Məhkəmə qərarları › İş №2(105)-113/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-113/2022

30.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-113/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(012)-4159/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən 147 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən 147 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən 147 saylı fərdi yaşayış evi 10 oktyabr 2014-cü ildən İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçı bacısı olmaqla evsiz olduğundan uşağı ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən 147 saylı fərdi yaşayış evində bir neçə ay müddətinə yaşamasına icazə vermiş,lakin Cavabdeh 5 ildən artıq müddətdir ki, Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən 147 saylı fərdi yaşayış evində yaşamaqla İddiaçı həmin evə dair hüquqlarını məhdudlaşdırır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi halları və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmamış, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun qətnamə qəbul etməmişdir. İddiaçı nə cavabdehə 25.000 manat verməsini, nə də ki onların valideynlərindən miras qalan evin müqabilində alınan evdən payın haqqının itirilməsinə razı olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin mübahisəli mənzildə qalmasının iddiaçının mülkiyyətçi olaraq hüquqlarını məhdudlaşdırdığını və ona məxsus hüquqların gerçəkləşdirilməsinin qarşısını alması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüququ əsası kimi Mülki Məcəllənin 152.5, 157.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilməsi xahiş edilmişdir. İşdən görünür ki, iddia tələbi evdən çıxarılma barədədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən 147 saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (MPM-nin 4.1. maddəsi). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.1. maddəsi). Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir (H.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli qərarı). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Hazırda onların mənzildə hər hansı bir hüququ yoxdur. İddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilmiş və iddia təmin olunmuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar