Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1133/2022 20.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X13 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: X10, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: X4 iştirakları ilə, İddiaçı Qiyas qızının Cavabdeh qarşı mənzilin hərracda satılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın təmin edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən ev 23, mənzil 21 açıq hərracdan satılması, həmin mənzilin bazar qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilməsi və satışdan əldə olunmuş pulun mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında paylarına uyğun bölüşdürülməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ümumi paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən bina 23, mənzil 21-dəki, sahəsi 25.0 kv.m olan 2 otaqdan ibarət olan payının hərrac yolu ilə satılaraq əldə edilən pul vasitindən payına mütənasib surətdə məbləğin ona verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-i bazar qiymətlərinə uyğun olaraq hərrac vasitəsi ilə satılaraq əldə edilmiş pul vəsaitindən həmin mənzildə ona məxsus sahəsi 25.0 kv.m olan iki otaqdan ibarət olan payına mütənasib surətdə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 iyun 1977-ci il tarixdə X5 ilə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1978-ci il təvəllüdlü X6 və xx.xx.1982-ci il təvəllüdlü X11 dünyaya gəlmişlər. 1982-ci ilin noyabr ayında mənzil şəraitini yaxşılaşdırmaq üçün qaynatasının verdiyi ərizə əsasında onlar ailə olaraq yaşamaq üçün həmin dövrdə fəaliyyət göstərən XDS İK-si tərəfindən indi yaşadıqları Sumqayıt şəhəri, 11ci mikrorayonda yerləşən 23 saylı binada 4 otaqlı 21 nömrəli mənzil verilmişdir. 1986-cı ildə keçmiş əri V.M.Tağıyev ailə daxili münasibətləri pozulduğuna görə birgə nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 23 saylı binada 4 otaqdan ibarət 21 nömrəli mənzilin aralarında bölünməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə həmin mənzilin 12,7 kv.m sahəsi olan 2 otağı ona və iki övladına, digər 2 otaq isə cavabdehə verilmişdir. V.M.Tağıyev 1987-ci ildə Cavabdeh ilə nikaha girərək ailə qurmuşdur və ikinci ailəsi ilə qeyd edilən mənzilin ona aid olan 2 otağında yaşamışlar. V.M.Tağıyev 2008-ci ildə vəfat etdikdən sonra o, və keçmiş ərinin ikinci arvadı Cavabdeh ilə bir mənzildə yaşadıqlarına görə qarşılıqlı münasibətləri pozulmağa başlamış və həmin mənzildəki ümumi istifadədə olan mətbəxdən, hamamdan, sanitar qovşaqdan birgə istifadə etməkləri mümkünsüz olmağa başlamışdır. O, vaxtdan indiyə kimi cavabdehlə münasibətləri gərginləşdiyi üçün dözülməz həddə çatmışdır. Bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resystri Xidmətinin Sumqayıt Ərazi İdarəisinin seriya RX № ******* Çıxarışı ilə Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən bina 23, mənzil 21-dəki, sahəsi 25.0 kv.m olan 2 otaqdan ibarət olan yaşayış sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alnmışdır. Cavabdeh ilə ümumi paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən bina 23, mənzil 21-dəki, sahəsi 25.0 kv.m olan 2 otaqdan ibarət olan payının naturada bölünməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsə də ona məxsus payın naturada bölünməsi təmir-tikinti ekspertizasının rəyi və buna uyğun məhkəmənin qərarı ilə mümkün olmadığına görə iddia tələbi rədd edilmişdir. Lakin məhkəmə qətnaməsində ümumi mülkiyyətdəki payının (mənzildə) naturada bölünməsi əvəzinə qanunvericiliklə həmin payın hərracdan satılması yolu ilə əldə edilən vəsaitdən ona məxsus payın dəyərində pul kompensasiyasının ona ödənilməsi bildirilmişdir. Bildirir ki, o, bir neçə dəfə cavabdehlə ümumi paylı mülkiyyətlərində olan qeyd etdikləri mənzildəki payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsini təklif etsə də, o, buna razı olmamışdır. Beləliklə hesab edir ki, Cavabdeh ilə ümumi paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən bina 23, mənzil 21-dəki, sahəsi 25.0 kv.m olan 2 otaqdan ibarət olan payının hərrac yolu ilə satılaraq əldə edilən pul vasitindən payına uyğun məbləğin ona verilməsi məhkəmənin qərarı ilə təmin edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. O, 35 ildir ki, o evdə gəlin kimi yaşayıb. Mənzil qaynatasına məxsus olub. Hazırda mənzilin satılmasını narazıdır. O, hazırda bacısının mənzilinin satılmasını gözləyir və mənzil satılan zaman əldə edilən məbləğdən iddiaçının mənzildən çıxması üçün tələb etdiyi civarda pul kompensasiyası ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq məhkəmə iddianı təmin etmişdir. Əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər və paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mənzilin hərrac vasitəsilə satılması barədə qətnamənin qəbul olunması mənzil mülkiyyətçilərinin hər ikisinin mənafelərinə ziyan gətirir. Məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh, nümayəndəsi və vəkili E.N.İsayev apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətə uyğun izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadılar, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, mübahisəli mənzilin tərəflərin birgə mülkiyyətində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)- 1049/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X7, X8, X9 və X3 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia tələbi rədd edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-in 2 otaqlı yaşayış sahəsi olan 25.0 kv.m sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin “Çıxarış”ının surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-in 2 otaqlı yaşayış sahəsi olan 34.6 kv.m sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh, 25.0 kv.m sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.1982-ci il tarixli, №10/1204 saylı “Order”in surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21 order əsasında X1 verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli “Mənzilin Qiymətləndirilməsi Barədə Hesabat”dan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-in xx.xx.2021-ci il tarixə olan bazar dəyəri 80000 (səksən min) manat, likvid dəyəri 68000 (altmış səkkiz min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-də qeydiyyatdadır. İşdə olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-də qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(060)-1049/2018 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh, M.V.Tağıyev, G.V.Tağıyeva və E.V.Tağıyevaya qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o paylı mülkiyyətdə olan mübahisəli mənzilin naturada bölgüsünün aparılmasının qeyri-mümkün olmasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilməsini nəzərə alaraq mənzilin açıq hərracdan satılmasını əldə edilmiş pul vəsaitindən həmin mənzildə ona məxsus sahəsi 25.0 kv.m olan iki otaqdan ibarət olan payına mütənasib surətdə ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mənzilin hərrac vasitəsilə satılması barədə qətnamənin qəbul olunması mənzil mülkiyyətçilərinin hər ikisinin mənafelərinə ziyan gətirməsi barədə gətirdiyi dəlili qiymət verərək, hesab edir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən bina 23, mənzil 21 tərəflərin paylarına uyğun olaraq naturada ayrılması mümkün olmadığından, həmin mənzilin açıq hərracdan satılması ilə bağlı tələb tam əsaslıdır. Məhkəmə kollegiyası tərəflərə bir-biriləri ilə aralarında şifahi olaraq kompensasiya və ya müəyyən pul məbləği qarşılığında hazırki iddia tələbi üzrə razılıq əldə edilməsi üçün vaxt versə də, tərəflər arasında heç bir kompensasiya ödənişi və mənzilin öz aralarında satılması barədə heç bir razılıq əldə edə bilməmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, ipoteka ilə bağlı iddia tələbləri üzrə qətnamə çıxarılarkən ipoteka predmetinin açıq hərracda satılması üçün likvid qiymət müəyyən edilir. Hazırki iddia tələbi sözügedən mənzil ipoteka predmeti olmadığından məhkəmə mənzilin ilkin satış qiymətini bazar qiyməti ilə müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli “Mənzilin Qiymətləndirilməsi Barədə Hesabat”ını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən ev 23, mənzil 21 açıq hərracdan satılmalı, həmin mənzilin bazar qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunmuş pul mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında paylarına uyğun bölüşdürülməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 15 fevral 2022-ci il tarixli 2(060)-109/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1133/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1133/2022
20.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver