Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-113/2023 23.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması,ayrılmış pay torpağına iddiaçının hesabına çıxarış verilməsi tələbinə dair iş üzrə (Açar sözlər: torpaq mübahisəsi, ümum birgə mülkiyyət, mülkiyyət hüququ, ümumi birgə mülkiyyətdə payın ayrılması, paylara görə əmlakın naturada bölgüsü) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması və ayrılmış pay torpağına iddiaçının hesabına çıxarış verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-73/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Torpağa mülkiyyət hüququna dair JN-1549 saylı, kodu 30319018 olan dövlət aktının surətindən görünür ki, torpaq mülkiyyətçisi qismində Quba rayonu, İ Nügədi kəndinin sakini Cavabdeh və ailə üzvləri X9, X2, X7, X4 və X5 istifadəsinə Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə 1,39 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir, Aktın birnüsxəsi torpağın mülkiyyətçisi Cavabdeh verilmişdir (torpaq sahəsinin plan cizgisi əlavə edilmişdir). Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X2 adı “Əsma”ya dəyişdirilmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 07 may 2015-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, torpaq sahəsinin bölünməsi ilə bağlı mürcaiətə baxılmış, Torpağa mülkiyyət hüququna dair JN-1549 saylı, kodu 30319018 olan Dövlət Aktında qeyd edilmiş 1,39 ha torpaq sahəsinin bölünməsinə dair tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş bölgü sxemi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Resublikası Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin təqdim edilməsi barədə məktubların və xx.xx.2021-ci il tarixli A- 250 №li və xx.xx.2021-ci il tarixli, A-287 №li Arayışların məzmunundan görünür ki, qeyd edilən torpaq sahəsinin payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçəliyinə , eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də qeyd edilən torpaq shaəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan, tərəflərindən bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli, 10/1185 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışına əsasən mübahisə predmeti olan torpaq sahəsinin payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpadan məhdud istifadə) hüquqlarının yaranması zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-1549, KOD 30319018 saylı Dövlət aktına əsasən 1.39 ha olan ümumi mülkiyyətdə olan bağ torpaq sahəsinin payına düşən 0.2316 ha hissəsinə yol saxlanılmaqla ümumi torpaq sahəsinin cənub və qərb kənarındakı başlanğıc nöqtəsindən şimaldan cənuba doğru 80 metr, cənubdan qərbə doğru 29 metr, qərbdən şimala doğru 80 metr, şimali qərbdən-şərqə doğru 29 metr olmaqla, naturada ayrılması və məhkəmə xərclərinin cavabdehdən tutulmaqla 10 manat məhkəmə rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, ayrılmış torpaq sahəsinə iddiaçının hesabına çıxarış verilməsi hissəsini də iddia tələbinə əlavə etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxx 1981-ci il tarixdə Quba rayonu İ Nügədi kəndində anadan olmuşdur, bu vaxta qədər həmin ünvanda qeydiyyatdadır, 1-ci qrup əlildir. O, 15 fevral 2018-ci il tarixdə ailə qurmuş və bununla əlaqədar Xaçmaz şəhərinə köçmüşdür. Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-1549, KOD 30319018 saylı Dövlət aktına əsasən atası Cavabdeh, digər ailə üzvləri anası- X14, qardaşı-X10, bacıları-X8, X6 ilə bərbər 1.39 ha ümumi paylı mülkiyyətdə olan bağ torpaq sahəsindən 1/6 hissəsi, yəni 0.2316 ha onun mülkiyyətinə verilmişdir. Cavabdeh dəfələrlə müraciət etməyinə baxmayaraq ona aid olan torpaq payından bu vaxta qədər istifadə etməyə imkan verməmiş və ümumi torpaq sahəsinin özünün olduğunu bildirmişdir. Ona düşən torpaq payının naturada ayrılmasına cavabdehdən başqa digər payçılar etiraz etmirlər. Bundan əlavə, ümumi mülkiyyətdə olan torpaq sahəsinə giriş 5-6 metr enində yoldan ibarətdir və ümumi giriş qapısının açarı cavabdehdədir. Hazırda həmin torpaq sahəsi ümumi mülkiyyətdə olsa da, cavabdehlə münasibəti olmadığından torpaq sahəsinə istədiyi kimi sahiblik edə və torpaq sahəsindən istifadə bilmir. Həmçinin torpaq sahəsinə dair tək başına sərəncam vermək hüququ da yoxdur. Pay torpağına tək başına sərəncam vermə hüququ olmadığı və torpaqdan istifadə edə bilmədiyi üçün ümumi paylı mülkiyyətdən payın naturada ayrılması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Eyni zamanda ümumi torpaq sahəsinin bir kənarından 0.23 ha torpaq payının ayrılması cavabdehin, digər payçıların və qonşuların hüquqlarını pozmur və qanuni mənafelərinə zidd deyildir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-73/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması tələbi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan ekspert tərəfindən bölgü apanlması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 220 və 223.3-cü maddələrinə istinad etmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmiş, apellyasiya şikayətiniekspertiza keçirilən zaman onun təqdim etdiyi sualların qərardadda qoyulmaması, ekspertizanın keçirilməsində iştirakının təmin edilməməsi, ekspert rəyi əsassız olsa da, həmin rəyə istinad olunması, cavabdeh tərəf iddia tələbini etiraf etmiş, həmin etiraf barəsində qərardad qəbul edilməmiş, torpaq sahəsinin yerini, kontur nöqtələrini, ümumi sahəsini müəyyən etmədiyindən 1/6 hissədə payın ayrılmasının müəyyən edilməsinin mümkün olmaması, ümumi torpaq sahəsindən iddiaçıya düşən 1/6 hissə müəyyən edilsə də, naturada ayrılmasının müəyyən edilməməsi kimi hallarla əsaslandırmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianın təmin edilməməsinin, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 14.1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər:“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi;bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması;dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. Maddə 52.2. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətçi öz payının naturada ayrılmasını tləb edə bilər. İndiki halda isə tərəflərin mübahisə predmeti olan torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququ üzrə hər birinin pay hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması halı müəyyən edilməmişdir. Hansi ki, mülki qanunvericiliyin tələbinə əsasən birgə mülkiyyətdə olan əmlakın naturada ayrılmasını tələb etmək hüququ məhz birgə mülkiyyətçilərinin hər birinin payı müəyyən edildikdən sonra yaranır. Başqa sözlə, ilk öncə birgə mülkiyyətçilərin hər birinin payı müəyyən edilməli, pay hüququna uyğun naturada bölgünün aparılıb-aparılmamasının mümkünlüyü yoxlanılmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Qeyd olunanlara əsasən məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində ilk öncə birgə mülkiyyətçilərin pay hüququ müəyyən edilməli, daha sonra həmin paylara uyğun əmlakın bölgüsünün mümkünlüyü məsələsi aydınlaşdırılmalıdır. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən birgə mülkiyyətdə olan əmlakın bölünməsi və payın ayrılması yalnız həmin əmlak üzərində paylar müəyyənləşdirildikdən sonra mümkündür, habelə əmlak üzərində paylar tərəflərin razılaşması əsasında, bu cür razılaşma olmadıqda isə məhkəmə qaydasında müəyyən edilir. İndiki halda isə mübahisə predmeti olan əmlak ümumi birgə mülkiyyət qismində çıxış etməklə, birgə mülkiyyətçilərin hər birinin pay hüququ müəyyən edilməmişdir. Qeyd edilən hallar müəyyən edilmədiyi halda isə iddiaçının bir birgə mülkiyyətçi qismində müəyyən edilməyən pay hissəsinin naturada ayrılmasını tələb etmək hüququ mövcud olmamışdır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi göstərilən hallara əhəmiyyət verməmiş, iddiaçının qeyd olunan tələb hüququnun olub-olmaması halı aydınlaşdırılmamış, iş üzrə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, işin nəticəsinə təsir edən bütün halları aydınlaşdırmamışdır. Halbuki, qeyd olunan məsələlər mübahisəli hüquq münaisbətinin həlli üçün ilk addımda aydınlaşdırılmalı idi. Həmçinin, qeyd olunmalıdır ki, cavabdehin hazırki mülki iş üzrə iddia tələbini etiraf etməsinə dair hal müəyyən edilməmişdir (birinci instansiya məhkəməsində iddia tələbinə etiraz etməməsinə dair yazılı ərizə təqdim etsə də, sonradan iddia tələbini qəbul etməmişdir). Eyni zamanda məhkəmə onu qeyd edir ki, hətta cavabdeh tərəf iddia tələbini etiraf etmiş olsa idi belə, qeyd edilən etiraf qanunun tələbinə (MM-nin 213-cü maddəsi) zidd olduğundan, onun nəzərə alınması mümkün olmazdı. Bundan əlavə, qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına da əməl etməmişdir. Belə ki, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edilmiş, məhkəmə tərəfindən qeyd edilən ərizə qəbul edilərək, işə əlavə edilmiş olsa da, məhkəmə qətnaməsində qeyd edilən tələbə qiymət verilməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozumaqla, düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. Bu baxımından, məhkəmə kollegiyası iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd edilən tələblə bağlı onu qeyd edir ki, qeyd edilən ərizədə tələb kimi ayrılmış pay torpağının iddiaçının hesabına çıxarış verilməsi əks olunmuşdur. Kollegiya hesab edir ki, qeyd edilən tələb əsas tələbdən törəmə tələb olduğundan, əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, qeyd edilən hissədə də iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən hissədə iddia tələbi qeyri-müəyyən şəkildə ifadə edildiyindən məhkəmə icraat qaydası baxımından da aydınlaşdırılması mümkün olmamışdır. Qeyd olunan hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tətbiq eidlməli olan maddi hüquq normasını düzgün tətbiq etməmiş,prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi və apelyasiya şikayəti təmin edilmədiyindən, iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 10 (on) manat 40 qəpik və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-73/2022 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdən torpaq payının naturada ayrılması və ayrılmış paya iddiaçının hesabına çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, dövlət büdcəsinə köçürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat 40 qəpik məbləğində və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər: Gülnar Cabbarova (sədrlik edən hakim) Almaz Süleymanova Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-113/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-113/2023
23.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver