Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1144/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Rzayeva (İskəndərova) Nubar İlham qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsı tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X25 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Rzayeva (İskəndərova) Nubar İlham qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsı tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-390/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X17 ilə X3 18 noyabr 1972-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 824 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Rzayeva soyadı verilmişdir.
2. 153 nömrəli, xx.xx.2006-cı il tarixli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil İddiaçı ayrılmışdır.
3. X17 xx.xx.1997-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1105 nömrə ilə qeyd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, X15, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Qulu qızının, Cavabdeh3, Cavabdeh4 Tahir oğlunun, X10, X11, X6 və yetkinlik yaşına çatmamış X7 ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildən yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sonradan İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 və Cavabdeh6 soyadlarının iddia ərizəsinin xahiş hissəsində səhvən “Rzayev (Rzayeva)” kimi qeyd edilməsinin nəzərə alınmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə order əsasında İddiaçı verilmişdir. Bu günə qədər elə iddiaçı sözügedən ünvanda həm faktiki olaraq yaşayır, həm də pasport qeydiyyatındadır. Sözügedən mənzilə iddiaçıdan başqa Cavabdeh1 Quluyevna, Cavabdeh3, Cavabdeh4 Tahir oğlu, X19, X20 və X4 və yetkinlik yaşına çatmamış X7 da qeydiyyatı mövcuddur. Bu şəxslər iddiaçının uşaqları, nəvələri və gəlinləridir. Artıq bir neçə müddətdir ki, sözügedən ünvanda yaşamırlar. Faktiki olaraq uzun illərdir ki, Rusiyadadırlar. Həmin şəxslərin sözügedən mənzilə qeydiyyatı mülkiyyətçinin hüquqlarına əsassız müdaxilə təşkil edir. Hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki cavabdehlər 20 ildən artıqdır ki, həmin mənzildə daimi yaşamırlar, mənzildə onlara aid hər hansı bir əşya yoxdur. Onlar daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüblər və orada yaşayırlar. İddiaçının deməsinə görə, orada Rusiya vətəndaşlığı da əldə ediblər. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə öz növbəsində iddiaçın həmin mənzili özəlləşdirmək hüququna müdaxilə təşkil edir.
7. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh3 iddiaçının qızıdır. Onun övladları xarici ölkədə - Rusiyada universitetə daxil olublar, anaları da onlara baxmaq üçün ora gedib. Digər uşağa burada baxacaq biri olmayacağı üçün onu da özü ilə aparıb. O da məktəbdə oxuyur. Cavabdeh3 məhz təhsillə bağlı ölkə xaricinə gedib-gəlir. Bir daha qeyd edir ki, cavabdehlər Azərbaycan Respublikası vətəndaşıdırlar. Rusiya Federasiyasında təhsil icazəsi ilə yaşayırlar. Cavabdeh3 böyük övladı üçüncü kursda təhsil alır. Həmin vaxtdan etibarən onlar ölkəyə gedib gəlirlər. Cavabdehlərin həmçinin mübahisəli mənzildə əşyaları var. Onu da bildirir ki, bu işlə bağlı ikinci dəfə məhkəməyə müraciət olunub. Lakin həmin məhkəmə qərarını əldə edə bilməyib.
8. İşdə olan 598 nömrəli xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır, lakin onun ailə üzvləri Cavabdeh1 Qulu qızı, X21, Cavabdeh3, Cavabdeh4 Tahir oğlu, X20, X12 və X13 həmin mənzildə yaşamırlar.
9. İş materiallarına əlavə edilmiş sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X1 dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2021-ci il, girişi xx.xx.2022-ci il və növbəti dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
10. İş materiallarına əlavə edilmiş sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh4 Tahir oğlunun sonuncu dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
11. İşdə olan Rusiya Federasiyası Səhiyyə Nazirliyi “A.İ.Yevdakimov adına X36 və Stomatoloji Universiteti” Ali təhsil üzrə X28 Təhsil Müəssisəsi tərəfindən verilmiş 4858 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan (tərcümə ilə) görünür ki, Cavabdeh6 ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında əyani şöbədə 31.05.01 Müalicə işi hazırlıq ixtisası/istiqaməti üzrə proqramı - ali təhsil tədris proqrarm üzrə İV kursda təhsil alır.
12. Təhsil və X29 Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli dövlət akkreditasiyası haqqında şəhadətnamə, xx.xx.2026-cı il tarixinədək etibarlıdır. xx.xx.2020 ci il tarixli, 340/02.01-06 nömrəli əmrlə qəbul olunmuşdur. Təlim müddəti xx.xx.2020-ci il tarixindən hal-hazırki müddətə qədərdir. Təhsilini təxmini bitirmə tarixi xx.xx.2026-cı ildir.
13. İşdə olan X30 X14 Universiteti Ali Təhsil Üzrə X28 Muxtar Təhsil Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 514271 saylı arayışdan (tərcümə ilə) görünür ki, Cavabdeh5 “Ortopedik stomatologiya”, 31.08.75 hazırlıq istiqaməti üzrə ali təhsilin əsas tədris proqramında təhsil alır, 28 avqust 2023-cü il tarixli 2372 nömrəli əmr ilə 01 sentyabr 2023-cü ildən qəbul olunmuşdur. Təhsilin başlanması 01 sentyabr 2023-cü il, təhsili təxmini başa vurma müddəti 31 avqust 2025-ci ildir.
14. İşdə olan Moskva Şəhər Təhsil və Elm Departamenti "xxxx" Moskva Şəhərinin Dövlət Büdcəli Təhsil Müəssisəsi (A.S.Qriboyedov adına 1529 nömrəli məkləb DBTM) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 238848- 23/24 saylı arayışdan (tərcümə ilə) görünür ki, X9 25 avqust 2023-cü il tarixli 272 nömrəli qəbul haqqında əmrə əsasən halhazırda S.Qriboyedov adına 1529 nömrəli məktəb DBTM-nin 9-11 sinfində təhsil alır.
15. İşdə olan qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, uşaqlarının təhsili ilə əlaqədar Moskva şəhərində müvəqqəti yaşayırlar. İldə 2 dəfə anası ilə görüşə gəlir.
16. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Rzayeva (Murashkına) İnna Quliyevanın sonuncu dəfə xx.xx.2021-ci il tarixdə çıxışı qeydə alınmışdır.
17. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Cavabdeh3 xx.xx.2019, xx.xx.2020, xx.xx.2023, xx.xx.2023-cü ildə girişləri, xx.xx.2019, xx.xx.2020, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə çıxışları, Cavabdeh6 xx.xx.2019- cu ildə girişi, xx.xx.2019-cu il tarixdə çıxışı, Cavabdeh4 xx.xx.2019-cu ildə girişi, xx.xx.2019-cu il tarixdə çıxışı, Cavabdeh5 xx.xx.2023-cu ildə girişi, xx.xx.2013-cü il tarixdə çıxışı, Cavabdeh4 xx.xx.2019-cu ildə girişi, xx.xx.2019-cu il tarixdə çıxışı, İskəndərova (Rzayeva) Nubar İlham qızının xx.xx.2021, xx.xx.2022, xx.xx.2023-cü ildə girişi, xx.xx.2021, xx.xx.2022, xx.xx.2023-cü il tarixdə çıxışı qeydə alınmışdır. Cavabdeh1 Quliyevanının dəqiq təyinedici məlumatları (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun ona münasibətdə cavablandırılması imkan xaricindədir.
18. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-390/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, X21 və Cavabdeh4 ünvan 1, 24 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X8 münasibətdə təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir.
20. Belə ki, bu münasibətləri tənzimləyən qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir.
21. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdehlərdən Cavabdeh1, X21, Cavabdeh4 mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdirlər.
22. Belə ki, cavabdehlərdən Cavabdeh1, X21, Cavabdeh4 uzun müddət sözügedən mənzildə yaşamamaları ilk növbədə iş materiallarında olan həmin cavabdehlərin dövlət sərhədindən hərəkəti barədə məlumatlarla təsdiq olunur.
23. Digər tərəfdən cavabdehlər Cavabdeh1, X21 və Cavabdeh4 mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdirlər. Belə ki, onlar bu müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişlər. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir.
24. Məhkəmə hesab etmişdir ki, iddia həmin cavabdehlərə münasibətdə təmin edilməli, cavabdehlər Cavabdeh1, X21, Cavabdeh4 ünvan 1 ünvanına istifadə hüququna xitam verilməlidir.
25. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X8 münasibətdə təmin edilməməlidir.
26. Belə ki, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X2 Federasiyasında ali və orta təhsil alırlar. Cavabdeh3 isə onların valideynidir. Həmin cavabdehlərin mübahisəli mənzildə yaşamamalarının səbəbləri müvəqqəti əsaslarla bağlıdır, onlar mənzili daimi əsaslarla tərk etməmişdirlər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X7 mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilə bilməz. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəf həmin cavabdehlərin Rusiya Federasiyasının vətəndaşı olduqlarını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
27. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə “Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə, 87-ci maddəsinin 2-ci hissəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
28. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamasına dair hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzil 2006-cı ildə order əsasında iddiaçıya ayrılıb. İddiaçı hazırda həmin evdə yaşayır. Cavabdeh1 və Cavabdeh3 iddiaçının qızı, digərləri gəlinlər və nəvələridir. Cavabdehlər bu ünvanda yaşamırlar, sadəcə formal olaraq qeydiyyatdadırlar. Cavabdehlər hazırda Rusiyada yaşayırlar, onların sözügedən mənzildə qeydiyyatda olması iddiaçının hüquqlarını pozur. Cavabdehlərin hazırki mənzillə heç bir əlaqəsi yoxdur. Evdəki əşyalardan istifadə etmirlər. Cavabdehlərin övladları xaricdə təhsil alır. Valideynlər isə bildirir ki, uşaqları xarici ölkədə təhsil aldığına görə cavabdehlər də Rusiyaya köçüb. Hər övladı xarici ölkədə təhsil alan şəxs həmin ölkəyə köçmür. Cavabdehlər övladlarının xarici ölkədə təhsil almasını bəhanə edərək sözügedən mənzilə qeydiyyatlarını saxlamışlar. Bu isə öz növbəsində mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırır. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddia tələbini cavabdehlərin bir qisminə münasibətdə təmin etdiyi halda, maddi hüquq normasını yanlış təfsir etməklə, cavabdehlərin digər qisminə münasibətdə iddianı təmin etməmiş, bunu onunla əsaslandırmışdır ki, həmin cavabdehlə sözü gedən mənzildə uzun müddət yaşamamaları daimi deyil, müvəqqəti xarakter daşıyır. Halbuki, sərhədkeçmə məlumatları da təsdiq edir ki, həmin cavabdehlər uzun müddətdir xaricdə yaşayırlar və bu baxımdan onların yaşadıqları xarici ölkədə orta və ali təhsil almaları heç də onların məhz təhsil məqsədilə həmin ölkəyə getmələrini və həmin ölkədə yaşamalarının müvəqqəti olmasını deməyə əsas vermir. Əksinə həmin hal təsdiq edir ki, cavabdehlər xaricdə daimi yaşayırlar. Məhkəmə öz qətnaməsini çıxararkən işin hallarını tam və dəqiq araşdırmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehlər başqa ölkədə faktiki olaraq yaşadıqları halda iddianı tam təmin etməmişdir. Məhkəmə açıq bir formada iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Cavabdehlərin müəyyən dövrlərdə Azərbaycan Respublikasının ərazisinə daxil olmaları o demək deyildir ki, onlar sözügedən mənzildə yaşayır. Məhkəmənin nəzərindən baxsaq onda hesab etmək olar ki, iddiaçının mülkiyyətində olan mənzilə gəlib orada bir neçə gün qalan hər bir kəsin mülkiyyət hüququ yaranır. Belə bir hal qəbul edilməzdir. Bir halda ki, cavabdehlər sözügedən mənzildə yaşamır, onların həmin mənzildə heç bir əşyası yoxdur onda cavabdehlərin qeydiyyatı da formal xarakter daşıyır. Bu səbəbdən də məhkəmənin qətnaməsini əsassız hesab edirlər. Həmçinin elə hesab edirlər ki, məhkəmə iddianı tam təmin etməli və sözügedən mənzildə faktiki olaraq yaşamayan cavabdehlərin hamısının həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):
33. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar;
34. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;
35. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
36. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli Qərarı:
37. “Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
39. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
40. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
42. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
44. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
45. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Kollegiya qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
48. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. İşdən görünür ki, birinci instansiya məhkəməsindəki icraat zamanı Cavabdeh3 nümayəndəsi iddia tələbini etiraf etməyərək bildirmişdir ki, Cavabdeh3 iddiaçının qızıdır. Onun övladları xarici ölkədə - Rusiyada universitetə daxil olublar, anaları da onlara baxmaq üçün ora gedib. Digər uşağa burada baxacaq biri olmayacağı üçün onu da özü ilə aparıb. O da məktəbdə oxuyur. Cavabdeh3 məhz təhsillə bağlı ölkə xaricinə gedib-gəlir. Cavabdehlər Azərbaycan Respublikası vətəndaşıdırlar. Rusiya Federasiyasında təhsil icazəsi ilə yaşayırlar. Cavabdeh3 böyük övladı üçüncü kursda təhsil alır. Həmin vaxtdan etibarən onlar ölkəyə gedib gəlirlər. Cavabdehlərin həmçinin mübahisəli mənzildə əşyaları var.
50. İşdən həmçinin görünür ki, cavabdehin nümayəndəsinin göstərdiyi dəlillər öz təsdiqini tapır. Belə ki, işdəki arayışlarala müəyyən olunur ki, Cavabdeh6 və Cavabdeh5 Rusiya Federasiyasında Ali təhsil alırlar, X9 isə məktəbdə oxuyur.
51. İşdə olan qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, uşaqlarının təhsili ilə əlaqədar Moskva şəhərində müvəqqəti yaşayır. İldə 2 dəfə anası ilə görüşə gəlir.
52. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Cavabdeh3 xx.xx.2019, xx.xx.2020, xx.xx.2023, xx.xx.2023-cü ildə girişləri, xx.xx.2019, xx.xx.2020, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə çıxışları qeydə alınmışdır.
53. Birinci instasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X2 Federasiyasında ali və orta təhsil alırlar. Cavabdeh3 isə onların valideynidir. Həmin cavabdehlərin mübahisəli mənzildə yaşamamalarının səbəbləri müvəqqəti əsaslarla bağlıdır, onlar mənzili daimi əsaslarla tərk etməmişdirlər. İddiaçı tərəf həmin cavabdehlərin Rusiya Federasiyasının vətəndaşı olduqlarını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
54. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edir ki, iddiaçı göstərilən cavabdehlərin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiklərini və ya digər yaşayış sahəsinə köçdüklərini, mübahisəli mənzillə əlaqələrini kəsdiklərini sübuta yetirmədiyindən, əksinə göstərilənlər cavabdeh tərəfin təqdim etdiyi sübutlarla təkzib edildiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X8 münasibətdə təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-390/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.