Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1128/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə deyil, öz ərizəsi əsasında öz xahişi ilə işdən azad olunması barədə əmr vermək və ziyanın ödənilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndə və vəkili Vəkil iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(067)-639/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə deyil, öz ərizəsi əsasında öz xahişi ilə işdən azad olunması barədə əmr vermək və bu barədə "xxxx" MMC tərəfindən elektron informasiya sistemində müvafiq düzəliş aparılması, əmək müqaviləsinə uyğun olaraq, "xxxx" MMC-də işlədiyi müddətdə maaş kartına vurulan və özləri tərəfindən mənimsənilən cəmi 680 manat maaş kartına vurulan əmək haqqının ona qaytarılması, guya MMC-yə vurduğu ziyana görə ona qanunsuz olaraq hesablanmış 2540 manat məbləğində pulun silinməsi, MMC tərəfindən haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilr işdən çıxarılmağı haqda elektron informasiya sistemində yerləşdirilən məlumata görə 5 ay ərzində heç bir işə qəbul edilmədiyinə görə ona dəyən 1500 manat pulun ona ödənilməsi, haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə işdən çıxarılmağı haqda elektron informasiya sistemində məlumat yerləşdirməklə onun ünvanına nalayiq ifadələr işlətməklə guya MMC-yə 2540 manat maddi ziyan vurması barədə böhtan atmaqla kollektiv arasında yalan məlumatlar yaymaqla ona dəyən mənəvi ziyana görə 3000 manat pulun "xxxx" MMC tərəfindən ona ödənilməsi, əmək kitabçasını və adına olan özlərində saxladıqları maaş kartının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 11 aprel 2022-ci ildə "xxxx" MMC-yə əmək müqaviləsi əsasında avtobus sürücüsü vəzifəsinə işə götürülmüşdür. 25 iyun 2022-ci ildə işdən çıxmaq barədə qabaqcadan MMC-nin rəhbərliyi ilə razılaşmaya əsasən ərizə yazaraq MMCyə təqdim etməklə daha işə çıxmamış və avtobusu da MMC-nin Qımıl kəndinin yolu üstündə yerləşən qarajında 26 iyun 2022-ci ildə nəzarətçi Bəhrama təhvil vermişdir. Sonradan ona zəng edib bildiriblər ki, avtomaşını nasaz hala salmış, cəmiyyətə güya 1400 manat ziyan vurmuş, avtobusu təmir etdirməlidir. Bununla, və ona əməkhaqqı verməməklə bağlı o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Quba Regional Ərazi şöbəsinə şikayət ərizəsi ilə müraciət edərkən onda bilmişdir ki, hələ üstəlik onunla MMC arasındakı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin, "Ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Yuxarıda qeyd etdiyi kimi 11 aprel 2022-ci ildə o, „Uğurlu yol" MMC-yə HUNDAİ COUNTY markalı 27 AC-621 dövlət qeydiyyat nişanlı avtobusa Xaçmaz-Quba avtobus marşrutu üzrə sürücü kimi işə qəbul olunmuşdur. İşə qəbul zamanı o, MMC-nin idarəsinə (ofisinə) getməmişdir. Onu işə MMCnin Xaçmaz-Quba marşrutu üzrə nəzarətçisi Bəhram adlı şəxs Quba şəhərində„ Qafqaz oyl" yanacaqdoldurma məntəqəsində yerləşən ofisində işə qəbul edib. Lazımi sənədləri ona həmin ofisdə təqdim etmişdir. MMC ilə əmək müqaviləsini Bəhram ofisdə tərtib edib. 6-7 vərəqdən ibarət çap üsulu ilə kompüterdə yazılmış Əmək müqaviləsinin vərəqələrinə onu oxumadan və Bəhram ona müqavilənin şərtlərini izah etmədən imza atmışdır. Bundan sonra Bəhram ona MMC-nin işlə bağlı şərtlərini bildirmişdir. O, bildirmişdir ki, həmin avtobus onun tərəfindən idarə edilən zaman avtobusun xarici hissəsində baş verən nasazlıqlara, qəza vaxtı alınan zədələrə o cavabdehdir, daxili nasazlıqlara isə, yəniavtobusun motoru, motorun yağının dəyişdirilməsi, mostun və s. təmiri, nasazlığı MMC tərəfindən həyata keçiriləcəkdir. O, avtobusun yanacağını öz hesabına yənı sərnişin daşımadan əldə etdiyi yığılan pulun hesabına yanacaq doldurmalı, həmin yanacağı ancaq MMC-yə məxsus, Quba və Xaçmaz şəhərlərində yerləşən yanacaqdoldurma məntəqələrindən doldurmalıdır. Həftənin 5 günü 80 manat plan verməlidir və 80 manat „plandan" əlavə 14 manat pul da verməlidir ki, bu yığılan pulları 14 manatları ona ayın axırında maaş-əməkhaqqı kimi verəcəklər. Bundan əlavə şənbə günləri 70 manat, bazar günləri isə 60 manat plan verməlidir. Avtobusu işlətməyə başlayanda hiss etmişdir ki, avtobusun nasazlıqları çoxdur. 2-3 gün avtobusu işlədəndən sonra bu nasazlıqlar barədə Xaçmazda avtobazanın İlham adlı çilingərinə və axşamçağı hər gün Qubada gündəlik planı Bəhrama verəndə ona bildirmişdir. Sonra məlum oldu ki, avtobusun arxa təkərlərinin əyləc sistemi ümumiyyətlə yoxdur. Əyləc barabanlarını tamam çıxarıblar, ona görə qabaq təkərlərə güc düşdüyü üçün onlar qızır, avtobusun əyləci (tormozu) saxlamır, əyləci (tormozu) basanda 10-15 metrədən sonra avtobus dayanır. Bu barədə dəfələrlə Bəhrama və çilingər İlhama bildirmişdir, lakin onlar deyirdilər ki, avtobus üçün tormoz silindri sifariş veriblər o gələn kimi avtobusun üzərinə qoyacaqlar. Təxminən 1 ay işlədikdən sonra hiss etmişdir ki, avtobus tamam nasaz, qəza vəziyyətindədir. Hətta öz hesabına Quba avtobazasında xırda təmirləri də etdirmişdir, (antifriz şlanqlarını dəyişdirmiş, qluşiteli (səsboğucunu) 2 dəfə təmir etdirmiş və s.). Bir ay işlədikdən sonra avtobusdakı nasazlıqlar barədəonları aradan qaldırmadıqlarına görə Bəhramla aralarında mübahisə olmuş və avtobusun açarlarını ona vermişdir ki, o sabahdan işə gəlməyəcək, qəza vəziyyətində olan avtobusu sürə bilməz. Lakin o, həmin axşam başqa sürücü ilə ona zəng etdirmişdir ki, sabah işə çıxsın. O da naəlac qalıb təzədən işə qayıtmışdır. İşə qəbul edəndə Bəhram demişdir ki, ona maaş kartı veriləcək. Sonradan Bəhram bildirdi ki, ona pulu-maaşı nağd verəcəklər. Bir gün də ona demişdir ki, maaş kartı gəlib, gəl imza et. Lakin maaş kartını ona verməmişlər. MMC-də işlədiyi dövrdə 2 dəfə kağız vərəqə imza etdirməklə Bəhram ona (gündə ona plandan əlavə verdikləri ilə yığılan 14 manatlar hesabına bir dəfə 190 manat, bir dəfə də 240 manat pul vermişdir. Sonradan bank hesabını yoxlayanda bilmişdir ki, onun adına olan lakin özlərində saxladıqları maaş kartına 1 ay 300 manat, o biri ay isə 297 manat pul vurub, özləri də pulu aparatdan çıxarıblar. Nəhayət avtobusdakı nasazlıqlar barədə dəfələrlə Bəhramı xəbərdar edib, bunları aradan qaldırmadıqlarını görüb, bu qənaətə gəlmişdir ki, bu avtobusla qəza törətməmiş işdən çıxmalıdır. Amma MMC-nin keçmiş işçilərindən öyrənmişdir ki, onu öz xahişi ilə işdən azad et-məyəcəklər, həm maddə ilə işdən qovacaqlar, həm də avtobusu ona təmir etdirəcəklər və böyük məbləğdə ona ziyan yazacaqlar. Çunkı onlarla işçinin başına bu oyunları açıblar. Ona görə də Bəhrama demişdir ki, onun uşaqları ağır xəstədir, onları Bakıya müalicəyə aparmalıdır, işdən çıxmaq istəyir. O da demişdir ki, Xaçmaz avtovağzalında MMC-nin əməkdaşları oturur, işdən çıxmaq barədə ərizəni orada yazmalıdır və onlara verməlidır. O, da 25 iyun 2022-ci ildə Xaçmaz avtovağzalına gedib işdən çıxmaq barədə ərizə yazmış və onlar bildirmişlər ki, ərizəni MMC-nin rəhbərliyinə çatdıracaqlar. 26 iyun 2022-ci ildə MMCnin qarajına getmişdir ki, avtobusu təhvil versin. Ona demişlər ki, avtobusu kimdən alıbsa ona da təhvil verməlidir, yəni Bəhrama təhvil verməlidir. O, avtobusu Xaçmazdan sürüb Qubaya Bəhramın yanına gəlmiş, Bəhram bildirmişdir ki, avtobusu ondan Xaçmazda təhvil alacaq. Özü də sükan arxasında oturmuş və avtobusu Xaçmaza sürmüşdür. Bir az sürəndən sonra avtobusun sürətlər qutusunu 5-ci sürətə keçirə bilməmiş və ona demişdir ki, avtobusun sürətlər qutusundan səs gəlir. Bundan sonra o bir daha MMC-yə getməmiş, çünki işdən çıxmaq barədə ərizə yazmışdır və həm də nasaz əyləcləri tutmayan avtobusu sürsəydi, bu hökmən qəza ilə nəticələnəcəkdi. Sonralar özləri güya cəmiyyətə 1400 manat maddi ziyan vurmağı barədə xx.xx.2022-ci il tarixində bir saxta akt, daha sonra isə rayon Prokurorluğuna onlardan şikayət etdiyini bildikdən sonra isə ziyan barədə tərtib etdiyi saxta aktı bir də saxtalaşdırıb güya MMC-yə 2540 manat maddi ziyan vurmağı barədə yeni saxta akt xx.xx.2022-ci il tarixdə isə işə çıxmamağı haqqında bir akt tərtib etmişlər. Onu da bildirir ki, o nasaz avtobusu MMC-yə təhvil verəndən bir neçə gün sonra avtobusun sürətlər qutusunu açıb, cəmi 1015 manat qiyməti olan diyircəkli yastığı ( podşivniki) dəyişdirərək avtobusu saz hala gətirib və səhəri günü avtobus Quba-Xudat marşurutu üzrə xəttə işə çıxarılıb. Cavabdeh iddiaya etiraz və iddiaçının iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(067)-639/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Anar Sadıqov). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70 ci maddəsinin ç-bəndinə, 72, 287, 292.1, 294.1, 296.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İİddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(067)-639/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə iddia müddəti ötürüldükdən və iddia əsasız olduğundan iddia təmin oluna bilməz. Sumqayıt Apellyasiya Mülki Kolegiyasının nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixində cavabdehə yazılı ərizə ilə müraciət edərək işdən azad olunmağını xahiş etmiş, həmin ərizəni xx.xx.2022-ci il tarixində cavabdehə təhvil vermiş, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 209 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmış. lakin həmin əmr ona rəsmi qaydada təqdim olunmayıb. Bundan sonra xx.xx.2022-ci il tarixində X2 Xidmətinin Quba Regional ərazi şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmiş, Əmək Müfətişliyi tərəfindən maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe xx.xx.2022-ci il tarixində ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, qeyd olunanlara əsasən cəmiyyətə dəymiş maddi ziyanın əmək haqqından tutulmasına dair işəgötürənin əmri olmadığı təqdirdə son haqq-hesabı ödənilməməklə Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinə əsasən "xxxx" MMC-nin icraçı direktoru X3 barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmiş və ona çatacaq son haqqhesabın ödənilməsi məqsədi ilə "xxxx" MMC-yə göstəriş məktubu göndərilmişdir. Bundan sonra heç bir nəticə əldə edə bilmədiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin hakimi tərəfindən xx.xx.2022-ci il tarixli 2(067)- 2812/2022 saylı qərardadla iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərarı alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 252.1.6-1-ci maddəsinə əsasən Mediasiya haqqında Qanuna uyğun olaraq tərəflərin Məhkəməyə müraciət etməzdən əvvəl Mediasiya prosesində iştirakı tələb olunduğundan iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan sonra mediasiya təşkilatına müraciət etmiş, ondan aslı olmayan səsbəbdən mediasiya prosesi uzanmış və 2022-ci ilin 23 dekabrında məhkəməyə müracət etmişdir. Hesab edir ki, hazır ki, iddia tələbi üzrə iddia müddəti ötürülməyib. Hazırki, iddianın predimenti Əmək Məcəlləsinin 296.4-cü bəndinin təsiri altına düşür. Həmin maddəyə əsasən də onun 1 il ərzində məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verərəkən təqsirli hərəkətlər nəticəsində mülkiyyətciyə maddi ziyan vurulmasına istinad etmişdir. Halbuki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Quba Rayon Məhkəməsinin 2(027)-2303/2022 saylı qətnaməsindəndə görünür ki, "xxxx" MMCnin ona qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Həmçinin hal-hazırda Quba Rayon Məhkəməsinin 2(027)-2303/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və mülki iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Hesab edir ki, işin mahiyyəti mülkiyyətçiyə vurulmuş maddi ziyanla bağlı olduğuna görə Xaçmaz Rayon Məhkəməsinin icraatında 2(067)-639/2023 saylı mülki iş Quba Rayon Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin ona qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(027)-2303/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmalı idi. Lakin birinci instansiya məhkəməsi həmin hallara hüquqi qiymət verməyərək əsassız olaraq məhkəmə prosesini davam etdirməklə əsassız və qanunsuz qətnamə qət etmişdir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyası tərəffindən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-639/2023 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qət olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh ərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildridi ki, şikayət əsassızdır. İddiaçı iddia müddətini ötürüb. İş materiallarında da var ki, iş dövründə iddiaçı dəfələrlə öz hesabına məzuniyyət götürüb, barəsində intizam tənbeh tədbiri tətbiq olunub. Avtobusu saz vəziyyətdə saxlamaq və işdən çıxdıqda təhvil vermək barədə iltizama imza da edib. Amma heç bir öhdəliyi icra etməyib. Xəbərdarlıq məktubu ilə çağırışa da gəlməyib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(067)-639/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a - bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin ç - bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər 72-ci maddəsinə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d)qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olanictimai-təhlükəli əməllərə yol verməsi. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır 288-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinə görə 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(067)-639/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, Cavabdeh MMC-də xətt nəzarətçisi işləyir. İddiaçı ona yaxınlaşıb sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir. İddiaçı 3 aya yaxın MMC-də işləmişdir. İddiaçının sürdüyü maşını iddiaçıdan geri təhvil alanda isə özü şəxsən sükan arxasında oturub maşını sürüb yoxlamışdır. 5-ci sürətə keçəndə sürət qutusunda səs olduğu müəyyən olmuşdur. Usta baxıb bildirmişdir ki, sürət qutusu xarab olub, 1500-2000 manat xərc tələb olunur. Bundan sonra isə iddiaçı çıxıb getmişdir. Sonra da telefonlara cavab verməmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 209 saylı əmrdən (çıxarışdan) müəyyən olunur ki, Cavabdeh MMC bölməsində “Sürücü avtobus” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin, "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin icraçı direktoru Əziz Əzizovun, xətt nəzarətçiləri Bəhram Məmmədovun, Sadıq Mehdiyevin, çilingər İlham Səlimovun iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixlı aktdan müəyyən olunur ki, Cavabdeh MMC-nin sürücüsü İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin balansında olan, ona təhkim edilmiş HUNDAİ COUNTY markalı 27 AC-621 dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən məsuliyyətsizlik etmiş, avtobusu düzgün idarə etmədiyi üçün texniki cəhətdən nasaz vəziyyətə salmışdır. (sürətlər qutusu dağılmışdır). Həmin gündən sonra sürücü İddiaçı işə gəlməmiş və avtobusun təmir olunması üçün üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin icraçı direktoru Əziz Əzizovun, xətt nəzarətçiləri Bəhram Məmmədovun, çilingər İlham Səlimovun, Vidadi Əzizovun iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixlı aktdan müəyyən olunur ki, Cavabdeh MMC-nin sürücüsü İddiaçı Cavabdeh MMC-nin balansında olan, ona təhkim edilmiş “HUNDAİ COUNTY” markalı 27 AC-621 dövlət qeydiyyat nişanlı avtobusun sürətlər qutusunu yararsız hala salmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 06 iyul 2022-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı əmək müqaviləsinin şərtləri pozulduğuna görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)2303/2022 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh MMCnin İddiaçı qarşı maddi ziyan tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarında olan müraciətdən müəyyən olunur ki, İddiaçı 2022-ci ilin oktyabr ayında mediasiyaya müraciət etmiş, yəni işdən çıxma əmri verildikdən 3 aydan sonra, oktyabr ayında isə mediasiyada imtina olmuş və bundan 3 ay sonra da məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı barəsində verilmiş işdən çıxma barədə əmrin ləğv olunmasına dair tələb irəli sürmədən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı digər hissədə iddia tələbini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qətnamə əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh MMC bölməsində “Sürücü avtobuc” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR Əmək Məcəlləsinin 70-ci maddəsinin, "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. İşə məhkəmədə baxılan zaman cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə ərizəni əsaslı hesab edərək iddia müddətinin tətbiq edilməsi ilə iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində cavabdehə yazılı ərizə ilə müraciət edərək işdən azad olunmağını xahiş etmiş, həmin ərizəni xx.xx.2022-ci il tarixində cavabdehə təhvil vermiş, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 209 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmışdır. xx.xx.2022-ci il tarixində X4 Xidmətinin Quba Regional ərazi şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmiş, ona xx.xx.2022-ci il tarixində cavabdehin məktubu ünvanlanmışdır. Bundan sonra Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2812/2022 saylı qərardad ilə ərizə geri qaytarılmış, ərizənin geri qaytarılmasının əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 252.1.6-1-ci maddəsinə əsasən Mediasiya haqqında Qanuna uyğun olaraq məhkəməyə müraciət etməzdən əvvəl Mediasiya prosesində iştirakı etəməsi olmuşdur. Məhkəmə kolelgiyası hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Əmək Müfəttişliyinə müraciət etməklə hüuqunun pozulmasını, işdən azad olmasını bilmiş, məhkəməyə ilk dəfə 2022-ci ilin sentyabr ayında müraciət etmiş, məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddia müddətinin buraxılması məhkəmə tərəfindən tətbiq edildiyindən işin faktiki hallarına hüquqi qiymət verilməsinə lüzum qalmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Məhkəmə kollegiaysı iddia tələbinin digər hissələrinə qiymət verərək qeyd edir ki, tələbin həmin hissələri tələbin ilk hissəsi olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə deyil, öz ərizəsi əsasında öz xahişi ilə işdən azad olunması barədə əmr vermək və bu barədə "xxxx" MMC tərəfindən elektron informasiya sistemində müvafiq düzəliş aparılmasına ilə əlaqədar olduğundan, tələbin həmin hissəsi təmin edilmədiyindən həmin hissələr də təmin edilə bilməz. Həmçinin iddiaçı qeyd edilən tələbləri əsaslandıra bilməmiş, onlara dair əsaslı sübutlar təqdiim etməmişdir. Halbuki, qanunvericlliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin mənə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(027)-2303/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmalı olmasına dair dəlilinə qiymət verərək qeyd edir ki, hazırki iş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə deyil, öz ərizəsi əsasında öz xahişi ilə işdən azad olunması barədə əmr vermək və bu barədə "xxxx" MMC tərəfindən elektron informasiya sistemində müvafiq düzəliş aparılmasına dair olduğundan və hazırki işin əsasını həmin iş deyil, həmin işin əsasını hazırki iş təşkil etdiyindən hazırki iş üzrə icraat dayandırıla bilməz. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(067)-639/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı ,İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(067)-639/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1128/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1128/2023
20.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver