Məhkəmə qərarları › İş №2(105)-1141/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1141/2024

20.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1141/2024 20.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Qusar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(029)-180/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair Cavabdeh1 tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-180/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı N saylı hərbi hissə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin İddiaçı ünvan 1 ünvanında yerləşən xidməti mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(029)-180/2024 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 N saylı hərbi hissənin ünvan 2 ünvanda yerləşən xidməti mənzilindən, başqa yaşayış sahəsi verilmədən çıxarılmaları qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda məhkəməyə ərizə verərək həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh1 müddətin bərpasına dair ərizəni onunla əsaslandırmışdır ki, o, bir ilə yaxındır ki, immunçatışmazlığı virusuna yoluxmuş və buna görə mütəmadi müalicələr alır. Həmin xəstəliyinə görə Qusar rayon məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(029)- 180/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Odur ki, hesab edir ki, həmin müddətin ötürülməsinin səbəbi üzürlü sayılaraq həmin müddət bərpa edilməlidir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-180/2024 nömrəli qərardadı apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi, apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə Cavabdeh1 qaytarılması qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, hesab edir ki, Qusar Rayon Məhkəməsinin mövqeyi qanuni və əsaslı deyil. Çünki, insan immunçatışmazlığı virusu ümumi xəstəlik olsa da, onun insan orqanizmi üçün çoxsaylı fəsadları olmaqla yanaşı, həm də insanın psixi və mənəvi iztirablara düçar olmasına səbəb olur. O həmin virusa yoluxduğu vaxtdan indiyədək xəstəliyin istər tibbi, istərsə də psixoloji sarsıntılarından hələ də xilas ola bilməmişdir. Bundan başqa, həmin virusun orqanizmdə fəsadlar törətməməsi üçün virus mütəmadi olaraq nəzarətdə saxlanmalı, bunun üçün müxtəlif profilaktik tədbirlər görülməlidir. Bütün bunlar isə onun Qusar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(029)-180/2024 saylı qətnaməsindən apelyasiya şikayətini vermək barədə prosessual hərəkətin edilməsindən diqqətini yayındırmaqla yanaşı onu belə bir imkandan məhrum etmişdir. Odur ki, hesab edir ki, Qusar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(029)-180/2024 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddəti, ötürülməsinin səbəbi üzürlü sayılaraq bərpa edilməlidir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-180/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)- 180/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarının 55-ci səhifəsində olan qəbzdən aydın olur ki, Qusar Rayon Məhkəməsinin sözügedən qətnaməsinin surəti xx.xx.2024-cü il tarixdə Cavabdeh1 rəsmi qaydada təqdim edilmişdir. Daha sonra, qətnamə qanuni minmiş və müvafiq olaraq icraya yönəldilmiş, Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarı xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Cavabdeh1 müddətin bərpasına dair ərizəsində göstərmişdir ki, bir ilə yaxındır ki, immunçatışmazlığı virusuna yoluxmuş və buna görə mütəmadi müalicələr alır. Həmin xəstəliyinə görə qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. İş materiallarında olan, Cavabdeh1 tərəfindən təqdim edilmiş 07 avqust 2023-cü il tarixli 8241 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2023xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin MHP-da müayinə və müalicədə olmuşdur. Eyni zamanda hərbi həkim komissiyası tərəfindən müəyyən edilmişdir ki, insanın immunçatışmazlığı virusu ilə yoluxması ümumi xəstəlikdir, müşayiətçiyə zərurət yoxdur. Məhkəmə kollegiyası cavabdehin qeyd etdiyi halı üzürlü səbəb kimi qəbul etməyərək qeyd edir ki, Cavabdeh1 xəstəliyi qətnamənin qəbul edildiyi vaxtdan bir ilə yaxın əvvəl olmuş, həmin xəstəliyi ilə bağlı müayinə və müalicədə olmuşdur. Mülki işə baxılarkən, o cümlədən qətnamə qəbul edildikdən sonra Cavabdeh1 xəstəliyi ilə bağlı müalicədə olması və onun hər hansı xəstəlik nəticəsində müvafiq prosessual hərəkətlərin edilməsi, o cümlədən vaxtında apellyasiya şikayətini vermək imkanından məhrum olması barədə hər hansı sübut nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməməsi qənaətinə gəlməsi ilə razılaşır. Ona görə ki, cavabdehin qeyd etdiyi hal onun iradəsindən asılı olmayan səbəb və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək hal deyildir. Belə ki, X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddətin bərpası barədə ərizə ilə eyni məzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-180/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-180/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar