Məhkəmə qərarları › İş №2(105)-1142/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1142/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1142/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(067)-1902/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(067)-1902/2020 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin olunub, İddiaçı Xaçmaz rayonu Yataq oba kəndində yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evindən istifadə hüququnun tanınması və onun azyaşlı övladı 06.09.2016-cı il təvəllüdlü X7 ilə birlikdə həmin evin gəlin gəldiyi otaqlarına köçürülməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(067)-1902/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 23.09.2003-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və mübahisəli evə gəlin köçərək yaşamağa başlamışdır. Birgə nikahlarından 13.07.2004-cü il tarixdə Nərmin, 13.09.2005ci il tarixdə Aysu və 06.09.2016-cı il tarixdə Sənan adlı üç nəfər uşaqları doğulmuşdur. Ailə qurandan sonra cavabdehlə təsərrüfatı birgə idarə etməklə mehriban ailə münasibətlərində yaşamış, evdə yeganə gəlin olduğundan həyətdə və ya çöldə olan bütün təsərrüfat işlərini, o cümlədən pay torpağında meyvə bağının salınmasına kimi işlər onun öhdəsində olmuşdur. 17.05.2020-ci il tarixdə Cavabdeh tərəfindən döyüldükdən sonra məcbur olub ata evinə gedənə kimi cavabdehin sahibliyində olan Xaçmaz rayonu, Yataq oba kəndində yerləşən evdə yaşamaqla bütün təsərrüfat işlərini idarə etmişdir. O, cavabdeh tərəfindən döyülüb yaşadığı evdən qovulduqdan bir həftə sonra evə qayıtmaq istəsə də sonuncu valideynlərinin yanında onun üzərinə hücum çəkərək hədələmiş, onu evə buraxmamışdır. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində uşaqla birlikdə yaşadıqları mənzildən və mənzildə yerləşən əmlaklarından məhrum olmuşdur. Ona görə də, Xaçmaz rayonu Yataq oba kəndində yerləşən mənzildən istifadə hüququnun tanınması və onun 06.09.2016-cı il təvəllüdlü Sənan adlı azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verib, onun Xaçmaz rayonu Yataq oba kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və 06.09.2016-cı il təvəllüdlü Sənan adlı azyaşlı uşağı ilə birlikdə həmin evin gəlin gəldiyi otaqlarına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 03 dekabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı onunla 2003cü ildə ailə quraraq bir yerdə mübahisəli evdə yaşamağa başlamış və birgə təsərrüfat aparmışlar. İddiaçının köçürülməsini xahiş etdiyi ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İş materiallarından məlum olur ki, mübahisəli ev iddiaçının qaynatasının, yəni onun atası Teymurşaha məxsus olmuş, sonuncunun vəfatından sonra onun sahibliyində olmuşdur. İddiaçının mübahisəli evə istifadə hüququnun yarandığını təsdiq edən mülkiyyətçi ilə bağlanana yazılı razılaşması yoxdur. Bu baxımdan iddiaçının mübahisəli evə istifadə hüququ yaranmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olumasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəfələrin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh və İddiaçı 23.09.2003-cü il tarixdə nikahlarını Xaçmaz RİHB-nin Uzunoba İnzibati Ərazi Vahidliyində rəsmi qeyd etdirməklə evlənmişlər. İddiaçı ailə həyatı quran zaman cavabdehin yaşadığı Xaçmaz rayonu, Yataq-oba kəndində yerləşən yaşayış evinə gəlin köçmüş və həmin ünvanda onların birgə nikahından 13.07.2004-cü il tarixdə Nərmin, 13.09.2005-ci il tarixdə Aysu və 06.09.2016-cı il tarixdə Sənan adlı üç nəfər uşaqları doğulmuşdur. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15.10.2020-ci il tarixli, **********90 nömrəli məktubundan görünür ki, Cavabdeh, X3 və X2 adına Xaçmaz rayonu Yataqoba kəndində ümumi birgə 2.4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin kənddə ümumi birgə 0,23 ha torpaq sahəsinə verilmiş YN-025A KOD 30223038 nömrəli «Torpağın mülkiyyətə veriməsinə dair» şəhadətnamə qeydə alınmışdır. Bundan başqa Xaçmaz rayonu Yataqoba kəndində fərdi yaşayış evi aşkar edilmiş və həmin fərdi yaşayış evinə X1 adına Xaçmaz Rayon Tİ və MHQ İdarəsi tərəfindən texniki pasport tərtib edilmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında müyyən olur ki, X3 ölmüşdür. Azərbacan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri 2003-cü ildə yarandığından həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı 23.09.2003-cü il tarixdə cavabdehin yaşadığı Xaçmaz rayonu, Yataq-oba kəndində yerləşən yaşayış evinə gəlin köçmüş və tərəflər həmin ünvanda 2020-ci ilin may ayına kimi bir yerdə ər-arvad kimi yaşayıb ümumi təsərrüfat aparmış və uşaqların tərbiyyəsi ilə birgə məşğul olmuşlar. 2020-ci ilin may ayında ailə münasibətləri pozulduqdan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, gəlin köçdüyü zaman yaşadığı evə köçürülməklə həmin yaşayış evinə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yerin statusu məsələsidir. Bu baxımdan nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri nöqteyinəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bundan başqa «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 20-ci maddəsində göstərilir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı 23.09.2003-cü il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və cavabdehin yaşadığı Xaçmaz rayonu, Yataq-oba kəndində yerləşən yaşayış evinə gəlin köçmüşdür.İddiaçı mərhum Teymurşah Həsənova məxsus mübahisəli evə gəlin köçərkən mərhumun ailə üzvlərinin öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, iddiaçı bütün cehiz əşyalarını həmin evə yerləşdirmiş və hazırda da əmlakları mübahisəli evdədir. Tərəflərin birgə nikahından 13.07.2004cü il tarixdə Nərmin, 13.09.2005-ci il tarixdə Aysu və 06.09.2016-cı il tarixdə Sənan adlı üç nəfər uşaqları doğulmuşdur.Onlar bir yerdə ər-arvad kimi yaşayıb ümumi təsərrüfat aparmış və uşaqların tərbiyyəsi ilə birgə məşğul olmuşlar. Cavabdeh tərəf onu ailə üzvü kimi qəbul etmiş və birlikdə həmin yaşayış sahəsinə faktiki sahiblik etmiş və idarə etmişdir. Tərəflər arasında olan ailə münasibətləri 2020-ci ilin may ayında pozulduqdan sonra iddiaçı 06.09.2016-cı il təvəllüdlü Sənan adlı uşağı ilə birlikdə öz atası evində yaşamağa məcbur qalmış, cavabdeh isə 13.07.2004-cü il təvəllüdlü Nərmin və 13.09.2005-ci il təvəllüdlü Aysu adlı uşaqları ilə birlikdə mübahisəli yaşayış evində yaşayırlar. İddiaçı bir neçə dəfə gəlin getdiyi ünvana qayıdıb digər uşaqları ilə birlikdə bir ailə olaraq yaşamaq üçün cəhd etmiş, lakin cavabdeh onun qayıtmasına razı olmamışdır. İddiaçıya məxsus cehiz əşyaları və əmlaklar hazırda da həmin mənzildədir. İddiaçı uşaqları ilə birlikdə yaşayış evindən ailə üzvləri olaraq cavabdehlə birlikdə bütun hüquqlara malikdir və vəzifələr daşıyır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddiaçının mənzilə köçürülmə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış və hüququ vəziyyəti bəlli olmayan yaşayış evinə hüququnun da tanınması mümkün deyildir. Ona görə də, iddiaçının mənzilə istifadə hüququnun tanınması tələbi təmin edilə bilməz və iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır və məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-385.1.3-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin olunub, İddiaçı azyaşlı övladı 06.09.2016-cı il təvəllüdlü X7 ilə birlikdə Cavabdeh istifadəsində olan Xaçmaz rayonu Yataq oba kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli və iddia–“yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiaysı hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 10(on) manat dövlət rüsumunun 5(beş) manatı onun özünə aid edilməli, 5(beş) manatı isə Cavabdeh alınıb İddiaçı veriməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(067)-1902/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin olunsun. İddiaçı azyaşlı övladı 06.09.2016-cı il təvəllüdlü X7 ilə birlikdə Cavabdeh istifadəsində olan Xaçmaz rayonu Yataq oba kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia–“yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair” hissəsində təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 10(on) manat dövlət rüsumunun 5(beş) manatı onun özünə aid edilsin, 5 (beş) manatı isə Cavabdeh alınıb İddiaçı verisin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar