Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1142/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-90/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 0,06 ha torpaq sahəsində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, ev 9 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır.
2. AZ İ ******* saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı ona məxsus torpaq sahəsinin 0.0138 ha hissəsini 4800 manata almışdır.
3. 0,0456 ha torpaq sahəsində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, ev 9 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə əsassız müdaxiləsinə son qoyulması, ona aid torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş kanalizasiya və qaz xəttinin həmin ərazidən çıxarılması, kombi çıxışı səmtinin dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid ünvanında yerləşən 9 saylı ev üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alnmış və onun adına çıxarış verilmişdir. Bu evin torpaq sahəsi 0,06 ha olmuş və cavabdehlə 26 may 2022-ci ildə Sumqayt şəhəri 4 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsinin 0,0138 ha olan hissəsini cavabdehə satmışdır. Cavabdeh həmin hissədə fərdi yaşayış evi tikmişdir. Cavabdehə satılan torpaq sahəsinin ölçüsü məlum olduğu halda cavabdeh onun mülkiyyətində qalan sahəyə qanunsuz olaraq müdaxilə etməklə ona aid olan ərazidə kanalizasiya xəttini çəkmiş, yaşayış evinin kombi çıxışını yaxın məsafədə onun evinə doğru qoymuş, nəticədə qazın tullantıları onun evinə daxil olur, qaz xəttini də onun icazəsi olmadan onun həyətindən çəkmişdir. Dəfələrlə o, cavabdehdən ondan bu hərəkətlərə son qoymasını, kanalizasiyasını, qaz xəttini öz ərazisindən çəkməsini tələb etsə də, o bu hərəkətlərinə son qoymamış, nəticədə onun mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilə hallarına yol verilmişdir. Özü əlil insandır, cavabdehin hərəkətləri üzündən o, evində rahatlıq tapa bilmir və bu vəziyyət xeyli müddətdir ki, davam edir. Bununla bağlı o, ərazi üzrə polis idarəsinə şikayət etmiş, lakin ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir.
6. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəf qohum kimi ona torpaq sahəsi satmışdır. Bildirir ki, torpağın alqı satqısı ilə bağlı bütün məsələləri iddiaçının həyat yoldaşı ilə həll etmişdir, yalnız torpağın alqı-satqı pulunu iddiaçıya vermişdir. Daha sonra orada özü yaşayış evi tikməyə başlamışdır. Həyətində hər hansı tikinti aparmağa başlayanda qarşı tərəfdən razılıq almışdır. Lakin daha sonra iddiaçının qardaşı ilə aralarında problemləri olduğunu öyrənmiş, onlar həmin məsələlərə onu da qatmışdır. Belə ki, hasar tikilən zaman, evin pəncərələri qoyularkən ona problemlər yaratmış, hər iki tərəfə pəncərə qoyulmamasını tələb etmişdirlər. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməyib. O, aldığı torpaq sahəsinə dair artıq çıxarış da almışdır. Qeyd edir ki, həyətinin bir hissəsini yola doğru uzatmışdır. Həmin hissənin sənədləşdirilməsi üçün isə bələdiyyəyə müracət etmişdir. Həmin hissə ilə bağlı müəyyən edilmiş rüsumu ödəyib müvafiq qaydada sənəd alacaqdır. Bir daha qeyd edir ki, evə çəkdirdiyi istilik sistemi onun və iddiaçının evinin arxa hissəsinə düşür. Kombinin başqa cür yerləşdirilməsi mümkün deyil. Evin arxa hissəsində olan 40 sm yer onundur. Həmin hissəni qarşı tərəf özü ona satmışdır və o, öz vəsaiti hesabına qeyd edilən əraziyə hasar çəkdirmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6994 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: Baxış zamanı əldə olunmuş məlumatlara və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 31/2- 4554/2023 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: Baxış zamanı əldə olunmuş məlumatlara və mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus kanalizasiya və qaz xəttinin İddiaçı məxsus torpaq sahəsindən keçmədiyi müəyyən edilmişdir. 3-cü sual üzrə: Baxış zamanı əldə olunmuş məlumatlara və mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus kanalizasiya və qaz xəttinin vətəndaşın özünə məxsus torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. 4-cü sual üzrə: Baxış zamanı əldə olunmuş məlumatlara və mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus kombinin çıxış səmtinin İddiaçı məxsus torpaq sahəsi istiqamətində olduğu, lakin X2 məxsus torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-90/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilməmiş, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin istifadə edilmədiyi, cavabdehə məxsus kanalizasiya və qaz xəttinin iddiaçıya məxsus torpaq sahəsindən keçmədiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbinin Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə əsassız müdaxiləsinə son qoyulması və ona aid torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş kanalizasiya və qaz xəttinin həmin ərazidən çıxarılması hissəsində təmin edilməsi üçün hər hansı əsas yoxdur.
11. İddia tələbinin kombi çıxışı səmtinin dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (560.1). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (560.2).
12. Cavabdeh məxsus kombinin çıxışı səmtinin İddiaçı məxsus torpaq sahəsi istiqamətində olduğu öz təsdiqini tapsa da, bu hal nəticəsində iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulduğu təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin kombidən adi istifadədən kənar istifadə etməsi barədə də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh məxsus kombinin çıxışı səmtinin İddiaçı məxsus torpaq sahəsi istiqamətində olması cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə əsassız müdaxilə hesab edilə və iddia tələbi həmin hissədə təmin edilə bilməz.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 157.4, 170 və 171-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə 0,0138 ha olan hissəsini satmışdır, lakin cavabdehin faktiki istifadəsində olan sahə satılan sahədən artıqdır ki, bu da onun ona məxsus olan sahədən qanunsuz zəbt etdiyi ərazi hesabına yaranmışdır. Lakin məhkəmə qeyri-obyektiv mövqe nümayiş etdirən ekspert rəyinə istinad etməklə hazırki mübahisəyə qiymət vermişdir. Məhkəmə ekspert rəyinə tənqidi yanaşmalı idi, belə ki, ekspert tərəfindən cavabdehə satılan torpaq sahəsi ilə hazırda faktiki istifadəsində olan torpaq sahəsi və bu ölçülər arasındakı fərq müəyyən edilməmişdir. Halbuki, əgər bu ölçmə işləri aparılsaydı, onun satılan torpaq sahəsindən də artıq torpaq sahəsini tutması və qeyd edilən kanalizasiya, qaz xəttinin ona məxsus və mülkiyyətində olan torpaq sahəsi üzərindən keçdiyi təsdiq olunardı. Lakin ekspert faktiki tərəflərin istifadəsində olan torpaq sahəsi əsasında rəy vermiş və bu da həmin rəyin mötəbərliyini şübhə altına alır. Buna görə də, təkrar ekspertizanın keçirilməsini xahiş etmiş, lakin məhkəmə vəsatətini təmin etməyərək hazırki qanunsuz qətnaməni qəbul etmişdir. Nəticədə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)
20. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Maddə 170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.
22. Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
27. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
28. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iddiaçının hazırki tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
35. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
36. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
37. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6994 saylı ekspert rəyi ilə İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi, baxış zamanı əldə olunmuş məlumatlara və mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus kanalizasiya və qaz xəttinin İddiaçı məxsus torpaq sahəsindən keçmədiyi, Cavabdeh məxsus kanalizasiya və qaz xəttinin vətəndaşın özünə məxsus torpaq sahəsində yerləşdiyi, Cavabdeh məxsus kombinin çıxış səmtinin İddiaçı məxsus torpaq sahəsi istiqamətində olduğu, lakin X3 məxsus torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edilən ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, iddiaçı tərəf həmin rəyin əsassızlığına dair heç bir əsas və sübut təqdim edə bilməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən ekspert rəyini mövcud mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirməklə yuxarıda göstərilən nəticəyə gəlməsi əsaslı olmuşdur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 171-ci maddəsinin tələbinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
42. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
43. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və işin araşdırılmış halları ilə cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə əsassız müdaxilə olunması, ona aid torpaq sahəsində cavabdeh tərəfindən kanalizasiya və qaz xətti çəkilməsi, kombi quraşdırılması müəyyən olunmamışdır. Cavabdehə məxsus məişət kombisinin çıxış səmtinin iddiaçıya məxsus torpaq sahəsi istiqamətində olması nəticəsində isə iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulması təsdiqini tapmamışdır. Həmçinin, bu hal onun mülkiyyətində olan torpaq sahəsinə əsassız müdaxilə hesab edilə bilməz.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-90/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-90/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.