli məqsədi ilə pozuntuların aradan qaldırılmasını xahiş edir.
16. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/318 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 120-ci vərəqində İddiaçı adından "xxxx" ASC-nin X5 Şəbəkəsi” MMC-yə ünvanlanmış 19 sentyabr 2023-cü il tarixli ərizənin yuxarı sol küncündə olan möhür üzərindəki “202, xx.xx.2023” rəqəmləri Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin X5 şəbəkəsi MMC-nin 045/K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı və xx.xx.2023-cü ildən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddia onunla əsaslandırılmışdır ki, 1999-cu ildən xx.xx.2023-cü il tarixədək göstərilən müəssisədə çalışmışdır. Həmin müəssisədə ilkin olaraq elektrik montyoru, mühəndis vəzifələrində çalışmış, daha sonra "xxxx" ASC-də keçirilən bilik səviyyəsinin yoxlanılması ilə bağlı imtahanlarda iştirak edərək hər dəfə yüksək nəticələr əldə etdiyi üçün aparıcı mühəndis, böyük usta vəzifəsinə qədər yüksəlmişdir. 2023-cü ilin 20 sentyabrından "xxxx" ASC-nin X5 şəbəkəsi MMC-nin 045/K saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, göstərilən əmr qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin əmrin əsaslandırma hissəsində onun xəstəlik vərəqəsindən sonra işə gəlmədiyi, üzrsüz səbəbdən iş yerini tərk etdiyi, lakin xəbərdarlıq məktubu göndərildiyi üçün 70-ci maddənin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyi göstərilmişdir. Həmin əmrə və cavabdehin onunla birlikdə işdən azad olunan işçilərin başqa vəzifəyə təyin olunma müraciətinə nəzər yetirsələr, ona qarşı qərəzli münasibət aşkar şəkildə aydın olur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Lakin göstərilənlərin heç biri nəzərə alınmamışdır. Həmçinin bildirir ki, "xxxx" MMC-nin İzalyasiya və İGM xidmətinin ləğv edilməsi zamanı ondan başqa digər əməkdaşların işlə təmin olunması üçün "xxxx" ASC-yə müraciət ünvanlanmış, peşəkarlıq səviyyəsinə və təcrübəsinə görə ondan aşağı stajlı işçilər işlə təmin olunmasına baxmayaraq onun başqa işlə təmin olunmağı barədə Cavabdeh MMC tərəfindən heç bir zəruri addım atılmamışdır. Belə ki, Əmək məcəlləsinin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işə götürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən ayrı seçkiliyin yolverilməzliyi göstərilmişdir. Həmin maddənin 4-cü bəndinə əsasən ayrıseçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
19. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(067)-485/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia tələbi təmin olunmamışdır.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin qeyd olunan normalarına riayət etməklə xitam verildiyindən iddia tələbi əsassızdır. İş üzrə toplanılmış sübutlarla iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla ləğv edilməsi təsdiq olunmuşdur. Belə ki, iddia ərizəsində qeyd olunanlar və məhkəmə araşdırması zamanı iddiaçının gətirdiyi dəlillərə məhkəmə tənqidi yanaşaraq hesab etmişdir ki, iddiaçının dəlilləri özünümüdafiə xarakteri daşıyır, əsassızdır və qəbul edilə bilməz.
21. Belə ki, məhkəmə iddiaçının tətil edəcəyi barədə cavabdeh orqana rəsmi şəkildə ərizə ilə müraciət etməsinə dair gətirdiyi dəlil ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə tətil etməsi ilə bağlı ərizə ünvanlamış, qeyd olunan ərizəni şəxsən Nümayəndə1 qəbul etməsini, ərizədə müvafiq qeydlərin Nümayəndə1 tərəfindən aparıldığını qeyd etsə də, göstərilən xüsusatların araşdırılması üçün təyin olunmuş məhkəmə ekspertizasının rəyi ilə bu hal öz təsdiqini tapmamışdır. Bu hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı tətili əmək qanunvericiliyinin normalarına riayət etməklə keçirməmişdir. Qeyd olunan əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi işin faktiki halları və sübutlarla öz təsdiqini tapmır. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın əmək haqqının ödənilməsi barədə hissəsi də əsassızdır.
22. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12.1 və 35.4-cü hissələrinə, Əmək Məcəlləsinin 42, 70, 72, 77 və 78-ci maddələrinin və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 78, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin göstərilən qətnaməsinə əsasən onun işə bərpa olunmağı və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Hesab edir ki, göstərilən qətnamə qanunsuz və əsassızdır. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsaslandırma hissəsində "xxxx" ASC-nin xx.xx.2022-ci iltarixli əmrinə əsasən ştatlar ləğv edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin işəgötürən əsaslandığı "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli əmrində "xxxx" ASC-nin ES, REŞT, GEŞ-lərində bütün növ sınaq işlərinin icrası üçün nəzərdə tutulan ştat vahidlərinin ləğv edilərək Laboratoiya Mərkəzinin iştirakı ilə yenidən formalaşdırılması göstərilmişdir. Həmçinin həmin əmrin 4-cü bəndində ləğv edilən xidmətlərin yeni işçi heyəti komplektləşdirildiyi müddət ərzində tabe olduqları REŞ və ESlərdə öz fəaliyyətlərini davam etdirmələri göstərilmişdir. Göründüyü kimi işə götürənin həmin əmrə əsasən onu işdən azad etməsi özü bütövlükdə qanunsuz və qərəzli mövqenin təzahürüdür. "xxxx" ASC-nin göstərilən əmri Respublikada yerləşən bütün Regional qurumalara göndərilmiş, lakin heç bir qurumda təcrübəli işçilər həmin əmrə əsasən işdən azad olunmamışdır. Tərəfindən göstərilən xüsusatların dəqiqləşdirilməsi üçün birinci instansiya məhkəməsinə vəsatət verilsə də, vəsatəti təmin edilməmişdir. Yəni hakim göstərilən xüsusatların araşdırılmasında maraqlı olmamışdır. Halbuki, həmin hal araşdırılsa idi işə götürənin tərtib etdiyi mübahisələndirdiyi əmrinin qərəzəli tərtib olunmağı aşkar olunardı. Həmçinin tərəfindən xx.xx.2023-cü il tarixdə tətil elan etməyi barədə ərizəsi nəzərə alınmamışdır. Belə ki, Əmək Məcəlləsinin 295.5-ci maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsinin ləğv edə bilməməsi göstərilmişdir. Həmin ərizədə işə götürənin daxil olma ştampı mövcuddur. Lakin hakim həmin ştampın işə götürənə məxsus olub-olmaması əvəzinə aparılan qeydlərin işçi tərəfindən aparılmasını araşdırmaqda maraqlı oldu. Halbuki, onun mübahisəsi həmin işçi ilə deyil, işə götürənlədir. Məhkəmə iclasının video görüntüsünə nəzər yetirilsə cavabdehin nümayəndəsi həmin daxil olma ştampının onlara məxsus olmasını, lakin həmin qeydlərin onun tərəfindən aparılmamasını bildirmişdir. Məhkəmə isə yalnız ekspertiza təyin edərək qeydlərin işçi tərəfindən aparılıb aparılmamasını yoxlamış, həmin ştampın cavabdehə məxsus olmasını yoxlamaqda maraqlı olmamışdır. Halbuki, həmin ştamp işə götürən tərəfindən vurulmuş və onun ərizəsinin qeydə alınması üçün mötəbər sübutdur. Cavabdeh ərizələrin daxil olma kitabını məhkəməyə təqdim etdikdə məlum olmuşdur ki, sentyabr ayında məhz ştampın üzərində göstərilən 202 nömrəsinin olmasıda təsadüf ola bilməz. Göründüyü kimi onun tətil elan etmə barədə ərizəsi cavabdehə təqdim edilsə də, ərizənin üzərinə ştamp vurulub daxil olma kitabında sonuncu nömrəsi yazılsa da qeydiyyata alınmamışdır. Tərəfindən sonuncu məhkəmə iclasında vəsatətlə hakimə müraciət olunaraq həmin ştampın cavabdehə məxsus olub-olmamasının aydınlaşdırılması və aparılan qeydlərin yazılarkən mürəkkəbləşdirmə hesabına təhrif olunmasının mümkünlüyünün yoxlanılması barədə müraciət olunsa da vəsatət yenidən təmin edilməmişdir. Göründüyü kimi hakim yenidən göstərilən məsələnin araşdırılmasında maraqlı olmamışdır. Birinci instansiya məhkəməsi bütün bu göstərilənlər nəzərə almamış, kifayət qədər araşdırma aparmadan formal cümlələrlə qətanmənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
28. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
29. Maddə 71. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
30. Maddə 77. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir.
31. Maddə 270.1. İşçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
32. Maddə 272. Tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqları orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir.
33. Maddə 288. Əməyin mühafizəsinin təşkili və təmin edilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, əmək qanunvericiliyinin pozulması və digər məsələlər fərdi əmək mübahisələri dairəsinə daxil edilmişdir
34. Maddə 290.1 Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
35. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
36. Maddə 295.1. Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər.
37. Maddə 295.4. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər.
38. Maddə 295.5. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz.
39. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
40. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
41. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
42. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
43. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
45. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
46. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
48. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
50. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
51. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. İşdən çıxarıldıqdan sonra iddiaçı ştatların ixtisarı proseduru barədə qaydaların pozulduğu əsası ilə məhkəməyə müraciət etmiş, onun işdən çıxarılması haqqında verilmiş əmrin ləğv olunması və onun MMC-də tutduğu vəzifəsinə bərpa edilməsi, habelə məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanmaqla ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə gedişatı zamanı isə iddianın əsasını dəyişərək tətil dövründə işdən çıxarıldığını bildimişdir.
54. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə işçilərin sayı və ya ştatları ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir.
55. Əmək Məcəlləsinin 11-ci maddəsinin ə) bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin birbaşa hüququdur. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin bu hüququnun həyata keçirilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.
56. Kollegiya qeyd edir ki, ştatların ixtisarı müəssisənin idarəetmə, yaxud texniki personalının daxili strukturunun dəyişdirilməsinə yönələn təşkilati tədbir olub, yalnız ayrıayrı struktur vahidlərin ləğvini deyil, həm də yeni funksiyalara malik yeni idarəetmə vahidlərinin yaradılmasını nəzərdə tuta bilər.
57. İşin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2023-ci il tarixli əmrlə "xxxx" ASC-nin EDS, REŞ, YGEŞ-lərində bütün növ sınaq işlərinin icrası üçün nəzərdə tutulan ştat vahidləri ləğv edilərək, yenidən formalaşdırılmışdır. Qeyd olunan ştatın ixtisar olunacağı barədə İddiaçı "xxxx" ASC Cavabdeh MMC tərəfindən müvafiq qaydada rəsmi məktub ünvanlanmış və xəbərdarlıq olunmuşdur. "xxxx" ASC Cavabdeh MMC tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 045/k nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmiş və ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə uyğun olaraq orta əmək haqqının iki misli miqdarında işdənçıxma müavinəti ödənilmişdir.
58. İddia ərizəsində həmin halı mübahisələndirməsə də, bu barədə məlumat verməsə də, daha sonra birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçı tətil edəcəyi barədə "xxxx"ASC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixdə ərizə ünvanladığını, qeyd olunan ərizəni şəxsən Nümayəndə1 qəbul etməsini, ərizədə müvafiq qeydlərin Nümayəndə1 tərəfindən aparıldığını göstərsə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/318 saylı rəyi ilə 19 sentyabr 2023-cü il tarixli ərizənin yuxarı sol küncündə olan möhür üzərindəki “202, xx.xx.2023” rəqəmlərinin Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən olunmuşdur.
59. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 272-ci maddəsinə görə, tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqı orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir.
60. Məhkəmə iclasında cavabdeh tərəf iddiaçının belə bir ərizə ilə müraciət etmədiyini bildirərək məhkəməyə daxil olma jurnalından çıxarış təqdim etmişdir.
61. Həmin çıxarışdan görünür ki, 202 nömrəli qeydiyyat yazısı E.Babayevanın icazə ərizəsinin xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçməsi barədədir.
62. Cavabdeh tərəf həmçinin məhkəməyə xx.xx.2024-cü il tarixdə qeyd olunan hala aydınlıq gətirilməsi barədə təqdim etdiyi məktubda göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 14-cü bəndinə əsasən, təşkilata daxil olan bütün sənədlər daxil olan zaman birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə daxil olma ştampı vurulur və təşkilatın rəhbərinə təqdim edilir, "xxxx" MMC-də də, vətəndaşlardan və digər təşkilatlardan daxil olan sənədlərə kargüzarlıq xidməti tərəfindən qeyd olunan qaydaya uyğun olaraq daxil olma ştampı vurulur və aidiyyatı üzrə rəhbərə təqdim edilir. Lakin, İddiaçı təqdim etdiyi ərizədə yuxarı hissədə vurulan ştamp müəssisənin işçilərə verilən arayışlar üçün istifadə olunan ştampına bənzədilmişdir, İddiaçı təqdim etdiyi ərizə əsassızdır, qeyri-qanuni yolla hazırlanıb və əgər həmin ərizə müəssisəyə təqdim edilsəydi qeydiyyata alındığı zaman ona daxil olma ştampı vurulmalı idi və daha sonra sənədin əsli vətəndaşın özündə deyil, kargüzarlıqda olmalı idi. İddiaçı tətil elan etməsi ilə bağlı müəssisəyə heç bir ərizə təqdim etməmişdir.
63. Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı istinad etdiyi tətili əmək qanunvericiliyinin normalarına riayət etməklə keçirməmişdir.
64. İşin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 20 sentyabr 2023-cü il tarixli, 045/K saylı əmrinin qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi işin faktiki halları və sübutlarla öz təsdiqini tapmır. Odur ki, əmrin ləğv edilməsi, işə bərpa və xx.xx.2023-cü ildən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsinə dair mövcud iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün olmuşdur.
65. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(067)-485/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.